Nəcib Məhfuz: "Azadlıq haqqında yazmaq istəyirəm" - MÜSAHİBƏ

30.10.14

Avanqard.net Misir yazıçısı, Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Nəcib Məhfuzun müsahibəsini təqdim edir.


Nəcib Məhfuz 22 detektiv roman müəllifi, ömrünün böyük hissəsini polis məmuru olmuş Hafiz Nəcibə çox şey borclu olduğunu deyir. 10 yaşındaykən sinif yoldaşının tövsiyəsi ilə Hafiz Nəcibin “Consonun oğlu” (“Johnson’s Son”) əsərini oxuyan Məhfuz həmin əsərin onun bütün həyatını dəyişdirdiyini düşünür.
Məhfuzun yaradıcılığının sonrakı mərhələlərinə təsir göstərmiş bir-birindən olduqca fərqli yazıçılar olub. Orta məktəbin son siniflərində Məhfuz inqilabi tənqidləri ilə hökumətin də diqqətini üzərində mərkəzləşdirən, dövrün aydın ziyalılarından Taha Huseynin təsirinə düşür. Kollecdə oxuyarkən Məhfuz “al-Majalla al-Jadida” jurnalının daimi oxucusuna çevrilir, jurnalın redaktoru Salama Musanın yaradıcılığını yaxından izləyir və özünün ilk hekayəsi də məhz bu jurnalda dərc olunur. Məhfuz həmin illəri xatırlayarkən deyir ki, o, həyatdakı ən önəmli prinsipləri məhz Salama Musadan öyrənib: “Elmə, sosializmə və tolerantlığa inanmağı”. 

İkinci Dünya Müharibəsindən sonrakı illərdə sosializm ideyalarının suya qərq olması ilə dərin pessimizmə qapılan yazar zamanının çoxunu müasirləri Adil Kamil və Əhməd Zəki Makhluf ilə həyatın ümidsizcəsinə keçən illəri və ədəbiyyatın məqsədsizliyi haqqında uzun-uzadı müzakirələrdə keçirir. Onlar bu həmsöhbət çevrəsini “uğursuz çevrə” adlandırırdılar. 1950-ci illərdən özünü sufizm mistikası araşdırmaları içində tapan Nəcib Məhfuz elm tərəfindən verilməmiş metafizik suallara cavab axtarmağa başlayır. Həmin dövrlərdə fəlsəfi mövzular üzərində silsilə yazılarla çıxış edən ədib sufizmi insan ehtirasının və ahıl yaşlarda ehtiyacı olan sevginin xəyalı kimi qəbul edib, mənimsədiyi hislərin fəlsəfəsini, bunun sufizmlə əlaqəsini aydınlaşdırmağa çalışır.

1911-ci ildə Qahirədə dünyaya göz açmış Məhfuz 17 yaşından ciddi ədəbiyyatla məşğul olmağa başlayıb. 75 illik ədəbi yaradıcılıq yolu olan yazar 34 romanın, 350-dən çox qısa hekayənin, 15 film ssenarisinin və beş dram əsərinin müəllifi olub. 60 yaşından sonra dövlət məmuru kimi təqaüdə çıxan yazıçı boş zamanlarından yalnız yazmaqla məşğul olur. Ədəbi tənqidçi kimi də uğur qazanmış yazıçı demək olar ki, bütün yaşayışını hökumət işinin hesabına təmin edə bilib. Məhfuzun ilk romanı “Abath al-Aqdar” 1939-cu ildə nəşr olunub. Həmin əsər üç hissədən ibarət tarixi hekayə kimi dərc olunub və müəllifə böyük uğur qazandırıb. Əslində müəllif Misir tarixindən bəhs edən bu hekayələri davam etdirərək Uolter Skot üslubunda 30-40 hekayə-roman formasında qələmə almağı planlaşdırsa da, bu layihə rəsmi qurumlar tərəfindən qadağan edilib. Onun Qahirədə yaşayan insanların həyatından, keçmişlərindən, əfsanələrdən bəhs edən məşhur “Xan əl-Xəlili” əsəri isə 1945-ci ildə işıq üzü görür.

