Elşən Böyükvənd - Göyərçinlərin döşlərinin arasında yuva qurmaq istəyi
03.11.14
Avanqard.net cənublu yazar Elşən Böyükvəndin şeirlərini təqdim edir.
Yağan Günəş
Küləyin dili ilə yağan günəşdən soruş Qızların ruh usandıran qızmarlığını İlmələri sökülüb dodaqdan qopunca uçuşan kəpənəklərdən soruş Şeirin azğınlığını Sıxınca qızıl üzüklü misralarını Beytə çevrilir əllər Və əriyir qafiyələr
Sürməli sözün pəncərəsidir gözlərin Göyqurşaqlı dalğalar Dodağından süzər Süzülər Səssizliyə oraqlanan səsin sünbüllərinə
Küləyin dili ilə yağan günəşdən soruş Göylə dənizin öpüşməsini Və buludların doğulmasını.
Dilləşmək 1
Dilinlə dilləşərsə şərablı dilim Ürəyim baramasından uçuşar dodağın Açılarsa hörülmüş saçın Diksinər otağın havası Və alovlanar ehtiras lampası Bütün mahnıları unutmaq Və minlərcə ürpəşmiş tükün Öpüş simfoniyası yatağında uzanmaq Hüceyirələrimizn Mövlana sayaq Vəcdə gəlməsini düşün Duy Dodağımızda qığılcım çiçəyinin cücərməsini Göyərçinlərin döşlərinin arasında Yuva qurmaq istəyi Və otaq ürəyinin döyünməsi Sovrulmayacaq yaddaşından Pəncərə gözündən tozu silər günəş Və sərçələrin öpüşməsi yansıyar Otağımızın divarına Dilinlə dilləşərsə şərablı dilim Ürəyin baramasından Uçuşar dodağın.
Dilləşmək 2
Didərginlik gözüm göbəyini Zəmzəm dodağında zümzümə edəndə Tozcuqlar öpüşündən boylanar hava Və bayquş kimi qonar Kağız budaqlarına sözcüklər Sən Su çilərcə ruhum qırına Boy atar düşlərim Dilimdə dilləşər
Yelbiz səsinin Torunda çırpınarkən kəpənək barmaqlarımın daraqlı dişləri Gövdəm odununa od qığılcımları qonar Və ətimlə dilləşər
Sən Ovsun ovunun Naxışlı boyaları ilə Gözüm ayaqlarını xıncaxınc edir Baxışımla dilləşirsən
Cücərirəm öpüldüyüm hər yerimdən Və ilmələnirəm səsin tellərinə.
|