2014 yazarlar üçün nə ilə yadda qaldı: “Bu il də yaxşı adam ola bilmədim” - SORĞU
18.12.14

2014-ci ilin bitməsinə iki həftədən də az vaxt qalıb. Bu il bir çoxları üçün düşərli, bəziləri üçün uğursuz oldu. Modern.az saytı yazarlar arasında sorğu keçirərək, 2014-cü ilin onlara nə qədər düşərli olduğunu öyrənməyə çalışıb:

Cavanşir Yusifli, ədəbiyyatşünas alim, tərcüməçi:

- Yola saldığımız 2014-cü ilin başa çatmağını indi sən yadıma saldın. Vallah, başım o qədər qarışıq olur ki, ilin necə keçdiyi adamın yadından çıxır, ancaq şübhəsiz ki, hər il yerinə yetirdiyin, gördüyün işlərin hesabatını özün-özünə verməli olursan. Bu mənada 2014-cü ildə heç bir kitab nəşr etmədim və buna çox sevinirəm. İndiki zamanda kitab çap etdirmək və dolayısı ilə zənn etmək ki, insanlar bunu oxuyacaqlar, şübhəli bir şeydir. Ona görə portallarda yazıların çapına üstünlük verdim. Lap son zamanlarda kult.az portalında Kəramət Böyükçöllə bir layihəni aparırıq, hər ikimiz üçün çox maraqlıdır və güman edirəm ki, məhz belə layihələr vasitəsi ilə ədəbi prosesə təsir eləmək olar. İndinin ədəbi prosesi dialoqu sevir, bu işimiz 2015-ci ildə də davam edəcək. Yəqin ki, gücümüz çatsa, başqa layihələr də olacaq. Sonra, 2014-cü ildə “Kitabçı” jurnalı məni xeyli sevindirdi. Bu jurnalda ürəyim istəyən 4-5 yazım dərc edildi. Ümumi şəkildə götürdükdə bizim üçün (təkcə mənim üçün deyil!) 2014 ədəbi ilini uğurlu adlandırmaq mümkündür. Bir sıra uğurlu əsərlərimiz oldu, onları müzakirə elədik (Mübariz Cəfərlinin 3 romanı), Anarın, Kamal Abdullanın yeni əsərləri, tələbələrimdən Mübariz Örənin, Səxavət Sahilin, Hədiyyə Şəfaqətin və digər yazarların əsərləri 2014-cü ilin uğur aktivinə yazıldı.

Nəriman Əbdürrəhmanlı, yazıçı-tərcüməçi:

“Mübaliğəsiz 2014-cü ili istər şəxsi planda, istərsə də yaradıcılıq sarıdan həyarımın ən uğurlu illərindən sayıram. Əvvəla, uzun illərdən sonra yenicə yaradılan  Azərbaycan Tərcümə Mərkəzində işləməyə başladım. Ötən ilin sonunda işıq üzü görmüş “Yolçu” romanın haqqında müsbət rəylər bildirildi. Üzərində 20 ildən bəri düşündüyüm arzum gerçəkləşdi, “Qurban” romanını birirdim və çap etdirdim. “Könül elçisi” romanın Türkiyə türkcəsinə çevrildi və İstanbulda, nüfuzlu “İz yayınçılıq” nəşriyyatında işıq üzü gördü. Beş tərcümə kitabım nəşr olundu, bir neçəsini də bitirib nəşriyyata təhvil verdim. Yayda Türkiyəyə, Rusiyaya, Belorusa səfərlərim məndən ötrü çox maraqlı oldu. Bütün bunlara görə 2014-cü ildən narazı qalmağa haqqım yoxdur”.

Elçin Mirzəbəyli, şair-jurnalist:

“Bu ili yaradıcılığımda uğurlu bir il hesab edirəm. Bu il “Sevgi məktubları” kitabım çapdan çıxıb, imza günü və təqdimatı keçirilib. Bir neçə şeirimə mahnı bəstələnib. Oxucularla görüşmək, təmasda olmaq, onların sevgisini hiss etmək imkanı yaranıb. Bundan daha yaddaqalan nə ola bilər ki?”.

Əkbər Qoşalı, şair:

“Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun öz doğma torpaqlarımızı ziyarətə gedərkən başlarına gələnlər, Həsənin həlak olmasının ardınca, digər iki soydaşımızın düşmən Ermənistan tərəfindən... yenə öz torpağımız olan Xankəndində qondarma məhkəməyə çıxarılması, onlara verilmiş işgəncələrin hər hallarından ekrana yansıması... 2014-cü ili yaddaşıma qara yazan bir hadisədir... Ancaq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa qovuşacaqlarına, nazilən - çox nazilən haqqın üzülməyəcəyinə ümidvaram... Ən böyük istəklərimdən biri elə 2014-cü il başa çatmadan onların azadlığa qovuşmasıdır. Əlbəttə, bütövlükdə, Qarabağımızın azadlığa qovuşmasını təmin edəcəyimiz il illərin ən gözəli olacaq inşallah! Bu ilin 8-ci ayında Macarıstana səfərim, orada, V Turan Qurultayında yaşadıqlarım bu ili həm də, müsbət emosiya ilə, necə deyərlər, gözəl xatırlamağıma səbəb olan hadisələrdən biridir, deyə bilərəm. Türk Dünyası gənc yazarlarının bir qrupu ilə gerçəkləşən II Bakı Toplantısında yaşadığımız gözəl anlar da unudlumazdır, əlbəttə... Gənəl olaraq, bu il sıralaması, gün sıralaması... özünüz bilirsiz, nisbi xarakter daşıyır, dünyanın heç də bütün ölkələrində il eyni vaxtda başa çatmır... yaxud, eyni illəri yaşamırıq... Doğrusunu, Tanrı özü bilir. Keşkə Tanrının sıralamasında günümüz, ayımız, ilimiz xoş olsun, gözəl görünsün”.

