Cavanşir Yusifli - Bir şeirin dedikləri

11.07.14

Səməd Vurğunun şeiri: şairin ölümü, yaxud: dənizlər mürəkkəb, meşələr qələm olsa da tükənməz şairin dərdi...


Hansı dövrdə ki, cəlladlın baltası daha iti, daha sürətlə işləyir, o dövrün poeziyası gül-bülbül nəfəsinə bürünür, zərif hislərdən, humanist ideyalardan eninə-boluna bəhs edilir. Başqa əlac, başqa əlaternativ qalmır. Qadağa daha amansız qadağalar doğurur, şairin içində. Ürəyini deşən tənə, həmin o gül yarpaqlarının arasından çıxıb, xilas olub gerçəkliyin üzünə baxa bilmir. Bircə yol qalır: yalan danışmaq! İndi çoxdandı ki, ədəbiyyatşünaslığımızda poetika sözündən bəhs edilir və ortada dəqiq bir anlayış yoxdu: nə nəzəriyyəçilərdə, nə də faktı təhlil edən alimlərdə! Baxırsan: sistem mükəmməldir, ancaq yalan həqiqət adına verilib, indi bunları ərəb əlifbası kimi tərsinə, sağdan solamı oxumaq lazımdır? Yox, Səməd Vurğunun sevgi şeirləri də klassik poeziyada olduğu kimi heç də xalis sevgi şeirləri deyildi, bunlar şairin ürəyinə xitabən yazılanlara daha çox bənzəyirdi. Məsələn, bu şəkildə: “... illər xəstəsiyəm, yaram qan verir...” İndi vurğunşünaslıqda qabarıq problemlərdən biri onun irsinin orijinal poetik sistem daxilində oxunmamasıdır. Sovetlər çökdü, keçid dövrü ötüb keçdi, müstəqillik epoxası başlandı, ancaq adı keçən poetik dövr, poetik mərhələ bu tərəfə adlaya bilmədi, yeni oxu aydın məsələdir ki, dövrü, zəmanəni bilməkdən əlavə dərin fəhm tələb eləyir, poeziyanı, poetik vurğu və intonasiyanın kökünü anlamağı tələb edir. Təəssüf ki, bu və digər vacib sistemləri bizim ədəbiyyatşünaslar dərk eləmək istəmədilər. Bütün sirlər Səməd Vurğunun könül dəftərində, lirikasındadır.  Ölümündən bir il sonra, Osman Sarıvəllinin redaktorluğu ilə çap edilmiş “Lirika” kitabını vərəqləmək bu mənada faydalı ola bilər.  

Bir həmdəm olmaıdğı üçün ürəyə xitabən yazılan şeirlərdə sir dağılır, konkretlikdən uzaq dolanır, elə bir dumana, çiskin və çənə bürünür ki, əlini, barmağını üstünə qoyub heç nəyi nişan vermək olmur. Bəzən, Lermontov deyirdi, bir qəlbin tarixi bir xalqın tarixindən qədim olur. Elə Səməd Vurğunun taleyi də müəyyən mənada  xalqın taleyinə bənzəyirdi:

Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir,
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.


Səməd Vurğun lirikasında şəxsən mənim uşaqlıqdan çox sevdiyim nümunələr var, ancaq bu lirikanın təhlilində təkcə həmin nümunələrdən bəhs etmək yanlışlıq olardı. Bəzən onun çox yüksək templə, ilhamın “qasırğa həddində” yazılan şeirlərində elə misralar olur ki, adamı diksindirir. Və bunda şübhəsiz ki, şeiri oxumağa peşman olursan, bu anda kitabı bağlayıb xəyala güc vermək düzgün olmazdı, şairi xilas eləmək bütün dünya ədəbiyyatının təcrübəsinin göstərdiyi kimi, faydalı deyil, bütün hallarda o özü özünü xilas etməlidir. Sual: bu mümkündürmü? Bilmirəm. Yadıma Yusif Səmədoğlunun “Qətl günü” romanında şairin boynunun vurulması səhnəsi düşür və bu anda mənə elə gəlir ki, aşağıdakı misraları şəxsən Səməd Vurğunun özü yazıbmış:

Nə barım var, nə barxanam,
Ömür yükü saxlamağa,
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...


