Əsəd Cahangir - Yenə o bağ olmayacaq
18.11.14

Gəlin əvvəlcə olayın janr təyinatını verək: "Kulis.az" saytının "Sizcə, iyirminci əsrdə Azərbaycan poeziyasında 5 ən yaxşı şeir hansıdır?" sualı ətarfında qızışan  müzakirəni (ümumən bu qəbildən olan bütün müzakirələri!)  ədəbiyyat şousu elementi hesab edirəm. 

 

 

Amma onu da başa düşürəm ki, biz şou dövründə yaşayırıq. On il öncə Anar müəllimin göstərişi ilə şeir almanaxı buraxmalıydım. Az-çox istedadı olanların mühüm bir qismi almanaxa şeir vermək istəmirdi ki, bəs, "biz irəlizəkalıyıq (?!), AYB isə gerizəkalı" (?!), orda dərc olunmağı özümüzün nadir və qadir istedadımıza layiq bilmirik. Onda mən balaca bir şou qurmaq qərarına gəldim. Bəyan elədim ki, almanaxda cəmi on nəfər dərc olunacaq - çağdaş şeirin qızl onluğunu tərtib edirəm! Bir həftənin içində o qədər şeir təqdim olundu ki, seçim qarşısında qaldım. "Avropanın qürubu"nu yazan O.Şpenqlerin terminləri ilə desək, biz mədəniyyət yox, sivilizasiya dönəminin adamlarıyıq. Və alman kulturoloquna görə, idmanla şounun kütləviləşməsi sivilizasiyanın bariz göstəricilərindəndir. Buyurun, bu sizin idmanınız, bu da şounuz. Yüz il əvvəl kəskin narazılıqla qarşılanmasına baxmayaraq, Şpenqlerin haqsız olmadığını zaman təsdiq edir.

 

Sufilər deyir ki, ilk baxışdan ən önəmsiz görünən olayın da nəsə gizli bir mənası var. Özü də olay zahirən nə qədər bayağıdırsa, onun gizli mənası da bir o qədər ciddi olur. Hətta dünyanın ən böyük hikməti guya eşşəyin anqırmasındadır (Çox üzr istəyirəm!) Ədəbiyyat, xüsusən şeir də Avropa kimi qürub edir, odu söndürmüşük, indi də külüylə oynayırıq - "Son yüz ildə yazılan şeirlərin ən yaxşıları hansılardır? sualının altında mən bu mənanı oxuyuram. "Kulis.az" sanki özü də bilmədən hansısa "zakulis" bir əlin göstərişiylə şeirin fatihəsini verir:

 

Fəthi-meyxanə üçün oxuyalım fatihələr,

Bəlkə də üzümüzə açıla bir bağlı qapu.

 

Niyə meyxanə? Yazını axıracan oxusanız biləcəksiniz. İndi isə mətləbə qayıdaq...

 

Hörmətli "Kulis.az" saytı!

 

Sən soruş görək, bəs bu gün yazılan şeirlərin hansıları ən yaxşıdır? Soruş görək, bu gün ümumən yaxşı şeir yazılırmı? Yox! Şeir təkcə bizdə yox, ümumən insan düşüncəsində öz ömrünü başa vurmaqdadır. Pozuya yazı yoxdur. Mən son dövrdə yazılan şeirlərdə onun canvermə əzablarını eşidirəm. Niyə? Çünki şeir Platonun dediyi kimi, ağla ziddir, irrasional təzahürdür, şair gərək Füzuli ola, Nəsimi ola, Cavid ola, Vurğun ola, Müşfiq ola! Bir sözlə, Məcnun ola,  aşiq ola!

 

Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

Çağdaş insan isə çox rasional və məntiqi düşünür. O Platondan çox Arsitotelə bənzəyir. Cəmil Mericin dediyi kimi, şeir öz təsirini yalnız geridə qalmış xalqlarda saxlayır, rasional təfəkkürü gəlişən millətlərdə geriləyir. Onun yerini proza tutur. Bu, qaçılmazdır. Tərəzinin bir gözü qalxanda o biri enməlidir. Şeir bəşəriyyətin keçmiş dövrünə məxsus bir reliktdir. Yüz Hüseyn Arif olub min dəfə deyə ki, "nə qədər həyat var, şeir də vardır" – bunun mənası yoxdur.

 

 

Aldanma ki, Arif sözü, əlbəttə, yalandır.

