Rüfət Səid - Azərbaycan, sənə nə versəm çoxdur
11.07.14
(Allen Ginsberqin “Amerika” şeirindən ilhamlanaraq)
Azərbaycan! Sənə hər şeyimi verə bilərdim, Amma qorxuram ki, heç nə olaram... İtirərəm qadınım qarşısında son kişi hörmətini, Övladım qarşısında ata məhəbbətini... Anam-atam da əvvəlcə xiffətlə qarşılayar, Sonra evdən həbsxanaya qədər məsafə Onları da bezdirər... Və mən bütün mübarizə eşqinə tüpürərək, Sadəcə onlara qovuşmaq üçün, Məhbusluğu onların yanında yaşamaq üçün... “Əfv ərizəsi” yazacaq qədər aciz olaram. Azərbaycan, səni sevməklə miskinləşir adam... Sənə nə versəm, çoxdur!
Azərbaycan! Nə fərqi var, sağçıyam, ya solçuyam... Bilirəm ki, düşmənlə üz-üzə gəldiyim zaman Onlar üçün mən azərbaycanlıyam. Sənin oğlunam, amma... Nə günah işlədin ki, indi onun altını çəkməliyəm? Nə vaxt, necə Bu qədər düşmən qazandın, ey Ana Vətən?! Nə edim ki, bir-iki dostun olsun? Nə vaxta qədər axı Yalandan tərifləməliyəm səni? Sənə nə versəm çoxdur.
Azərbaycan! Sənin üçün oğul böyüdürəm. Hər gün içməyə dəvət edən dostlarıma da “Qardaş, evdə təcili işlərim var” deyirəm ki, Heç olmasa, özümü ev sahibi olduğuma bu yolla inandırım, Yalandan başımı aldadım ki, Ailə dəyərinin heç olduğu ölkədə Özümü ailə başçısı hiss edim. Verdiyim kreditlər, Bir borcdan başqa borca girməklərim... Sənin üçündür yoxsa, Sənin mikroblarını firavan etmək üçün? Öl, sorsunlar qanını... Səndə heç nəyim yoxdur... Oğlum da mənim deyil, İndidən onun üçün qılınclar itilənir... Sənə “fəda” dediyim Düşmən təsəllisidir... Sənə nə versəm çoxdur.
Azərbaycan! Saqqallı, ya saqqalsız... Xaçlı, ya da xaçsız... Nə qədər insan üçün Qan tökməyə şanlı meydan olmusan. Dinsizəmsə, yəni, əqidəm yoxdur? Səndə xoşbəxt olmağa, Səndə xoşbəxt etməyə haqqım da yoxdur, yəni? Sənin təşəkkürün də Sənə pislik edənlərə ünvanlı. Uzaq ölkələrə də göndərirsən sülhməramlı taqımı. Bir əsgər tapmadınmı Səninçün canından yox, Nəsli üçün yığdığı milyonlarından keçsin? Dilin qısadır amma, Uzun dirəklərinlə öyünürsən... Sənə nə desəm azdır.
|