"Əli və Nino" kitab evində şair, tərcüməçi Raqif Raufoğlunun "Çirkinlik" adlı yeni kitabı təqdim olundu.170 səhifəlik kitabda müəllifin 100 seçmə şeiri və "Çirkinlik" adlı yazısı yer alıb. Eyni zamanda, müəllifin bəzi populyar şeirlərinin yaranma səbəbləri, tarixçələri də qeyd olunub.
Əliyev Raqif Rauf oğlu 1984-cü ildə Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. 2000-ci ildən başlayaraq dövri mətbuatda yazılar, şeirlər və tərcümələrlə çıxış edib. "Çirkinlik" onun müəllifi və həmmüəllifi olduğu 5-ci kitabdır. İlk şeirlər kitabı 2003-cü ildə çap olunub. 2008-ci ildə B. Obamanın "Atamın aruları" kitabını azərbaycancaya tərcümə edib. 2001-ci ildə Raqif Raufoğlunun da daxil olduğu 3 müəllifin birgə kitabı - "Ölü yazarlar dərnəyi" çap olunub. 2014-cü ilin aprel ayında isə "Qadağan olunmuş kitab" romanı çap olunub. 2009-cu ildən 106.3 FMdə çalışır. Hazırda "Bumeranq" səhər şousu və "106.3-ün dairəsi" verilişinin aparıcısıdır. /atvxeber.az/
Raqif Raufoğlunun "Çirkinlik" kitabında çap olunan şeirləri təqdim edirik.
Bu nə darıxmaqdır ay anam, atam?Saatın yerinə darıxır adam.
Neçənci ikiyə qalan gecədir?
Saatın özündə indi neçədir?
Görəsən orada neçənci gündür?
Nolacaq bu saat dayansa indi?
Nə qədər çətinmiş belə darıxmaq,
Beşcə dəqiqəlik bir saat olmaq.
Bircə saniyə də duruxmaq olmur
Hamı günahını üstünə yıxır.
Heç adam kimi də darıxmaq olmur,
Səni darıxdığın adamlar sıxır...
Bu qədər adamı nə eyləyəsən?
Bu qədər sevgini harda boğasan?
Bir qələt eyləyib bir gün sevəsən,
Bir ömür oturub ona baxasan.
Mahnı oxuyasan, şeir yazasan,
İşinə-gücünə gəlib gedəsən,
Yaddan çıxardasan, yaddan çıxasan,
Amma ki, bir şeyi bilib gedəsən:
O da sənin kimi yəqin tək imiş,
O da sənin kimi bir axmaq imiş.
Bərabər darıxmaq sevilmək imiş.
Bərabər sevilmək darıxmaq imiş.
4 MÜRACİƏT!Bu məktubdan sənə də gələcək bir gün
Əlinin qələm, dilinin söz tutmadığı vaxtında
Oturub əmrlər verərkən taxtında
Yazacaq sənə balaca üsyankar:
“Dur! Dur rədd ol qoca kaftar!
Lazım deyil mənə böyüklüyün, adın
Mənə gəncliyimi yaşatmadın...
Bu günlərdən sənə də gələcək bir gün,
Sübut etməyə çalışacaqsan dahi keçmişini.
Danışacaqsan hamının səni tanımasından
Bir dediyinin iki olmamasından
Hətta danışmağından, gülməyindən
Sevməyindən, sevilməyindən.
Guya belə olub əslində.
Az qala
“Vallah mən var idim” şəklində...
Bu sükutdan sənə də gələcək bir gün
Bütün dediklərin susduracaq səni.
Müdrik-müdrik baxıb güləcəksən.
Əsl müdrikliyin gələcəkdədir.
Bircə cümlə söz yazıb öləcəksən:
Yaşamağın sirri nəyisə deməkdə yox,
Deməməkdədir.
Bu suallardan mənə də gələcək bir gün.
Hara getdin, niyə getdin, ay iddialı adam?
Gözlərimi döyüb baxacam.
Çatılacaq qaşlarım.
Yəqin ki, belə cavab verəcəm:
Sizi deyib getmişəm
Ey mənim müsəlman bacı-qardaşlarım...