Xanəmir - Kitab yeyən inəklər
03.12.14

sabunçu bazarı sabunçu inəkləri...

ey dili qafil fil faili məchul fani f...

ətrafımda neft buruqları göylərə doğru şəklənib. neft buruqlarındakı kaçalkalar gecə-gündüz demədən qalxıb enir. bakının bu sabunçu qəsəbəsinin gözdən-könüldən iraq yerlərində bəzən külək vurub tozu dumana qatır, ətrafa atılmış kağızları, tor-töküntüləri havada oynadır, bir yerdən başqa bir yerə atır. bəzən bu bozluq və mazut gölməçəli ərazilərdə inəyə, keçiyə, qoyuna, toyuqlara da rast gəlirsən. belə yerlərdə əsasən, hava ya bomboz, ya da günəşin yandırıb yaxacağı dərəcədə adama dəyir. sabunçunun çöllüklərində sarı, bomboz damlarda əsasən, əyalətlərdən mərkəzə iş dalınca illər öncə gəlmiş insanlar məskən salıblar. o insanlara şəhərin istənilən künc-bucağında rast gələ bilərsən. artıq belə adamlar hansısa əyalətdən deyil, gerçəkdən sabunçunun bütün özəlliklərini varlığına köçürmüş kəsim kimi tanışlığını adamın gözlərinə soxurlar. mən belələrini, göz demişkən, ilk baxışdan gözlərindən, bir də nə qədər təmiz geyinsələr də, sabahın erkən saatlarında qaldıqları yuvalarından tərpənib böyük şəhərin müxtəlif istiqamətlərinə doğru talelərini, gün-güzəranlarını axtarmaq dalınca gedərkən, istər-istəməz ayaqqabılarının mazutlu torpağa bulaşmağından tanıyıram. bu da onların digər nişanələrindən biridir. onların hər birinin üzərində “sabunçu” adının qəribə bir etiketi, izi, nişanəsi, simvolu əksini tapıb. bu simvollar qorxuram ki, vaxt keçdikcə bütün şəhərin unudulmaz özəlliyinə çevrilə.

**

sabununçunun bu gün yaddaşlara şəhanə həngamələr qoparmaq üçün yerikləyən  bir şəkli-şəması da onun  min bir nemətlər qoxuyan bazarıdır. bu bazarın gözəlliyi ondadır ki, Azərbaycanın elə bir rayonu, kəndi-kəsəyi qalmayıb, məmə yeyənindən tutumuş “pəpə” deyəninə kimi bu məkanın bazarlıq qədərindən keçməmiş olsun.

bazara yaxınlaşıram. məni qəriban bir hava vurur. elə bilirəm ki, bu saat bir aşıq gəlib də sazını sinəsinə basıb qarlı dağlardan, kərəmin gedib dirəndiyi gədiklərdən, lələnin insafından, yalvarışından, keşişin min oyunlar çıxardan şeytanlığından  durmadan, dayanmadan  bəs dedikcə danışacaq. niyə bu qədər səhnələr, düşüncələr, görüntülər, olaylar içərisində, yaddaşları arasından birdən-birə sabunçunun bazarına  yaxınlaşarkən aşıq saz, dastan dağlar gəlib xəyallarıma hakim kəsilir. heç nə elə-belə vüqu  bulmur, baş vermir. burda da bir hikmətin olacağını, yəqin, dürlü-dürlü sözlərlə sizlərə anlatacağam.

hava bozarmış bir əhvali-ruhiyyəylə ruhuma yaxınlaşır. yenə bu da qəribədir ki, nə vaxtsa sabunçu bazarına  yaxınlaşıram, havada bozluq, bozumtulluq hiss edirəm.

sabunçu bazarı sanasan, iki yerə bölünüb. burda mer-meyvə, tərəvəzdən tutmuş nələr olmadığını sadalasam, haqsızlığa arxa durmuş olaram.

