Adunis: "Poeziya hansısa ideologiyaya və ya dinə uyğunlaşdırıla bilməz"
17.11.14

Nobelə həsrət ərəb şairi Adunis: «Biz müsəlmanlar qadının fərdilikdən, sözdən, hüquqdan, azadlıqdan məhrumiyyətinin əzabını çəkirik» 
“Poeziya hansısa ideologiyaya və ya dinə uyğunlaşdırıla bilməz. O yalnız ildırım effekti yaradan və təəccübləndirən ideyalardan qidalanır”

Hər il Nobel Ədəbiyyat mükafatı açıqlanana yaxın adları mətbuatın gündəmindən düşməyən yazıçılar arasında suriyalı yazıçı Adunisin adı da olur. Baxmayaraq ki, okeanın o tayında Adunis ərəb dünyasının yeganə Nobel mükafatlı yazıçısı Nəcib Məhfuzdan daha çox tanınır, amma illərdir ki, bu tanınmış şair ərəb dünyasına Məhfuzun Nobel sevincini yaşada bilmir. Ərəb ədəbiyyatında Adunis poeziya üçün standart halını almış ənənəvi şeir formalarını və mövzularını kökündən dəyişmiş, poeziyaya yeni həyat gətirmiş şairdir. Təbii ki, “hamının sevimlisi olmaq mümkün deyil” fikri də öz yerində qalır. Qərb və Şərqi hər zaman tam qızıl orta şəklində tənqid etmiş şair Miçiqan universitetində yaradıcılığı ilə bağlı danışarkən onu tənqid edənlər haqqında bunları deyib: “Suriyada nəsə cızma-qara ilə məşğul olanlar var idi. İddia edirdilər ki, mən ərəb şeirini korlamışam”.

“Ərəb dünyasının ənənələrini və mifologiyasını ona bağlanmadan, uymadan çəkmək istədim. Poetik mətnlərdəki “sətr-heca” standartını yıxmağa çalışdım, onu qarışdırmaq, sərbəst buraxmaq, əsl poeziyaya çevrilməsini istədim. Çünki şeir düşüncə şəbəkəsidir, bir xətdən, sətrdən ibarət fikir ipi deyil”.

Bəzi ədəbi tənqidçilər onun yaradıcılığını “sürgün yaradıcılığı” adlandırır. Lakin müəllif bundan narahat olmadığını deyir. Yaradıcılığının bir mərhələsində erotik elementlərdən sıx-sıx istifadə edən şair yenə ciddi tənqid hədəfinə çevrilir. Bəzən şairin canlandırdığı sevgili başdan-başa böyük bir mövzu olur. Son dövrlərdə yazdığı şeirdə qara paltarlı sevgilinin yuxuda vüsal yaşatması ilə bağlı danışan müəllif: “Xoşbəxtlik və bədbəxtlik insanın alnında paralel cizgilərdir. Həyat mövsümlərin dəyişməsi ilə gözəlləşən meyvə bağçasıdır. Baharı daha da sevdirən qışdan sonra gəlişidir. Eyni ilə xoşbəxtliyi məhz özümüzü bədbəxt hiss edəndə axtardığımız kimi”.

Onun yaradıcılığında şərq qadınının, xüsusilə də müsəlman qadınının vəziyyətinə də geniş diqqət ayrılıb. Qadının sözün hər mənasında yoxsul həyatının ayrı-ayrı tərəfləri Adunisin yaradıcılığında işıqlandırılıb: “Bugün üçün ərəb mədəniyyəti iflic vəziyyətindədir. Biz müsəlmanlar qadının fərdilikdən, sözdən, hüquqdan, azadlıqdan məhrumiyyətinin əzabını çəkirik. Kainatda elə bir yer yoxdur ki, o yalnız kişilərin, ya da yalnız qadınların hesabına dirçəlsin. Ərəb dünyası hər şeyi, xüsusilə də mədəniyyəti kişilərin hesabına dirçəltmək istəyir. Bu isə qadınların iştirakı olmadan mümkün deyil. Təzyiqlərə məruz qalan, qul kimi rəftar edilən qadındır, lakin əslində qul elə hakimiyyətini quldarlığı müdafiə etməklə qorumağa çalışan kişinin özüdür. Gərək qadınlar onlara xilas olmaqda, iqtidarı itirmək qorxusundan qurtulmaqda kömək etsinlər”. Bu mövzu ilə bağlı dediyi mühazirələrdən birində gənc bir xanım şairə: “Şeir ədəbiyyatın ən iddialı və elit formasıdır, bu, dəyişiklik üçün yetəri qədər böyük qüvvə deyilmi?” – sualı ilə müraciət edir. Adonis cavabında: “Poeziya cəmiyyəti dəyişə bilməz. Poeziya yalnız iki tərəf arasındakı münasibətlə bağlı anlayışları, inancları dəyişə bilər. Mədəniyyət, cəmiyyət institutsional mərkəzlərdə başlayan dəyişiklik olmadan dəyişə bilməz. Bütün insanların oxuyub, dərk etdiyi şeirdən daha təsirli vasitə yoxdur. Əsl ədəbiyyat, əsl poeziya oxucunu yaradıcı kimi, müəllif kimi, əsərdəki qəhrəman kimi olmağa təhrik etməyi bacarmalıdır. Oxumaq sadəcə qəbul etmək deyil. Məsləhət görərdim ki, siz ümumilikdə poeziyaya və mədəniyyətə olan baxışınızı və yanaşmanızı dəyişəsiniz”.

