Azad Qaradərəli - Böyük sual işarəsi
06.10.14

Avanqard.net yazıçı Azad Qaradərəlinin gənc yazıçı Cəlil Cavanşirin “Qadın corabları” romanı haqqında tənqidi məqaləsini təqdim edir.


    Cəlil Cavanşirin “Qadın corabları” romanını oxumağa başlayanda  bu sətirləri yazacağımı bilmirdim. Axı mən, birincisi, tənqidçi deyiləm, ikincisi də  oxuduğum kitabların hamısı  haqda  yazmağa məcbur da deyiləm. Amma bəzi kitablar var ki, onlardan vaz keçə bilmirsən. Məsələn, Cəlildən daha gənc dostum, Slavyan Universitetinin Yaradıcılıq Fakultəsində dərs deyərkən tanış olduğum Səxavət Sahilin kitabından yazdığım kimi...

    “Heç kimsə hünər nərdivanını əli cibində dırmanmamışdır... “ Müəllifini unutduğum bu deyimdə böyük həqiqət var. Yazı prosesi də bir hünər nərdivanı kimi düşünülsə, burada yazarın işi daha zor. Yəni, müasir yazıçı “Səid Səidənin sevgisinə qarşılıq almayınca 9-cu mərtəbəyə çıxıb özünü atacağını bildirdi...”, yaxud “Ey  şanlı Vətən torpaqları..!” tipli ritorik, patetik  cümlələrlə zəngin ədəbiyyat nümunələrinin artıq arxada qaldığını  yaxşı bilir. Dünyanın klassik və müasir ədəbiyyat nümunələrini oxumuş, ədəbiyyatın təkcə “ədəb, ərkan və əxlaq” bildirmədiyini, bəlkə də bütün elmlərin və sənətlərin başında gəldiyini anlayan  müasir yazar modern ədəbi düşüncəyə  sahib birisi kimi  hekayətin hekayədən, romantikanın romandan çox fərqli bir şey olduğunu da bilməmiş deyil.

    Haşiyə. Bir dəfə gənclərdən “kultura” sözünün mənasını soruşdum və təəssüf ki, bilmədiklərini görüncə özüm izah etməli oldum. “Kultura” sözünün ilk anlamı “torpaq” mənasındadır. Yəni əkinçilik mədəniyyətindən başlanır o biri mədəniyyətlər də...

    Yazıçı hər mənada əkinçidir. Amma onun əkinçidə olduğu kimi yançıları, köməkçiləri də olmalıdır. Səpin səpənlər, cütçülər, hodaxçılar, qoruqçular... (Yəni yazıçı romanı işləyərkən bir neçə adamın işini görə bilməlidir.)

    Sözümün canı odur ki, modern düşüncəyə sahib yazıçı bir alim, bir tədqiqatçı, bir  nağılçı və həm də bir etirazçıdır...
                                                                             ***
    Cəlil Cavanşirin romanı bir  bitkin süjetə malik, maraqlı təhkiyəsi olan, oxucunu ardınca apara bilən əsərdir. Yəni başladınsa, qurtarmaq istəyirsən. Həm də o qədər sadə bir quruluşa malikdir ki, hazırlıqsız oxucu da çətinlik çəkmədən onu oxuyub anlaya bilər. Mən müəllifin bazara işlədiyini düşündüm: indiki gənclik mürəkkəb konstruksiyalı, dili ağır mətnləri oxumaqdan qaçır axı.
    Romanda kriminal  hissələr, hətta  bəlkə də düşünülmüş şəkildə oxucunu cəlb etməyə hesablıanmış  ekstremal  süjetlər də var ki, məncə müasir ədəbi prosesi bunlarsız təsəvvür etmək mümkün deyil...

    Amma...

    Elə bilirəm ki, Cəlilin mənim təriflərimə ehtiyacı yoxdur və ədəbi tənəzzülümüzə səbəb olan yalançı təriflər nə mənim  xörəyimdir, nə də gənc dostum bunu özünə rəva görməz.
    Mən romanda nələri görmək istərdim?

