Şamxal Rüstəm - Bircə biləydim məni kimin qarğışı tutdu
30.10.14
Avanqrad.net Şamxal Rüstəmin şeirlərini təqdim edir.
***
Adını anmadığım babamın, nənəminmi, Oduna yanmadığım qonşu qız Sənəminmi... Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi, Bircə biləydim məni kimin qarğışı tutdu. Yetməmişəm çətində çox doğmamın dadına, Çoxunu unutmuşam, çoxu gəlmir yadıma. Bir quzu kəsilibmiş doğulanda adıma, Bircə biləydim məni kimin qarğışı tutdu.
Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz, Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz. Süd əmmişəm döşündən, ana qarğışı tutmaz, Bircə biləydim məni kimin qarğışı tutdu.
***
Nə adla minmişdik bu qayığa biz, Niyə düşünmədik bir azca qabaq. Yenə dəli olub bu dəli dəniz- O tay da uzaqdı, bu tay da uzaq!
Gedirik - gözlərdə yaş gilə - gilə, Dönürük - arxada hər dalğa bir dağ. Bəs, indi üz tutaq hansı sahliə? O tay da uzaqdı, bu tay da uzaq!
Onsuz da yetişməz nə səda, nə ün, Dostlara bir haray məktubu yazaq: Amandır, biz gələn yerə gəlməyin, O tay da uzaqdı, bu tay da uzaq!
***
Vaxtında gəlibdi ürəyə ağrı, Saçımın dəni də vaxtına düşüb. Dünyada heç nədən gileylənmərəm, Dünyaya gəlişim ağ günə düşüb- Siz məni heç nəyə tələsdirməyin.
Vaxtında boşalar hər dolan bulud, Şimşəklər nə bilər çaxmaqdan özgə. İnsan sevincinə gecikmək olar, İnsan harayına çatmaqdan özgə- Siz məni heç nəyə tələsdirməyin. Şöhrət tamarzısı deyiləm axı, Axı nə yazmışam, axı nəyim var? Dağ yüklü bir ömrün enişindəyəm, Hələ zirvələrlə döyüşməyim var- Siz məni heç nəyə tələsdirməyin.
Vaxtında gəlibdi ürəyə ağrı, Saçımın dəni də vaxtına düşüb. Taledən hərəyə bir pay düşəndə, Mənim də gecikmək baxtıma düşüb- Siz məni heç nəyə tələsdirməyin.
|