Dikkens bir gün gizləndiyi və unudulduğu yerdən çıxıb gələcək
24.09.14

“Sayılıb-seçilmək, hətta müqəddəslik belə əslində əksəriyyətin düşündüyündən çox daha bəsit – gündəlik geyim-görünüş məsələsidir”

Kral IV Corc Londonun mərkəzində Bakingham Sarayının tikilişi üçün göstəriş verir. İşə onun dövründə başlanılsa da, inşaat Kral IV Uilyamın dövründə də qaldığı yerdən davam etdirilir. 775 otaqdan ibarət bu möhtəşəm və görkəmli sarayın ilk qonağı Kraliça Viktoriya olur. Viktoriya əmisi Uilyamın qəfil və naməlum ölümündən sonra 18 yaşında taxta çıxır.

İngiltərə monarxiyasının məşhur təmsilçilərindən Viktoriya altmış dörd il nəhəng İmpertatorluğu idarə edib, 1901-ci ilə - ölümünə kimi 22 baş naziri vəzifədən yola salacaqdı. Hələ kraliçanın sağlığında sənayeləşmənin gətirdiyi sonsuz imtiyazlarla dünyanın beş qitəsinə qolları uzanan Böyük Britaniya İmperatorluğu “üstündə daim günəş olan” müqəddəs güc sahibi kimi qəbul edilirdi.

“Viktorian Dövrü”, “Viktorian mərhələsi” kimi çoxsaylı təsvirlərlə tarixə düşən həmin illər eyni zamanda haqsızlıqlara yuvalıq edən ədliyyə sistemi, sadə xalqın min bir əziyyətlə dolandığı, Allahın ümidinə tərk edildiyi, ölümcül iş şərtləri ilə işlədiyi zamanlar olub. Elmi tədqiqatlar və ciddi ixtiralarla xristian cəfəngiyyatı arasındakı ilk ciddi toqquşmalar da məhz bu dövrlərə təsadüf edir. Hörməti, sayılıb-seçilməyi, imtiyazı adət-ənənələrə bağlı keçirdikləri həyat tərzi ilə qorumağa çalışan üst sinfin nümayəndələrinin ikiüzlülüyü sosial həyatda sadə əmək adamlarına dözülməz təzyiqlər etmələri ilə özünü büruzə verir. Dövrü simvolizə edən geyim tərzi və incəsənət anlayışları ilə tabular yaradan elita nümayəndələri eyni zamanda özlərini qoyduqları qaydalara əsir edirdilər.

Belə gərgin və tez-tez təzyiqə əl atıldığı dözülməz şəraitə yenə cəmiyyətin öz içindən olan insanların yaratdığı ədəbi əsərlər etiraz edir. Dövrün nüfuzlu ədibi Artur Konan Doylun (1859 – 1930) “Şerlok Holms” hekayələrini, Aqata Kristinin “Herkule Poirot” macəraları izləyir. Yavaş-yavaş ingilis ədəbiyyatının ilk fantastik nümunələri Levis Karol təxəllüsü ilə yazan Çarlz Lüdviq Dodqsonun “Elis möcüzələr diyarında” (“Alice in Wonderland” (1865)) və Robert Louis Stevensonun “Dr. Jekyll və Mr. Hyde” (1886)) romanlarının işığı ilə həyat tapır. 

Klassik ingilis ədəbiyyatında isə Ceyn Austendən sonra həyata daha fərqli və realist mövqedən baxa bilən, sadə, zəhmətkeş insanların əziyyətli həyatını gün işığına çıxaran çox güclü bir qələm – Çarlz Dikkens üslubu, yaradıcılığı Viktorian dövrünə öz damğasını vurur.


