Rübail - Dodaqlarda danılsam da, ürəklərdə anılıram
21.10.14
Avanqard net şair Rübailin şeirlərini təqdim edir.
DAR KÜÇƏLƏR
Bir İspan şəhəri... dar küçələri, Bu dar küçələrin kəlləri dəli. Hardasan, hardasan Salvador Dali Gəl mənim şəklimi çək bu şəhərdə. Burda da çinar var, xan çinar deyil Kölgəsi qonağa salmayır meyl. Bir dəli şeytan da arxadan deyir, Yadigar xan çinar ək bu şəhərdə. Memar Qaudisi əlyetməz hünər, Dahilər yeridib bu dar küçələr. Düşür xatirimə İçərişəhər Sükuta batıram tək bu şəhərdə.
Gələni-gedəni elçisi sabit, Evlərin, yolların ölçüsü sabit, Şəhərin gülləri, gülçüsü sabit – Elə bil bellənib lək bu şəhərdə. Dənizi qıfıldı, sahili açar, Açarlar axtarıb sirr tapıb açar. Hürkütmə dənizi, baş alıb qaçar – Amandı, qışqırma bərk bu şəhərdə.
Qəriblik özü də bir cür həyatdı, Sevinc gedən yerdən kədər qayıtdı. Bu gecə bir qərib qürbətdə yatdı, Səhər də açıldı ləng bu şəhərdə. Sinəsi genişdi yolları dardı, Gül ətirli nəfəs sinə qabardır. Buranın qışı da bizə bahardı, Dünyanın kefini çək bu şəhərdə. Qışda gələni də burda yaz anır, Biz onu anırıq, o kimi anır. Dəniz nə qazanır, yer nə qazanır. Hətta qonağın da ömrü uzanır Təkcə bu şəhərdə, tək bu şəhərdə. P.S.
Daşüzlü küçələr göz tikib göyə Sanki şəhər yola etibar salıb İnsanlar mehriban dolansın deyə Yolsalan küçəni belə dar salıb.
Barselona-Moskva 04-13.01.2014
AYDINLIQ Sakit Dondan dəli Kürə bir addım Qaradəniz göy Xəzərə nə deyir. Dinc okean sakit durub, nə andım – Aralıqda ara dəniz nə geyir. Sona yetmir sahillərin gileyi Günahlara üsyan edir suları. Göylərdədi dənizlərin mələyi Küləklərlə imzalayır qərarı. Tufanın da, daşqının da payı var Göylər durub axan sudan yuxarı. Bu qədər ki, dənizi var, çayı var Aydınlıqdı bu dünyanın axarı.
DƏNİZ, DALĞIC, ALPİNİST Dənizlərdi səviyyəsi dünyanın Səviyyəsi hədiyyədi dünyanın Alpinistlər dalğınclara nə desin Sahillərdi tərbiyəsi dünyanın. Dalğıcları dəniz basar bağrına Köpək balıq həyan durur yorğuna Neyləyirsən səviyyədən aşağı Soruşuram cavab vermir sorğuma. Alpinistə daş tullayır zirvələr Zirvələrdə qartal-quzğun gizlənər Həsrət ilə dəniz baxır zirvəyə Zirvələrdən nələr desən gözlənər. Dalğıcları dalğa boğsa amandı Alpinisti zirvə qovsa yamandı Dənizlər də onda ölür deyirlər Fəqət bir də doğulması gümandı. Dalğıc oldum suda qaldı ismətim Alpinisttək quşqonmazdan küsmədim Ha can atdım dəniz ola bilmədim Sahil imiş demə mənim qismətim.
BƏRBƏR İLƏ ÇƏKMƏÇİ Bərbər soruşdu: Çəkməçi – Sən nəçisən, mən nəçi. Hər gün əlim başdadı Çəkməni kim daşladı. Çəkməçi danışmadı – Başın sirri ayaqda, Çəkməninki daşdadı.
ÖLƏNLƏR Gözüaçıq ölən də Gözləri açıq ölür. Görsün ki, qalanları Kim bölür, necə bölür. Gözütoxlar öləndə Gözü yumulu ölür. Əvvəl üzdə ağlayır Sonra ürəkdə gülür. Korlar hər gün öləndə Heç nəyi bölə bilmir. Ona görə can alır Can verir ölə bilmir.
BƏXTƏVƏR Çıxar qara eynəyini Görək kimsən a bəxtəvər. Göynət könül göynəyimi Demə kim, sən a bəxtəvər. Üz yuyanda üz bəxtiyar Su içəndə su bəxtiyar Dəniz də bəxtəvər olar Girib çimsən, a bəxtəvər. Həsrəti var mələyin də Ətir saçan küləyin də Bir şairin ürəyində Sarı simsən, a bəxtəvər. Gözəlliyi kimdi güdən Qoruyanlar bədnəzərdən Görürəm ki, səxavətdən Bir az kəmsən, a bəxtəvər.
QAR YERDƏ QALMIR Göydə yer tapammır göylərin varı Üz tutur torpağa qar yerdə qalmır. Təkcə zirvələrdi saxlayan qarı Hamıya zirvədə yurd-yer də qalmır. Qar hara qayıtsın qayıda bilmir Ağın üzü qara qayıtsın necə. Hər yanı ağardır süpürür –silir Gündüz qayıdammır gecə qayıtsın. Yer tapa bilməsən yuxulara sər Adını heç kəsdən xəbər almasın. Yayda dərman üçün axtarsan əgər Nə izi, nə özü yerdə qalmasın.
İLDIRIM – İLAN Buludlar üstə yatar Şimşəkdən ocaq çatar. Ürəyi su istəyir Küləklə yağış apar.
