Əhməd Qəşəmoğlu - Postmodernizmin tarixi, mənəvi kökləri və mahiyyəti
04.07.14

AMEA, Fəlsəfə və Hüquq İnstitutu, BEA-nın professoru, fəlsəfə doktoru

Postmodernizm indi ciddi bir cərəyan kimi mədəniyyət sistemlərinə olduqca ciddi təsir etməkdədir. Bunun nəticələri necə ola bilər? Bu məsələyə daha dərindən cavab vermək üçün ən əvvəl mədəniyyət sisteminin öz mahiyyəti barədə dəqiqləşdirmələrə ehtiyac vardır. Mədəniyyət – yer üzünə gəlmiş hər bir  fərdin insanlıq keyfiyyətlərinə nə dərəcədə yiyələnməsini, şəxsiyyət olaraq hansı şəkildə formalaşmasını xarakterizə edir. Bu sözləri, ümumi halda cəmiyyət, istənilən sosial sistem haqda da demək olar. Ona görə də, “mədəniyyət”  kateqoriyasını daha ətraflı izah etmək üçün ən əvvəl insanın, şəxsiyyətin  mahiyyəti barədə dərindən düşünməyə ehtiyac vardır.  Müəllifin təklif etdiyi ahəngyol elmində(1 ) insana “kosmo-bio-psixo-sosial”  varlıq kimi baxılır və hər bir insanın keyfiyyəti aşağıdakı 3 amillə xarakterizə olunur: 1) fiziki sağlamlıq; 2) mənəvi zənginlik və 3) əməyə yaradıcı münasibət təlabatının dərəcəsi. 

Bu üç amil  qarşılıqlı olaraq birlikdə hər hansı bir insanın insan olaraq keyfiyyətini xarakterizə edir. Bu üç amilin hər biri müxtəlif şəkildə inkişaf edə bilər. Misal üçün, yalnız fiziki sağlamlıq yüksək səviyyədə olmaqla o biri amillər zəif ola bilər. Bu halda insan bir çox vəhşi xarakterli insanları xatırladacaq.  Yaxud, ancaq mənəvi zəhətdən inkişaf etməklə, o biri amillər üzrə zəif ola bilər. Belə olduqda isə, insan xəstəhal, tənbəl, amma təmiz qəlbli, vicdanlı yazıq bir adam kimi də  görünə bilər. Tarixdə, belə adamlar arasında  xeyli müqəddəs adamlar da olmuşdur.  İntellektcə yüksək olarsa hər hansı bir dahi də ola bilər. Əməyə yaradıcı münasibat təlabatı yüksək olan, o biri amillər zəif olan adamsa vasvası, çalışqan bir insan tipi kimi fərqlənə bilər. Təbbi ki, həyatda belə nadir adamları istisna etməklə insanlarda bu üç amilin hər biri müəyyən dərəcədə inkişaf etmişdir və hər bir insan bu 3 amilin potensialına görə müəyyən keyfiyyət göstəricisi ilə xarakterizə oluna bilər. Təbii ki, ən cəlbedici variant hər 3 amilin mütənasib olaraq inkişaf etməsi ola bilər.  Amma həyat göstərir ki, həyatda bu mütənasibliyin pozulmasına da tez tez ehtiyac yaranır. Misal üçün ağırlıq qaldırma üzrə çempionluq üzrə yarışan adamda fiziki sağlamlıq amili daha önəmlidir. Vətənpərvərlik, vətən uğrunda  mübarizə aparmaq üçün mənəvi amillərin daha çox inkişaf etməsinə ehtiyac var. Gözəl bir sənətkar olmaq üçünsə əməyə yaradıcı münasibət təlabatının daha güclü olması əlverişlidir.  Bu 3 amilin hər birinin inkişaf dərəcəsi insana öz təyinatını- daxil olduğu ierarxik sistemlərdə ahəng yarada bilmək imkanlarını müəyyən edir. Ahəngyol elminin əsaslandırdığı kimi, o insan daha çox mədənidir ki,  o daxil olduğu ierarxik sistemdə daha çox ahəng yarada bilir. Beləliklə biz, mədəniyyətə insanın fiziki sağlamlığının, mənəvi zənginliyinin, əməyə yaradıcı münasibət amilinin qarşılıqlı əlaqədəki vəziyyətinin müəyyən bir sistemdə ahəngə xidmət etmək qabiliyyəti kimi baxırıq. Eyni bir adamın bu qabiliyyəti müxtəlif sistemlərdə müxtəlif şəkildə təzahür edə bilər. Hər hansı bir insan  bir sistemdə yüksək mədəniyyət daşıyıcısı olduğu halda, başqa sistemdə tamamilə başqa bir vəziyyətə düşə bilər.  