Aydın Dadaşov - Cavid əfəndinin hünəri
13.10.14

Avanqard.net Aydın Dadaşovun məqaləsini təqdim edir.

Ədəbiyyatımıza realizmdən sonra gəlməsi ilə maraq doğuran romantizm cərəyanının parlaq simalarından olan Hüseyn Cavidin təhsil aldığı İstanbul mühitinin onun yaradıcılığına təsiri danılmazdır. 1896-cı ilin yayında Türkiyədə qarşısı alınan dövlət çevrilişindən sonra həbs və sürgün edilən Yeni osmanlıların panislamist ideyalarının yeniləşməsinin iflasından sonra onların davamçıları sayılan «Gənc türklər» əsas ərazisi Rusiyanın pəncəsində olan türk ellərində quracaqları romantik Turan ideyasını irəli sürdülər. Qarşısı alınan dövlət çevrilişindən sonra həbs və sürgün edilən Gənc türklərin 1902-ci ilin fevralında Parisdə keçirdikləri ilk konqresdə yaradılan İttihad və tərəqqi təşkilatı Türkiyədə konstitusiyanın bərpasını və parlament idarəçiliyini önə çəkdi. Türkiyənin mövcudluğunu türklük və islamçılıq ideyası üzərində quran Gənc türklərin Azərbaycan, Orta Asiya və Rusiya ziyalıları arasında da mənəvi dayaqları var idi.

1898-1903-cü illərdə Təbrizdəki «Talibiyyə» mədrəsəsində təhsil almış Hüseyn Cavid bir müddət  Naxçıvanda vaxtilə oxuduğu «Məktəbi-tərbiyə»də türk və fars dili dərslərini aparsa da, onun əsas məqsədi təhsilini Türkiyədə davam etdirmək idi.

20 aprel 1906-cı ildə səhər tezdən gəmi ilə Dardanel boğazına-İstambula çatan Cavidin gündəliyindəki: «Oylə ki sübh açıldı, tamaşa etdik. Boğaz nə boğaz. Allah zaval verməsin…» sözlər çox dövlətlərin gözü olan türklüyün bu müqəddəs mərkəzinə heyrəti və nigarançılığı səciyyələndirir.

23 iyul 1908-ci ildə Türkiyədə konstitusiya, parlament, məfkurə və mətbuat azadlığının elan edilməsi ilə ictimaiyyətdə yaranan çaşqınlıq uzun illər imperiya əsarəti altında yaşayıb təkhakimiyyətliliyə alışan millət üçün təəccüblü deyildi. Bununla yanaşı, sultanın hüquq və demokratiyanın tələbinə boyun əyməsi konstitusiyanın mahiyyətini bilməyənləri belə vəcdə gətirməklə hərəkatın uğuruna təminat verirdi. Millətlərin və dinlərin qardaşlaşması fonunda konstitusiya anlayışı