Şəhriyyə - Bəlkə, mən də roman yazım?
15.09.14
Səxavət Sahilin “İsanın qadını” romanı haqqında.
Orta məktəblə bağlı yadımda qalan məqamlardan biri də odur ki, bəzi əsərləri oxumuşdum. Bu aşağı siniflərə təsadüf edirdi. Təbii, universitetə hazırlıq əsər oxumağımıza bir əngəl oldu. Ancaq bu adəti universitetdə davam edirdik. Həm də rus dilində oxuyurduq. Yəni buna məcbur idik. Bəzən bir əsəri birimiz, digərini başqa birimiz oxuyurduq. Oxumağa vaxt qalmayanda bir- birimizə əsəri danışırdıq. Çox əsərlər oxumuşduq universitetdə. Oxunma müddəti əsərlərin axıcılığından asılıydı. Bəzən iri ölçülü əsəri bir günə, kiçik ölçülü əsəri isə bir həftəyə ancaq oxuyurduq. Müəllifin dili oxumağa əngəl yaratmırdısa, ən sevimli əsərimiz olurdu. Yemək yeyəndə belə kitab əlimizdən düşmürdü. Sanki əsərlə yaşayırdıq. Səbirsizliklə sonunu gözləyirdik. Əsəri bitirəndən sonra da bir müddət başqa aləmdə olurduq. Təsirindən çıxa bilmirdik.
Ən sevdiyim yazıçı Mopassan idi. Onun əsərlərini, demək olar ki, bir günə bitirirdim. Ən sevmədiyim yazıçı isə Hemenquye idi. Əsərlərin dili mənə o qədər ağır gəlirdi ki, insanı arxasıyla aparmırdı.
Bəzi qayğılardan qaynaqlanaraq uzun müddət əsər oxumurdum. Nəhayət ki, yeni bir roman oxudum. Bir yaxın dostum mənə bu yaxınlarda Səxavət Sahilin “ İsanın qadını” romanını verdi. Çox kiçik həcmli roman olduğundan, təbii ki, bir günə bitirdim. Başqa işlərim olmasaydı, bir neçə saata da bitirərdim. Düzü, əsəri heç bəyənmədim.Obrazın dilindən deyilən əxlaqsız sözlər əsəri oxuyanda insanı diksindirir. Müəllif hətta həyatın mənası olan, həyatı gözəlləşdirən məqamları qəhrəmanın dilindən elə vulqar verib ki, insan o gözəlliklərə artıq başqa gözlə baxır. Bəlkə də, əsəri oxuyanlar məni keçmişin qalığı hesab edəcək. Elə, bəlkə, müəllif özü də. Amma mən tələbəlikdəki kimi bu əsəri kiməsə nəql edə bilmərəm. Amma əsərdə sanki müəllif özü də bu frazaların ifrat dərəcədə açıq olduğunu anlayıb günahı qəhrəmanın üzərinə atıb. Yəni demək istəyir ki, bunu mən demirəm ha, obraz deyir.
Amma onu da qeyd edim ki, müəllif əla süjet xətti tutub. Bəlkə də, bu olmuş hadisələrdən doğan bir əsərdir.Əgər elə deyilsə, müəllifin əla fantaziyası var.
Mənə bu əsəri verəndə dedilər ki, “Əsəri oxuyandan sonra roman yazmaq eşqinə düşəcəksən.”Düzü, bu barədə düşünmədim desəm, yalan olar. Əsər o qədər kiçikdir ki, mən düşündüm, bu əsər ən çox bir aya yazılar. O da əgər gündə yarım saatını buna sərf etsən. Amma sonundakı yazıda gördüm ki, on bir aya yazılıb. Demək olar ki, bir ilə. Təəccübləndim.
Əsərin qəhrəmanı hər cümə günü yuxusunda İsa peyğəmbəri görür. Romanı oxuyanda bir hadisə yadıma düşdü. Mən hələ atam evində olanda mən yatdığım otaqda sanki cin var idi. Hər gecə yuxuda məni boğurdu. Hətta bir dəfə ağ paltarda da görmüşdüm. Amma təkcə həmin otaqda olurdu, başqa otaqda yox. Hətta iki dəfə ərəb dilində bir kişi qulağıma nəsə danışıb, əlimə çörək qoyurdu. Və mən qorxub yuxudan ayılırdım. Doğma dilimizdə olsaydı, o sözləri heç vaxt unutmazdım. Onu da qeyd edim ki, həmin il mənim ruzum bol oldu. Əla roman mövzusudur. Bəlkə, mən də roman yazım???
/elyazma.org/
|