Ramiz Rövşənin doğum günüdür - Yavaş-yavaş sevdim səni
16.12.14
Bu gün şair Ramiz Rövşənin 68 yaşı tamam olur.
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.
Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Yavaş-yavaş sevdim səni
Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda.
Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı Nə baxırsan göyə sən? Deyirsən ki, günəş çıxıb, Qar əriyir deyəsən…
|