Burku-burku Sezməzlik
Çisələyirdi...
Bir bulud
Baramaya soxmuşdu göyü.
Çağ adlı xanım nənə
Nağıl deyirdi,
Yatsınlar
Oyaq, uşaqsı duyqular.
Hər kölgədə qıvrılırdı
Ölümcül ləpirlər
Topancalar əllərdə.
Bizlərsə
Onlara körpü qayırırdıq
Öz körpülərimizi yıxaraq!
Ancaq
Yağışa güc yetməz idi.
Yoxluğun
Dolayından o yana
Güllələri getməz idi.
Sancı ilə
Doğurdular atəşlər
İldırım banı.
Bu yataqlarda
Oksijen də ovlaq idi!
Və bir göy çəbkənli
Köksünü deşərək
Dan yelini gözləyirdi
Əllərində çiçəklərin tuxumları
Bir cığır, bərədə
Axı dəyil yapraq,
O bir bayraq
Hələ də.
Gərəkdir,
Biləcəklər
Doğulan körpələr
Günəşin var olmasını.