Con Steynbekin ikiqat uğurlarının sirri haqqında
15.10.14
Onun dünyasında iki rəng var
Con Steynbek dəfələrlə “The Paris Review” üçün müsahibə verməkdən imtina edib. Lakin bu müsahibə onun həyatının son aylarından birində alınıb. Jurnalist Corc Plimpton və Frank Krouter artıq heç nə yaza bilməyən yazıçının uzun illərdir toplanmış təcrübələrini paylaşmaq üçün 1968-ci ildə məhz Steynbeklə danışmağa qərar verirlər. Amma bu dəfə o özü müsahibə vermək və hər şeyini paylaşmaq istədiyini deyir.
Bir dəfə o dedi ki, bir şey haqqında mükəmməl formada nəsə yazmaq üçün ya onu dəli kimi sevəsən, ya da ondan bütün varlığınla nifrət edəsən. Bu onun öz xarakterinə güzgü tutur. Əsas yerini və düşüncələrini tez-tez dəyişməsinə baxmayaraq, Steynbek üçün hər şey ya ağdır, ya da qara. Bu prinsip ilk baxışda sadə görünə bilər, amma əslində hər şeyi bu qədər kəskin kateqoriyalara ayırmaq çətindir. Çünki onun özü üçün bəzən qərar verə bilmədiyi boz sahələr var. Kimin tərəfində olacağına qərar verə bilmədiyi, ağ və ya qara olduğunu təyin edə bilmədiyi yerlər. O yalnız yazanda oxucu başa düşür ki, o kimin yanındadır.
Biliyinin və hislərinin yarada biləcəyi ən mükəmməl şeyləri yazan Con Steynbek üçün qələmdən çıxmış söz yazıçıya iki şeyi bağışlamır – ağılsız manevrlər və saxtakarlıq. O, oxucunun gözündə mənasını min dəfə dəyişə biləcək, kobud ya da nəcib ola biləcək sözlərin dərinliyindən qorxur. Onun üçün söz soyuducuda açıq qalmış yağ kimidir, hər şeyin dadını və iyisini götürə bilər. Bəli, saxtakarlıqla yol qət edə bilən yazarlar çoxdur , amma onların yolu çox deyil. Çox deyil.
Başlamaq haqqında
Yayımlanacağını bildiyin bir şeyi yazmağa başlamaq, təxminən şəkil çəkdirdiyini biləndə sabit vəziyyət almaq kimidir. Uzun müddət sabit qalmaq olmur. Bunun öhdəsindən gəlməyin ən sadə yolu mənim kimi kiməsə yazmaqdır. Bir insana məktub yazırmış kimi yazın. Bu böyük kütlə, geniş auditoriya üçün yazmaq qorxunuzun öhdəsindən gəlməyə kömək edəcək. Özünüzü daha azad hiss edəcəksiniz, özünəinam əskikliyi aradan qalxacaq. İndi mən sizinlə doldurmağı planlaşdırdığım 400 boş səhifəni necə işlədiyimi izah edəcəm. Hərçənd mən bilirəm ki, əslində heç kim başqasının məsləhətlərindən yararlanmaq istəmir. Amma məsləhət gördüyüm şeylər daha çox arzuolunmaz vəziyyətlərdən uzaq durmaq üçündür.
• Tamamlaya bilmədiyiniz, sonunu düşünə bilmədiyiniz ideyalardan uzaq durun. 400 səhifə marşrutunu tamamlamağa cəhd etməyin, gündə bir səhifə yazın. Hamısı bitəndə əldə etdiyiniz nəticə sizi təəccübləndirəcək. • Tam sərbəst bir şəkildə və mümkün olduqca sürətlə yazmağa çalışın, ağlınıza ideya ilə bağlı nə gəlirsə, yazın. Bütün əsəri bitirməyincə düzəlişlər və ya korrektə etməyin. Nəyisə yenidən yazmaq, düzəldərək yazmaq işin gedişini ləngidir və həvəsdən salır. • Ümumiləşdirilmiş auditoriyanı unudun. Adsız və surətsiz bir oxucu auditoriyasını xatırlamaq sizi ölüm qorxusuna salacaq. Yazarkən sizin auditoriyanız bir nəfərdən ibarətdir. Yaxşı olar ki, tanıdığınız bir yaxınınızı seçəsiniz, oxucunuzun kim olduğunu konkretləşdirmək üçün. • Hansısa bir səhnə və ya hissə sizdən bütün enerjinizi, yaradıcılığınızı alırsa, həmin hissəni saxlayın və yazmağa davam edin. • Dialoq yazırsınızsa, yüksək səslə oxuyun.