Misal üçün, Paris şəhərində öz davranışı ilə ətrafında fərəh, ahəng yarada bilən bir xanım, Əfqanıstanda, yaxud elə bizim kəndlərdə ciddi gərginlik mənbəyi  ola bilər. O xanım Parisdə olduqca mədəni olduğu halda, deyək ki, İranın bir kəndində əxlaqsız bir fahişə vəziyyətində görünə bilər. Yaxud Afrikanın cəngəlliyində, yaxud bizim dağ kəndlərinin birində hər kəsin hörmətini qazanan, hər bir rəftarı ilə hamını məftun edən adam həmin Parisdə, yaxud Bakıdakı hər hansı elitar bir məclisdə ciddi gərginlik yarada bilər. Deməli bu mulahizələrdən aydın olur ki, mədənilik, mədəniyyət müəyyən mənada, sosioloji yöndən  nisbi anlayışdır. Hər kəsə aydındır ki, kainat bir sonsuz ölçülü varlıqdır və insan, cəmiyyət də onun bir zərrəsidir. Hər bir varlığın da öz təşkil olunma, mövcudiyyət və fəaliyyət prinsipləri vardır. Hər bir varlığın müəyyən bir hissəsi, zərrəsi o zaman daha düzgün fəaliyyətdədir ki, həmin hissənin, zərrənin fəaliyyəti məxsus olduğu varlığın fəaliyyət prinsiplərinə uyğundur. Misal üçün, qolumuz bədənimizin bir hissəsidir, toxumalarımız bu bədənin zərrələridir. Bizim qolumuz, istənilən toxumalarımız məhz o zaman sağlam- fəaliyyəti doğru yolda olan sayılır ki, onların fəaliyyəti bədənimizin fəaliyyət prinsiplərinə uyğundur. İstənilən kiçik fərq belə onların xəstə olduğunu təsdiq edir. Hər kəsin öz kəllə quruluşuna uyğun gözləri vardır. Kim istəyər ki, onun bir qolu ondan boyca hündür, yaxud kişik bir pəhləvanın qolu kimi olsun, ya gözünün biri hansısa olduqca gözəl insanın gözü kimi olsun?  Yaxud hansı zənci istəyər ki, onun bir əli ağappaq olsun? Deməli hər bir hissənin, zərrənin doğru fəaliyyəti aid olduğu varlığın fəaliyyətinə uyğun fəaliyyətdir. O zaman aydındır ki, insanın, cəmiyyətin ən doğru fəaliyyəti o fəaliyyətdir ki, aid olduğu kainatın mövcudluq, fəaliyyət prinsiplərinə uyğun olsun. Kainat özü, onun biz müşahidə edə biləcəyimiz hissələri yarandığı dövrdən ciddi bir nizam, ahəng içində fəaliyyətdədir. İstər qalaktikalar, planetlər, isərsə də, kiçik mikrohissəciklər həmin dövrdən indiyədək eyni bir prinsiplərlə, eyni nizam içində, eyni qanunauyğunluqla mövcuddurlar. Hər bir varlıq eyni qanunauyğunluqla yaranır, fəaliyyət göstərir, öz ömrünü başa vurur.

İnsandan, cəmiyyətdən danışdıqda, əksər insanlar, mütəxəssislər onun şüura malik olduğunu, “faili muxtar”  olduğunu deyir və insanla, cəmiyyətlə təbiəti, kainatı eyniləşdirməyin mümkün olmadığını deyir. Əslində bu ilk baxışdan belədir. Siztem nəzəriyyəsindən aydındır ki, hər bir varlıq ierarxik sistemlərin yalnız bir pilləsində mövcuddur və öz daxil olduğu ierarxik sistemlərin qanunauyğunluğuna tabedir(2 ). Bəli insanın şüuru vardır və o bu  xüsusiyyəti ilə başqa varlıqlardan seçilir. Amma, insan öz daxil olduğu ierarxiyada elə aşağı bir pillədədir ki, onun bu fərqi, kainat ölçüləri ilə müqayisədə hədsiz dərəcədə kiçikdir. Bu fərq kainat nizamında, düzümündə başqa, yeksək tərtibli sistemlərə təsir etmək gücündə ola bilməz. Kainatda təsadüfi yaranmış heç bir varlıq yoxdur. Ola da bilməz. Hər bir varlığın əbədi, əzəli missiyası, təyinatı daxil olduğu ierarxik sistemlərdə ahəngin yaranmasına kömək etməkdir. İnsan bu köməyi öz şüurunun köməyi ilə daha təkmil etməlidir. Amma təəsüf ki, insan öz şüurunun mahiyyətini və imkanlarını hələ lazımi qədər dərk edə bilmir. Şüur potensialindan lazımi qədər istifadə edə bilmir. Görünür ki, bu da təsadüfi deyildir. İnsan bu yolda da uzun  illər boyu imtahan verməkdə, təkmilləşməkdədir. Həm də professor M. A. Enqelqardtın təbirincə desək, çoxluğun qəddarlaşması ilə təkmilləşməkdədir(3, 22).  Elmdə indiyədək aparılan xeyli araşdırmalar onu göstərir ki, insan zaman keçdikcə, heç də, hər zaman mədəniləşmir. Müxtəlif tarixi mərhələlərdə, müəyyən ideyaların, ideologiyaların, dini, dünyəvi görüşlərin, adət - ənənələrin təsiri altında müxtəlif cəmiyyətlərin, şəxslərin mədəniyyət səviyyəsi müxtəlif cür olur.