digər bir tərəfində isə kağız-kuğuzlar, kitablar, saralmış dəftərçələr çin-çindir. digər bir tərəfdə isə kimlərsə kör-köhnə əşyayi-dəlillərini sürüyüb qocaman halıyla bazarın bir küncünə pərçimləyib. burda da sovet dönəmindən qalma əşyalar daha çoxluq təşkil edir. bu əşyaları bazara çıxaranlar əsasən, sabunçunun ya ətraf ərazilərində məskunlaşmış ruslardır. çoxu axşamdan  içkili olduğu üçün hələ də “paxmel”dir. gözlərini süzür kimisi, kimisi burnunu ovuşdurur, kimisi çənəsinin altını qaşıyır. ama bütün bu hərəkətləriylə onların hamısı sonucda bazar adlı bir səltənətin ağuşunda qədərləriylə barışıb bu yerlərin mən görmədiyim hansısa bir gizli nöqtəsindən sonsuz ümidlərini gözləyirlər. ayaqlarının, dizlərinin dibinə səpdikləri bu işlənmiş, köhnə əşyaların hər birininin üzərində o gizli qalmış ümiddən çınqı da olsa, arada-bərədə bulmaq mümkün.

bir tərəfədəki sovet dönəmindən qalmış kitablar bu bazarda daha çox diqqətimi çəkir. rus əlifbasıyla, sovet azərbaycanının dilində çap olunmuş bu saralmış qalın karton üzlü kitabların əksəriyyətiylə uşaqlıq illərində kəndimizin kitabxanasından alıb oxuyaraq tanış olduğumu xatırlayıram. ən maraqlı  nüans odur ki, burdakı bazarda tərəvəzlə, göy-göyərtiylə birgə kitablar da satılır. bu işləri bir yerdə görmək üçün, deyəsən, kimsə gecə-gündüz düşünüb fikirləşmədən addım atıb. ama düşünsən də, heç ağlın kəndarına yürüyən bir iş, bir əməl də deyil ha!!! görünür, elə bu bazarın ümumi görkəmi sabunçu kimi zaman-zaman öz yerini və şəklini, formasını, görkəmini alıb yerində-yurdunda durub.

meyvələrin, tərəvəzlərin ətrinə  qarışmış kitab qoxuları, kağız rahiyələri adamı öz qanadlarına və imkanlarına salıb yenidən bu boz havanın eşliyində  sabunçunun orbitindən çıxarıb mənim iç dünyamın ənginliyində əsir-yesir edir. burdakı tərəvəzlərin rahiyəsinə qoxusu qarışmış kitabların özəlliyi və “kimliyi” dəyişmiş kimi olur. qəfildən dərk edirəm ki, sabunçu  bazarındakı köhnə kitabların  görünməyən tərəfdəki boy-buxununu mənə göstərən təkcə bu boz hava, bu meyvə-tərəvəz qoxusu, burda köhnə əşyaları satışa çıxaran yerli rus əhalisi deyil, elə sabunçunun əsl mahiyyətini diqqətə sunan neft buruqları, neft kaçalkaları, neft-mazut gölməçələri kənarında boz çöllüklərdə ağır-ağır yeriyən toyuqlar, heç başını yerdən ayırmayan kirli tüklərini  havadakı mazutun  nəmişliyindən daha da  qaraldan qoyunlar, yelinləri paçalarının arasında şişib guppul vuran, həm də  kağız yeyən inəklərmiş. aha, kağız yeyən inəklər. bu inəklərdən birini də bizim qonşuluğumuzda yaşayan gədəbəyin ucqar dağ kəndlərindən gəlib buralarda məskunlaşan şəhid anası gülüş nənə saxlayırdı. mən hər sabah yerimdən qalxıb onun dəmir darvazasından içəri girərək, bir müddət peyin qoxuyan həyətindəki havanı ciyərlərimə çəkirəm. gülüş nənə həyətdə ağaca bağlı inəyin mələrtisindən dışarı çıxaraq pulumu alıb məni bir banka südümlə yola salardı. bütün bu olub-bitənlərin içində mən bu yaşlı şəhid anasının əlindən o bir banka südü sabahın erkən saatlarında alıb evə dönməyimin həzzini, ruhuma verdiyi ekstazı  heç nəyə, heç kimə bağışlamaq istəmirəm.

