Xanəmir Telmanoğlu - Hz. İsanı yeni QƏTL VERSİYASI
09.09.14
Ya da rəssamlığın bir sirri
1. Ey rəssamin füsunkar firçasiyla zamana fidyə ödədən üzünün cizgilərindəki cəhaləti, cahilliyi cilalayan qafil!
2. Orta əsrlərdə rəssamlıqda belə bir qayda vardı. İnsan yığınını çəkən rəssam o insanların içərisində özünü də çəkərmiş. O adamların içində çəkdiyi adamlardan biri də özü olarmış. Bəlkə də, bu fakt ilk həmlədə heç bir məna kəsb eləmir. Ancaq məsələnin mahiyyətinə sənət iradəsiylə yaxınlaşdığında «heç nə demir» yanaşması uzaqda qalır. Hətta o rəssamın durub da xeyli insanı bir araya gətirdiyi o rəsmdə o insanlar da bir tərəfədə sanki tənhalıq, baxımsızlıq, atılmışlıq əzabını yaşayır. Bütün gözlər, güclər o qalabalıq içində özünü çəkmiş rəssama cəm olur, pərçimlənir. Gözlər o tək rəssamı arayır. Çəkilmiş insanların dışında qalmaları, bir rəssamın özünü çəkməsi üçün gərəkli olduğunu sanki indi baxışlardan, anlayışlardan uzaqda o insan yığınını sənətə vasitə etməsinə səbəb olur. Bu fikir sanki “ola bilsin” məntiqinə dayanır. Yəni rəssamın qalxıb da sənətini ortaya qoyması üçün bu qədər insanı istismar eləməyinə dəyərdmi? O qədər insanı, taleyi ora cəzalandırıb cəmləşdirincə, bir özünün surətini yaralayaraq yarada bilməzdimi? Xeyr, əfəndim, işin içində erişiləcək iş olduğunu anlamaq gərəkir.
3. Zaman orta əsrlərdir. Rəssamların sənətdə gəldiyi bu qənaətlər birdən-birə bu şəkildə ortaya çıxa bilməzdi. Bir rəssamın bir yığın insan obrazı içərisində öz obrazını da yaratması üçün bura qədər müəyyən mərhələdən keçməliydi. İndiyə kimi çəkilən rəsmlərdə rəssam özünü çəksə də, ancaq gizləyirdi. O özünü çəkdiyi işlərin, surətlərin, obrazların, adamların içinə, varlığına paylayıb bölüşdürür, bir növ, özünü qurban verirdi. Onun bu pay-pülüş eləməyi rəssamın səxavəti və şüuraltında, hətta sənətə ötürdüyü dindarlığı da sayıla bilər. Özünü çarmıxa çəkən rəssam indiyə kimi həzrəti İsanın iztirablarını yaşaması, yaşatması üçün özünü çəkdiklərinə bölüb, parçalayıb dağıdırdı. Özünü ələ vermək, ələ keçirmək mümkün deyildi. Bu da xristian inancına görə, İsa aşiqləri, yaxud İsanın özü, yenidən ələgəlmək, ələ keçmək, toparlanmaq prosesini ən ağır ritual, faciəyə sədaqətli ən dəhşətli səhnə kimi qıvrılaraq qavrayırdı. Hətta İsanın bədəninin parçalanmış, dağıdılmış səhnəsi onun yenidən bərpa olmasının yanında toya getməliydi. Bir növ, rahatlığını itirmiş, özünü gizləyən rəssam, İsanın iztirablarını qorumaqla, özünü çəkdikləri arasında eyni şəkildə olmasa da, qeyri-standart şəkildə parçalayıb, pay-pülüş eləyib dağıtsa da, bu payın azlığının-çoxluğunun ümumi yaradılışa, ümumi kədərə, iztiraba, azadlıq oyunlarına heç bir dəxli olmayacaqdı. Sadəcə, rəssam öz sənət ritualından, qaydalarından çıxış edərək özünü İsa kimi çarmıxa bu şəkildə çəkdirirdi əsərində, çəkdiklərində. İsanın bu bədən, varlıq olaraq parçalanma əyləmini icra edən o iti, uzun uclu caynaqlarını işə salan vəhşi qartalın da çəkilən rəsmlərdə necə gizlədildiyi məharət, ustalıq tələb