Hər bir insanda mədəniyyət  komponentləri, amilləri vardır. Bu komponentlər az ya çox dərəcədə ola bilər. Müəyyən bir şkala təsəvvür etsək, hər insan öz mədənilik səviyyəsinə görə bu şkalananın bir yerindədir. Amma, biz insanların hamısına mədəni deyə bilərikmi? Ən azı, elə həyatda hamıya mədəni demirlər. Bəs kimlərə mədəni deyə bilərik? Aydındır ki, cəmiyyət, lap elə ən dar əhatə üçün hər bir kəsin dəyəri onun davranışının xarakteri ilkə müəyyən olunur. Davranışı normal olmayan insan hətt öz valideynləri ümün belə, arzuolunmaz şəxsə çevrilir. Hər bir şəxsin davranışı ona cəmiyyətdə müəyyən bir nüfuz qazanmağa, yer tutmağa, tarixə düşməyə səbəb olur.  Məncə, biz yalnız o insanlara mədəni deyə bilərik ki, onların mədənilik səviyyəsi onları öz ətrafında müəyyən ahəng yaratmağa sövq edir. Bu insanın davranışı öz ətrafında müəyyən bir ahəngin yaranmasına kömək edir. Bu ətrafın ölçüləri nə qədər genişdirsə, həmin insanın mədənillik səviyyəsi daha geniş miqyaslıdır. Cəmiyyət üçün ən arzu olunan insanlar təbii ki, daha mədəni insanlardır. Mədəni insanlar çox olan cəmiyyətdə yaşamaq, fəaliyyət göstərmək hər kəs ümün daha çox arzuolunandır. Bəs cəmiyyətdə mədəni insanların çoxalmasında hansı amillər daha çox rol oynayır? Min illərdir ki, dünyanın bütün müdrik insanları, peyğəmbərləri, dini kitabları, böyük söz ustaları, folklor, mənəviyyatlı insanları deyir, yazır, təsdiq edir ki, hansı cəmiyyətdə ki, mənəvi dəyərlər daha öndədir, maddi dəyərlər əsasən mənəvi dəyərlərə yiyələnməyə xidmət edir, həmin cəmiyyətdə mədəniyyət inkişaf edir, mədəni insanlar çoxalır. Bunu fəlsəfi baxımdan da asan əsaslandırmaq olar. Sistem nəzəriyyəsindən, sinergetika elmindən də məlumdur ki, cəmiyyət müəyyən ierarxik qüvvələrin təsiri altında təbii olaraq özü-özünü nizamlayan sistemdir. Amerikanın çox məşhur alimləri R. Akoff  və F. Emerinin də təsdiq etdiyi kimi(4 ), hər bir sosial sistemin  təbii olaraq can atdığı  müəyyən bir məqsəd vardır. Ahəngyol elmi tamamilə əsaslandırır ki, həmin məqsəd ahəngin pərpasıdır. Mənəvi dəyərlərə üstünlük verilən cəmiyyətdə hər kəsin mənəvi potensialı daha çox üzə çıxır və bu, cəmiyyətə özünü təşkil, məqsədinə doğrü tənzimlənmə imkanını artırır. Yəni bir “ahəng effekti”  baş verir. Yəni, cəmiyyətdə mənəviyyatın üstünlüyü ideyası aparıcı ideya olduqda, hər bir kəsin mənəvi potensialının üzə çıxması üçün imkanlar çoxalır. Bu imkanlar çoxaldıqca insanların hər birində öz təyinatına, mahiyyətinə görə fəaliyyət imkanı artır. Bu isə cəmiyyətin öz mahiyyətinə görə tənzimlənmək imkanını artırır. Beləliklə, cəmiyyətdə ahəng əhval ruhiyyəsi artır. Bu isə hər bir insana daha mədəni olmağa- ətrafında ahəng yaratmağa kömək edir. Amma aydındır ki, cəmiyyətdə hər bir kəsin eyni şəkildə, eyni prinsiplərlə mədəni olmasına çalışmaq mənasız və qorxuludur. Bunu tarix də dəfələrlə təsdiq etmişdir. Məsələn, eramızdan 3-4 əsr əvvəl Yunanıstanda demokratlar bu istiqamətdə  iş aparmışlar.  