“Xəzər” dünya ədəbiyyatı dərgisinin ilk sayı işıq üzü görəcək
14.10.14
1 Yaxın günlərdə "Xəzər" dünya ədəbiyyatı dərgisinin ilk sayı işıq üzü görəcək. Dərgi son Nobel mükafatçısı Elis Manronun müsahibəsi və "Qismət" hekayəsi (tərc. Yaşar) ilə açılır.
"Qızıl dövrün şairləri" rubrikasında Ramiz Rövşənin tərcüməsində Puşkinin dərsliklərdə olmayan şeirləri ilə tanış olacaqsınız. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersini təqdim edir. Afaq Məsudun tərcüməsində "Xilas yolunun yolçuları" və "Müqəddəslər və onların söylədikləri" rubrikasında Hüseyn İbn Mənsur Həllac və digər sufilərdən bəhs edilmişdir.
Nəsr bölməsində görkəmli Argentina yazıçısı Ernesto Sabatonun "Tunel" romanı (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun "Svana doğru" (tərc. Z.Sarıtorpaq) romanından parça, Heminquey və Ruben Bareyronun hekayələri verilmişdir. Türkiyə yazıçısı Orxan Pamukun "Mənzərədən parçalar" esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.
Jurnalda həmçinin "Aforizmlər və sitatlar", "Yazıçı yazıçı haqqında", "Duyğular, düşüncələr", "Türk qardaşlarımız", "Debüt" rubrikalarında şair Ezra Paundun (Amerika), yazıçı Şervud Andersonun (Amerika), Akutaqavanın (Yaponiya), Asəf Halət Çələbinin (Türkiyə) yaradıcılığından nümunələrlə və bir sıra başqa maraqlı yazılarla tanış ola bilərsiniz. /aztc.gov.az/
|