Xalq yazıçısı Anara Çingiz Aytmatov Mükafatı təqdim edilib
04.12.14
Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Türkdilli Ölkələrin Yazıçılar Birliyinin rəhbəri Anar MDB Parlamentlərarası Assambleyası tərəfindən Çingiz Aytmatov adına mükafata layiq görülüb.
Noyabrın 28-də Sankt-Peterburqda, Tavriya sarayında keçirilən mərasimdə mükafatı laureata təqdim edən Rusiya Federasiyası Federal Şurasının sədri V.İ.Matvienko və Qırğızıstan Parlamentinin sədri Ə.Ş.Jeenbekov Anarı müasir dövrün görkəmli yazıçısı kimi səciyyələndirib, ədibin Azəraycan sərhədlərindən uzaqlarda da geniş tanındığını qeyd ediblər. Anar mükafatın ona verilməsini qərara alanlara və mükafatı təqdim edənlərə səmimi təşəkkürünü bildirib, bu mükafatın böyük yazıçı Çingiz Aytmatovun adını daşımasından xüsusi qürur duyduğunu deyib. Çingiz Aytmatovun onu kiçik qardaşı adlandırdığını, Moskvada nəşr olunan kitabına ön söz yazdığını önə çəkən Anar qeyd edib ki, mükafatın məhz bu şəhərdə, Puşkinin və Blokun, Axmatovanın və Zoşşenkonun şəhərində təqdim edilməsi də əlamətdardır: "1942-ci ildə, müharibənin ən şiddətli vaxtında SSRİ ərazisində yalnız bir yerdə, blokada şəraitində yaşayan Leninqradda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi keçirilib. Bizimçün bu hadisə mühasirə olunmuş şəhərdə Şostakoviçin 7-ci simfoniyasının ifası kimi böyük bir rəmzdir - leninqradlıların yenilməz mənəvi gücünün rəmzi. Və nəhayət, bu təqdimatın, tarixi Tavriya sarayında keçirilməsinin də xüsusi əhəmiyyəti var. İndi burada bizim ölkənin nümayəndələri də çalışırlar, vaxtilə isə burada Dumada Azərbaycan deputatları fəaliyyət göstəriblər. Onlardan biri - Əlimərdan bəy Topçubaşov Dumanın müsəlman fraksiyasının rəhbəri idi və mən minnətdaram ki, indi bu binada Ə.Topçubaşovun - 1918-ci ildə ilk müstəqil Azərbaycan Respublikasının banilərindən birinin büstü ucalır".
Ənənəyə görə, şəhərin ən şərəfli qonaqlarına Petropavlovsk qalasından top atəşi açmaq imkanı verilir. Noyabrın 28-də, saat 12-də belə bir müstəsna imkan Anar üçün yaradılıb.
Bundan sonra şəhərin ən böyük kitab evində - Rusiya Milli Kitabxanasında görüş olub. Burada Azərbaycan yazıçısının kitablarından ibarət sərgi təşkil edilib. Kitabxananın baş müdiri A.V. Lixomanov Anarı salamlayıb və toplaşanlara ətraflı təqdim edib. Anar görüşə gələnlərə yaradıcılıq planlarından, Azərbaycan ədəbiyyatından danışıb və çoxsaylı sualları cavablandırıb. /525.az/
|