Elçin Hüseynbəyli - Dostumun papaqları
25.11.14

İstanbula günortaya yaxın düşdüm. Danışdığımız kimi, məni qədimi dostum qarşıladı. O, İstanbul universitetlərindən birində öyrətmən işləyirdi.
Bəri başdan deyim ki, bu hekayədə Türkiyə türkcəsinə tez-tez rast gələcəksiniz, çünki dostum o kəlmələri kullanmağı xoşlayır, Məşədi İbad demiş, “bir nou” öyrəncəli olub.
Dostum məni çıxışda gözləyirdi. Xoşbeş-onbeşdən sonra universitetlərindən, İstanbuldakı bahaçılıqdan, ərzağın, ətin keyfiyyətindən danışdı, daha doğrusu, narazılığını bildirdi. Mən də ona təsəlli üçün, bir az da həqiqətə yaxın olduğuna görə dedim ki, indi hər yerdə geni dəyişdirilmiş məhsullar satılır, elə Bakının özü də yaxşı gündə deyil.
Hava limanında liftə minib aşağı düşdük. Oradan da metro ilə (tramvayla) şəhərin mərkəzinə gəldik. Bilməyənlər üçün ərz eləyim ki, Atatürk Hava Limanından İstanbula metro gedir.
Şəhərin mərkəzində bir neçə dəfə olmuşdum: bir tərəfdə Aya Sofiya kilsəsi, bir tərəfdə də Sultan Mehmet camesi, meydanda nargilə daşıyan qeyri-rəsmi, yəni statussuz qarsonlar...
Metrodan düşəndə üşüdüyümü hiss elədim. Hava soyuq və çiskinliydi.
Ətrafa baxdım və gördüm ki, bizdən başqa hamı papaqlı-şallıdır.
Dostumun uzun saçları olduğuna görə soyuq onun vecinə deyildi. Həm də fikirləşdim ki, yəqin onun da mənim kimi papağa allergiyası var, papaq qoyanda başı geyişir. Halbuki bir zamanlar o, cürbəcür papaqları sevərdi, anası onu küçəyə papaqsız qoymazdı.
Dostum mənim üşüdüyümü duydu və yaxınlıqdakı kafedə qəhvəaltı təklif elədi, razılaşmadım, dedim ki, təyyarədə naharımı eləmişəm.
– O zaman evə gedək, – dedi, – uşaqlar da sənin üçün darıxıblar. Vapurla getsək, yaxşı olur,- deyə əlavə elədi.
“Uşaqlar” deyəndə o, həyat yoldaşı Dilarə xanımı nəzərdə tuturdu.
Biz gəmiyə minib Asiya yaxasına getdik. Göyərtədə hava çox soyuq olduğundan aşağı – kayutalara tərəf endik, amma otaqlara girmədik, eləcə ətrafı – dənizi, qağayıları seyr elədik.
Dostum qağayılara işarə ilə:
– Buraların martıları tam fərqli, – dedi, – çığırışmağı çox sevərlər, çünki balıq fəzlə.
Onun dediyinin fərqinə varmasam da, başımla təsdiqlədim. Uzaqdan Qız qülləsi görünürdü. Yağmurluq geymiş həvəskar balıqçılar tilovlarını suya tullamışdılar və çox güman ki, tutacaqları ovun ləzzətilə yaşayırdılar.
Bir zamanlar mən də onlar kimi Arazın qırağında oturub balıq tutardım, yağış başıma döysə də, ov sevdasından əl çəkməzdim, çünki balıq qarmağın böyür-başına fırlanır, hərdən onu didişdirirdi. Mən o balığı aydın təsəvvür edirdim. Xəyalımda onun ipiri pulcuqlarını, qəlsəmələrini sığallayırdım. Balığı necə tovlayıb tutmağımı başıma yığışanlara danışırdım.
–İndi də balığa gedirsənmi?- deyə dostum soruşdu və bununla da mənim balıq həvəskarı olduğumu unutmadığını nümayiş etdirdi.
–İndi nə çaylarda, nə də Xəzərdə balıq qalıb,- deyə gileyləndim,- çayın qovşağına o qədər tor atırlar ki, balıqlar kürü qoymağa da macal tapmırlar. Heç olmasa, aprel-may aylarında bunu qadağan edələr. Amma kimə deyirsən, sanki bu dəniz və çaylar onların deyil.
Dostum başı ilə məni anladığını bildirdi.
–Hər yerdə aynıdır,- dedi, – elə burda da.
Gəmidən düşüb avtobusa mindik. Bir neçə dayanacaqdan sonra dostum dərs deyən universitet şəhərciyinin qarşısında düşdük.
Kampuslar səliqəylə cərgələnmişdi.
