Dalğa Xatınoğlunun "Ayna" şeirlər toplusu çap olunub
09.10.14
Şair Dalğa Xatınoğlunun "Ayna" adlı şeirlər toplusu nəşr olunub.
Dalğa Xatınoğlu bu münasibətlə bildirib: "İlk və son şeirlərim tamamilə platonik təfəkkürün təsiri altındadır, ancaq ötən onillikdə yazdıqlarım modern üslubdadır: bağırtıdan iniltiyə, sonra isə acı yumora çevrilən intonasiya..."
Onun sözlərinə görə, II Dünya müharibəsindən sonra artıq dünyanın inqilab və partlayışla qurtulacağı deyil, şar kimi inilti ilə boşalacağı təhlükəsi çağdaş dünya ədəbiyyatının aktual mövzusudur: "Martin Haydeqqerin fikrincə, artıq tam qaranlıq bir eraya çatmışıq, nə önümüzü görür, nə də haraya gedəcəyimizi bilirik. Məncə, modernizmin radikal sisteminin fəsadı yalnız bununla bitmir, insan həm də keçmişinə baxanda şəffaf bir ömür hekayəsi yerinə qırıq və qarışıq hədyan görür".
Onun fikrincə, modernizm ənənəvi mifləri məhv edib yerinə modern miflər yaratdı: "Məncə, insan öz ağlına həddindən artıq söykəndi. Artıq bilirik ki, nəzarətimizdə olmayan alt-şüur düşüncənin formalaşmasında ən çox təsiri olan amildir, bu qədər qətiyyətlə ağlın hər əmrini yerinə yetirməməliydik. Keçmişə qayıtmaq, əlbəttə ki, gərəksizdir. Postmodern sənətdə keçmiş məqsəd deyil, vasitədir. Lakin fikrimcə, Sofoklun "Edip"i, Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü" qədər aktualdır. Hələ də tərəddüd içində olan intellektli Hamletlər və əminliklə hərəkətə keçən avam Don Kixotlar dünyada hər baxımdan dominantdırlar".
Oğlum üçün
O qədər gözəlsən ki, Gözlərimin əlində qalıram, Yenidən üzünə dönür hara qaçırsam baxışlarımı. Ayaqlarım öz əlimdə deyil ki, Sənə uzanır bütün yollar, bilirsən. Uzan yanımda, gülüm, Uzan yollar qədər uzun. O qədər şirindir ki, Yenidən udmaq istərəm, Sənə deyəsi sözlərimi içimdən ağzıma çatınca. Danış, gülüm, Nə istərsən təkrar-təkrar, Böyüdükcə görərsən, Arzular boğazdan dodağa çatınca ölür. Danış, gülüm, Böyüdükcə ürəklər arzular qəbiristanı olur Böyüdükcə görürsən, Yalan da həqiqətdir, gerçək də. Hələ uşaqsan, İtirib unudursan sevdiklərini belə, Sonra böyüyür insan, Bezdiklərini də itirməkdən qorxur.
Gündüzü oturmaq, gecəni yatmaq bilməzsən, Bu gözəl, Böyüdükcə insan, Gündüzü qıçının yatması, Gecəni yuxusunun qaçmasından qorxur.
Axı sən kimsən? - Gözəlliyi yenidən yaratmaq həvəsim.
Ah bə bu körpə yaşlar! İnanmazsan, əmin Nazimdən sor, Bu gün yaran bir öpüşlə bitir, Böyüyürsən bir öpüşlə başlar.
Cücələrini xatırla, Sıxıb boğduğun yadındamı birini? Sonra tərpənmədi nə qədər çağırıb-çığırsan da, Yəni həyat bu oğlum, İflic edirlər insanı, Sonra tərpənmədiyinə küsürlər.
Yaxşı, üzülmə, Qalan cücələri düşün, boş ver, Götür ay dəryazını gecələr, biçib ulduzları dən tök önlərinə. Götür ay çanağını gündüzlər, Göy dənizindən su qoy hinlərinə.
Sən heç bir iddiası olmayan körpə, İddiasızlıq ən böyük iddia! Zatən aşiq doğulur bütün insanlar, Beş yaşından artıq böyümür ki, Sonra çaşıb, Özünü böyükmüş kimi aparır insanlar Zatən şair doğulur hamı, Sonra çaşıb, biri kral olmuş, Biri başqan və başqaları qul. Cibindən gedib, Öpüşdən başqa hər şeyə xərclədiyin pul.
Oxumaqla deyil ki, Aşiq olunca bilirsən, Bir üstə gəl bir, bir olur, İkidən biri çıxınca sıfır qalır.
Uduz eşq qumarında büsbütün, Qalmasın heç nəyin, Yeni bir qumara həvəsindən başqa. Yəni qalmasın aldığın heç bir borc, Geri qaytarmağa, nəfəsindən başqa. Bəli, ən ideal həyat, yenə bir faciə. Boş ver, Dünya top gülləsi kimi ağır, köpük qədər boş Bilərək yaşamaq nə gözəl. Bəli, böyüyüb görəcəksən, Yoxsullar doyacaqlar bir gün, Yaşamaqdan doyacaqlar yoxsullar. Yol çəkmədilər ki, Şallaq çəkdilər yerin belinə, Tunellərinin sonunda da bir işıq yox, Hara qaçmalı qarğınmış Yer kürəsindən? Körpülərin iki başı da yerə dirənmiş. Sıxma ürəyini, Al portağal soyum günəşi səninçün, Al limon sıxım çayına, Al buludlar şəkərpambığın olsun, Al ulduzları duz səpim yeməyinə... Ah gülüm, Ayaqlarım öz əlimdə deyil ki, Sənə uzanır bütün yollar, bilirsən.... /trend.az/
|