 

Əlbəttə, vaxtaşırı şeirin yeni qabarmaları olacaq, amma hər dəfə bu, əvvəlki qabarmadan yuxarı qalxmayacaq, aşağı düşəcək. Şeirin ürək döyüntüləri getdikcə düşür. Çağdaş yazarlar onu süni nəfəslə saxlamağa çalışan həkim və tibb bacılarına bənzəyir.

Bunu  hələ min il əvvəl Nizami demişdi:

 

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da.

 

Bunu isə 500 il əvvəl Füzuli demişdi:

 

Bir dövrdəyəm ki, nəzm olub xar,

Əşar bulub kəsadi-əsar.

 

Ümumən son on beş ildə yazılanları oxuduqca (əksərən darıxdırıcılıqdan əzab çəkə-çəkə!) mənə elə gəlir ki, biz ədəbiyyat yaratmırıq, sadəcə ədəbiyyat oyunu oynayırıq. Özü də hamı bunu bilir, amma susur, özünü elə göstərir ki, guya bilmir, çünki oyunun qaydası belədir. Heyzinqanın dediyi kimi, yalnız uşaqlar oyun oynadıqlarını bilmirlər.

 

Oyun demişkən, "yenə və həmişə oyun" deyən Kamal Abdulla çoxsaylı şeirlərinə baxmayaraq, özünün təkcə ən qalmaqallı ("Yarımçıq əlyazma") yox, həm də ən uğurlu işini ("Unutmağa kimsə yox") nəsrdə gördü. Və son romanıyla həm də ümumən müstəqillik dövrü nəsrinin ən fundamental əsərinə imza atdı. Azərbaycan ədəbiyyatı Nobelin sərhədlərinə şeir yox, nəsrlə yaxınlaşdı. Bəyəm, bu sizlərə nəsə demir?

 

Həmid Herisçi, Murad Köhnəqala, Salam! Baxın, müstəqillik dövründə şeirdə meydana çıxan hər üç ən ciddi poetik imzanın üçü də nəsrə meyl edir. İkisi artıq şeirin daşını atıb, üçüncüsü isə roman yazması barədə danışır. Bəyəm, bu sizlərə nəsə demir?

 

Son illər ədəbiyyata gələn cavanlar şeirdən daha çox nəsr sahəsində seçilir - Pərvin, Vüsal Nuru, Səxavət Sahil, Cavid Zeynallı, Elxan Qaraqan, Mirmehdi Ağaoğlu... Bəziləri isə hətta müəyyən poetik uğurlarına baxmayaraq, nəsrə keçirlər - Şərif Ağayar. Bəyəm bu, sizlərə nəsə demir?

 

Aparıcı nəşriyyatlardan birinin direktoru kimi Şahbaz Xuduoğlu yazarlara "Hərəmiz bir roman yazaq!" şüarı ilə müraciət edir və onlar da bu çağırışa həvəslə cavab verir. (Nə dərəcədə nail olmaları artıq başqa söhbətin mövzusudur). Bəyəm bu, sizlərə nəsə demir? 

 

Özü də bu, təkcə bizdə yox, bütün dünyada gedən total bir prosesdir. Füzuli demişkən,

 

Yoxdur bir mülk bu zamanda,

Kim şeir rəvacı ola onda.

 

Hanı Rusiyanın Pelevin səviyyəsində şairi? Bəs, Türkiyənin şair Orxan Pamuku hanı? İngilis Piter Akroydun poetik analoqu hardadır? Bəyəm, bunlar sizlərə nəsə demir?

 

Bu gün toylarda meyxana deyəni çağırıb hörmət-izzətlə cibinə pul qoyurlar, şair isə kitabları əlində idarə müdirlərinin qapısını döyüb pul istəyir. Bəyəm bu sizlərə nəsə demir?

 

Həmid Herisçi haqlıdır - bu gün şeirin son sığınacağı meyxanələr küncüdür:

 

Dövran həvadisindən yox bakimiz, Füzuli,

Darül-əmanimizdir meyxanələr bucağı.

 

Müşfiqin "Yenə o bağ olaydı" şeiri resipiyentlər tərəfindən ən çox səs topladı. Mən də o şeirə səs verənlər sırasında idim. Həmişə şeiri nəsrdən daha çox sevmişəm və həmişə də sevəcəm. Amma onu da bilirəm ki, yenə o bağ olmayacaq...

 

Müstəqillik dövründə şeirə gələn gənclərin içində sözün bütün mənalarında Müşfiqə ən çox oxşayanı Aqşin idi. Bəyəm, onun sözün bütün mənalarında indiki durumu sizə nəsə demir? /kulis.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.