–Bura öyrəşmişik, ona görə də ayrı bir mənzil kirayələmədik,- dostum üzümə baxaraq, sanki məni sınayırmış kimi, –dedi.
–Təbii, insan haranı bəyənərsə, orada da yaşmalıdır, –cavabını verdim.
Dostum həyat yoldaşı ilə birinci mərtəbədə yaşayırdı. Qapının arasında məktub vardı. Məktub arvadından idi. O, təəccüblə məktubu açıb oxudu, sonra mənə tərəf dönüb:
– Acələ okula getməliymiş, bir azdan gələr, –dedi, sonra da izah elədi ki, arvadının bu gün dərsi yoxdur, bizi gözləməliymiş, amma getməyə məcbur olub.
Otağa girəndən sonra dostum yenə də qəhvəaltı təklif elədi. Bu dəfə boyun qaçırmadım, fikirləşdim ki, xətrinə dəyə bilər, çünki bura kafe yox, onun öz eviydi.
O, soyuducudan pomidor-xiyar, pendir, sosiska, kolbasa çıxarıb stolun üstünə düzdü. Yəqin öncədən hazırlıq görmüşdü.
–Bizdən fərqli olaraq türk qardaşlarımız səhərlər bol yeməyi xoşlayırlar. Özü də tərəvəzə üstünlük verirlər, –deyə o, pomidor doğramağa başladı. Mən başımla onun dediklərini təsdiqlədim, gözlərimlə ətrafı seyr eləməyə başladım. Dəhliz mətbəxlə üzbəüz idi. Orada iri, yığma şifoner vardı, üstündə isə cürbəcür kişi papaqları. Məni maraq götürdü. Necə ola bilərdi ki, bu qədər papaq ola-ola dostum başı açıq gəzsin, başı açıq gəzəcəkdisə, onda papaqlar nəyə lazım idi?
–Papaq kolleksiyası toplayırsan, deyəsən? – deyə şifonerə işarəylə soruşdum.
O, bir anlığa duruxdu, sonra nəzərlərini hərləyib dəhlizə baxdı, qımışdı:
–Hə, onları deyirsən?.. Uzun söhbətdir. Sonra danışaram.
–Vaxtım çoxdu, –dedim, – axşamüstü mehmanxanaya qayıdacam, qonaqlarım olacaq, sabah konfransa qatılacam.
Qəhvəaltı dəmdəstgahı hazır olandan sonra dostum papaq əhvalatını danışmağa başladı:
–Uşaqlıqdan papaq qoymuşam da, bilirsən, rəhmətlik anam məni öyrəncəkli etmişdi.
Başımla təsdiqlədim.
–Universitetə təzə gəlmişdim. Gördüm, əksəriyyət burda papaq qoyur. Əsl müsəlmançılıqdır. Ürəyimdə sevindim də. Fikirləşdim ki, mən də bir papaq alım. Saqqalıma uyğun, qara rəngli bir panama aldım. Bir-iki gün keçəndən sonra dəhlizdə gedirdim, birdən rektor yardımçısı arxamca qaça-qaça gəldi və dedi ki, “rektor əfəndi sizi görmək istəyir”. Dedim, yəqin nəsə bir tapşırığı var.
Gəldim rektorun kabinetinə. İçəri girən kimi, rektor ayağa durub mənimlə hal-əhval tutdu, sonra papağıma baxıb soruşdu: “Oğlum, sən ortodoks yəhudilərdənmisən?” “Yox canım, dedim, – mən də sizin kimi müsəlman və türkəm”. “Bəs bu şapka nərədən çıkdı?” “Şapkadı da, xoşuma gəldi, aldım”. “Oğlum, bax beni yaxşı-yaxşı dinle, bizim universitedə böylə şapkaları sevmezler”. Düzü, bərk təəccüblənsəm də, büruzə vermədim və dedim: “Pəki, əfəndim bir daha takmaram”.