            Ceyms Coysu oxuyanda  özümü  qürurlu irland kimi hiss etmişdim, baxmayaraq ki, onu ölkəsindən qovmuşdular, amma o, bir irland qədər, bir dublinli qədər nəhayətsiz zəngin (daxilən), yaxud miskin (hər mənada) həmvətənləri ilə fəxr edirdi. Mən bunu görmək istərdim romanda.

    Müəllifini hələ də tanımadığımız (əslində, bu  o qədər də vacib məsələ deyil, vacib olan mətndir) “Əli və Nino”nu oxuyanda mən “ türk heysiyyətli, qərb qiyafəli” (Əli bəy Hüseynzadə) bir qəhrəmanın daxili dünyasını, mənən zəngin, sevgisinə sadiq  obrazını və vətəni üçün canını belə verməyə hazır  olduğunu görmüşdüm. (Xahiş edirəm, şüarçılıq kimi görünməsin, bu zatən o romanda belədir və sonda o, həqiqətən vətən uğrunda  yadellilərə qarşı vuruşaraq şəhid olur.)

    Tolstoyun, Dostayevskinin, Cek Londonun, elə bizim Sabir Əhmədlinin romanlarında dövrün, epoxanın bütün izləri ilə yanaşı, geyimlərini, adət-ənənələrini, məişətini görə bilərsən.  Hətta Milan Kunderanın romanlarından birinin qəhrəmanı Tomaşın saysız-hesabsız  qadınlarından olan Sabinanın şlyapasının rənginəcən təsvir olunması....

    Cəlilin romanının qəhrəmanı Nicat və dostları etirazçı gəncliyin nümayəndələridir, fəqət nəyə və kimə etiraz etdikləri açıqlanmır, yaxud  ötəri deyilir, bunun mexanizmi əsərdə işlənməyib. (Əslində bu, eyni zamanda  həm sağçı, həm solçu müxalifətin də bəlasıdır:  20 ildir kimə, nəyə və niyə etiraz etdiklərinin ideoloji əsasını işləyib hazırlaya bilmədikləri üçün əbədi müxalifətdə qalıblar.)

    Əsərdə  psixiatr var, amma ustalıqla işlənmiş psixoloji səhnələr azdır. Yəni əslində bu psixoloji roman olmalıydı, fəqət dedektivə daha çox meyillənib.

    Romanda fərdiləşdirmə çox aşağı səviyyədədir. Bu da obrazların danışığını çox bəsitləşdirir. Qadınlı-kişili hamı eyni söyüşü sanki əzbərləyiblər:”Gicd.....  oğlu!” Hətta bu o dərəcədə adiləşib ki, polislə digər obrazların yerini dəyşsən, bir fərq görünməyəcək – hamı müəllif kimi danışır, söyür...

    Əsərin əsas qəhrəmanı Nicatın romanda çoxlu dostlarının adı keçir, amma  Şahindən  və psixiatr Orxandan  başqa heç kim yadda qalmır. Yəni bircə ştrixlə də olsa, onların daxili keyfiyyəti, xarakterləri çözülə bilərdi.

    Əsərin əsas obrazlarından biri olan Könülün iç dünyası yoxdur, mənəvi aləmi çox bəsitdir, amma bir də gördün Spinozadan danışmağa başladı.

    “Corabı çox vaxt deşik olurdu və bu deşikdən görünən baş barmağını  ciddi-cəhdlə gizlətməyə çalışırdı” – bu cümlədən sonra  obrazın kimliyi, hansı ailəyə mənsubluğu və daxili  təmizliyi üzə çıxır. Obrazın açılması üçün çox lazımdır bu cür təsvir – nə yazıq ki, bu kimi detallar romanda çox azdır.

    Yazıçı özünü əsərin içərisində çox dərinlərdə gizlətməli, az-az hallarda zühur etməlidir. Amma burada tərsinədir: müəllif bizə əsəri oxumağa imkan vermir. Hətta arada təxminən belə sözlər də işlədir: əsər mənimdir, mən bilərəm, oxuyursan oxu, oxumursan, oxuma...  
    Yazıçı narkomanlığa, narkotik yayanlara qarşı amansız olmalıdır, bu,  “Qadın corabları”nda da belədir. Amma əsərin “dartan” cayıllarını düşünəndə adamı qorxu bürüyür: yəni ölkədə narkomaniya bu boydadırmı? Hətta kənddə balaca bir oğlan belə dünışır:”Kəndimizin həmişə dəyirmana  yığışıb dartan  cayıllarından bir az “ot” istədim.”

