Səlim Babullaoğlu: Azərbaycan ədəbiyyatının xarici dillərdə nəşrini gerçəkləşdirəcəyik
19.11.14
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təsis etdiyi “Ulu Çinar” və “Dünya ədəbiyyatı” jurnallarının yeni nömrələri yaxın günlərdə işıq üzü görəcək. Bu nəşrlərin Azərbaycan ədəbiyyatı nümunələrinin türk xalqları və xarici ölkə oxucularına çatdırılmasında böyük və əhəmiyyətli rolu vardır. Eyni zamanda bu jurnallar türk və xarici ölkə ədəbiyyatı nümayəndələrinin də ölkə oxucularına tanıdılmasında böyük rol oynayır. Bu nəşrlər və mərkəzin fəaliyyəti ilə bağlı daha geniş məlumat əldə etmək üçün AzərTAc-ın müxbiri qurumun direktoru, tanınmış şair Səlim Babullaoğlu ilə görüşüb.
O deyib: “AYB rəhbərliyi mərkəzə xüsusi diqqətlə yanaşır. Artıq Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iki nəşri - “Ulu Çinar” və “Dünya ədəbiyyatı” jurnallarının yeni nömrələri çap olunmaq ərəfəsindədir. “Ulu Çinar” jurnalının bu nömrəsində türk xalqları ədəbiyyatının həm nəsr, həm də poeziya nümunələri təqdim olunacaq. Bu nömrədə müasir türk və tatar ədəbiyyatı nümunələrinə yer vermişik. Hazırda böyük türk ədibi Fazil Hüsnü Dağlarcanın 100 illiyi ərəfəsindəyik. Bununla bağlı AYB-nin sədri, Xalq Yazıçısı Anarın ona həsr etdiyi “Təntənə və tənhalıq” essesi nəşrin ön səhifələrdə yer alacaq. “Dünya ədəbiyyatı” jurnalının bu nömrəsində isə Ukrayna ədəbiyyatı nümunələrini dərc edəcəyik. Əsasən oxuculara ötən əsrin 70-ci illərindən bu günümüzədək yazıb-yaradan Ukrayna ədiblərinin əsərləri təqdim olunacaq”.
Ukraynanın nüfuzlu “Vsesvit” dünya ədəbiyyatı jurnalı ilə momerandum imzaladıqlarını deyən mərkəzin direktoru bildirib ki, cari ilin dekabrında bu nüfuzlu nəşrin 90 illik yubileyi tamam olur. Jurnalın yubileyi ilə əlaqədar hazırlanacaq xüsusi nömrəsi bütünlükdə Azərbaycan ədəbiyyatına həsr ediləcək. Maraqlı bir say olacaq. Yubiley nömrəsinin Azərbaycan və Ukraynada təqdimatı keçiriləcək.
Səlim Babullaoğlu vurğulayıb ki, mütəmadi olaraq ildə iki dəfə nəşr olunan hər iki jurnal vasitəsilə Azərbaycan ədəbiyyatının xarici dillərdə nəşrini gerçəkləşdirəcəyik. Bu nəşrlərin gələn ilki nömrələrində serb və rus ədəbiyyatı nümunələrinə yer ayıracağıq. /AzərTAc/
|