"Yazı" ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb
20.10.14
“Yazı” ədəbiyyat dərgisinin 11-ci sayı işıq üzü görüb. Baş redaktorun qeydləri ilə açılan dərginin rubrikaları yenə rəngarəngdir. “Sözümüzün yiyələri” bölümündə Ü.Hacıbəyov və Rzaqulu Nəcəfovun epistolyar mətnləri yer alıb. “Bir kitab şeir”də oxucular Aqşin Yeniseyin, poeziya bölümündə isə Esmira Məhiqizı, Səməd Qaraçöp, Cəlil Cavanşir, Adilə Nəzərli, Elşad Can Şamilin şeirlərini oxuya biləcəklər. Nəsr bölümündə Cəlil Cavanşir, Mübariz Örən, Yaşar Bünyad və Həmid Piriyevin hekayələri, Kənan Hacının Fironun dəftəri” romanının əvvəli, Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının davamı verilmişdir. Çevirmə başlığında görkəmli Livan yazıçısı Mixail Nuaymənin “Mitrdadın kitabı” romanının davamı (tərcüməçi Fərzux Seyidbəyli), Ziqmund Freydin məşhur mühazirələri (Araz Gündüzün tərcüməsində), türkiyəli yazıçı Ahmet Yıldızın “Mişarçı” hekayəsi və digər yazılar dərc olunub. Dramaturgiya bölməsi Qan Turalının “Füzulinin qayıdışı” alternativ komediyası ilə açılır. Dərgidə müasirlikdən yorulanlarçün “Nəfəslik” adlı rubrika da var. Burada M.Füzuli, Orxan Vəli, Xaltanlı Tağı, R.M.Rilke, V.Bayatlı, Sücaət, A.Sadiq Əfəndinin şeirlərini oxumaq olar. Güney sovqatı rubrikasında Ruqiyyə Səfəri, Məlihə Əzizpur və Sayman Aruzun şeirləri yer Esseistika bölümündə D-r Cavad Heyətin fəaliyyətindən və M.Örənin hekayələrindən bəhs edən esselər, kitab rəfində isə Araz Gündüzün “Türk dilində kimlik bildirən sözlər” kitabı haqqında yazı verilib. “Palirta” bölümündə məşhur sürrealist rəssam Mixail Kristenin (Rumıniya) yaradıcılığı haqqında məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur. Dərginin bu sayında yeni nəşrlərlə və digər yazılarla da tanış olmaq olar. Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” və Bakıda isə “Əks-səda” (metroların yaxınlığındakı yaşıl köşklər) yayım firmalarının köşklərindən əldə etmək mümkündür. Avanqard.net
|