Ərəb ölkələrinin əksəriyyətində əsərləri yüksək göstəricilərlə satılsa da, özü böyük nüfuza malik olsa da, Məhfuz öz vətənində layiq olduğu məşhurluğa yalnız 1957-ci ildə dərc olunan “Qahirə Trilogiyası” romanı ilə çatır. Üç min səhifəlik romanda Qahirənin orta sinif insanlarının iki dünya müharibəsi arasındakı illərdə yaşadıqları, itirdikləri, öz dövrünün insanlarının çəkdiyi əziyyətlər, xatirələr yer alıb. 60-cı illərin sonlarında artıq Nəcib Məhfuza Şərqin çox az yazarına nəsib olan dünya şöhrəti nəsib olmuşdu. Həmin vaxta kimi onun əsərləri artıq ingilis, fransız, rus, alman dillərinə tərcümə olunmuş iri tirajlarla dərc edilmiş və böyük maraqla qarşılanmışdı. Bu dünya şöhrəti və ədəbi uğur nəticəsiz qalmır və yazıçı 1988-ci ildə “Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə” Nobel Ədəbiyyat mükafatına layiq görülür. O, indiyə kimi bu mükafata layiq görülən ilk ərəb yazıçı olmaqla yanaşı, həm də bu mükafatı alan yeganə ərəb yazıçıdır. Baxmayaraq ki, Məhfuz bu mükafatı alarkən artıq ərəb ədəbiyyatının dünya ədəbiyyatına qapılarının açıldığını düşünür və həmyerlilərinin Nobel mükafatçıları kimi təqdim olunacaqlarını ümid edirdi: “Ömrümdə birinci dəfədir ki, aldığım ədəbi mükafat məndə özümü təsdiqləmiş hissi yaradır. Yaradıcılığım beynəlxalq səviyyədə qiymətləndirilib. Mənimlə birgə böyük ərəb dünyası da Nobel qazandı. İnanıram ki, artıq beynəlxalq qapılar açılıb, bundan sonra ədəbi mükafatçılar arasında ərəb dünyasının ziyalıları daha sıx təmsil olunacaqlar. Biz bu diqqətə layiqik”. 

Olduqca gec 1954-cü ildə qahirəli xanım Atiyə ilə ailə quran yazarın bu nigahdan Fatimə və Ümmə-Xaltum adlı iki qızı dünyaya gəlir. Şəxsi həyatı ilə bağlı heç vaxt açıqlama verməmiş və onları mətbuatdan uzaq saxlamış yazıçı ömrünün sonuna kimi ailəsi ilə birgə Qahirədə yaşayıb. Yazıçı 2006-cı ildə dünyasını dəyişib. 

Təqdim edəcəyimiz müsahibənin müəllifi Şarlotta Şabravi yazır ki, Məhfuz xaraktercə olduqca sakit insan olub. Nadir hallarda gülən yazıçı klassik üslubda geyinir, daha çox tutqun rəngləri sevir, iş otağında köhnə kresloda oturub, düşünməyi xoşlayır. Siqareti və tünd qəhvəni sevir. Məzhəb ayrılığını tənqid edən, dinin sivilizasiyaya uyğunlaşdırılması ideyasını yaymağa çalışan yazıçı radikal dindarlar tərəfindən uzun müddət şantaj edilib, 1994-cü ildə bıçaqlanaraq, uzun müddət xəstə yatıb. Elə həmin hadisədən sonra bir daha əvvəlki səhhətinə qovuşa bilməyib.

