Rövşən Yerfi - “Atadan, anadan yar şirin olur, olur...”
18.09.14
Mənim millətim...
Esse
Hər gün içərisində yaşadığım, rastlaşdığım, dilini anladığım mənə doğma olan ətrafımdakı yüzlərlə insanlar hərdən könlümdə qəribə hisslər yaradır. Yüksək mənəvi keyfiyyətləri ilə yanaşı, bəzən xoşa gəlməyən çatışmamazlıqları, qüsurları olsa da belə düşünürəm ki, mən heç cür bu adamlarsız, onlardan uzaqda yaşaya bilmərəm. Bu insanlar kənar, özgə deyillər – onlar mənimdilər, mənim xalqımdır, mənim millətimdir...
Dünyaya gələndə valideynlərimizi seçə bilmədiyimiz kimi, millət də insana Allah tərəfindən verilən bir şərafətdir. O, həm də insanın bir əlaməti, xüsusi keyfiyyətidir. Bir qayda olaraq ata-anasını yetərincə sevməyənlər, mənşəyi hesab edilən millətinə də etinasız yanaşırlar. Burada nədənsə xatirimə bir xalq mahnısının misrası düşür: “Atadan, anadan yar şirin olur, olur...” Bu sözlər çox güman ki, elə-belədən, sözgəlişi deyilməyib. Millətin xarakterində oturuşmuş xırda bir cəhətin mahnıya köçüb yaddaşlardan süzülə-süzülə, illərin sınağından keçərək dövrümüzə çatmıasıdır bu. Demək biz axarımızı dəyişib mənbədən çox mənsəbi sevənik, şəxsi mənafe bizə bütün dəyərlərdən əzizdir və vacibdir. Odur ki, xalqın birincisi sayılan şah babalarımız tərəddüdsüz ərəbə baş əyiblər, şəxsi maraqlarına görə, qardaşa üstün gəlmək üçün farsa tapınıblar... Şahları farsa, xanları rusa kiçilən millətin özünə güvənən gününü hələ çoxmu arzu edəcəyik?..
Xəyanətimizə göz yumub günahkar Arazı etdik, yadlara sığındıq. İtaətlərində saxlaya bilmədikləri şimal əyalətlərinin rusa verilməyinə razı olan öz Qacarlarımız olmadımı?.. Ey, mənim hər cəhətdə əvəzi, tayı-bərabəri olmayan millətim... Ulu Sabir demişkən, “qeyrətimiz bəllidi hər millətə”. Özündən olanı sevməyən, daim özgələrə yarınmağı xoşlayan, evində otağının, yatağının yaxşısını, tikəsinin dadlısını qonağına saxlayan, qonağı qarşısında əskilməyi ilə fəxr edən millətim... Başqaları kölgəsini də sevəndə sən gəlmələrə qucaq açdın, düşmənlərindən fərqli olaraq tolerant oldun, özününkünə qıymadığını yadlara bağışladın... Sənin özünü sevən anın, vaxtın olacaqmı, millətim?..
Əsrlərlə varını daşıdılar, torpaqlarını aldılar, - sən, elə hey namərdlərə, gizli düşmənlərinə dost deyib durdun. Nifrətinmi korşalıb, yoxsa yaddaşınmı qocalıb, millətim?
Dərbənddən Kərkükə, Həmədanadək türk, türkman, “müsəlman”, azərbaycanlı, azəri və daha neçə adlara bölünüb varlığını düşməninə yedizdirə bilməyən millətim. Səndən nə umum? Əsrlər boyu ağalarının yadırğatdığı milli mənlikmi?..
Heyf.., milli mənliyimiz gərəyincə olsaydı bizim də imzamız görünərdi tanınan “imzalar içində”... İllərdir içimizdə aktual olan bir sual var: Biz öncə türkük, yoxsa müsəlmanıq? Müstəqilliyimizi əldə etməyimizdən çox illər keçməsinə baxmayaraq aramızda hələ də bəzilərindən kimliyini soruşanda milliyətindən qabaq ilk növbədə müsəlman olduqlarını deyirlər. Onlara görə müsəlman olduqlarını düşünmək, sanki, türk olmaqdan çox-çox şərəflidir. Elə bil türk hesab edilərlərsə qınağa tuş gələrlər, özgələrə yarınmaqdan məhrum olunarlar, təklənərlər, alçalarlar...