birgə yaşayışa mane olan köhnədənqalma  nifrət və  həqarətə üstün gəlirdi. Bu mənəvi coşqunluq dövlətçilik strategiyasını unudan «Gənc türklər»in Turan romantizminin azlıqda qalan millətləri təşvişə salması sayəsində boğuldu və gözlənilən parlamentin əvəzində çoxsaylı cırtdan partiyaların yaranması ilə iflasa uğradı. Səbəb isə yeni formalaşan panislamizmin timsalına çevrilən Sultan Əbdülhəmidin avtoritar despotizminə öyrənmiş çoxmillətli xalqın liberalizmdən uzaqlaşan «Gənc türklər»ə inamsızlığı idi. Sultanın mərkəzi fiqur olduğu panislamizmin düşməninə çevrilən «Gənc türklər»dən başqa daxildə və xaricdə türkə nifrətin miqyasını dərk edən, yeni turançılıq ideyasını önə çəkən qüvvələrin düşüncə mənbəyi krımlı İsmayıl bəy Qasprinski, qarabağlı Əhməd bəy Ağayev və volqaboylu Akçuroaoğlu kimi rus işğalı ərazisində olan müsəlman türklər-tatarlar oldular. Türkiyənin ictimai-siyasi problemlərini kənardan izləyən, çoxsaylı məqalə və kitablar yazan, bu yüksək təfəkkür və peşəkar qələm sahiblərinin qətiyyəti gələcəyin uğurlarının təminatı idi. Panislamizm zəminində yaranacaq Osmanlı dövləti ideyasının iflasa uğradığı bir şəraitdə bütün dünya türklərinin ümumi vətəni olub keçmişlə gələcəyi özündə birləşdirən Turanın yeni ideyanın simvoluna çevrilməsi ağlabatan görünürdü. Turan ideyasının romantik cizgiləri xristianların, ərəblərin və digər qeyri-türk xalqlarının xəyali səslənən səltənətin dövlət birliyindən çıxmasını hələ ki, təhlükəsiz sayırdı. Beləliklə, dövlət sərhədləri ərəb, Balkan dünyasını deyil, ucsuz-bucaqsız Asiya çöllərini əhatələndirən və hələ ki, əsasən çar Rusiyasının müstəmləkəsi kimi inləyən türk xalqlarının gələcək taleyi gündəmə gəldi. Qeyri-türk müsəlmanların turançılıqdan kənarda qalmaları dövlətçilik üçün yeni problemlər yaratsa da, bu ideyanın gerçəkləşməsində sürətli hücumla «iyirmi dörd saat ərzində səksən kilometr qət edə bilən» mifik qəhrəman Ənvər paşanın İstanbulun Avropada arxa cəbhəsi olan Trakiyanı azad etməsi onu «Gənc türklər» hərəkatının, Turan millətçilərinin vuran əlinə çevirdi.

