Alik Əlioğlu - Bəmbəyaz bir qadın axır küçədə
02.12.14
Yad şəhərdə
Səhərlər durub tanımadığımız bir şəhərin dar küçələrini süpürürük, zibilini daşıyırıq.
Gecələr dərisini gün yandırmış qıvrım, cod saçlı yetim uşaqlara ən xoşbəxt şahzadənin nağılını danışırıq...
Kimsə gəlməlidir. Günlər uzanır və heç kəs gəlmir.
Geriyə baxmaq dəhşətdir. Görürsən ki, illər öncə qulağını qatar relsinə dirəyib uzaqlar arzusuyla yaşadığınçün səni gətirib uzaqlara atıblar... Görürsən ki, yiyəsizsən.
Görürsən ki, bu amansız məhəllədə günbəgün itlər də yoxa çıxır, pişiklər də. Bilmirsən öldürürlər, ya azdırırlar. Bilmirsən hönkürüb ağlayasan, ya eləcə kədərlənəsən...
Bir doğma adam gəlsin, elə bir doğma adam ki, onu öpmək yox, qoxulamaq istəyəsən. Yanında olduğuna əmin olmaq üçün əlini üzünə qoyub yoxlamaq istəyəsən. Günlər uzanır. Amma heç kəs gəlmir... Və sən bir-bir ölürsən...
Qadın və s.
Bütün dustaqların bir qayğısı var: yeni həyata necə başlamaq – harada, kiminlə…
Bəmbəyaz bir qadın yorğun təbəssümlə axır küçədə - leysan yağışda su kimi üzüaşağı... Kişiylə qadının görüşü tale deyil yəqin, ssenaridir düşünülməmiş. Adəmlə Həvvanın işidir – sonadək görülməmiş...
Qadın – küçə qaydalarını pozmaqdır. Və bir az uduzmaqdır.
Bütün dustaqların bir qayğısı var: yeni həyata necə başlamaq – harada, kiminlə… Həyata qadından başlamaq taleyindən kənara çıxmaqdır, bədbəxtlikdir yəni... ...Ah, yazıq Pirosmani...
Yeni kino: “Qaraçı qadının günəşi”
Yer palçıq, hava soyuq. Mən yeni kinoyam: “Qaraçı qadının günəşi”. Əvvəlimdə payızdır, adamlar xoşbəxt...
Qəzet oxuyur, bağ belləyir, ağac əkirlər...
Qaraçı qadın var, adamları tutur bir-bir, deyir günəş mənimdir.
Sevgi də var… Janrı: dramma. ... Amma... ... Adamlar təkdir...
Yeni kinoyam, davamım ümidsiz, sonum kədərli... Amma möhtəşəm: qaraçı qadın ağlayır: “Günəşi itirmişəm...”
***
Şərif Ağayara
Bir gün oyanıb dəmir barmaqlıqlardan çıxan və üzü sənə addımlayan qoca bir kişiyə çevrildim.
Bir əlimi iflic vurdu, bir əlimi sənə verdim. Bir üzümü saqqal basdı, bir üzümü sənə çevirdim. Bir yarım qurumuşdu, bir yarımla sevirdim – səni, onu, hamını... Hamını sevmək olmur – keçən il anladım bunu. Bu ilsə sağlığıma ən yaxşı sağlıq deyildi, badə qaldırdı dostlarım. Şərif bir sualla çəkdi şəklimi: “Olar ağlayım?..”
/aydinyol.az/
|