Onun”Partiyamızdır”, “Oktyabr”,  “Oktayb günləri”, “Aprel”, “Bayram qabağı”... kimi şeirlərini oxumaq daha rahatdır, nəinki sevmək istədiyin poetik mətnləri... Nə üçün? Əvvəla, adı çəkilən şeilər tərənnüm mətnləridir, Vurğun istedadının və ilhamının yüzdə-yüz hopduğu mətnlərdir, sovet dövründə (Stalin dönəmində) bunlar ideologiya üçün göydəndüşmə əvəzsiz şeylər idi. “Bayramqabağı” şeiri Oktyabr inqilabının XX ildönümünə həsr edilib. Bu və digər tərənnüm şeirlərində Vurğun xəyalının əsas cəhətləri əksini tapıb. Bu tipli bütün mətnləri dəfələrlə oxuduqdan sonra belə bir nəticə hasil olur ki, bəhs edilən dövr az qala insana ölümsüzlük gətirdi. Ən azından həmin mətnlərdə xəyala güc verib ölümsüzlüyə yetişmək inadı çarpır, başqa əlac onsuz da yox idi, ətrafı çənbər kimi saran gerçəklikdən qurtulmağın yolu xəyalın içində itib-batmaq olardı.

Qapılardan duman kimi çəkilmişdir vaxtsız ölüm,
Al günəşin baxışından ərimişdir qara qışlar,
Min bahardan müjdə verir bizim körpə qaranquşlar,
Ömrü, günü yasda keçmiş ağ birçəkli yazıq qarı
Gəlin kimi sığal vurub, seyrə çxıır bulutları.


Və xüsusən:

Ürəklərin məhəbbəti, səadəti gözdən aşır,
Bizim yerdə keçən həyat qocaldıqca cavanlaşır...


Həyatın qocaldıqca cavanlaşması poetik illüziyadan başqa birf şey deyildir və şair əynini dar köynək kimi sıxan gerçəkilkdən bu şəkildə qurtulmaq istəyirdi.
Səməd Vurğun Nizami Gəncəvi irsini yüksək qiymətləndirir, onu öyrəndikcə öyrənirdi. Şairin xəyallarının “mücərrədliyi”, dərin dəryaların dibindən gəlib zamanın o dövr üçün deməsi məşəqqətli “həqiqətlərinə” ilişməsi poetik mətnlərində ağrı kimi çarpır. İnsan xəyalının dərinliyini usta şəkildə təsvir edib gözü yağır edən plakatları yan-yana düzmək... əməli şeiri şah damarından kəsir və bu gün həımin misralardan şairin al qanı axır.

Bizim yurdda üç milyondur körpələrin illik sayı,
Göydə deyil, yerdə gedir ulduzların qurultaryı!


Vurğun o dövrün səadətini, xoşbəxtliyini elə təsvir edir ki, sanki xəyallardakı dünyanın sonu gəlib çatmışdır. “Səadət nəğməsi” şeirində Vurğun poetikasının bütün gözəl və ziddiyyətli cəhətləri bir nöqtənin içindədir.

Necə ola bilərdi ki, ağrılı, məşəqqətli, dərdi çəkilməz, həm də qorxulu nağıllarla dolu gerçəklik belə saf bir aynada təsvir və tərənnüm edilsin?

... İlanlı çöllərdə güllər əkilir,
Ölüm duman kimi göyə çəkilir,
Ömürlük yuxudan ayrılmış insan,
Torpaqdan günəşə yollar çəkilir!


Diqqət edin: ölüm duman kimi göyə çəkilir...Nizamidən gələn “ölümsüzlük”, əbədi həyat iksiri motivləri bu poetik sistemdə darmadağın edilir. Çünki...
Yuxarıda qeyd edildiyi kimi, bir tərəfdən şair xəyala, ilhama güc verib elə bir utopik gerçəklik inşa edir ki, onun gerçəkliyinə inanmaya bilmirsən. Qanlı oyunların daha çox şairlərin, söz adamlarının üstündə qurulduğu bir rejimdə bu sətirləri yazmaq nə qədər məşəqqətli olsa da, yaddaşını itirmək, bu xəyali buludların arasından keçib də insanı diksindirən sözlərə yer vermək mənzərini daha da aydınlaşdırır:

Xəbərdar eyləyin Ərəbistanı:
Ocaqda yandırdı anam Quranı!
Çinar kölgəsində tüstülənməyir
İxtiyar babamın ağac qəlyanı!