Fransa inqilabından sonra islamın müasirləşməsi yolunda çalışaraq panislamizmi aparıcı ideologiyaya çevirən professor Cəmaləddin Əl-Əfqaninin «ittihadi-islam» fəlsəfi-siyasi təlimi geniş vüsət aldı. Təlimini nəzəri cəhətdən əsaslandıraraq onu müasir cəmiyyətə tətbiq edən Cəmaləddin Əl-Əfqani bu cərəyanın müsəlman aləminin tərəqqisinə aparan yol olduğunu təsdiqləyir. Şərqin məhv olma səbəbini imanın dağılmasında görən Əl-Əfqani xilas yolunu islamın yeniləşdirilməsində axtararaq özünün tərəfdarlarını tapır. Əl-Əfqaninin yazılı proqram halında, müsəlmanların dini qanun qarşısında bərabərliyini önə çəkərək şəriətin gözlənilməsini islamın qoruyucusu olan sultanda görməsi bu dinin Osmanlı dövlətçiliyinə yenidən tətbiqinə təkan verir. İdeoloji hakimiyyətdən məhrum olan iki yüz əlli milyonluq islam dünyasının məğlubiyyətlərinin  səbəbi sultanın xəlifə olmadığında görülür. Panislamizm təliminin az müddət ərzində bütöv islam dünyasının aparıcı ideologiyasına çevrilməsi və davamçılar tərəfindən əsaslı şəkildə təkmilləşdirilməsi, təkcə dini deyil, siyasi, iqtisadi və mədəni problemləri də əhatələndirməsi diqqət mərkəzinə gətirilir. Şübhəsiz ki, ciddi mənbələrdə Cəmaləddin Əfqaniyə digər münasibətlər də mövcuddur. Hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra uzun illər Bəylərbəyi sarayında göz dustağına çevrilən Sultan II Əbdülhəmidin 20 mart 1917-ci ildə gündəliyində yazdığı cümlələrdə Cəmaləddin Əfqaninin ingilis agenti olduğu vurğulanır. Onun: «İngiltərənin xaricində əleyhimə hazırladıqları bir plan əlimə keçdi. Bunlar xilafətin türklər tərəfindən zorla alındığını irəli sürərək Məkkə Serifi Hüseynin xəlifə elan edilməsini ingilislərə təklif edirdilər. Cəmaləddin Əfqanini yaxından tanıyırdım. Misirdə idi. Təhlükəli bir adam idi. Bir ara mənə «mehdilik» iddiası ilə bütün Orta Asiya müsəlmanlarını ayağa qaldırmağı təklif etmişdi. Bundan başqa o, ingilislərin adamı idi və çox mühtəməl ki, ingilislər məni sınamaq üçün bu adamı hazırlamışlardı. Dərhal onu rədd etdim»   sözləri sonrakı dövrlərdə fetişləşdirilmiş siyasi fiqura yeni nöqteyi-nəzəri ifadə edir. Xatirələrində bölgədə neft marağı güclü olan ingilislərin Cəmaləddin Əfqani kartından istifadə etdiyini vurğulayan Sultan II Əbdülhəmidin  yazdığı: «Mosul və Bağdadda açdıqları quyuları da hökumət səviyyəsində bağlatdırdım. İngilislər küsüb qazdıqları quyuları olduğu kimi saxladılar. Lakin həmən ardından Cəmaləddin Əfqani vasitəsilə xilafət məsələsini qurcalamağa başladılar. Hicaz əmirini ələ keçirərək məqsədlərinə çatmaq istəyirdilər. Mən də buna qarşılıq olaraq böyüyəcək bir dərviş xəfiləsini Hindistan müsəlmanları arasına göndərdim. İngilislər buna Girit qailəsini çıxarmaqla cavab verdilər. Bununla kifayətlənməyib Rusiya və Fransanı da öz tərəflərinə keçirdərək məni taxtdan salmağa çalışdılar. Ruslar ingilislərin bu təklifini rədd etdilər. Çünki İngiltərə eyniylə Osmanlı ölkəsində olduğu kimi Rusiyada da çarı məşruti idarəyə zorlamaq üçün müxtəlif təfriqələr hazırlayırdı»   sözləri böyük dövlətlərin iqtisadi marağının beynəlxalq siyasətdə aparıcı rol oynadığını təsdiqləyir.
1910-cu ildə İstanbul Universitetindən, türk romantizminin Ə.Hamid, T.Fikrət və N.Kamal yaradıcılığından ayrılan Hüseyn Cavid Naxçıvanda, Gəncədə, Tiflisdə və Bakıda dil-ədəbiyyat müəllimi kimi çalışmaqla, tədricən onu milli romantizmin parlaq nümayəndəsinə çevirən şerlər və əsasən qəhrəmanlarının adını daşıyan pyeslər yazır.

