Eldar Səfa - Qəşəm Nəcəfzadənin şeirləri haqqında
24.10.14
Avanqard.net Eldar Səfanın Qəşəm Nəcəfzadənin şeirləri haqqındakı məqaləsini təqdim edir.
…ALDANDI ATAM... VƏ YAXUD ATANI DA GÖZƏL ALDATMAQ OLURMUŞ...
Bəsit seyirçilər və şeirçilər olan yerdə nə bənövşə səs, nə yeri qərib düşən Söz, nə də poeziya var...”7 oğulda deyir ki, məni qanıma qəltan eləsən də deyəcəyəm: Qaçaq Kərəm allahsızdı! Qınağa düşsəm də,düşməsəm də deyəcəyəm: Qəşəm Nəcəfzadə yaxşı şairdi!.. Qəşəmin şeirləri ilə çoxdan tanışam; ekrandan, efirdən..sonra da mətbuatdan. Qəşəm mənim oxuyub qurtarmaq istəmədiyim şairlərdəndir,oxuyub qurtara bilmədiyim yazarlardandır. Mənim belə şair və yazarlarım olub...indi də var. Qəşəmin “Oğlum,qapını aç,qapıda bir külək ölür” şeirlər kitabı elə bu başlıqlı şeirlə başlayır:
Bəlkə dünən sındırdığın budaqdı, Oğlum, qapını aç, qapıda bir külək ölür.
Külək haqqında yazılmış şeirlərin ən dolğunu bu şeirdir desəm, küləkdən yazanlarımız inciməzlər məndən yəqin ki...
Bəlkə dünən əkmədiyin ağacdı, Bəs niyə qapımızda ölsün bu gözəl külək?
Yəni dur ağacını ək ki, bürc açan küləklərin qanadlarında tumurcuqlarını,əlinin zəhmətini,həyatın səmərəsini görəsən.
Küləyin sürətidi qadınların saçları Saçlar hanı? Uçub küləyin dirəyi.-
Qədrini bilmədiklərimizin yanğısıdır bu misralar. At yox, tel yox...sevgi də hisslərin güdazına gedib...küləyi öldürən canilər yaman çoxalıb....”gedək üzü küləyə”-deyənlərin eləcə həzin bir misrası qalıb didərgin.
Külək adama dəyər...
İndi adam axtarırırıq çıraq işığında, günün günorta çağında.
Bir yol tapmadı tozunu qaldırmağa Yolu basıbdı otlar Otların üstündə sürüşdü külək Qalxa bilmədi ayağa.
Bizim küləklərimiz çoxdu; Xəzri, Gilavar,(Ağ külək də deyirik)və onlardan da betər ağzının küləyi adam yıxan (şair yıxan kimi oxu) lay divarlarımız çoxdu,amma Qəşəmin küləyi ev yıxan, mərə pozan, tifaq dağıdan külək deyil, şair küləyidir; mərhəm və munis bir sevgili külək... Divin canı şüşədə olduğu kimi, Qəşəmin Söz, ünsiyyət, insanlıq və nəhayət şair küləyinin canı sındırılmış budaqda, əkilməyən ağacda, qadın saçlarında-qoşa hörüklərdə,sevgililərin bir-birinə qısılmağında, əldə, teldə, tozda, bir körpə tumurcuqda, pəncərə şüşəsinə əsməkdə, zivədəki uşaq corablarındadır. Nə uşaq tapılır, nə tozlu yollar. Yollar sısqalaşıb-deyə ot basıb, ögeyləşmə, soyuqlaşma gedir insanlar arasında, həyat eşqini tapa bilməyən bu bürc, puçur açan, tumurcuğa can verən bu külək-varlıq(küləyi burada xüsusi isim kimi görürəm) Yalquzaq kimi ulayır,ulayır və qaralır; sönməkdə, keçinməkdədir... Küləyin ölümü metaforanın ölümüdür, şeirin , həyaın ölümüdür. Amma o Küləyi görən,duyan bir ata - oğul hökmü var:
Oğlum,qapını aç, qapıda bir külək ölür O küləyi ağlayan ən çox sənin Külək kimi qalxan telin olacaq.
Elə bil həyat öləziyib,insanların mərhəmliyi yaddaşdan yada köçüb, yadda olanlar unudulanlardır, yadda qaldıqca yadlaşmaqdadırlar. Yadda olan hisslər, duyğular, milli məziyyətlər,insanlar...Sanki, ekrandan silinib səbətə atılmış tullantı kimidirlər (kompyuterdə olduğu kimi). Qonşu qonşunu tanımır, insanlar yadlaşıb yad olurlar, ilıq münasibətlər, sevgilər qapıda öldürülən külək kimi zəlil bir gündədir:
Oğlum, qapını aç, qapıda bir külək ölür; aşiqi olmayan gözəllik, xiridarı olmayan söz, karatı olmayan brilyant, sevgisiz insan, içi olmayan göz, yaxası olmayan adam, sərrafı olmayan gövhər...kimi... Milli dəyərlərin ölən günüdü!!! Koroğlu misalı:tüfəng çıxdı,mərdlik getdi, ay haray!? Kişilər öldü, kişilik yetim qaldı, arxaikləşdi. Abır, qeyrət, namus, papaq da eləcə...Artıq yaşamırlar, sadəcə iştirak edirlər... Qəşəm Nəcəfzadənin “ölən küləy”inə müxtəlif variantlardan yanaşmaq olar, tərəfləri çoxdur, məcazı da, əsli də vətəndaş şair harayıdır.
