Gülbala Dadaş - Çarmıxdakı Məsihin vücudu toz içində
24.09.14
İÇİNDƏ
Aylar illər içində, İllərsə öz içində. Çarmıxdakı Məsihin vücudu toz içində.
Səni əcəl aparsa, yaşamaqdan qoparsa. Yaşamayan nə varsa yaşayır söz içində.
Qəlbin yanıb közərə, od düşməsin heç yerə. Səndə cəmi bir kərə yanasan köz içində.
Ölüm gəzər canında... görərsən ki, anında ruhun Onun yanında, cisminsə bez içində.
SEYİD ƏZİMƏ NƏZİRƏ
Bülbüləm, bir cahan adlı qəfəsim var mənim, Amma tənha deyiləm, dadirəsim var mənim.
Tək görüb təkləyə bilməz məni heç kim, çünki, “Əvvəl-axır” deyilən bircə Kəsim var mənim.
Görən anda səni öldüm, yenə də ölmək üçün Çox şükür ki, hələ bir az nəfəsim var mənim.
Səsləsəm, səs verəcəkdir səsimə, səs verənim, Sanma bica yerə aləmdə səsim var mənim.
Mən özümdən Dadaş, əvvəl səni öldürməliyəm, Bu səbəbdən yaşamaqçün həvəsim var mənim.
|