Vəlixan - Yoxluğundan başqa yoxdur heç nəyi mən heç kimin
19.09.14
Qəzəllər
*** Saldı saçlarıma dən, qəlbimə xal. Məndə ta qalmadı dərd çəkməyə hal.
Görmüşəm gördüyümü xeyri nədir? Bu fələk barmağını eyləsə bal.
Ömrümü boğdu acı göz yaşına Bir şirin söz, gülər üz, saçları çal.
İsti bir xoş nəfəsin, doğma səsin Tuta bilməz yerini dövlətü-mal.
Doğma insan qapısında yeri var Səni zəncirliyə it tək, verə yal.
Çox çətindirki xəyallar qurasan Qaça qəlbin önə, bəxtin qala dal.
Vəli üz vurma bu dünyadan keç Bağrı al-qan sən, o isə üzü al.
*** Yoxluğundan başqa yoxdur heç nəyi mən heç kimin. Dədim ilə dərdi olmaz heç zaman tən heç kimin.
Səndən özgə qəm deyildir yoxluğu bir kimsənin Həm məni etməz cahanda varlığı şən heç kimin.
Ya bu itgi yarəsi gec köz qoyar ya qoymaz heç Kaş əzizi köçməsin dünyadan erkən heç kimin.
Dərd deyil dərd çəkməyim, dərdim çəkimlik dərd deyil Çəkməsin başı bunu nə dost nə düşmən heç kimin.
Olmasaydı çəkdiyim dərdim, sənin dərdin əgər Dərdi salmazdı mənim saçlarıma dən heç kimin.
Sən bir öylə şəxssən eşqin mənim ruhumdadır Ki, o yerdə eyləməz sevdası məskən heç kimin.
Nə o əllər, nə o gözlər, nə o sözlər yoxdusa Yoxdusa o, yoxsan ağlında Vəli sən heç kimin.
|