Ümumən o dövrdə bu tipli poetik mətnlərin yazılması aclıq, səfalət qarşısında balet oyununa bənzəyirdi. Janrın (balet janrının-!) əsas xüsusiyyətlərindən biri budur ki, o, kompilyasiyalardan çimçəşmir və müəllif “kompozitorun” əl işarələrini sözsüz yerinə yetirməlidir. Fikrimizcə, bu tipli şeirlərə, həm də tempin, intonasiyanın birdən-birə, sanki məcburi hökmlə dəyişdiyi poetik mətnlərə belə bir mexanizmin gözü ilə baxmaq lazımdır. Və bu məqamda “bədii təcəssüm” deyilən kateqoriya ötülüb-keçilir, estetik baza başqa yad işarələrlə əvəzlənir. O dövrün bütün şairlərində belədir və bu ənənə sovet dövrünün az qala sonuna qədər davam elədi. B.Vahabzadənin, Əli Kərimin, Məmməd Arazaın da bu tip şeirləri var, həm də yeni estetik baza üzərində...Vurğun içində özü üçün qurduğu sistemi son həddə qədər mükəmməlləşdirmişdi, bir şeirdə deyildiyi kimi, bütün varlığını ovcu işinə ala bilmişdi: Əlləri içinə alıb üzünü / Vurğun söz deyirdi, könül yaxırdı / Şairlər unudub şairliyini / bir oxucu kimi ona baxırdı...
Ancaq balet estetikası başqa bir ziddiyyətin araya girməsi ilə bir az da qəlizləşdi (xoreoqrafiya və dram). Baletin teatral xarakteri M.F.Axundov demişkən, “dram fənni” və “dram janrının” (üstəgəl xoreoqrafiyanın) bir bütövün daxilində ziddiyyətli münasibətlərini də ehtiva edirdi. Beləliklə baletin bütün tarixi rəqs, musiqi və dramın estetik rəqabəti ilə şərtlənirdi, bu prosesdə həmin üç komponentdən biri bədii təşəbbüsü ələ alır, dominant rol oynayırdı. Bu üç komponentin ideal tarazlığına nail olmaq dəhşətli dərəcədə çətin idi. Sovet rejimi üç komponentdən dramı lap siftədən çıxdaş eləmişdi. Dram sonra başlayacaqdı, şair çəkilməz dərd içində can verib öldükdən sonra...Vurğunda mükəmməl ritm fəhmi vardı, şeirlərinin nəbzində əzəmətli simfoniya axarı vardı, ancaq o, dahi dramaturq deyildi və buna görə gənc yaşında qocalmağa, nəfəs alıb verincə ölümə məhkum idi.  “Yanğın” şeirində olduğu kimi:

... Kükrəyib əsdikcə uğursuz külək,
Yanğının alovu yayılır göyə.
Gecənin geydiyi o qanlı köynək
Dil açır: “Vətənin bağrıyam” deyə!


Səməd Vurğun Vətənin bağrı kimi od tutub yanırdı....

Ancaq Səməd Vurğun obrazını başqa bir yöndən bəlləyən, onun ürəyinin az qala içini, dühasının əzəmətini göstərən şeirləri də var. “Düşüncələr” şeiri kimi. Bu şeiri o, sanki nəfəsini kəsən rejimdən bir anlıq ayrılmaqla qələmə almışdı.

... Bir quşcuğun uçuşunda bilsəniz nələr.
Nələr duyur bir şairin səyyar ürəyi.
İnsaf elə, deyilmidir canlı bir əsər
Yaşıl meşə, yaşıl tala, maral sürəyi?...

... Bir quşcuğun yuvasını yıxanda rüzgar,
Dimdiyimdə çör-çöp yığıb yuva quraydım...
Qanad açıb dirçələndə körpəcə quşlar,
Çolpaları yuvasından mən uçuraydım...


Bir də:
Mən tələsmirəm...

Eynən Mikayıl Müşfiqdə olduğu kimi: necə əl çəkim? ...
Hamı bir bəlaya tutulmuşdu...

/Ədəbiyyat qəzeti/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.