Uğur haqqında
Mənim sol əlimdə balaca barmağımdan bir qədər aşağıda qəhvəyi bir ləkə var, eyni ləkədən eyni yerdə sol ayağımda da var. Çinli falçılardan biri əlimdəki ləkəyə baxdı, sonra əyri-əyri məni süzdü. Dedim ki, eyni ləkədən sol ayağımda da var. Məndən muştuluq istədi ki, sol əldə və ayaqda xal olması ikiqat uğura işarədir. Halbuki bu sadəcə piqment ləkəsi idi, anadangəlmə idi. Sonra həmin ləkələr getdikcə tündləşdi. Eleyni (Xanım Steynbek – red.) dedi ki, daha da uğurlu olacaqsan yəqin. Əgər belədirsə, doğurdan da yaxşı bəxt, yaxşı uğur əladır.
Yazı vərdişləri haqqında
Mark Tvenin yataqda yazmaq vərdişi var imiş. O, böyük yazıçıdır, amma mən anlamıram ki, yataqda necə yazı yazmaq olar. Belə şeylər olur. Bilmək istərdim ki, o stolda işləyəndə necə yazırmış, yataqda işləyəndə necə yazırmış, nə fərq var imiş. Əsas məsələ odur ki, hansı vəziyyətdə rahat yazdığını müəyyənləşdirməkdir. Düşünürəm ki, rahat vəziyyətdə olan bədən beyni daha sərbəst buraxır, onu gücə salmır.
Mən işləyəndə siqar çəkirəm, bu adət olub, öyrəşmişəm. Qəribədir, o qədər çəkdim ki, siqaret tamsız, siqar tamlı gəlməyə başladı. Heç vaxt yazı masamdan qane ola bilmirəm, indi təzəsini almışam, qara rəngli, taxtadan.
Əvvəllər Fox qələmlərindən istifadə edirdim. İndi Blackwings istifadə edirəm. Qələmim, kalkulyatorum da qaradır. Bu rəngi xoşlayıram.
İlham haqqında
Qulağıma çatdı ki, yazmaqla bağlı probleminiz var, ilham pəriniz gəlmir ki, gəlmir. İlahi! Bu hiss mənə o qədər tanışdır ki... Hər dəfə bu problemin öhdəsindən gələndən sonra fikirləşirəm ki, yəqin bir daha təkrarlanmaz. Amma o, yol yoldaşıdır. İşləmək üçün hər şeyin olduğu bir səhər o olmur və hər şey bitdi.
Təxminən bir il bundan əvvəl dramaturq Bob Anderson eyni problemin öhdəsindən gəlməsinə kömək edim deyə, mənə müraciət elədi. Məsləhət gördüm ki, şeir yazsın, satmaq, dərc etmək üçün yox, sadəcə nəsrin tıxacını aradan qaldırmaq üçün. Şeir ədəbiyyatın riyaziyyatıdır və musiqiyə çox yaxındır. Bu ən yaxşı müalicə üsuludur, çünki bu problem ədəbi gərginlikdən də yarana bilir. O məsləhətimə əməl etdi. Altı ay ərzində mənə üç dəfə məktub yazdı ki, bu əla üsuldur. Sadəcə poeziya ilə məşğul olun, həm də oxucu üçün yox, özünüz üçün. Bu həm də dəyərli şəxsi xəzinə yaradacaq. Təbii ki, uzun uzadı yazarkən, yorğunluqdan da belə bir problem yarana bilər. İlham heç gözləmədiyiniz bir gün də özünü göstərə bilər. Sözlər axıb tökülə bilər. Çünki onlar adətən gəlib, səhifələrə tökülmək üçün mütəmadi mübarizə aparırlar.