Üstündən bir neçə gün keçəndən sonra Dilarə xanımla Qapalıçarşını gəzməyə çıxmışdım. Bu dəfə özümə ağ rəngli şlyapa aldım. Bilirəm, indi təəccüblənəcəksən ki, niyə məhz şlyapa, o da elə panamanın bir adıdır da. İş burasındadır ki, bu bir az yığcam idi, həm də mənim bu cür papaqlara bir nostaljim var. Rəhmətlik atam belə papaqları sevərdi. O papaqlarla çoxlu şəkillər çəkdirmişdi: enlibalaq şalvar, zolaqlı pencək, damağında papiros... Nəysə. Aradan bir müddət keçdi, rektor köməkçisi təngənəfəs gəlib dedi ki, rektor əfəndi çağırır. Getdim. Bu dəfə rektor ayağa durmadı, əvvəlki iltifatı da göstərmədi. Eləcə deyindi: “Ya sən nə əcaib adamsan! Solçumusan?” Dedim “yox, canım, siz nə danışırsınız, mən siyasətlə ilgilənməm“. “Bəs bu şapka nə?”. “Şapkadı da”- deyə əsəbi cavab verdim. “Başı açıq gəzməyəcəm ki...” “Bax oğlum, ben solçu-molçu bilmem. Özünə ayrı şapka tap”. Bir söz deməyib çölə çıxdım. Fikirləşdim ki, geri vətənə qayıdım, ya da özümə ayrı bir universitə bulum. Bu əhvalatı və ağlımdan keçənləri Dilarə xanıma danışdım. O da dedi ki, kefini pozma, mən sənə yaxşı birisini alaram, rektor əfəndi də razı qalar, sən də özgə fikirlərə düşməzsən.
Arvad dediyi kimi də elədi. Mənə özbək araxçınına oxşayan bir papaq aldı. Papaq əsl araxçından balaca, fəsdən azca iriydi. Xoşuma gəldi...
Bu yerdə dostum dayandı, ayağa durub civiltili səs çıxaran çaynikin altını söndürdü. Geri qayıdıb oturandan sonra mənim intizarıma son qoydu.
–Araxçın mənə yaraşırdı. Bir eynək də almışdım. Əsl professora bənzəyirdim. Üstündən bir-iki gün keçmişdi ki...
–Professor səni çağırdı elə?- deyə sözünü kəsdim.
–Aynan sən dediyin kimi. Yenə də rektor yardımçısı gəldi. Bu dəfə rektor əfəndi daha da əsəbiləşmişdi. İçəri girən kimi ədəb-ərkanı kənara qoyub üstümə düşdü: “Oğlum sən nə oyun çıxarırsan ya?! Azərbaycanda sizə yalnızca siyasət dərsimi keçirlər? ”. “Canım nə siyasət?!” deyə mən də səsimi qaldırdım. “O siyasət ki, gündə bir türlü şapka taxırsan. Bu nədi belə?! Şimdi də dinçimi oldun?!” “Mən dinçi-zad deyiləm, ya! İstəsəniz universiteni həmən tərk edib gedərim”. Mənim bu sözlərim rektorun havasını aldı, bir qədər yumşaldı və soruşdu: “Oğlum, sən həqiqətənmi, bu şapkaların tərifini bilmirsən?”. “Bilmirəm” dedim, “nərədən bilim”. Başıma bir papaq qoymalıyam, ya yox? Bizlərdə kimin hansı şapkanı qoymağı kəndi işdir. Ona heç kim qarışmaz”. “Bak, oğlum, mən səni istədiyimdən deyirəm. Yarın səni bir sağçı, ya solçu öldürsə, bizim heç bir suçumuz yok”. “Sağçılar hansı şapkadan taxırlar ki?”- deyə bərayi-ehtiyat soruşdum. Rektor əfəndi gülümsündü və divarı göstərdi. Divarda yeni baş nazirin şəkli asılmışdı, başında dimdikli kepka. Barmağımı dişlədim, amma heç nə demədən çölə çıxdım. Mən nə ortodoksal yəhudiydim, nə solçu, nə də dinçi, sağçı olmaq da istəmirdim. Çünki dimdikli kepka qoyanlardan xoşum gəlmirdi. Bu cür kepkaları mənim vətənimdə farmazon müsəlmanlar qoyurdular. Odu-budu, papaq qoymuram...
Dostum bu sözlərlə hekayətini tamamladı və uzun saçlarını, sonra da saqqalını tumarladı, axırda da qəhqəhə çəkib güldü. Mən də ona qoşuldum.
Daha sonra türkiyəli arxadaşlarımızla bizi birləşdirən və ayıran nəsnələri müzakirə elədik. Bu arada Dilarə xanım da gəlib çıxdı, evdə olmadığına və müsafirinə yetərli diqqət göstərə bilmədiyinə görə üzüldüyünü dedi. Amma mən gördüyümü görmüş, eşitdiyimi eşitmişdim.
Dostlarımdan ayrılıb mehmanxanaya qayıtdım. Konfrans zalı mehmanxananın özündəydi. Mənim də məruzəm varıydı. Papaq əhvalatını konfransdakı çıxışıma əlavə eləmək istədim. Çünki mövzumuz cəmiyyətdə tolerantlıqla bağlıydı. Amma salondakı müxtəlif sifətləri görəndə bu fikrimdən vaz keçdim, çünki onların çoxu bura papaqda gəlmişdi...

Sentyabr 2014
/525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.