Birinci dünya müharibəsinin ikinci ilinin aprel ayının son həftəsində türk ordusunun Süveyş kanalına yürüşündə ingilis süvari alayının əsir alınması Qərbin Şərqə münasibətini dəyişir. Tezliklə Rusiyada baş verən inqilabın nəticəsində bu ölkənin xarici siyasətinin arxa plana atılması ədəbiyyat və sənətdə də, romantizm cərəyanına təkan verən Turan səltənəti xəyallarının gerçəkləşməsinə imkan verir. Bu ideyanın reallaşması missiyasını üzərinə götürən Ənvər paşanın cənub cəbhəsindən vaz keçərək şimala və şərqə üz tutması ərəb dünyasında ingilislərin əl-qol açmasına şərait yaradır. Həmin ilin sonunda türk torpağını zəbt etmiş iki yüz minlik qoşunundan otuz mininin itirilməsi fonunda Dardaneldən silah keçirə bilməyən rus ordusunun məğlub olması çarizmi məhvə uğradan əsas səbəblərdən biri olur.

Birinci Dünya Müharibəsindən sonra ərazilərini əldən verən osmanlılar inqilab nəticəsində Rusiyanın parçalanmasından istifadə edib ötən əsrdə Türkiyənin itirdiyi yerləri qaytarmaq fikrinə düşdülər. Bu dövrdə çiçəklənən turanizmin romantik ideyalarından ruhlanan Ənvər paşa itirilməkdə olan səhralar əvəzinə tarixi ərazilərin birləşdirilməsinin vaxtı gəldiyini dərk edirdi. «İttihad və tərəqqi» komitəsinin Qafqaz şöbəsinin göndərişi ilə 1918-ci ilin martında məxfi tapşırıqla Bakıya gələn Həsən Ruşeni buradakı həmfikirlərinin köməyi ilə Şimali Qafqazda və Türküstanda turançılıq ideyasının tərəfdarları ilə əlaqə qurmuşdu. Turanizmin liderlərindən Ziya Göyalp türkçülüyün tarixi ərazilərdə yayılmasını zəruri sayır, panislamist Əhməd bəy Ağaoğlu Rusiya müsəlmanlarını türk milli hərəkatına çağırır, Qafqazı qədim türk yurdu adlandıran Əli bəy Hüseynzadə isə burada ya federativ, ya müstəqil müsəlman və gürcü dövlətləri yaradılmasına, ya da ki, türklər yaşayan ərazilərin Türkiyə ilə birləşdirilməsinə tərəfdar çıxırdı. Lakin həmin dövrdə daxili və xarici siyasətini tam müəyyənləşdirməyən Osmanlı diplomatiyası Zaqafqaziyanın müstəqilliyinə daha böyük maraq göstərirdi. Çünki iqtisadi cəhətdən zəif dövlət olan Türkiyənin parçalansa da, güclü resurslara malik Rusiya ilə bufer zonası yaratması keçid dövrü üçün strateji cəhətdən də maraqlı idi. 

 Məhz həmin ərəfədə sehirli nağıllarımızda, dünya ədəbiyyatında V.Hötenin «Faust», K.Marlonun «Doktor Faustun faciəvi tarixçəsi», T.Mannın «Doktor Faustus», C.Bayronun «Qabil», M.Lermontovun «Demon» və nəhayət Ə.Haqverdiyevin «Pəri Cadu», «Xortdanın cəhənnəm məktubları», A.Şaiqin «İdeal və insanlıq», «İblisin hüzurunda» əsərlərində iştirak edən personajı mükəmməl obraza çevirən Hüseyn Cavidin «İblis» (1918) faciəsi   birinci cahan müharibəsinin fəsadlarına daxili üsyan kimi səslənir. Və əsərin dramaturji modelində aparıcı mövqeyə malik İblis surəti vacib və ağrılı təhlil prosesini üzərinə götürür. Əbülfəz İbadoğlunun bu surət barədə yazdığı: «O insanları heç bir cinayətə sürükləmir. Əksinə ictimai quruluşun təbiətindən doğan fəlakətləri əyani olaraq sübut edir»  fikirləri real dünyanın bəşəri ideyalara mane olan rəzalətlərini ifşa edən, İblis surətinin özünə qədərki personajlardan kəskin fərqləndiyini sübuta yetirir.

21 dekabr 1920-ci ildə A.M.Şərifzadənin quruluşunda ilk səhnə həllini tapan rejissorun özünün İblis, M.Kirmanşahlının Arif, Kazım Ziyanın Vasif, Mərziyyə Davudovanın Rəna rollarını ifa etdikləri «İblis» tamaşası əfsanəyə döndü. Həmin dövrdə A.İvanov, A.Tuqanov kimi rejissorların da, bu əsərə müraciət etmələri pyesin geniş rezonans doğurduğunu təsdiqləyir. Hüseyn Cavidin 100 illik  yubileyində Dövlət Dram Teatrında Mehdi Məmmədovun quruluş verdiyi «İblis» tamaşasında Həsənağa Turabovun İblisi, Rasim balayevin Arifi, Mikayıl Mirzəyevin İbn Yəmini, Vəfa Fətullayevanın Rənası bu gün də çoxlarının xatirələrindədir.  
                            
Prezident sərəncamı ilə 125 illik yubileyi qeyd olunan Cavid əfəndinin «İblis» əsərinə «Gənclər» teatrının müraciət etməsi və xüsusən ilk dəfə olaraq İblisi qadın aktyora, usad sənətkarımız Rza Təhmasibin tələbəsi Nəsibə Eldarovaya həvalə olunması teatrsevərlər arasında məmnunluq yaratdı.

