Elnarə Akimova - İşıqlı qəm içində
28.10.14
İlahi, Yatağın nə sağında Nə solunda, Nə bir gözəlin qolunda Yatmaq istəmirəm.
lahi, Nə söyüd kölgəsində, Nə dünyanın ən azad ölkəsində Yatmaq istəmirəm. İlahi, Dar quyu dibində, Qaranlıq nəm içində, İşıqlı qəm içində, Ağrısız Bir az yatmaq istəyirəm...
Vaqif Səmədoğlunun bir neçə gün öncə yazdığı bu misralarını mən yer üzünün ən ağrılı, ən üzüntülü... və ən səmimi şeir nümunəsi kimi oxudum. Bu şeirdə insan əzabının ən son hədini gördüm. O yenə də öz havasındadı, yenə də “mən burdayam, İlahi” nidasına köklənərək heç vaxt olmadığı bir məhrəmliklə Tanrısına üz tutub duasını eləyir: dar quyu, qaranlıq nəm, işıqlı qəm... Bu, Vaqif Səmədoğlu dünyası üçün yad, indiki ağrılarının gətirdiyi arzu deyil ki... Gözümüzü açandan onu bu ruhda, bu ovqatda gördük. Bu poeziyada yaxşı insan kredosunun konturları elə məzar simvolikasından başlanırdı:
Məzara bənzəyir yaxşı insan... Məzar kimi yaya, qışa dözümlü, məzar kimi dinməz. gözə az-az görünür yaxşı adam ildə bir-iki kərə baş çəkilən məzar kimi.
Biz bu şeirlərin təsiri altında böyüdük, bu şeirlərin təsiri altında düşünməyi, əzablardan keçib insan olmağı bacardıq. İstiqlal, hürr, mənəvi azadlıq duydumuzu formalaşdırdıq. “39-da doğuldum, 37-də öldüm” misralarından süzülən həqiqət keçmişimizə həssas olmağa, “Çörək boyat/xatırələr acı,/gələcək yanıq çıxdı...” misralarındakı cəsarət sabahımıza diqqətli olmağa sövq etdirdi bizi. Poeziyada absurd situasiyalar, mənəvi böhran təsvirləri, kədər fəlsəfəsi – konseptual olaraq bu poeziyadan boy göstərdi, V.Səmədoğlu o çağacan dominantlıq təşkil edən “nəşə” simvolikasının antitezasını ortaya qoymaqla poetik düşüncəni axına əks qütbə yönəltməyə müvəffəq oldu.
İlk dəfə Kult.az Mədəniyyət Portalının təşkilatçılığı ilə keçirilən IV «Nəsimi» Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində tanış olmuşdum şairlə. Şeirlərindəki bədii ovqatdan fərqli olaraq nikbin, həyat eşqi ilə dolu, zarafatı sevən biri kimi tanıdım onu və etiraf edim ki, bu görüşdən sonra Vaqif Səmədoğlu yaradıcılığını daha çox sevməyə başladım. Çünki bu poeziyada şəxsiyyətlə yaradıcılığın harmoniyası qoşa qanad kimi idilər. Bədii ovqat baxımından bir-birini inkar etsələr də, bütövlük baxımından eyniyyət təşkil edirdilər. Bu yaxınlarda tənqidçi Nərgiz Cabbarlı ilə söhbətləşərkən vurğuladı ki, jurnalist fəaliyyətimdə yadımda qalan ən maraqlı müsahibə V.Səmədoğlu ilə alınmışdı. Təbiidir dedim, diqqət eləsək, Vaqif müəllimin maraqsız müsahibəsi yoxdur. Bu, yəqin ki, onun özünün maraqlı tərəf müqabili olmasından irəli gəlir, - deyə əlavə etdim. “Nəsimi” müsabiqəsində çıxış edən Vaqif müəllimin fikirləri süzülür yaddaşımdan: “Mən heç vaxt şeirlərimin sonuna nöqtə qoymuram. Ümumiyyətlə, nöqtəni sevmirəm. Qəribə bir sonluq əhval-ruhiyyəsi yaradır. Vergül ona baxanda daha insaflıdır. Ən azı, ardınca davamiyyət tələb edir. Mən hətta Allahdan da arzu edirəm ki, öləndə belə mənə nöqtə qoymasın. Ki, burda yarımçıq qalan işlərimi o dünyada tamamlaya bilim...” Bu anda qeyri-ixtiyarı yaxınlarda dünyasını dəyişmiş Arif Əmrahoğlunu xatırlayıram. Xatırlayıram ki, onun da son yazısı Vaqif Səmədoğlu haqqında idi. Arif müəllim xəstəliklə çarpışdığı o ağır anlarda nədənsə Vaqif Səmədoğlunu düşünmüşdü. Bəlkə də eyni ağrı yükünü daşıdıqlarından daha yaxşı anlamışdı onu, kim bilir... Əcəl yazını tamamlamağa ona imkan vermədi, Arif müəllimin məqaləsi də yarımçıq qaldı, nöqtəsiz, vergülsüz, sadəcə yarımçıq. Buna da Arif müəllimə o dünyada davam etməsi üçün həvalə edilən, ayrılan missiya deyəkmi?! Olsun... Onsuz da ölüm bütün istedadlı insanların ömrünə nöqtə qoya bilmir, yaradıcılığın qapısını ilahi bir sonsuzluğa açmaqla ölümün o qədər də yeknəsək bir şey olmadığına bizi inandırır. “Ölüm gəlir, ömür, sonun mübarək!” – deyən Vaqif Səmədoğlu bu hikməti hələ cavan yaşlarında anlayacaq qədər müdrik idi. İndi də “İşıqlı qəm içində yatmaq istəyirəm” deyərək poeziyasının bədii ovqatına sadiq qalmaqda davam edir... Ağrıdan həmişə poetik detal kimi istifadə edən şair bu dəfə onu mənəvi-fiziki dünyasında hiss etməklə daha da doğmalaşır. Bu şeirlə türk şairi N.F.Qısakürəyin “hər qapıda ağlayıb, son qapıda gülümsə” misralarının daha bir şəxsiyyətin simasında gerçəkləşməsinin sehrinə dalıram. Və məhz bu şeirlə Vaqif Səmədoğlu poeziyasının semiotik bütövlüyünün (harmoniyasının!) qorunduğunu düşünürəm. Şairin yaradıcılıq kredosunu müəyyənləşdirən “son” problematikalı mətnlərin, kədər fəlsəfəsinin məntiqi sonluğuna, “mənzil başına” çatdığını güman edirəm. Bütün həyatımız boyu bizi düşündürən, ömrün faniliyinə, heçliyinə inandıran şair başqa ovqatda buluna bilərdimi? Bütün həyatımız boyu qəmin işıqlı olduğuna inandıran şairin öz oxucularını hədəfdən yayındırmağa cəsarəti çatardımı?! Yox. Ona görə yox ki, amansız tale ona başqa seçim şansı buraxmadı, ağrıdan yazdı, ağrı ilə qol-boyun oldu, ağrı ilə də... Həm də ona görə ki, Vaqif Səmədoğlu kədərini içə, sevincini, işığını çölə tökəcək qədər təzadın yükünü daşımağı tərcih edənlərdən oldu. Və hələ də etmədə. Qəminə işıqlı deyəcək, şeirlərinə nöqtə qoymayacaq qədər... /literature.az/
|