Fəxri Uğurlu istefa verdi
01.12.14
“Aydın yol” qəzetinin baş redaktoru, tanınmış jurnalist Fəxri Uğurlu vəzifəsindən istefa verib.
Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, Nazirlər Kabineti yanında yeni yaradılmış Tərcümə Mərkəzinin qəzeti olan “Aydın yol”un son sayı bu səbəbdən şənbə günü dərc olunmayıb.
F.Uğurlunun istefasına səbəb kimi Tərcümə Mərkəzinin rəhbərliyinin qəzetin işinə müdaxiləsi göstərilir.
Məlumatda deyilir ki, Tərcümə Mərkəzinin rəhbərliyi baş redaktorun kadrlar seçimindən narazı olub və onun qəzetə dəvət etdiyi iki jurnalistlə müqaviləni uzatmaq istəməyib.
Bu isə baş redaktorun etirazına səbəb olub və o, istefa ərizəsi yazaraq baş redaktorluqdan ayrılıb. Qeyd edək ki, Tərcümə Mərkəzinə tanınmış yazar Afaq Məsud rəhbərlik edir. Onun müavini isə Yaşar Əliyevdir. Fəxri Uğurlu 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 1987-89-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetini bitirib.
1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən "Yol", "525-ci qəzet", "Müxalifət" qəzetlərində çalışıb,"Rezonans", "İntibah" qəzetlərinin baş redaktoru, "Avropa" qəzetinin təsisçisi və baş redaktoru olub. /525.az/
|