Hüseyn Cavidin dil baxımından mürəkkəb mətninin təqdimatında bədii qiraətə meyli olmayıb, pyesdən gələn mənanı, mahiyyəti önə çəkən aktrisa, Nəsibə Eldarovanın oynadığı İblisin əməllərinə yüzdə-yüz bəraət verməsi səhnədə özünü doğruldur. Qüsurları personajında deyil, cəmiyyətdəki insanların mənəviyyatında axtaran, personajının  adını, xronotipini doğruldan  «Əslində İblis sizin içinizdədir» ali məqsədi ilə tərəf müqabillərinə top quran Nəsibə Eldarovanın yüksək notlardakı ifa tərzini axıra qədər saxlaması, finalda yandırılmağa aparılan Janna Dark kimi məğrurluğunu qoruması və son monoloqundakı:
«İblis nədir?
-Cümlə xəyanətlərə bais…
-Ya hər kəsə xain olan insan nədir?
-İblis…» qənaəti ilə müəllifin  fəlsəfi mövqeyini bəyan etməsi tamaşanın uğuruna təminat yaratdı.

Daxili aləmində yaranan təlatümlərlə müəllifin mənəvi dünyasının güzgüsünə çevrilən Arif rolu istedadlı aktyor Elşən Hacıbabayevin ifasında olduqca inandırıcı görünür. Əsərə dərindən bələd olub müəlliflə mükalimələr etmiş Abdulla Şaiqin: «Arif  XIX  və qismən XX əsrin yetişdirmiş olduğu türk xalqının nümayəndəsi və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin yetişdirmiş olduğu, tam mənası ilə realist bir tipdir»  qənaəti ilə üst-üstə düşən aktyor oyunu bütöv bir mərhələnin təfəkkür tərzinin daşıyıcısına çevrilir və bu vaxta qədərki, səhnə sələflərindən kəskin fərqlənən Arif əslində Cavidin pyesinin verdiyi imkan daxilində çözülür. Belə ki, cinayətlər törətməyə daxilən hazır olan Arifin bəd əməllərində İblisin yalnız simvolik, məcazi rolu pyesdə də sezilir. Ailəli ola-ola İxtiyar şeyxin evinə girib onun qızı Xavərlə evlənən, arvadının, doğma qardaşı Vasifin qatilinə çevrilən, keçmişlə bağlı düşüncələrində yaşayan Rəna ilə görüşündə sədaqət prinsipini unudan Arif modernist personajlara bənzəməklə müasir tamaşaçı zövqünü oxşaya bilir. Ruhi xəstə, qüsurlu personaj təsiri bağışlayan Arifin yerlə göy arasında qalması, Allaha inamında belə tərəddüd etməsi, İblisin oyuncağına çevrilməsi personajlararası münasibətdə təbii görünməklə, son nəticədə özünə tamaşaçı münasibəti formalaşdıra bilir. Şübhəsiz ki, məhz bu məqamda rejissor yozumunun karnaval prinsipini bəyan etməsi özünü doğruldur. Və aktyor Elşən Hacıbabayevin poetik mətnlə təzahür edən personajına rişxəndli münasibəti tamaşalılığı uğurla tamamlayır. İblis tərəfindən naqislikləri üzünə çırpılan, mahiyyətcə cinayətkar, qatil olduğu sübut olunan Arifin tamlığı karnaval prinsipində özünü doğruldur. Və mühitdəki real iblislərin təhriki ilə mənəvi zənginlikdən qatilliyə qədər düşgünləşən Arifin gerçəkliyi mifik İblisdə axtarması meyarların itirilməsinə səbəb olmaqla pyesin faciəviliyini də artırır.

 Əslində atasının qatili İbn Yəminlə yaxınlıq etsə də, ondan intiqamını almaq məqsədi güdən, romantizmin hissiyyat gerçəkliyi müstəvisində mövcud olan Rənanın, qadın gözəlliyini silahına çevirməsi, paralel münasibət qurduğu Ariflə, Vasif arasında seçim etməməsi, daim özünü düşünməsi bu personajı da mərkəzi fiqura çevirir. Lakin kimsəsiz qalacağından qorxub tapancasını əlindən almaqla intihardan xilas etdiyi Ariflə münasibətlərində belə yarımtonlarla könülsüz oynayan aktrisa Hüsniyyə Əhmədova ümumi mənzərələri ziynətləndirən zahiri gözəlliyinə arxalanan personajının əsirinə çevrilir.