edirdi. Sənətdə bu anlayışların ilkin dönəmləri hədsiz dözüm, səriştə, inanc, inam, sənət və Allahdan gələn, Allaha yönələn azadlığı, sevgisi tələb edirdisə, sonrakı dönəmlərdə bir ayinə çevrilən bu vərdiş, sənətkardan yalnız əsrlərin, göylərin arxasında itirilmiş iztirab tələb edirdi. Erkən xristian inancının sənətə sirayətinin bu şəkildə vüsət alması, bəlkə də ilkin sənət toxumlarının əkinlərdə özünə münbitlik qazanması, sonrakı ortaçağ dönəmində rəssamın artıq missiyasını pozması, çərçivələri qırması ilə təzahür edir. Bir az öncə İsanın bədənini o qorxunc və gizli vəhşi qartala təslim edən, İsanın bədən üzvlərini görünməz hala gətirən rəssam indi İsanı – özünü o əzabla, iztirabla birgə o insanların arasında verməyi başarırdı. Bu isə sənətin ən böyük addımı, sıçrayışı sayılmalıydı. İsanın əsrlərdir parçalanmış, pay-pülüş edilmiş bədəni sanki indi tərsinə, geriyə qaytarılır. Sanki Yaradıcı indi bu işiylə adamalrın, çəkilmiş surətlərin, obrazların, insanların, aşiqlərin, azadlıq istəyənlərin əmanətə xəyanət edib-etmədiyini bilmək, yoxlamaq istəyirdi. Necə ki qədim dini kitablarda Tanrı qövmləri sınağa çəkdiyi kimi, burda rəssamlar da öz obrazlarını, özlərini çəkdikləri insanlar arasında yaratmaqla sənətdə eyni təcrübəni sınaqdan keçirirdilər. Sənətdə dediyimizdə, elə biləsən ki, nüvə raketlərini hansısa çöldə, okeanda, səhrada sınaqdan çıxarırdılar. İndi burda bir məsələ var. İlkin çağlardakı rəssamlar İsanı qurban verib əzab və iztirablarını qoruyub, Azadlıq duyğularını diri, sağ, oyaq saxlayırdılarsa, orta əsrlərdə də işin, əməliyyatın tərsini, yəni İsanın bədənini toparlayıb, onun fonundakı iztirabları, əzabları, sevgini bir araya gətirib, yenidən daha dəhşətli sarsıntıları təqdim edib yaşatmaq amacını əldən vermirlər.(Elə biləsən rəsamlıq ortaçağda bir əməliyyat masasında İsanın orqanlarını tələbələrə göstərib izah edən tibb xocasının soyuqqanlı baxışlarına köklənmişdi.) İlkin qətl yenidən sınaqdan çıxarılacaq sadiqlik, sevgi partlayışlarının başqa bir görüntüylə insanlıqda yaşaması, qalması prinsiplərinə xidmət edirdi.
4. Bir sözlə, rəssam, artıq özünü gözdən qoymur, itirmir, əllərə vemək fikrindən nəyin bahasına olur olsun, uzaq durmaq istəyir. O İsanı çarmıxdan çəkib qurtarmaq, Tanrı sevgisinin izini nəyin bahasına olur-olsun, yaşatmaq, ona yeni cizgilər əlavə etməklə kilsədə, İncildə, xristianlıqda, xaçda açılımlar yaradıb yeni ekvalentli ohdəliklər götürmək niyyətində olduğunu isbatlayır.
5. Rəsam İsanı kilsənin kəhanət dolu kisvəsindəki məhkumluğundan almaq niyyətini heç cürə gizlətmir. Tanrının sevgisi aşkara çıxmalıdır. Onun sevgisi göylərdə indiyə kimi insanlıq adına nə işlər görə bildiysə, gördü, indən belə yerə gətirilən, bədənlərlə uğraşan o sevgi, o eşq, o azadlıq səriştəsi, yenidən əbədi iztrabları, əzabları, çarmıxları yaşatmaq niyyətində olmaqla heç bir kəsin inancına kölgə salmır.
6.Yaşasin sənət. O hər şeyin sirrini erkən açir, üzə çixarir, bakirəliyini pozub, müqəddəsliyini yazir.
/kult.az/
|