- Yazmağa nə zaman başladınız?
- 1929-cu ildə. Yazdığım bütün hekayələrin dərcindən imtina edildi. “Majalla” jurnalının redaktoru Salama Musa “potensialın var, amma hələ nəşr olunacaq qədər göstərə bilmirsən bunu” cümləsini əzbərləmişdi, nə zaman məni görsə, bunu deyirdi. 1939-cu ilin sentyabrını çox yaxşı xatırlayıram, Hitler Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı. Təkcə müharibənin başlanğıcı deyildi, həm də mənim üçün uzun yolun başlanğıcı idi. İlk hekayəm “Abat əl-Aqdar” dərc olundu, bu, “Majalla” redaktorlarından mənə gözlənilməz sürpriz idi. Həqiqətən də həyatımda yeni bir mərhələnin başlanğıcı idi, olduqca əhəmiyyətli hadisə idi.

- Bundan sonra yazmaq və dərc olunmaq asanlaşdı?
- Yox... İlk nəşrdən sonra bir yazıçı dostum təklif elədi ki, qardaşının yeni açdığı nəşriyyatda dərc olunum, həm nəşriyyat yeni idi, dərc olunmaq asan idi, həm də daimi dərc olunmaq imkanı idi. Bir neçə həmkarı ilə birgə naşirlər komitəsi yaratmışdı, biz də qoşulduq və 1943-cü ildən artıq mənim əsərlərim mütəmadi olaraq orada dərc olunmağa başladı. Demək olar ki, hər il orada bir kitabım çap olundu.

- Amma həyatınız heç vaxt yazıçılıqdan qazandıqlarınızdan asılı olmayıb?
- Xeyr. Mən ömrüm boyu hökumət işçisi olmuşam. Amma bununla yanaşı, ədəbiyyatdan da uzaq düşməmişəm, hər zaman kitab, qələm, kağız iş həyatımın bir parçası olub. Uzun müddət yazmaqdan heç nə qazanmamışam, heç bir qarşılıq, gəlir güdmədən yazmışam. 80 hekayəm heç bir ödəniş edilmədən nəşr olunub. 

- Yazdıqlarınızdan ilk dəfə nə zaman qazanc əldə etmisiniz?
- Qısa hekayələrim ingilis, fransız və alman dillərinə tərcümə olunanda. “Zabalavi” nədənsə heç gözləmədiyim halda inanılmaz uğur qazanmışdı, mənə sonra yazdığım heç bir hekayə o qədər gəlir gətirmədi. İlk tərcümə olunan romanım isə “Midaq Alley” oldu. Tərcümə olunmuş ilk romanım bugünə kimi də xatırlayıram Xəyyat adlı livanlı naşir tərəfindən çap olunmuşdu. Amma mən də, tərcüməçi də bundan bir qəpik də gəlir götürə bilmədik, çünki Xəyyat bizi ustalıqla aldatmışdı. Hardasa 1970-ci illərdə həmin roman ikinci dəfə çap olundu, sonra fransız dilinə tərcümə edildi, ardından isə bir-bir digər romanlarımın tərcüməsi üçün müraciət edildi.

- Müasir Misir ədəbiyyatının gənc nümayəndələri ilə əlaqələriniz necədir? 
- Hər həftənin cümə günü axşamlar gənc yazarları dəvət olunduğu, yaradıcılıqları haqqında danışıb, tənqidləri eşitdikləri sessiyalara qatılıram, Qəsr əl-Nildə keçirilir. Ora gənc ədiblərin çoxu gəlir – şairlər, yazarlar, ədəbi tənqidçilər, ədəbiyyatsevərlər. 1971-ci ildə hökumət işçisi kimi təqaüdə çıxdıqdan sonra ədəbi çevrəni daha yaxından tanımaq, yeni tanışlıqlar qurmaq, dost çevrəsi yaratmaq imkanım daha da genişlənib. 