Şair iki qız atasıdır. Övladlarından biri – Ninar rəssam-vizualistdir, Beyrut-Paris mədəniyyətləri, memarlıq və incəsənət nümunələri üzərində işləyir. Digəri – Ərşad isə Parisdə Dünya Mədəniyyət Evinin direktorudur. Müəllif deyir ki, onun həyatda heç vaxt imtina etmədiyi şey övladlarının sualları olub: “Hər zaman sorğulamaq imkanı yaratdım. Azad idilər, ürəklərinə yaxın olan işlərlə məşğul olmalarını tapşırdım. Hətta mənim istəklərimin əksinə də olsa. Mən şəxsiyyət böyütdüyümü görməyi çox arzulamışdım. Bu arzuma çatmışam”.

“Yaradıcı insan inqilabi görünən hər şeylə maraqlanmalı, ona yaxın durmalıdır, amma gərək özü inqilabi davranmasın, özü inqilabi olmasın”

1930-cu il, yanvarın 1-də Suriyada anadan olmuş Adunis təxəllüslü (bu adı şair 17 yaşında ikən Yunan bərəkət allahı – Adonisin adından götürüb – red. E.S.) Əli Əhməd Səid Esber dünyaca məşhur şair, tərcüməçidir. Bu il 84 yaşını tamamlamış şair təkcə 20-dən çox fərdi şeir toplusunun müəllifidir. Fransız və ingilis dillərini mükəmməl bilən şair ərəb dilindən bu dillərə və əksinə etdiyi tərcümələrilə də dünya ədəbiyyatına nəhəng töhfələr bəxş edib. 1950-ci illərə kimi Suriyada yaşayan şair, siyasi hadisələrdən uzaq durmaq üçün Livana köçməyə məcbur olur. Onun yaradıcılığının ən məhsuldar dövrü də məhz Livan və Fransada yaşadığı illərə düşür. 1988-ci ildən bəri demək olar ki, hər il adı Nobel Ədəbiyyat mükafatı namizədləri siyahısına salınır. Artıq uzun müddətdir ki, Parisdə yaşayan şair Suriya doğumlu bir biznesmenin ərəb dilində dərc etdirdiyi jurnalın redaktorluğu ilə məşğul olur. Jurnalın işləri ilə məşğul olmadığı bütün zamanları yaradıcılığa həsr edən yazarın iş otağında ən diqqətçəkən əşya kofe masasıdır. Bu kofe masası həm də ona görə məxsusidir ki, onun üzərində yalnız Qərb və Şərqin son dövr şairlərinin kitabları cəmlənib. Şair deyir ki, onları tək-tək oxuyur, düşüncələrin, inancların necə və hansı yönə dəyişdiyini təyin etməyə çalışır, yaradıcılıq imkanlarını müqayisə edir: “Gözüm yalnız yaxşı nümunə görəndə parıldayır. Yeni ideyalarla gələn yeni istedadlar istəyirəm”.