Bu “məsumlar” anlamırlar ki, insanın başlıca əlaməti onun dini inamı, əqidəsi deyil, milləti sayılır. Ona görə də cahil yox, kamil insan üçün millət inancdan daha irəlidir, əsasdır, önəmlidir. Qanunauyğun haldır ki, bayrağımızda da üç rəngin ən yüksəkdə olanı millətimizi ifadə edir. Kimlərdir islam adı altında dindən istifadə edib bizə kimliyimizi, milliyyətimizi unutdurmaq istəyənlər? Üzdə dost, qardaş deyib, ürəklərində isə sevməyən, bizi idarə etmək, həmişə nəzarəti altında saxlamaq xəyalında olanlar, Azərbaycanımızın güclü, vahid olmasını görmək istəməyənlər...
Dini inancın insan mənəviyyatında, onun həyatında oynadığı rol şübhəsiz möhtəşəmdir. Amma, milliyəti dinlə əvəz etmək mənliksizlikdən başqa bir şey deyildir və ya mənliyin natamamlığıdır. Mənliyi bütöv olmayan insan heç Allahına da gərəkməz. Belələri yalnız dinlə pərdələnib yadlara, şeytanlara qul olmaq üçün yaranıb.
Dinin əzəmətini anlayıb, ondan öz hakimiyyəti üçün lazımınca istifadə edən Şah İsmayıl Xətainin böyüklüyü ondadır ki, o, bu azman qüvvə qarşısında kimliyini, mənliyini itirmədi, millətinin dilini, adını ucaltdı. Onun varlığını, qüdrətini düşmənlərimizə sübut etdi. Bu səbəbdən də əsrlər boyu ərazimizdə yaşamış yüzlərlə şahın içərisindən xalq qəlbində, yaddaşında təkcə Şah İsmayılın adını, xatirəsini əbədiləşdirib yaşadır. Qalanlarının adları isə axtarılarsa tarix kitablarından savayı bir yerdə tapılmaz.
Nəhayət, hamımızın bildiyi və həmişə dərin minnətdarlıqla andığı tarixi bir faktı xatırlatmaq istəyirəm. Ötən yüz illiyin on səkkizinci ilində kəndbəkənd, şəhərbəşəhər kafir düşmənlər xalqımızı qırıb çatanda mövcudluğumuz, azadlığımız uğrunda hər işdə xeyir güdən “dost müsəlman qardaşlarımız” yox, qanı qanımızdan olan Anadolu türkləri canlarından keçib şəhid oldular. Onların göstərdiyi fədakarlıq milli hissin qalan bütün hisslərdən, inam və əqidələrdən üstünlüyünün unudulmaz mübariz nümunəsidir.
Əgər bir insanın milliyətinə qarşı diqqəti yoxdursa, demək o insan öz valideyninə sevgi nədir, heç hörmət də bəsləmir. Valideynin saymayan insanı yəqin ki, Allah da sevməz. Bəlkə də kim bilir elə bu səbəbdən, içərimizdə olan bu sayaq adamların çoxluğundandır ki, yüz illərdir basqıya vərdiş başımız daim bəlalar çəkir, torpaqlarımız da yadlara paylanır... Allah millətimizi içimizdəki belə yarıtmazlıqdan, mənliksizlikdən, milliyətsizlikdən qorusun...
Mənim millətim! Milliyyətini dərk etməyənlərimzin mənsizliyi zaman-zaman bir sağalmaz yara kimi səndən əl çəkmədi. Başına gətirilən oyunlara, fəlakətlərə, itirdiklərinə baxmayaraq, yenə nə yaxşı ki, sən mövcudsan.., sən varsan və zamanın axarında məkanın genişlənir, dünya boyu böyüyürsən, yüksəlirsən, millətim..! Və mənimsən...
|