 Cəlil Cavanşir, şair-tərcüməçi:

“Mənim üçün 2014-cü il yaradıcılıq baxımından olduqca uğurlu illərdən biridir. Bu il ikinci romanımı tamamladım və çap etdirdim. “Qadın corabları”nın həm satışı, həm kitab haqqında eşitdiyim fikirlər mənim üçün böyük stimul oldu. Eyni zamanda Konan Doyldan tərcümə etdiyim 5 kitabdan ikisi çap olundu. Hazırda ili yola salmadan "p.s : darıxıram..." adlı şeirlər və esselər kitabımı nəşrə hazırlayıram. Eyni zamanda ürəyimcə olan bir-iki şeir, bir-iki yazı da yazmışam. 2014-cü ilin mənim üçün ən yaddaqalan detalı qızım Canselin doğulmasıdır. Onun gəlişi həyatımı tamamən fərqli istiqamətdə dəyişib. Yazmağa, yaşamağa daha ürəkdən bağlanmışam. Eyni zamanda bu il oğlum Ayhan birinci sinifə gedib. Hardan baxsam savaş dolu, mübarizə dolu bir il arxada qalır. İlin əvvəlində səhhətimdə ciddi problemlər yaranmışdı, hazırda hər şey yaxşıya doğrudur. 2014-cü il çox dolu, çox enerjili bir il olsa da, məni yormağı bacardı. Bütün uğurlarıyla, uğursuzluqlarıyla bir il də yazıldı həyatıma. Ümid edirəm 2015-ci il daha uğurlu və yaddaqalan olacaq”.

Alpay Azər, yazıçı:

“Bu il keçirilən III Mahmud Kaşğarlı müsabiqəsinin milli mərhələsində (Azərbaycan üzrə) 1-ci yeri tutdum, ümumtürk mərhələsində 3-cü yeri. Bir də, mənə elə gəlir, keçən il zəif yazdığım hekayələrlə müqayisədə bu il keyfiyyət göstəricimi bir qədər aldırmışam”.

Rüfət Əhmədzadə, yazıçı-tərcüməçi:

“İki müsabiqədə yüksək yer qazandım. Kulis.az-ın "Ən qısa hekayə" yarışmasında üçüncü, "Ədəbi Azadlıq" müsabiqəsində şeir nominasiyası üzrə birinci oldum. Kitabım çıxdı, oğlum oldu. Özümü nəsrdə və nəzmdə göstərə bildim. Üçüncü və dördüncü kitablarım da hazırdır. Bir kitabım nəşriyyatda qalıb, amma imkan yoxdur çapa, son məqamda təxirə salındı. Ədəbiyyata pauza verib jurnalistikaya qayıtdım. Beynəlxalq siyasət müxbiri kimi az müddətdə yaxşı nəticələr göstərdim, beynəlxalq tədbirlərdə iştirak edib təcrübə qazandım. Bir də Avropanın mötəbər ali məktəblərindən birinə müraciət etdim və sadəcə siyasi esse yazmaqla, imtahansız Siyasi Elmlər fakültəsinin magistratura şöbəsinə qəbul olundum. Amma ailəmi aparmaq məsələsi var deyə, növbəti tədris ilinin əvvəlinə qədər düşünüb yol axtaracağam. Belə... Yetərincə uğurlu oldu. Ölkənin qabaqcıl mediasında çalışmaq özü də uğurdur”.

Bəxtiyar Elcan, gənc yazar:

“Nə cür gəlmişdisə, o cür sakitcə də getdi. Qoymadı doyaq. Bir az İŞİD qanımızı qaraltdı, amma qısa zaman kəsiyində bu qaralığa vərdiş elədik. Ədəbiyyata gələk... Cəmi 3-4 kitab oxuya bildim. Özümü saxlaya bilmədim, yenə şeirə qayıtdım. Ümumi götürdükdə ədəbiyyat aləmində maraqlı heç nə olmadı. Tək sevinəcəyimiz bir şey oldu: Allah Aqşinlə bağlı dualarımızı eşitdi, əllərimizi ətəyindən kəsmədi. Şəxsi həyatıma gələndə isə... Çox sevdiyim nənəmi itirdim, yeni iş yeri qazandım. Yeni-yeni tanışlarla, xoş hadislərlə bol oldu günlərim. Amma yenə özümü saxlaya bilmədim. Demək olar ki, məni çox istəyən hər kəsin xətrinə dəydim. Çox dostlarımın, yaxınlarımın ümidlərini doğrulda bilmədim. Əlqərəz, bu il də yaxşı insan olmağı bacarmadım...”.

Kənan Hacı, şair:

“2014-cü il “Rəqqasə” adlı romanım nəşr olundu. Xeyli təzə yazılar yazmışam”.

Zəka Vilayətoğlu, yazıçı:

 “Ədəbiyyata aid maraqlı və uğurlu layihəmizi həyata keçirdik. Qarabağ müharibəsi mövzusunda Hekayə Müsabiqəsi təşkil etdik. Bu il həm də çoxsaylı yaxın və uzaq şəhərlərə-ökələrə maraqlı səfərlər yadda qaldı. “Sındırılmış mondalina” adlı yeni romanımı yazdım”.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.