Qısa hekayə haqqında
Təbii ki, məşhur bir yazıçı danışırsa, insanlar qısa hekayə, hətta mükəmməl bir qısa hekayə üçün məsləhətlər gözləyirlər. Yaxşı bir qısa hekayə yazmağın yolu yaxşı hekayə yazmaqdan keçir. Əslində forma olaraq qısa hekayə çətindir, bunun üçün dünya ədəbiyyatında yaxşı hekayə nümunələri ilə tanış olmaq şərtdir. Hekayə effektiv olmaq üçün yazıçının fikirlərini, hislərini oxucuya birbaşa ötürə bilməlidir. Bunu təmin etmək üçün isə xüsusi bir qayda yoxdur. Adına uyğun olaraq burada sadəcə bir şərt ödənməlidir. Yazıçı o zaman mükəmməl bir qısa hekayə yarada bilir ki, həmin hekayədəki fikri üç min, altı min, hətta on min sözlük hekayə formasına da salmaq mümkün olsun. Yəni bu qədər geniş məna ifadə fikir 3-5 cümlədə ifadə oluna bilirsə və qaranlıq məqam qalmırsa, o mükəmməl bir qısa hekayədir. Sirli formul budur. Qısa hekayəni və ya onun müəllifini tənqid etməkdən daha asan heç nə yoxdur. Bir qısa hekayəni nə qədər desəniz, tənqid etmək olar. Amma bir məsələni etiraf edim ki, bu qədər ildir yazıram, amma hələ də qısa hekayə yazanda gərginlik, həyəcan keçirirəm.
Oğurluq yazarlıq haqqında
Bu məsələdə fikrimin necə olduğu məncə olduqca aydındır. İndiyə kimi də mən bəzi şeyləri xatırlayanda özümü bədbəxt hiss edirəm. Səbəb isə odur ki, özümü kiməsə borclu hiss edirəm və bu məni kədərləndirir. Aydındır ki, insanlar mənim əvvəllər yazdıqlarımın yenidən yazıldığı nəyisə almaq, oxumaq istəməzlər. Mən isə pul qazanmaq üçün onların oxumaqdan zövq alacaqları, oxumaq istəyəcəkləri şeylər yazmalıyam. Başqa sözlə desək, mən şəxsi rahatlığımı sənətin mükəmməlliyinə qurban verirəm. Konrad deyirdi ki, iki cür əsərlər yaxşı satılır – ən yaxşılar və ən pislər. Son cəhdlərim, satış rəqəmləri göstərir ki, mən artıq o “ən yaxşılardan” yarada bilmirəm. Bəlkə də gələcəkdə yaza biləcəm, amma cari vəziyyətdə bunu bacarmıram, alınmır. Amma bu o demək deyil ki, mən əvvəl yazdıqlarımı yenidən sırıya bilərəm.