İblisin təhriki ilə qətlə yetirilən:
«Turana qılıncdan daha kəskin, ulu qüvvət.                               
Yalnız, mədəniyyət, mədəniyyət, mədəniyyət»  sözləri ilə də, romantizmi maarifçiliklə birləşdirən müəllifin ideyalarını əks etdirən günahsız, sədaqətli Xavər rolunda Xalidə Əliməmmədovanın ifadəliliyi və səmimiliyi diqqəti çəkdi.
Pyesdə dedektiv modelini önə çəkməklə hadisələrin fabula istiqamətində izlənilməsinə təkan verən, külli miqdarda dövlət pulunu mənimsəmiş, qatı cinayətkar, qatil İbn Yəmin Məhərrəm Musayevin, qızının ölümünə yanıb yaxılan İxtiyar şeyx Rəzzaq Məmmədovun  ifalarında yeni dəyərlər qazanır.

Əsərdə türklərin birinci dünya müharibəsindən kənarda qala bilmədiyinə:
«Əfsus ki, heçdir sonu, türk ordusu varsın
İstərsə bütün Hindi də, Əfqanı da sarsın,
İstərsə bütün qarşı çıxan manei yıxsın,
Turanı basıb bağrına Altaylara çıxsın,
Mümkün deyil, əsla olamaz naili-amal,

Etdikcə xəyanət əli bu milləti pamal»-sətirləri ilə heyfislənən, ictimai mənafeyi şəxsi maraqlara qurban verənlərə qarşı çıxan müəllifin  mövqeyini ifadə edən vətənpərvər türk  zabiti Vasifin tamaşada İblis maskası ilə gəlişi və ikinci dərəcəli personaja çevrilməsi ümumi dinamikanı artırsa da, mahiyyətə ziyan vurur. Halbuki pyesdə siyasi qaçaqların başçısı, fərari zabit, mərhəmətli, zəkalı Elxan real tarix kontekstində mövcuddur. İncil adına Ermənistana silah və patron daşıtdıran daşnak Keşişin, neftli Osmanlı torpaqlarını əldə etməklə ərəbləri qula çevirmək məqsədi güdən fransız cəsus Xaxamın, İblisin: «Dərdə bax, millətə bax, niyyətə bax! Ölülərdən ölülər feyz alacaq!» deyə səciyyələndirdiyi  fanatizm qurbanı siflisli qadının məhz Elxanın qətlə yetirməsinin mexaniki ixtisarı tamaşanın bütövlüyünü pozsa da, rejissorun dram nəzəriyyəsinə bələdçiliyi alqoritmi dağılmağa qoymur.

Əsərdə milliyyətcə tatar olub, turançılıq ideyasını önə çəkən qüvvələrin düşüncə mənbəyi-krımlı İsmayıl bəy Qasprinski, qarabağlı Əhməd bəy Ağayev və volqaboylu Akçuroaoğlu kimi rus işğalı ərazisindəki müsəlman türklərin ümumiləşdirilmiş obrazını səciyyələndirən yaralı rus zabitinin tamaşada ixtisarı ilə, müəllifin peşəkar üslub göstəricisi olan poetik ruhun üstündən keçməklə ilkin mənbənin məziyyətlərini azaldan quruluşçu rejissor  Rəhman Əlizadə o dövrün siyasi gərdişlərinin onun üçün əhəmiyyətsiz olduğunu meydana qoymaqla əsəri sırf çılpaq ideya müstəvisində  həll edir. Və müxtəlif səhnə quruluşlarında bütləşdirilən və ya məhv edilən İblisin ölməzliyi son monoloqdakı mətnlə təsdiqlənməklə yeni yozumu üzə çıxarır. Arabanın üzərindən  başlar üzərinə qaldırılan İblisin təntənə ilə yola salınması və karnavalın davam etməsi hadisələri əbədiyyətə qoşmaqla, yaradıcılığı və hətta həyat yolu ilə şərə qalib gələn Cavid əfəndinin hünərini bəyan edir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.