- 1952-ci ilə kimi olan siyasi statusunuz, fəaliyyətiniz həyatınızın sonrakı dönəmlərində necə rol oynadı?
- 1919-cu il inqilabı baş verəndə hardasa yeddi yaşım var idi. Həmin inqilabdan çox, həm də dərindən təsirlənmişdim, uzun müddət onun səbəbləri haqqında düşündüm, yazmağa həvəsləndim. Sonralar da Paşa Səidin çıxışlarından təsirləndim və beləliklə, siyasi həyatım başladı. Hələ də həyatımdakı çox şeyin əsas səbəbi cəlbedicilikdir. Amma heç vaxt siyasəti iş olaraq görməmişəm, yəni bu sahədə işləməmişəm, heç vaxt hansısa siyasi partiyanın, hərəkatın, rəsmi komitənin üzvü olmamışam. Çünki siyasətçi kimi tanınmaq istəməmişəm, mənim yazıçı kimi özümə arzuladığım azadlıq o qədər sərhədsiz, o qədər geniş idi ki, eyni adam heç vaxt hansısa siyasi partiyanın şərtləri ilə yaşaya bilməzdi.

- Bəs, 1952-ci il?
- O inqilab mənim çoxdan gözlədiyim, arzuladığım inqilab idi. O çevrilişdən xoşbəxt idim. Amma təəssüf ki, xalqım üçün arzuladığım demokratiyanı təmin edə bilmədi.

- Necə düşünürsünüz? Sizcə, Misir tam demokratik sistemə hazırdırmı? Əminsinizmi ki, onlar demokratik sistemlərin necə reallaşdığını bilirlər?
- Bu gün Misirdə bir parça çörəklə sınanan, qorxudulan insanlar var. Bu insanlar əsla demokratiyanın qanunları ilə yaşaya bilməyəcək. Yalnız savadlı, təhsilli insanlar anlayacaq onun necə böyük bir fürsət olduğunu, sistemin necə işlədiyini, ona necə uyğunlaşmaq lazım olduğunu. Amma bizim ölkədə ailələr də tez qurulur, hətta elə vəziyyət gəlir ki, ailəsi olan insanların bu haqda müzakirə etməyə belə zamanı olmur. Hamı ömrü boyu evə nəsə qazanc aparmaqla məşğul olur.

- Nə zamansa senzura ilə bağlı problem yaşamısınızmı? Məsələn, əlyazmalarınızdan hansınısa yenidən yazmaq tələb olunubmu və yazmısınızmı?
- Son illər yox, amma İkinci Dünya müharibəsi illərində “Əl-Qaura əl-Cədidə” və “Radibus” hekayələri senzura ilə üzləşdi. Məni solçuluqda ittiham etdilər. Senzuraçılar “Radibus”-u təhrikedici qəbul etmişdilər, orada insanlar kralı öldürürdü, amma əslində bizim kralımız hələ də sağ-salamat yerində idi. Heç cür başa sala bilmədim ki, burada təhrikedici heç nə yoxdur, sadəcə tarixi hekayədir.

- Uşaqlıqda dinlə aranız necə idi? Dini ayinlərə sitayiş edirdiniz? Hər cümə atanızla məscidə ibadətə gedirdinizmi?
- Gəncliyimdə olduqca dindar idim, dini ayinlərə həssas idim. Amma onu da deyim ki, bunun üçün atamın heç bir təzyiqi yox idi, baxmayaraq ki, özü əsla cümə günü ibadətini buraxmazdı, amma məni məcbur eləmirdi ki, cümə günüdürsə, mütləq məscidə namaza getmək lazımdır. Sonralar düşüncələrim və həyat fəlsəfəm formalaşdıqca dərk etdim ki, din və inanc həqiqətən də açıq olmalıdır, dar düşüncə ilə kifayətlənən dindar lənətlənmiş adam kimidir. Bir müddət düşündüm ki, din həyatın əzablarına tab gətirə bilməyən insanlar üçün ümid yerindən başqa bir şey deyil. Dini inancı lazımlı hesab edirəm, amma eyni zamanda düşünürəm ki, din potensial təhlükə mənbəyidir. Əgər insanları hərəkətə gətirmək nəyəsə cəlb etmək istəyirsənsə, gərək ilk növbədə həssas olduqları nöqtələri tapasan, Misirdə insanların ən həssas tərəfi dindir. Ona toxunmayan heç kimə zərər gəlməz. Bu qədər istismara dözdürən səbəb nədir? Yenə din. Ona görə dinin hər şeyə hökm edəcək qədər dərinləşməsinə imkan vermək olmaz. Dinin dilindən sevgi və humanistlik şüarları tökülməlidir. Din inkişafla və sivilizasiya ilə səsləşməlidir, sadəcə duyğu təmizliyi ilə iş bitmir. Amma təəssüf ki, dinin indiki vəziyyəti sivilizasiya ilə daban-dabana ziddiyyət təşkil edir.