Əsərlərin həcmi haqqında
“Böyük əsər, irihəcmli kitab yazmaq vacibdir, onun hökmü də qısa hekayəninkindən ağırdır” fikri tez-tez səsləndirilir. Hər sahədə olduğu kimi istisnalar burada da var, amma nəticədə bu fikir həqiqətə çox yaxındır. Uzun müddət bu fikrin hansı məntiqi səbəblərə əsaslandığını axtardım və nəhayət, bir qərara gəldim. Hazırki dövrdə insan beyni gün ərzində minlərlə suala cavab almaq üçün düşünür, detalları incələyir – vergilərdən müharibəyə, ətin qiymətinə qədər hər şey haqqında narahatlıq keçirir. Çox zaman bu qalmaqallı beyin evdə daxili rahatlığı təmin etmək üçün müxtəlif dərəcəli münaqişələrlə dincəlir. Bizim yazdıqlarımız isə bugünün insanından, onun həyatından, əzablarından, duyğularından danışır. Qısa hekayədə hər şey sürətlidir. Detallar incələnmir. Əksəriyyət ondan özünə aid olanı görmür. Amma böyük bir əsər o insana bir şeyləri xatırlatmaq, təsvir etmək, onu düşündürmək üçün lazım olan detalları berə bilir. Kəsmək, yarıda qoymaq, sonlandırmaq əvəzinə irihəcmli bir əsər oxucusuna düşünmək, qəhrəmanlara oxşar tanışlar, təsvirlərdəki yerlərə oxşar yerləri xatırlamaq imkanı verir. Mənim irihəcmli əsərlər haqqında fərziyəm budur, məncə, insanlar haqlı olaraq, böyük kitabları vacib hesab edirlər. Ola bilər ki, qısa bir hekayə və hekayələr toplusu irihəcmli bir əsərdən daha yaxşı, daha mükəmməl olsun, amma daha effektiv, daha yaddaqalan ola bilməz.
Obrazlar haqqında
İnsanı açıb içinə baxmaq olmur. Mümkün olsa belə, o danışmasa, görə bilmərik. Şəxsi həyatla bağlı fikirlər olduqca sərt və qaydalar məlumdur. Amma yazarlar və dedektivlər şəxsi həyatın qüdrətinə boyun əymir. Kitabın birində bir çox insanın xarakterini, daxilini açmışdım. Mənimlə söhbət edərkən açıq-aşkar bir söz demirdilər, amma məhz onları göstərərək yaratdığım obrazların əskikləri olduğunu iddia edir, özlərini tənqid edirdilər. Bir qədər əsəbi müzakirə edirdilər. Amma mən başqa cür yaza bilməzdim, mənası olmazdı. Bəzən insanın daxili aləmi çox xırda işıqlarla bəzənmiş, amma qorxunc, nəhəng məxluqlar və şeytanlarla dolu bir cəngəlliyi xatırladır. Çox zaman ora daxil olmağa çəkinirəm. Tez-tez məni anormal adamlardan özümə qəhrəmanlar seçməkdə ittiham edirlər. Mən sadəcə gözləyirəm və əsərimdə oxucumu güldürəcək və düşündürəcək insan mütləq qarşıma çıxır. Əgər mənə qarşı kobudluqlarını görsəm, dərhal susduraram. Qələmimi saxlayaram və onlar donar. Onları danışdıran da, güldürən də, ağladan da mənim qələmimdir. Odur ki, həyatda gördüyünüz insandan nə yaradacağınız sadəcə sizdən asılıdır.
Rəqabət haqqında
Sizə də məlumdur ki, mən rəqabət hissimi doğuşdan itirmiş bir insanam. Bu hiss hər cür yolla insanı məhvə apara bilir. Ona sahib olmağı heç istəmirəm, rəqabətə girməyə risk etmirəm, bu çox mənasız işdir. Bir vaxtlar bərbad bir döyüşçü idim, amma onda da mübarizəm uğur üçün deyildi. Bu sadəcə mənə cəhənnəm əzəbı yaşadan uğursuzluq zəncirindən qurtulmaq mübarizəsi idi, bunun öhdəsindən gəlmək üçün idi. Bunu əsla başqaları ilə girdiyim bir savaş, yarış kimi görməmişəm. Yazarlar özlərini mütəmadı olaraq başqaları ilə müqayisə etməyə cəhd göstərir. Mən isə bunu sadəcə olaraq anlamıram. Mənim üçün yazarlıq dərin daxili bir məşğuliyyətdir. Hətta mən bunu gizli bir vəzifə kimi qəbul edirəm. Yazdığım bir şey alınmayanda, itib gedəndə, mən özümdən bir hissə itirmiş kimi hiss edirəm. Odur ki, tənqid də mənim üçün elə də ciddi bir əhəmiyyət kəsb etmir. Bu yazıçıda nizam-intizam yaratmaq üçün edilirsə, artıq mənim üçün gecdir. /kaspi.az/
|