Şair Parisdəki evində xanımı Xalidə Səidlə yaşayır. Xanım Səid ədəbi tənqidçidir, Fransa ədəbiyyat jurnallarında təmsil olunur. Adunis xanımı haqqında danışarkən: “Şəxsi fikrimi bilmək istəyirsinizsə, mənə görə Xalidə olduqca dərin, istedadlı, hətta tanıdığım ən yaxşı ədəbi tənqidçilərdəndir. Bəzən nəyisə müzakirə edirik, razılaşdığımız məqamlar da olur, razılaşmadığımız məqamlar da. O hətta mənim əsərlərimlə bağlı da ədəbi tənqidi məqalələr yazıb”. 
Suriyalı şair, ədəbi tənqidçi, esse müəllifi və sadiq sekularist Adunis müsəlman ölkəsində dünyaya gəlsə də, özünü “kafir peyğəmbər” adlandırır. Ömrünün 70 ildən çoxunu poeziyaya, ədəbiyyata həsr etmiş müəllif XX əsr ərəb dünyası üçün ilk mədəni inqilab zəngləri çalanlardan olub. Adunis 1985-ci ildə ailəsi ilə birgə Parisə köçür. O, Nobel alan ilk ərəb şairi olmasa da, 2011-ci ildə aldığı “Göte” mükafatı ilə Almaniya tarixində bir ilkə imza atıb. 

Şair Tunis və Misirdə başlayan hadisələr zamanı məhz “ərəb baharı” haqqında “sevincimi və xoşbəxtliyimi ifadə etmək üçün” yazdığı şeirlərilə gündəmə gəlib. Baxmayaraq ki, ona sevinc bəxş edən hadisələr xaosa, faciələrə aparan yolun başlanğıcı kimi dəyərləndirilirdi: “Ərəb baharının müəllifi yeni nəsildir, gənclikdir, bizdən daha yaxşı düşünən, bizdən daha yaxşı yaşamaq istəyənlərin əsəridir. Bu Ərəb dünyasında Qərbi yamsılamayan ilk cərəyandır. Amma çox təəssüf ki, bundan yenə də bütün dünyadakı inqilabların meyvəsindən özünə pay tələb edən İslam tüccarları və Amerika yararlandı” – deyə, müəllif hadisələrə münasibət bildirərkən vurğulayıb. Onun bu açıqlaması həmin günlərdə sensasiyaya səbəb olmuş, bəzi həmkarları və həmyerliləri tərəfindən sərt reaksiya almışdı. İraqlı şair, Nyu-York universitetinin professoru Sənan Antun: “Təəssüf ki, o da çoxları kimi bunu işığa aparan inqilab kimi qəbul edir. Onun özünü ərəb dünyasının əmanəti sayması və orada baş verənləri şərh etməsi yersiz davranışdır”. 

“Ərəb dünyasında yazıçıların və rəssamların yaradıcılıq yolu necəsə mütləq siyasətlə bağlanır. Həmin ölkələrdə saysız-hesabsız müharibələr gedir: insan hüquq və azadlıqları uğrunda, Fələstin uğrunda, koloniyalaşdırma əleyhinə, ərəb despotizmi əleyhinə, qapalı və dar düşüncəli insanlar əleyhinə - amma bunların heç biri qələmə alınmır. Yanlış anlaşılmaq istəmirəm, mən bu əlaqənin və ya bu əlaqəyə tabe olanlara qarşı deyiləm, sadəcə mən onlar kimi deyiləm. Yaradıcı insan inqilabi görünən hər şeylə maraqlanmalı, ona yaxın durmalıdır, amma gərək özü inqilabi davranmasın, özü inqilabi olmasın. Siyasi təzyiq əleyhinə olan mübarizənin belə formaları var, mən özümü daha çox Qandiyə yaxın hesab edirəm, nəinki Çe Geveraya”.

Şairin 107 yaşlı anası hələ də Suriyada yaşayır. 1956-cı ildə Suriyanı tərk etdikdən sonra Adunis 20 il oraya ayaq basmır. 1976-cı ildə anasını, qohumlarını görmək üçün vətənə qayıdır. Sonra hər il Suriyaya səfər edən şairə 2010-cu ildə dostları tərəfindən xəbərdarlıq edilir: “Mənə dedilər gəlmə, burda vəziyyət getdikcə daha təhlükəli hal alır. Üstəlik getsəm, həm özüm, həm ailəm üçün təhlükə yaranardı. Amma bunun mənim beynimi susdurmağa gücü çatardımı, yox. Oranı mən beynimi susdurmamaq üçün tərk etmişdim. Suriyada baş verənlərdən əziyyət çəkən insanlar haqqında saysız-hesabsız məqalələr yazdım. İşin pis tərəfi ondadır ki, bu insanların özləri və gələcəkləri haqqında xəbər almaq imkanları belə yoxdur”.