bir dəfə də sabunçudakı boz çöllükdə qaralan neft buruqlarının əhatəsindəki mazut gölməçəsinin kənarlarında bozumtul quru otları qırparaq, sonra küləyin  şəhərin haralarındansa gətirdiyi saralmış kağızları, kitab vərəqələrini çox dadlı bir iştahla basıb yediyini görmüşdüm. hər sabah o şəhid anasının əlindən bir banka ağ südü alıb evə gətirəndə, mənə elə gəlirdi ki, bu ağ süd, sabunçunun boz çöllərindəki mazut gölməçələrindən, bir də köhnəlmiş kitablardan əmələ gəlib. bu zaman yaşıl otları xəyalıma gətirəndə az qalırdı ətim ürpəşsin. dişimi dişimə sıxıdırım. yamyaşıl bahar otları mənə elə müqqəvva, solğun, süni  şəklində görünürdü ki, o zaman bu dünyada özümdən başqa saxta olan adam tanımırdım.

ancaq məni sevindirən bir şeylərin olduğunu da tapmışdım. sevinirdim ki, mənim balacamın içdiyi südün tərkibində, ən azından hansısa kitabların şəhdi-şəkəri, şirəsi də olmamış deyil. məsələn, hər gün çöl-bayırdakı kağızları, kitabları basıb yeyən bu inək üçün dünyada dadlı ikinci bir şeyin varlığı mümkünmü əcaba? İnanmıram!

həm də hər sabah o şəhid anasının dəmir darvazasından həyətə keçəndə gözümün qabağına süd bəyazı xəfif bir duman gəlirdi. bu ağ xəfif duman, eləcə, gözümün önündə yarandığı kimi, eləcə də, çəkilib gedərdi. mən bu bəyaz xəfif dumana o şəhidin, qarabağda düşmən gülləsinə tuş gəlmiş o 20 yaşlı oğlanın ruhu deyə bilərdim. bir də məni görüncə böyürüb şəhidin anasını dışarı səsləyən bu inəyin səs tellərindən, o çöldə hər gün qabağına çıxan, küləklərin şəhərin uzaqlıqlarından qabağına qatıb gətirdiyi köhnəlmiş, yırtılmış, cırılmış, mazut gölməçələrində rəngini dəyişib gün qızmarında qurumuş kitabların ən orta yerində yazılmış fikirlər, düşüncələr, cümlələr, sözlər, hecalar və səslərin töküldüyünü zənn edərdim.

indi gəldiyim sabunçunun bu məşhur bazarında meyvə-tərəvəzlə, geyim-keçimlə iç-içə, əski kitabların da satıldığını  gördüyümdə, bu kitabların hər birinin içində şəhid analarının hər səhər sabahın ağ dumanında, bəyaz  sisində sağdığı saysız-hesabsız inəklərin də olduğunu görür, onların səsini, böyürtüsünü də eşidirdim. mən bu kitabların həmişə buralarda durmasını, heç azalmamasını  yaman istəyirdim. mənə elə gəlirdi ki, bu köhnəlmiş kitablar sabunçu bazarında özlərinə yerlərini bərkitdikcə, mənim də o inəkləri görmək, onların çoxalan sayısına şahidlik etmək, bir də doğulacaq uşaqlara şəhid analarının əlindən sağılmış bəyaz süd alıb içizdirmək,  onların  ötələrdə qalmış görünməz, gizli üzlərindən eşq almaq mümkün olacaqdı.

**

bu vaqeədən az sonra qəribə bir olayın şahidi oldum. sabunçuda yaşayan bir kəlbəcər qaçqını olan mürsəl kişi, saxladığı bir neçə inəyini yemlə tədarük görmək üçün, satdığı bir inəyinin puluna gedib də ot-ələf deyil, taxıl, kəpək, çörək deyil, nə olsa yaxşıdır, sabunçu qəsəbəsində yerləşən hardasa yaşı 100-ü keçmiş bir kitabxanadan rus əlifbasıyla sovet dönəmində çap olunmuş kitabları satın alır. İki maşına yükləyib həyətində qapalı bir yerə tökdüyü bu kitablardan hər gün inəklərinə verən mürsəl dayı, inəklərindən sağdığı bolca südü satıb əməlli-başlı gün-güzəranını qazanır. onun satın aldığı kitabları yeyən inəkləri, o kağızlarla birgə, o kitablarakı  hekayətləri, cümlələri, sözləri, hecaları və mənaları da yeyib südə çevirir. /kult.az/

Yenililklər
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.