***
Balıqdan-balığa böyüyər sular Daşlardan-daşlara səs eylər,eylər...
Və yaxud
Çaylar yerə qonan buluddu dedim, Küləklər yorulmuş göy atdı dedim. Çaylar at görəndə qalxdı bir dodaq Dodaqlar çayları ha əylər,əylər.-
Bu da klassik şeirimizin gözəl bir nümunəsi. Bəli, bu əsil çay simfoniyasıdır. Şeirin adı da “Çay simfoniyası”dı.Uşaqlıqda atları sularmağa aparan uşaqların fitlə çaldıqları simfoniya, məhz simfoniya, mənim ən qədim muğamatımdır. Hətta,bir məsəl var: dodağım yaradı, at sulaya bilmərəm. Atı suya səsləməsən,atın da içdiyi özünə ləzzət eləmir:
Çaylar at görəndə qalxdı bir dodaq Dodaqlar çayları ha əylər,əylər.
Yadıma kənd toyları düşür. Qara zurnanın kəhər, səmənd, göydəmir, qəmər kimi şahə qalxıb yerlə-göylə əlləşməsi gözlərimin önünə gəlir. Bir də atları yəhərsiz, yüyənsiz minib Xələf bulağının hovuzlarında suvamağa aparan igidlər düşdü yadıma. Və onların dodaq simfoniyası... indi o dodaqların simfoniyasını həsrət çalır; nə at qalıb, nə də o simfoniyanı çala bilən oğullar.
Köçdük köhnə evimizdən Qaldı tavanda mismar Divarda yazı Şəklim çıxmış köhnə köhnə qəzetlər Dərs cədvəlim Bir də kiçik qızımın Arabasının bir təkəri...
Köhnə yurdun qədrini düşən yurdda bilərsən- dədə deyimlərimizdən. Və Qəşəm də eləcə həsrət çəkir:
Biz gözəl yaşadıq köhnə evimizdə...
Mənim və bacı-qardaşlarım Dədəmin dəmirçiyə düzəltdirdiyi və evimizin tavanına bənd edilmiş həlqələrdən asılmış yüyürüklərdə, nənnilərdə böyümüşük. O həlqələr arada həsrət çəkir, nənni həsrəti. Qəşəmin poeziyası ruhumuzla elə acıyıb ki, (xəmir acıyan kimi)hər misrası duyqularımıza tanış gəlir, doğmalaşır, adamın burnunun ucu göynəyir o təbiilikdən ötrü.
Mən daşı,qayanı söyəndə sevirəm. Yağış nədi, bir az dərindən düşünsən tozdu Su tozu Tozlanar çiçəklər Bəlkə yağış çəmənlərə söyüşdü Yağış söyüşünü mən çox sevirəm Mənə halaldı sulu söyüş.
“Həsiminin heykəlinə” şeirində də çox maraqlı nəticə əldə eyləyib şair:
Dar ağacının ipi qırıldı, nədi Göyə düşdü Nəsimi. Hələbdə Cəllad kəndirlə Gözünün yaşını sildi, Mən Nəsimini belə öldürməmişdim-dedi.
Ayağının altından kətili özüm çəkdim Amma torpağı çəkmədim-dedi.
Kəsib-kirimədi cəllad Mən onu sevə-sevə öldürdüm-dedi. Mən onu sevməsəydim Heykəl qoymazdınız-dedi. Mən onu sevdiyim qədər Siz onu sevmədiniz-dedi.
Və cavabında ağayana, heç nədən xəbərləri yoxmuş kimi, məsum-məsum, heç nə olmayıbmış kimi,(dünya boyda kişininin başını əkiblər xəbər yox) səsinə bir az kədər,bir az yazıqlıq,bir az həyəcan, doğmalıq qatıb avam-avam və ötkəmcəsinə,cəlladı qınayırlar:
Canım cəllad Gözüm cəllad, O nə sözlərdi, deyirsən bizə...
