Vaqif Bayatlı Odər - Səni niyə belə sevdim?
01.10.14
Bu gün istedadlı şair Vaqif Bayatlı Odəri doğum günüdü.
Vaqif Bayatlı Odər 1949-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb.
Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib. (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991-).
Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.
Avanqard.net Vaqif Bayatlı Odərin şeirlərini təqdim edir.
Səni niyə belə sevdim?
Səni niyə belə sevdim, belə istədim niyə, canımdakı min tikana, bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı görəmməyən varmı, hanı?! həm gizlətdim, həm də hamı bilə istədim niyə?
Min illərçün də Allahdan Gecə-gündüz, hər an, hər an səni özümə həm sultan, həm də, həm də kölə istədim niyə?!
Bir qızın telləri əsdi üzümə
Gizlicə-gizlicə gəldi buludlar, Gizlicə-gizlicə döndü ümidlər, İndiki buludlar beləcə gəlmir, İndiki yağışlar beləcə yağmır. İllərin o başından bir qız yaylığı üstdə bir ipək xatirə döndü qəlbimə, bir qızın telləri əsdi üzümə.
Gülüm yağış! Çiçəyim yağış! O ipək illərdən, atlaz günlərdən, Gilənar göylərdən dolan yağışım, yollarda yorulub gözümdə, könlümdə qalan yağışım, bir çinar üstündə qoyub gəlmişdim səni, çinarın altında bir gilənar qız. İndiki yağışlar beləcə yağmır... Bu gilənar yağış mənim qəsdimə yağır, O dost çinarın üstündən yağır, On ildən, beş ildən, dünəndən yağır, bütün sevgilərin dönən yerindən yağır. Bəlkə də, bəlkə də lal məhəbbətlərin dinən yerindən yağır.
İllərin altında solmaz o tellər, Hər bulud lələyi ümidlə gələr, O barlı illərin sevgisi qızlar Bir də gilə-gilə qızardı bəlkə...
|