- Başlarını, hətta üzlərini, əllərini bağlayan qadınlarla bağlı nə düşünürsünüz? Sizə elə gəlmirmi ki, İslamın sivilizasiya ilə ziddiyyət təşkil edən ən qabarıq cəhəti məhz budur?
- İndi başı bağlamaq bir tərzdir, dəbdir. Bunun çox adam üçün dini mənası, əhəmiyyəti yoxdur, əksəriyyət məhz tərz vasitəsi kimi istifadə edir. Amma bayaq da dediyim kimi bu fanatizm həddinə çatır, hər şeyə hökm edir və mən dini fanatizmdən qorxuram. Belə zərərli inkişaf hər zaman bəşəriyyətin rahat və sakit gələcəyi üçün təhlükədir. 

- Hələ də namaz qılır, dua edirsinizmi?
- Bəzən. Amma yaşım və səhhətim mənə imkan vermir. Sizinlə mənim aramda belə bu qədər aramızda fərq olsa da, düşünürəm ki, qarşılıqlı anlaşmada din ən nümunəvi insani davranışı təbliğ edir. Amma namaz qılmaqla bağlı... Nəsə qəribə bir şeydir. Allah dindən idman klubu yaratmaq üçün istifadə etməyib.

- Məkkədə olmusunuz?
- Yox

- Getmək istərdinizmi?
- Yox, kütlə olan yerlərdən xoşum gəlmir.

- Neçə yaşında evlənmisiniz?
- 37-38 yaşım olardı?

- Niyə belə gec?
- İşimlə, yazmaqla məşğul idim. Səhərlər hökumət işçisi axşamlar yazıçı idim, hər gün iki adam idim. Bütün günüm dolu olurdu, bir dəqiqə belə boş vaxt qalmırdı. Həm də mən nikahdan, evlilikdən qorxurdum. Qardaş-bacılarım sırf evli olduqları üçün sosial tədbirlər, bayramlarla o qədər əlləşirdi ki, mən bunu edə bilməyəcəkdim. Bu gün kiməsə qonaq getmək, sabah kimsə qonaq gəlir... Məndə elə təəssürat yaranmışdı ki, evlənsəm, mənim yazmağa, işləməyə bir dəqiqə vaxtım olmayacaq. Evlilik deyəndə gözümün önündə bitməz-tükənməz qonaqlıqlar, ziyafətlər canlanırdı. Azadlıq yox olacaqdı.

- Yəqin ki, sizdən Nobeli alanda necə reaksiya verdiyinizi, bu xəbəri necə qarşıladığınızı dəfələrlə soruşublar. Bu mükafatı alacağınızla bağlı hansısa bir təxmininiz var idimi?
- Yox, ümumiyyətlə. Xanımım düşünürdü ki, bu mükafata layiqəm, amma mənim içimdə həmişə şübhə var idi, fikirləşirdim ki, Nobel Qərbin mükafatıdır, onu əsla şərqliyə verməzlər. Amma nəsə belə bir söhbət də var idi onda iki ərəb yazarı Yusif İdris və Adonis namizəd olaraq göstərilib.