“Ən yaxşısı hissəsi üz qabığı olan kitablar da var”

7 fevral 1812-ci ildə Hempşayerdə gənc ailənin ikinci övladı dünyaya gəlir. Yeni doğulan körpəyə Çarlz adı verən ailə onun üç yaşı olanda Londona köçmək qərarı alır. Siravi məmur ailəsində doğulmuş Çarlz olduqca qayğısız uşaqlıq illəri keçirir və bu, atası Conun borclarına görə həbs olunmasına qədər davam edir. Həmin vaxt cəmi 12 yaşı olan Çarlzın ailə üzvləri də bir-bir həbs olunur. Kimsəsiz uşaqlar evində sığınacaq tapan Çarlz həftənin yeddi günü gündə on saat günəş işığı almayan nimdaş, onun yaşındakı uşaq üçün qorxunc hesab edilən fabrikdə işləməli olur. Həmin illərdə balaca Çarlz çox ağır şərtlər altında çalışmaqla yanaşı, həm də demək olar ki, ölüm-qalım mübarizəsi aparır. Lakin sonralar yazar özü də etiraf etmişdi ki, ona və əsərlərinə məşhurluq qazandıran əsərlərin qəhrəmanlarını o məhz bu illərdə tanıyıb.
“Borcunu ödəyə bilməyən adam həmin borcu ödəyə bilməyəcəyi aydın məsələ olan başqa birini zamin tutur. Təsəvvür edin ki, bu, çəlik və qoltuğağacı ilə gəzən bir insanın çəlikdən istifadə edən başqa birisinin ona verdiyi yerimək vədinə inanması kimi bir şeydir”

Üç il bu vəziyyətdə yaşayan Çarlzın və həbsdəki ailəsinin həyatı nənələrinin ölümü ilə köklü dəyişir. Belə ki, atasının anası öldükdən sonra ailəyə iri məbləğdə miras qalır, bu mirasla ailə bütün yığılmış borcunu ödəyir və azadlığa çıxırlar. Lakin bu dəyişikliklərdən Çarlza heç nə nəsib olmur. Belə ki, anası Elizaveta onun bərbad fabrikdə işləməyə davam etməsini istəyir. Çarlz yalnız atasının təkidləri nəticəsində təhsilinə davam edə bilir, 17 yaşında vəkillik bürosunda işə düzələrək, yenidən pul qazanmağa başlayır. Sonra peşə fəaliyyətini məhkəmədə proses yığıcısı kimi davam etdirsə də, iyirmi yaşında parlament müxbiri təyin edilir. Elə təxminən həmin illərdə o zamana qədər hafizəsində fotoşəkillərlə topladığı hadisələri və xarakterləri qruplaşdıraraq, ilk hekayələrini qələmə almağa başlayır.


“Pis adamlar olmasaydı, yaxşı vəkillər də olmazdı”

Jurnalist kimi fəaliyyət göstərməyə başladığı ilk zamanlarda Çarlz bank sahibinin qızı Mariaya aşiq olur. Olduqca dərin hisləri qarşılıq görən Çarlz üç il Maria ilə gizli eşq yaşayır. Bir az da eşqin varlığı ilə qələmini gücləndirən gənc yazarın ilk hekayələri təzə-təzə uğur qazanmağa başlayır. Elə həmin ərəfədə Marianın atası qızına daha layiqli ər namizədi axtarmağa başlayır və Çarlza qızının münasibətinə qadağa qoyur.

Çarlz Dikkensin demək olar ki, bütün əsərləri həftəlik və aylıq nəşrlərdə silsilə olaraq yayımlanıb. Yazarın əsərləri qara karandaşla çəkilmiş portretlərlə bəzənərək, daha oxunaqlı və cəlbedici formaya salınır. Getdikcə daha sıx oxucu məktubları almağa başlayan yazar maraqla qarşılandığını gördüyü bütün hekayələrini davam etdirir. 

