BSU Yaradıcılıq fakültəsində Azərbaycan yazıçılarının yeni nəsli formalaşır
19.12.14
Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin yaradıcılıq fakültəsinin ikinci kurs tələbəsi, gənc yazıçı Şəhla Aslanın “Qudsal dönüş” kitabının təqdimatı keçirilib. 2014-cü ildə “CFC Pressium” ММС nəşriyyatında çapdan çıxmış bu kitaba gənc müəllifin eyni adlı povesti və hekayələri daxildir. Kitab geniş oxucu auditoriyasına ünvanlanıb.
Təqdimat mərasimində çıxış edənlər: Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, BSU-nun müəllimləri Cavanşir Yusifli, Azad Qaradərəli, Sayman Aruz, şairlər Qəşəm Nəcəfzadə, Rəfael Həbiboğlu, Məhərrəm Şəmkirli, Nuranə Nur, yazıçı Zəka Vilayətoğlu, kitabın redaktoru Kənan Hacı və başqaları qeyd ediblər ki, BSU-nun bir neçə il bundan əvvəl açılmış yaradıcılıq fakültəsində Azərbaycan yazıçılarının yeni nəsli formalaşır.
Müasir Azərbaycan ədəbiyyatının inkişafı üçün peşəkar tənqidin də böyük əhəmiyyət kəsb etməsi vurğulanıb. Bildirilib ki, “Qudsal dönüş” istedadlı gənc müəllif Şəhla Aslanın ikinci kitabıdır. Onun povest və hekayələri dövri mətbuat səhifələrində və Azərbaycanın elektron saytlarında dərc edilib.
Şəhla Aslanın yaradıcılığında folklor motivləri, müasir həyatın reallıqları və müəllifin şəxsi mülahizələri üzvi şəkildə birləşir. Onun əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanır.
Tədbirdə çıxış edənlər gənc müəllifə yaradıcı axtarışlarında yeni uğurlar arzulayıblar. Şəhla Aslan onun yaradıcılığına göstərilən diqqətə, ünvanına səslənən xoş sözlərə və arzulara görə BSU-nun rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Təqdimat mərasimində BSU-nun tələbələri və aspirantları, gənc müəllifin yaradıcılığının və müasir Azərbaycan ədəbiyyatının pərəstişkarları, Şəhla Aslanın ailə üzvləri iştirak ediblər. /AzərTAc/
|