O, Suriyanın dağ zonasında yerləşən kasıb bir kənddə, fermer ailəsində dünyaya göz açıb. Valideynlərinin hətta ibtidai təhsili belə olmayıb: “Mən 13 yaşıma kimi maşın, qatar, telefon belə görməmişdim. Bəzən güzgüyə baxanda o qədər təəccüblənirəm ki. Necə transformasiyaya uğradığımı özüm də bilmirəm, möcüzə budur”. Dediyinə görə, şeirə və ədəbiyyata marağı isə atasının və Quran məktəbinin təsiri ilə yaranıb. 13 yaşında şeir müsabiqəsində qalib gələn Əli Əhməd fransız liseyində pulsuz oxumaq imkanı əldə edir. Elə bununla da onun bütün həyatı dəyişir. Dəməşq Universitetinin fəlsəfə fakültəsində ali təhsilini, Livan Universitetində doktorantura təhsili alıb. 

1956-cı ildən başlayan Beyrut həyatını şair “ikinci həyat” adlandırır. Burada o xanımı ilə tanış olur. Ölkənin “Shir”, “Mavaquif” kimi ədəbi jurnallarının ərsəyə gəlməsində iştirak edir. Dünya ədəbiyyatının tanınmış şairlərinin şeirlərindən ibarət “Ziyan olmuş torpaq” (“The Waste Land”) tərcümə kitabını dərc etdirir. 1960-cı illərin sonunda ərəb dünyasında gedən hadisələrə həsr etdiyi “Mənim adım” (“This Is My Name” (1970)) şeiri ona çoxdan gözlədiyi şöhrəti qazandırır. 1982-ci ildə isə şairin Livanda gedən vətəndaş müharibəsinə həsr etdiyi şeirlərindən ibarət “Mühasirə” (“The Book of Siege”) şeir toplusu işıq üzü görür. Həmin illərdə şairin şöhrətini birə-beş artıran şeirlər arasında “Ulduz yoxdur”, “Səs”, “Məni Allaha apar” kimi nümunələr var.

- Uzun illərdir Parisdə yaşayırsınız. Amma Suriya və Livandan qalan bir miras da var üzərinizdə. Fransız və ingiliscə mükəmməl bilsəniz də, şeirlərinizi ərəbcə yazırsınız. Bu qarışıq vəziyyət sizə necə təsir edir?

- Bayaq nəzərdə tutduğunuz fikrə etiraz etmək istəyirəm. Mən dünya vətəndaşıyam. Kosmik səslənsə də, belədir. Mənim aidiyyətim, mənsubiyyətim özümü ifadə edə bildiyim dilin içindədir. Mənim ölkəm, yurdum odur, şeirdir, ədəbiyyatdır. Mənim ölkəm əsası nə zamansa qoyulmuş, mənə miras qalmış bir yer deyil, keçmişdən gəlməyib. İnsan kimliyini əməyi ilə, dünyaya verdiyi məhsullarla sübut edir. Mənim kimliyim dünya həqiqətlərinə açılan mütləq sonsuzluğun mahiyyəti ilə səsləşən pəncərədir.

- “Şərqli” olduğunuzu nəzərə alsaq, düşüncələriniz həqiqətən də inqilabi görünür...

- Şərq-Qərb ayırımı kimi bir şey olduğunu düşünmürəm. Bu, siyasətçilər tərəfindən kəşf edilmiş məfhumlardır. Bu kainat “dünya” olaraq yaradılıb, bütöv kimi. Mən də Şərqdə yox, “şərqsiz-qərbsiz” dünyada doğulmuşam.

- İlk poeziya nümunələrinizdən ərəb şeirinin məlum qəliblərindən çıxıb, “müasir” ərəb şeirinin ilklərini yaratdınız, sanki məsuliyyətli bir işin altına girdiniz...

- Bəli. Yaradıcılığa başladığım ilk illərdən standartları və məhdudiyyətləri aşmağa çalışmışam. Hədəfim bu idi. Həmişə sözün imkanlarının sərhəddi olduğu fikrinin yanlış olduğuna inanmışam. Əslinə qalsa, bu duyğu məndə məhdudiyyət sözünün işləndiyi hər yerə, hər şeyə qarşı yaranır. Amma mən bunu iş kimi qəbul etmirəm, çünki heç vaxt kimisə təmsil etməmişəm, heç bir ideologiyaya aid olmamışam. Bütün ideologiyalara, sərhədləri olan məqsədlərə qarşıyam. Mənim işim nəyin əsasının kimin tərəfindən qoyması ilə maraqlanmaq deyil. Məni yaradıcılıq, dünya və insan həyatı maraqlandırır. /kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.