Orxan Pamukun yeni kitabı işıq üzü görəcək
02.12.14
Orxan Pamukun altı il üstündə işlədiyi yeni romanı “Kafamda bir Tuhaflık” dekabrın 9-u işıq üzü görəcək. “Yapı Kredi” Nəşriyyatı ilə müqavilə bağladıqdan sonra kitabın gələn ilin əvvəli yayımlanacağına dair şayiələr olsa da, artıq tarix dəqiqləşdirilib.
Oxucuların səbirsizliklə gözlədiyi yeni romanın mövzusu İstanbul küçələrindən gəlir. Nəşriyyatın yaydığı məlumata görə, “Kafamda bir Tuhaflık” həm məhəbbət hekayəsi, həm də müasir dastandır.
Roman küçələrdə səyyar satışla məşğul olan Mövludun üç il eşq məktubları yazdığı sevgilisi ilə İstanbuldakı həyatlarından bəhs edir. Mövlud 1969-2012-ci illər ərzində İstanbul küçələrində müxtəlif şeylər satır, dayanacaqda nəzarətçi işləyir, digər tərəfdən də bu 40 il ərzində küçələrin insanlarla dolmasına, şəhərin böyük bir hissəsinin sökülüb yenidən inşa edilməsinə, Anadoludan gəlib varlanan adamların həyatına, ölkədə baş verən dəyişikliklərə, siyasi mübarizələrə və inqilablara şahidlik edir.
Mövlud həm də onu digərlərindən fərqli edən şeyin, başındakı qəribliyin nə olduğunu düşünür. Sevgidə insanın niyyəti daha vacibdir, ya qisməti? Xoşbəxtlik və ya bədbəxtlik bizim seçimlərimizdən asılıdır, ya bizim iradəmizdən kənarda baş verir? “Kafamda bir tuhaflık” bu suallara cavab axtarmaqla bərabər ailə həyatı ilə şəhər həyatı arasındakı münaqişəni və qadınların ev daxilindəki əsəb və çarəsizliyini təsvir edir. /kult.az/
|