Cəllad nə bilsin ki, elə bunların işinin adı budur. Mən “Kəpəzin göz yaşları”nın, “Sona bülbüllər”in, “İki sevgi”nin- Səttarın, Qədirin,Əli Kərimin fanatı olanda “fanat” ifadəsi dəbə minməmişdi hələ, modern də elə. indi görürəm ki, yazıb cırıb yandırdığım şeirlər imiş...o ifadələr indi dəbə minib və düşmək fikirləri də yoxdur, dildə və gündəmdə gəzirlər...amma, fanatı olunası sənətkar, şair, rəssam, yazar...ya qar qüzeyində qalıblar, ya da 40-50 ildir ki, bir elmi işi budaqlarına əli çatmayan çörək ağacına çevirib “qəmli sükunət kimi” başına fırlanan ortabab elmi işçi görkəmində toz basmış otaqlarda küllənirlər və yaxud gündəmdən salınıb külləndirilirlər. Qəşəm adlı bir şair tanıyıram (mənim bu “tanıyıram” sözüm lap dövlətin dövləti tanımağına bənzədi))) ). Onun şeirləri barədə müxtəlif mübahisəli fikirlər də eşidirdim, amma, mən bu sahədə bildiyimi heç dədəmə də verən deyiləm, çünki o “bildiyimi” ürəyim tutursa, yüzü yüz desin, mənə dəxli olmur. Böyük şairimiz Rəsul Rzanın Fəxri Xiyabanda anım mərasimindən sonra taylı tayın tapıb, maşınlara doluşub getdilər. Yerdə qaldım mən, Zirəddin, bir də orada hər kəsə: gəl səni aparım- deyən Qəşəm Nəcəfzadə. Zirəddin özünə yer eləmişdi Qəşəmin maşınında-köhnə curdular. Qəşəmin əli hər kəsdən üzüləndə məni gördü: Eldar,heç olmasa, gəl,səni aparım nəşriyyata. Kitabını istəmişdim, ayrılında birini yazıb verdi: “Oğlum,qapını aç,qapıda bir külək ölür” adlı kitabını. Bu kitabın üzüylə Qəşəmi bir də oxudum, Qəşəm bütün şeirlərində var. Gün o gün oldu ki, Mingəçevirdə bir poeziya məclisinə dəvət olunduq. Xeyli qələm əhli var idi. Məclisdən sonra gəldik Lahıca, gecəni orda qaldıq. Axşamdan başlanan məclis bütün gecəni şeirə, sözə çevirdi. Gecə saat 4-də somavarı qaynadıb qoydum dəmə, kömür çayı kəkotulu, somavarın mızıltısı gecəyə dəm tutmuşdu. Qəşəmin mənə verdiyi kitab da mənimlə idi. Qəşəmin bir neçə şeirini deyib təhlil də elədim, dostların xoşuna gəldi, dedilər yəqin sənindi, bizə Qəşəmin adıyla təqdim edirsən, kitabı açıb göstərdim. Hər kəs istədi ki, kaş o şeirlərin müəllifi o olsun...Adam var ki, onu oxuduqca şair olmaq istəyirsən, şair də var ki, onu oxuyub şeirə nifrət edirsən, adamlıqdan çıxırsan. Qəşəm birincilərdəndir. Qəşəm Nəcəfzadənin publisistikası özünəməxsusluğu qədər səmimidir, tərəkəmə hekayələri ondan da gözəldi. Qəşəm bütün yazılarında var, yaşayır, nəfəs alır, Yaxşı hekayə yazmaqdan ötəri Çexov olmaq gərəkməz, elə Qəşəm də olmaq olar. Sözümü Qəşəmin “Gözəl anam” şeiri ilə bitirmək istəyirəm:
Sənə şeir yazmadım gözəl anam Gözləri yol anam əli yol anam, qəbri də özünə oxşayan anam qəbrinin üstünə şeiri də dostum yazdı.
Belə bir anadan sonra ögey anaya ana demək nə qədər ağır olduğunu görənlər bilər.(gəlməyincə başına, nə bilər dərdimi qafil?)
Səndən sonra atamı evləndirdim Gözəl anam Sən saxlayan atamı bəs kim saxlasın?
Gör Qəşəm burada anasını necə inandırır: sən saxlayan atamı bəs kim saxlasın?
Qazanlar,qaşıqlar durdular üzə... Atam aldansın deyə Mən ona ana dedim. Dilimdəki “Ana” sözünə Aldandı atam.
Dilində dediyi,özü də böyük həflə dediyi “Ana” sözünə atasını inandırmaq hər oğulun işi deyil. Bu gözəl yalandı. Füzulinin “şair sözü əlbəttə yalandır” deyimi qədərincə gözəldir. Sözümü bitirə bilmirəm,çünki, Qəşəmin:
Məni müharibəyə aparmayın, düşmən öldürən deyiləm...
***
Qırış fikirləri səslə ütülə...
***
Rafiq Tağı öldü, niyə ekranda yekə görünürsünüz, Dostu ölənə oxşamırsınız... Rafiq Tağı öldü, ilahi, siz nə gözəl danışırsınız! Xəbər verin deputatlar gəlsin Kameralar hazırdı... Yeddi divar o üzə Rafiq Tağının qızı “Ata”, ”ata” yazırdı göz yaşlarıyla yanaqlarına. Siz Allah, güldürməyin o qızı... Güldürməyin o qızı, siz Allah...
***
Ey şəhidlərin dəfnində nitq söyləyənlər, Video çəkənlər, Susun... Imkan verin, Göz yaşlarına qulaq asaq!
***
Oğlum, ölüm xəbərimi uzaqdan eşidəcəksən, ... Oğullar uzağa gedəndə atalar belə ölür, oğlum, Eynən belə -
Gözəl fikirləri və digər şeirləri haqqında demək istədiyim sözü hələ də deyə bilməmişəm...
|