Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından “Xilas yolunun yolçuları” adlı növbəti kitabı işıq üzü görüb.Mərkəzdən
Avanqard.net-ə verilən məlumata görə kitabda Əziz Əd-Din İbn Məhəmməd Nəsəfi, Məhəmməd Əbu Hamid Əl-Qəzali, İbn Əl-Ərəbi, Rumi Cəlalləddin İbn Bahuddin, Hüseyn İbn Mənsur Həllac kimi sufilərin yaradıcılığından edilən tərcümə nümunələri daxil edilib. Kitabı dilimizə yazıçı-tərcüməçi Afaq Məsud çevirib.
Bu kitabda bəhs olunan İlahi Həqiqətlər bəlkə də ilk baxışda sadə görünə bilər. Amma oxuduqca bu sadəliyin arxasında dayanan böyük məqamların söz-söz, qətrə-qətrə, damla-damla dərk olunması İnsanı şaşırdacaq dərəcədə möhtəşəmdi. Uca Yaradana aparan Müqəddəs Yolun – axırda vəhdəti-vücuda necə dönüşməsinin qavranılması baxımından bu topludakıların misli yoxdu. Çağdaş insanın təsəvvüf, sufilik haqda bilgilərinin kamilləşməsinə hesablanmış bu mətnlər İnsan və Yaradan münasibətlərinin ehkamlıqdan çıxaraq ruhi bağlılıqlarına tutulmuş bir aynadı. O-ndan gələnin O-na qayıdış Yolunun cizgilərini, konturlarını ruhi təkamüllə ortaya qoyan azman sufilərin yaratdığı bu mətnlər dini, fəlsəfi, insani baxımdan da əvəzsizdi. İnanırıq ki, mükəmməl təlqinlərlə üzərindən örtüklər götürülən bu sirr xəzinələri ruhi paklığa səsləmək və Haqq Yolunun Yolçuluğunun ali məqam olduğunu bir daha diqqətə çatdırmaq yönündə sizlərə yardımçı olacaq.