“Çarlz Dikkens dastanvari nəhəng və unudulmaz hekayələri, rəngli xarakterləri, yaşadığı dövrün hər sahəsini, həyatın hər anını oxucunun təxəyyülündə bütün detalları ilə canlandıran güclü təsvirləri ilə ədəbiyyat tarixinin unudulmazları arasında layiqli yerini tutub” – BBC
Müəllif ilk dəfə oxucuları ilə 1833-cü ildə “The Monthly Magazine” jurnalında BOZ təxəllüsü ilə görüşür. Daha sonra “Morning Chronicle” qəzeti ilə yaradıcılığa davam edən yazar 1834-cü ildən 1836-cı ilə qədər “Sketches by Boz” sərlövhəli yazılarla nəşr olunur. Həmin müddət ərzində nəşr olunan yazılar romanın tərkib hissələri olub. Buradakı gözlənilməz uğurdan sonra iş təklifləri alan Dikkens 1836-cı ildə “Bentley’s Miscellany” jurnalı ilə müqavilə imzalayır və burada redaktor kimi işə başlayır. Həmin dərgidə müəllifin “Qəribə macəra” (“Pickwick Papers”) romanı iki il hissə-hissə dərc olunur. Onun məşhurluğu məhz bu romanla birə-beş artır. Romanda yaşlı və zəngin cənab Pikvik Londonun kasıb məhəllərini gəzintiyə çıxır. Burada gördüklərini, yaşananları, yaşayanları elit sinfin nümayəndələrinin qatıldığı görüşlərdə danışır. Dikenz dövrünün kasıb oxucuları bu hekayələri ağrı ilə, zəngin oxucuları nağıl kimi oxuyur. Romanın irəliləyən hissələrində Çarlz Sam Ueller adlı işçi sinfindən olan hazırcavab, sadə, hər cür vəziyyətdən çıxmağı bacaran və dürüst bir obrazı romana gətirir. Sam dürüstlüyü və insanların zənginlərə deyə bilmədiklərini deməsi ilə geniş oxucu kütləsinin rəğbətini qazanır. Məhz Samın köməyi ilə Dikkensin oxucu kütləsi hər hekayədən sonra daha da genişlənir. Sonralar cənab Pikvik və Sam Uellerin macəraları, Servantesin qəhrəmanları Don Kixot və Sanço Panzanın macəraları ilə müqayisə edilib.

“Başqa bir insanın yükünü yüngülləşdirib, sıxıntısını bölüşən heç kim yararsız deyil”
Yazarın ədəbiyyat sahəsində karyera üfüqləri yeni-yeni parlamağa başladığı ərəfələrdə atası yenidən borca görə həbs olunur. Çarlzın yaxşı qazanması və dövrə görə yüksək gəlirli işlə məşğul olması təbii ki, borc içində batan ailənin tez-tez pul üçün ona müraciət etməsinə səbəb olur. 

Vəziyyətdən kimsəni incitmədən çıxmağa çalışan Dikkens 1836-cı ilə yeni tanış olduğu sevgilisi Katerina Hoqart ilə nigah masasına əyləşir. Bu evlilik Dikkensin yaradıcılığına da müsbət təsirini göstərir, 1837-1839-cu illərdə müəllifin ən məşhur əsərlərindən “Oliver Tvistin macəraları” (“The Adventures of Oliver Twist”), ardından da “Nikolas Niklebayın həyatı və macəraları” (“The Life and Adventures of Nicholas Nickleby”) hissələr şəklində yayımlanır. Müəllifin adıçəkilən iki romanla qazandığı uğuru “Antikvar mağazası” (“The Old Curiosity Shop” (1840-1841)) əsəri davam etdirir.

Artıq maliyyə vəziyyəti də getdikcə düzələn yazıçı həyat yoldaşı ilə birgə Amerikaya köçür. Yazarın Amerikaya getməkdə əsas məqsədi heç bir ödəniş etmədən onun əsərlərini yayımlayan naşirlərlə mübarizə aparmaq, digər tərəfdən də quldarlıq sisteminə qarşı fikirlərini və dünya tarixinin utancverici dönəmlərinin bəşəriyyəti nə qədər geriyə çəkdiyini ölkənin qabaqcıl fikir adamları ilə müzakirə etmək olur. 