- Yazarlıqla bağlı söhbətə qayıtmaq istəyirəm. Konkret iş qrafikinə uyğun işləyirsiniz?
- Mən həmişə qrafik üzrə işləməyə məcbur olmuşam. Səhər saat səkkizdən günorta saat ikiyə kimi işdə olurdum. Sonra evə gəlirdim, günorta saat dörddən axşam saat yeddiyə kimi yazırdım. Cümə günlərini çıxmaq şərti ilə həftənin bütün günləri bu qrafiklə işləyirdim. Heç vaxt istədiyim vaxtda işləmək imkanım olmayıb. Amma üç il bundan əvvəl yazmağı tamamilə dayandırmışam. 

- Hekayələrinizin süjetləri və obrazları necə yaranır?
- Belə izah edim də... Məsələn, dostlarınızla bir yerə gələndə ən çox nədən danışırsınız, təbii ki, gün ərzində və ya həftəboyu sizi ən çox təsirləndirən, ən çox yadınızda qalan hadisələr, insanlar, əşyalar, yerlər haqqında. Mən də hekayələri eyni ilə bu cür yazıram. Evdə, məktəbdə, küçədə, gəzintidə baş verənlər, rastlaşdıqlarım hekayələrimin bazası olur. Bəzi təcrübələr insanda o qədər dərin izlər qoyur ki, bilirəm ki, bu klubda danışmaq üçün deyil, romana əlavə edilməlidir. 

Məsələn, belə bir situasiya düşünün, qatil üç nəfəri qətlə yetirir. Bu hadisə qısa hekayənin özülüdür, bunu genişləndirmək yazıçıdan asılıdırr. Burada kişinin, qadının, xidmətçinin və ya qatilin gözündən baxmaqla dörd cür hekayə yazmaq olar. Mən qatilin gözündən baxır və onun yaşadıqlarını yazıram. Burada artıq hər şey seçimdən asılıdır, detektiv, dram, triller janrı yazarın hekayəyə kimin gözündən baxmasından asılıdır. Hekayələri bir-birindən fərqləndirən də məhz yazıçının yanaşmasıdır.

- Yazmağa başlayanda sözlərin, ideyaların hardansa göydən düşməsini, gəlməsini gözləyirsiniz, yoxsa başlamazdan əlinizdə müəyyən qeydlər olur? Konkret bir mövzu ilə başlayırsınız yazmağa?
- Qısa hekayələr dediyiniz kimi uçub göydən düşürlər, daxildən gələnləri köçürürəm vərəqlərə. Amma bəzi işlər üçün əvvəlcə araşdırma aparıram, qeydlər götürürəm. Məsələn, “Qahirə Trilogiyası” üçün olduqca geniş, çoxşaxəli araşdırma aparmışdım. Əsərdə yer alan hər bir xarakter haqqında xüsusi qovluq düzəltmişdim. Əgər o araşdırma, o qeydlər olmasaydı, əsərin yarısında itərdim, detallar bir-birilə uyuşmazdı, nəyisə unudardım, ciddi boşluqlar olardı. Qaldı mövzu məsələsinə bəzən mövzu olur ki, ard-arda düzülən hadisələr boyunca formalaşır, bəzənsə beynimdə konkret mövzu olur. 

- Sizə elə gəlmirmi ki, Misir kimi konservativ ölkələrdə qadının kişi üzərində hökmranlığı daha güclüdür?
- Bəli, eyni ilə elədir, son dövrlər baş verənlər bunun sübutudur. Siyasi və hərbi sferanın güclü idarəediciləri olan kişilər asanlıqla güclü qadınların təsirinə düşürlər, belə qadınlar onların istənilən qərarına müdaxilə edə bilir. Bu qadınlar hər şeyi pərdənin və çadranın arxasından idarə edirlər. 

- Ürəyinizə ən çox yatan, ən yaxın mövzu hansıdır? Haqqında ən çox yazmaq istədiyiniz mövzu?
- Azadlıq. Müstəmləkələrdən azadlıq, kralın mütləq qanunlarından, təkbaşına idarəçiliyindən azadlıq, sadə insan üçün cəmiyyət və ailə məhdudiyyətlərindən azadlıq. /kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.