Kamal Abdullanın “Sehirbazlar dərəsi” romanı Fransada işıq üzü görüb
22.09.14
Yazıçı Kamal Abdullanın “Sehirbazlar dərəsi” romanı bu yaxınlarda Fransada işıq üzü görmüşdür. Kitab fransız dilinə türk dili və ədəbiyyatının gözəl bilicisi olan Daniyel Rottenberq tərəfindən romanın Azərbaycan, türk və ingilis dillərindən tərcümə edilmişdir.
Kitaba yazılan ön sözün müəllifi də tərcüməçi Daniyet Rottenberqdir. Kitab Fransanın məşhur “Harmattan” nəşriyyatında çap edilmişdir.
Ön sözün müəllifi əsər haqqında olan fikirlərini bu şəkildə ifadə edir: “Kamal bəy öz əsərində çox mühüm mövzulara qədim tarixi bir fonda (hətta zaman dəqiq göstərilməsə belə) nəzər salır. Müəllif oxucunu füsünkar və təsirli tarixi məqamın içərisinə daxil edərək hadisələri bir çox hallarda mayası poeziya ilə yoğrulmuş üslubla təqdim edir. Bu isə oxucunu əsərin sonuna qədər gərginlikdə və intizarda saxlayır.”
Qeyd etmək lazımdır ki, “Harmattan” nəşriyyatı daha öncə Kamal Abdullanın “Yarımçıq əlyazma” (təkrar nəşrlə iki dəfə) və Fransalı alim Mişel Malerbin də həmmüəlif olduğu “Parlons Azerbaidjanais” – “Azərbaycan dilində danışaq” kitablarını çap edib.
|