Dikkens Amerikada böyük coşğu və hörmətlə qarşılanır, çoxsaylı tədbirlərə dəvət alır. Çarlz burada etdiyi çıxışda durmadan tütün çeynəyib, ictimai yerlərə tüpürən amerikalı kişiləri sərt şəkildə tənqid edir. 

Yaradıcılığa burada da ara verməyən Dikkens 1841-ci ildə “Barraby Rudge” əsərini çap etdirir. “Martin Çuzlevitin həyat və macəraları” (“The Life and Adventures of Martin Chuzzlewit”) əsəri 1843-1844, “Dowbey and Son” əsəri isə 1846-1848-ci illər arasında hissə-hissə dərc olunur. Nəhayət, sıra həyatının ən ağır illəri kimi xatırladığı illərə, fabrikdə işlədiyi dönəmə qayıdan və gördüklərini “Devid Koperfild” əsərində canlandıran Dikenz bu əsərlə dünya şöhrəti qazanır. 1850-ci ildə nəşr olunan əsər bir növ avtobioqrafiya da adlandırıla bilər.

“İnsanlar sevinmək, həyəcanlanmaq, gülmək istəyəndə və ehtirasın insanı mərhəmət olunası vəziyyətə saldığı həddindən qurtulmaq, gündəlik həyat mübarizələrindən yorulub şeirin əsrarəngiz gücünə sığınmaq istəyəndə Dikkens gizləndiyi və unudulduğu yerdən çıxıb gələcək” - Stefen Zveyq

Yazıb-yaratmaqdan bezib-yorulmayan yazarın hissələr şəklində yayımlanan sonrakı əsəri “Qorxu evi” (“Bleak House” (1852–1853)) olur. “Çətin zamanlar” (“Hard Times”), “Balaca Dorrit” (“Little Dorrit” (1855 – 1857)) və “İki şəhərin hekayəsi” (“A Tale Of Two Cities” (1858–1859) əsərləri də yazarın hiss-hissə dərc olunmaq ənənəsinə uyğun yazılır.

Teatr və səhnə ilə də yaxından maraqlanan Dikkens tez-tez teatrlar üçün oyunlar yazır, təklif olunduqda aktyor kimi rol alırdı. 1851-ci ildə dövrünün nəhəng tənqidçilərindən sayılan Dikenz Kraliça Viktorianın izləməyə gəldiyi tamaşada səhnəyə çıxır.

Ailəsi ilə birgə səyahət etməyi sevən, İtaliya, İsveçrəni qarış-qarış dolaşan yazar hər yerdə yazmaqla məşğul olur. 1858-ci ildə onuncu uşağının anası Elizavetadan ayrılıb, bir tamaşada rol paylaşdığı aktrisa Ellen Ternan ilə birgə yaşamağa başlayır. 

“Dünən Dikkensdən hardasa 100 səhifə oxudum. Nə qədər aydın, rəngli idi... Düzdür, birxətlidir, amma nə qədər zəngin, nə qədər yaradıcıdır, nə qədər təkrarsızdır. Ancaq ilahi bir yaradıcılıq deyil bu. Yerə və insana yaxındır” Virciniya Vulf

Keçirdiyi qatar qəzasında ciddi yara almasa da, dərin psixoloji böhran keçirən yazar Amerikaya qayıdır, bir müddət yazmağa ara verir. Cəmi 58 yaşında Amerikada dünyasını dəyişir.
İlk hekayələrini yazmağa başladığı gündən onun yol yoldaşı olan Con Forsterin köməyi ilə avtobioqrafiyasını yazdırır. Onun vəsiyyətini belə Forster qələmə alır. Dikkens Londonun mərkəzindəki Vestminster Abbeyin şairlər üçün nəzərdə tutulmuş hissəsində dəfn edilir. /kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.