Görkəmli ədəbiyyatşünas Vəli Xuluflunun xatirəsi anılıb
17.12.14
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas, türkoloq və ictimai xadim Vəli Xuluflunun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutdan bildirilib ki, bu elm ocağının direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov Vəli Xuluflu irsinin yenidən araşdırılması və öyrənilməsi ilə ciddi məşğul olduqlarını söyləyib.
O, "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasından V.Xuluflunun "El aşıqları" və "Tapmacalar" əsərinin çap edildiyini bildirib. Bugünkü tədbirin materialları da daxil olmaqla V.Xuluflu haqqında ayrıca bir kitabın nəşr olunacağı vurğulanıb.
Diqqətə çatdırılıb ki, V.Xuluflunun mənsub olduğu nəslin fəaliyyəti nəticəsində Azərbaycan folklorşünaslığı professional şəkildə inkişaf edib. V.Xuluflu və digər repressiya qurbanı olmuş görkəmli ədəbiyyatşünaslarımız təkcə ədəbiyyatşünaslıq elmimizin yox, həm də onun mühüm qanadı olan folklorşünaslığın təməlini qoyublar. Onlar o dövrün sərt qayda-qanunları çərçivəsində xalqımıza xidmət ediblər.
Vurğulanıb ki, V.Xuluflunun 1927-ci ildə çap etdirdiyi "El aşıqları" kitabı Azərbaycanı aşıq yaradıcılığı ilə bağlı çap olunan ilk tədqiqat əsəridir.
Tədbirdə səslənən "Sovet totalitarizmi və Vəli Xuluflu", "Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu", "Koroğlu" dastanının nəşrində Vəli Xuluflu mərhələsi", "Vəli Xuluflunun "El aşıqları" toplusu" və digər mövzulardakı məruzələrdə V.Xuluflunun keçdiyi həyat yoluna, elmi fəaliyyətinə, ictimai-siyasi mübarizəsinə bir daha yenidən nəzər salınıb və onun Azərbaycan ədəbiyyatşünaslığının inkişafı naminə gördüyü işlər yüksək qiymətləndirilib.
Sonda Vəli Xuluflunun qohumu, Türkiyənin Uludağ Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru bəstəkar, sənətşünas Həsən Adıgözəlzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. /AzərTAc/
|