    Cümlədə yerinə düşməyən, yaxud otuzdurulmayan söz və cümlələr var: “Nicat hətta namaz qıldığı vaxtlarda da allaha inanmamışdı.” (Bu hal ola bilər, amma bunun psixoloji açılımı olmalıydı.) Yaxud bir kəndli ata görün necə danışır:”Gedin, həyatınızı qurun, mənim sizin ailənizə baxacaq qədər imkanım yoxdur.”  (Əslində  kəndli qoca  təxminən belə danışar:”Gedin ev-eşik sahibi olun, mənim yaxamdan əl çəkin.) Belə bir əndirəbadi cümlə:”Zəhərlənmək arzusu ciyərimdə qalmışdıı.”  Bu cümləni  isə əsərə heç  yaraşdırmadım:”...Könüllə  görüşüb  bu məsələləri aydınlaşdırmasaydı, yəqin ki, Orxan baş götürüb hansısa bir hekayəyə-zada qəhrəman gedəcəkdi.”  Belə bir  cümləni  də yalnız türkiyəli oxucu başa düşə bilər:”Bir həyat qadınına aşiq oldumş”. “Nicat hər dəfə bir bəhanə ilə onların başını yozurdu” –  yozurdu sözü yerində deyil...

                                                                             ***

    Elə bilirəm ki, bu əsər, göstərdiyim qeydlərə baxmayaraq, Cəlil bəyin yaradıcılığında yeni bir addımdır. Bu əsərdə yeni  dünyagörüşlü, yaxud dünyagörüşdən məhrum gəncliyin yetişdiyini bizə həyəcanla xəbər verir müəllif. Vəziyyət o dərəcədə mürəkkəbdir ki, əsərin  psixiatr  qəhrəmanının özü belə   psixiatra ehtiyac duyur.  Vəziyyət o dərəcədə kritikdir ki, hərəkat adamlarının içinə soxulmuş birisi, əslində hərəkatı içəridən dağıdan muzdlu  casusdur, amma əsər  başa çatır, qəhrəmanların heş biri bundan xəbər tutmur. İş o çillədədir ki, hamını qorumağa borclu olan birisi arvadını və bacısını qoruya bilmir...

    Əsərdə böyük bir sual işarəsi var: “Kimdir müqəssir?”

    “İnsanı şərait formalaşdırır” (Monteskyo) deyən müdrik nə dərəcədə haqlı idi? Melanxoliya, ruh düşkünlüyü, sonda alkoqola və narkotikə təslim olmaq romandakı gəncliyin ən zəif  cəhətləridir. Tez-tez dağılan ailələr, qadın və kişi anomaliyaları, sonsuzluq, maddi imkansızlıq, cəmiyyətdə  tarazlığın pozulması, əxlaqi dəyərlərə arxa çevirmək roman qəhrəmanlarının ölən yeridir. Sevgi ilə oynamaq, sevən adamı barmağına dolamaq, kitabsızlıq, elmi biliklərdən uzaq düşmək, ədəbiyyatı və ədəbi istedadı ciddiyə almamaq gənclərin həm mənəvi, həm fiziki məhvinə səbəb olur. İstedadlı adama qiymət verməyən cəmiyyət qısırlaşır...

    Ədəbi kluarlarda bu əsərin müzakirəsi  nə dərəcədə olub, olmayıb, bilmirəm, amma bir onu bilirəm ki, Cəlil Cavanşir də daxil, bu nəsil tezliklə özlərinin bir neçə tənqidçisini, esseistini yetişdirməsə, vəziyyət yaxşı olmayacaq. Çünki əsərin yazılması və çapı azdır, onun oxucu və ictimaiyyət üçün şərhi də lazımdır.  Əsərin  nakam qəhrəmanı  Nicat Aslan demişkən: “Əslində hər şey çox sadədir...”

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.