Göydən düşən ilandı Ağzında zəhər –andı. Birdən şimşəyə döndü Kim od vurdu ki, yandı. Zəhər saxlayan dişin Tale dilini yarır. Yerlə göy arasında Bir ömür yolu salır. İndi dillərdə gəzir İlan – zəhər şəfası. İlandan dost olarmı Varmı onun vəfası. Nə ildırım nə ilan Dünyanı yarı bölmür. Zülmətdə yaşayanlar Ulduz görməsə ölmür.
FOBİYA Toyuq qorxur qaranlıqdan Yarasalar işıqdan .... Qazanlar çömçədən Boşqablar qaşıqdan. Qacar gözətçidən qorxurdu Napoleon pişikdən. Mən də qorxuram pişikkimilərdən.
TƏKLƏNİRƏM Düz deyirəm təklənirəm, Öz-özümdən şəklənirəm. Yazıram ki, yüngülləyim, Tənələrlə yüklənirəm. Üzsüz məni üzdən salır Üzdən salır, gözdən salır Söz batmağa qoymur fəqət Gəlişini bizdən salır. Addımbaşı yanılıram Yanılıram, danılıram. Dodaqlarda danılsam da, Ürəklərdə anılıram.
TƏKAN Təkan sənin, sükan sənin – Məkan yatmasın, neyləsin. Vaxtsız qönçə dərir əlin Tikan batmasın, neyləsin. Ürək əməl əkməyəndə, Dibinə nur tökməyəndə, Tərəzi düz çəkməyəndə Dükan satmasın, neyləsin. Yol ayağın, taqət dizin, Mənası var düşən izin. Köməyinə ümidsizin Zaman çatmasın, neyləsin. Yalanlara güzgü tutan, Daha bəsdi bir az utan. Naşı olsa sükantutan, Gəmi batmasın neyləsin. Sirri dərintək qalanın, Tək qalada tək qalanın, Təkliyini tək qalanın Tək an atmasın neyləsin.
BORC Nə istədi, aldı məndən bu dünyada Nə istədim, vermədi ki, yoxumdu, Bir də könül çətin ondan pay uma, Mənə qalan çin olmayan yuxumdu. Heç bilmirəm kimin kimə borcu var Daha mənim nəyim qalıb verməli?! Dil nə qədər istək dilər, borc umar, Geri döndər görək köhnə təkəri. Borc alan da, borc verən də gileyli, Nə yaxşı ki, istəyimdən borcum az. Borc alan da, borc verən də gileyli, Tükənməyir, sona yetmir ehtiyac.
Dünya demir aldığımı verəcəm Söz versəydi, gözləməyə nə var ki. Etibara ümid etmə gələcəm Dünya boşdu qaytarmağa nə var ki. Borclu istər sağlığını borclunun Təki dünya borclarını qaytara. Müqəddəsdi borc ünvanı, borc unu İnanmıram müqəddəslik qurtara.
SIRĞALAR ŞÖHRƏTDƏN ASILI YAŞAR
Qoruya bilmədim əsərlərimi, Mirvari tərimi, sərvət tərimi, Mirzə Şəfimizin nəğmələrini Bir alman yolçusu oğradı getdi. Güldürə bilmədim arzularımı, Öldürə bilmədim ağrılarımı, Məhəbbət ünvanlı könül varımı Bir hicran həsrətlə doğradı getdi. Ev üçün xurcunda daşım daşındı, Hər daş sinə daşım, ya baş daşımdı. Tikməyə gələndə daşlar aşındı – Döndü qara quma uğradı, getdi. Bəxtim əba geyib düşdü qabağa, Məni hər yetənə verdi sadağa. Qıymadı əl atım barlı budağa – Dedilər bu da bir darğadı, getdi. Naltökən atımın nalını tökdü, Külək qəzəblənib yəhəri sökdü. Bu nə sıldırımdı, bu dik nə dikdi, Qayıtdı, gördüm at yorğadı, getdi. Daş daşdı, oğulsan seçməyi bacar, Daş var ki, lal yatır, daş da var coşar. Sırğalar şöhrətdən asılı yaşar, Neçə ürəkləri dağladı getdi. Taleyim nə dedi, nə danışdı o, Yanına getdikcə məndən qaçdı o. Mən elə bilirdim qızıl quşdu o, Uçdu, gördüm qara qarğadı getdi.
ÜNVAN Dərd dənində yedi doydu sərçələr Dərd yeyəndə sərçələr də dirçələr. Qarışqalar gecə-gündüz car çəkir Bu fəryadı eşidənlər külçələr. Sözü tökdüm dəyirmana Söz üyündü yana-yana Nə un oldu, nə də kəpək Nemət oldu söz duyana. Dəryaların suyu yetmir günahları yumağa, Ona görə xəcalətdən yer yığılıb yumağa. Ha qar yağır, yağış yuyur pak edəmmir varlığı Harda qalıb Adəm ata gəlib düşsün qabağa. Bu müqəddəs yer kürəsi Göyə verir yerkirəsi Kim nə alır, kim nə verir Yaxşı bilir ev yiyəsi. Kimliyi yoxlara, kimlik verilir Gözüac toxlara dimdik verilir. Səadət nadana iki ovucla Arifə bir çimdik, çimdik verilir. Qulaqları deşib tutar sırğalar Gecə- gündüz kəllələri yırğalar Kim möhtacdı, kim asılı bilən yox Unudulur deşiləndə ağrılar. Tale yazısıdı səngər döyüşün Qoruyur əsgəri deyir döyüşün Əsgərin sinəsi səngər olanda Qisməti talelə bölün bölüşün. Ha qızıl balıq ye, diş qızıl olmaz, Çək şişə, qoy közə, şiş qızıl olmaz. Gərək zər suyuyla yazıla tale, Bəxt qızıl olmasa, iş qızıl olmaz. /525.az/
|