Məsələyə kompleks, sistemli yox, bir tərəfli yanaşıldığından əhali arasında yalnız incəsənətə meyl güclənmişdir. Ümumi olaraq buna əhalinin teatrallaşması kimi ad verilir(5, 7).  Başqa sahələrə insanların  marağı zəifləmiş, nəticədə ölkənin hərbi qüdrəti aşınmaya məruz qalmışdır. Bundan istifadə edən Makedonya b.e.ə. 338 ci ildə Yunanıstanı zəpt etmişdir. Elə o zamandan da Yunanıstanın beynəlxalq aləmdə yeri azalmaqda davam etməkdədir. Bu və bir çox başqa tarixi faktlar, sistem nəzəriyyəsi, məntiq onu göstərir ki, ölkədə mədəni əhalinin sayının artması yalnız bir, iki istiqamətdə gedə bilməz. Yəni, əhalinin mədənilik səviyyəsinin artması çoxşaxəli olmalıdır. Bu çoxşaxəlilik ölkənin bir sistem kimi daha da mükəmməlliyinə, güclülüyünə xidmət etməlidir. Yəni, hər kəs öz sahəsində daha mədəni olmalıdır. Hərbçi hərbçi olaraq öz sahəsində ahəngin daha da artmasına, inşaatçı öz  sahəsində, siyasətçi, məmur, əkinçi, muəllim öz sahəsində və s. Təbii ki, hər bir sahədə mədəni olmağın öz meyarları, öz şərtləri vardır. Ümumi meyar öz sahəsində daha ahəngdar fəaliyyət göstərməkdir.

Tez-tez mədəniyyət sahəsində müxtəlif cərəyanların olduğu barədə eşidirik. Bu cərəyanlar mövcuddur və onların konkret nəticələri vardır. Və bu cərəyanların olması təbiidir, faydalıdır. Amma, əksər hallarda  bu cərəyanların nümayəndələri, o sahədə elmi tədqiqat aparanlar həmin cərəyanların haradan və necə üzə çıxdığını o qədər də hiss edə bilmirlər. Mədəniyyətdə  movcud olan cərəyanların əksəriyyəti dini dünyagörüşləri, fəlsəf nəzəriyyələr, siyasi proseslərlə, başqa elm sahəsində baş verən proseslərlə bağlı olur. Mədəniyyət sisteminin müxtəlif sahələrində, məsələn ədəbiyyatda, incəsənətin müxtəlif sahələrində, təhsildə və s.  ortaya çıxan yeni cərəyan əksər hallarda öz köklərindən ayrılıqda araşdırılır, onun barəsində fikir yürüdülür. Misal üçün sürrealizm barədə danəşan araşdırıcıların əksəriyyəti sürrealizmin köklərinə əhəmiyyət verdiyinə, ortaya necə çıxmasına əhəmiyyət vermədən elə sürrealizmi bir hadisə kimi araşdırmaqla məşğul olur. Mənbə yaddan çıxır, baş qarışır “izm” ə. Bu yanlış yoldur. Bədəndə baş verən bir xəstəliyin səbəblərini diqqətdən kənar qoymaqla təzahürləri barədə fikir yürütməklə o xəstəliyi müalicə etmək mümkün olmadığı ki, bura da ciddi bir iş görmək mümkün deyil.Yəni, həmin sahədə baş verən hadisə kimi qəbul edilib, təhlil edilir. Elə buradaca ürək ağrısı ilə qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərindən başlayaraq mədəniyyət sistemindən siyasətçilərin  bir vasitə kimi istifadə etmə halları xeyli çoxalıb. Belə bir meyl tarixin müxtəlif zamanlarında olub.  Misal üçün, elə SSRİ də bütün mədəniyyət sistemi sovet ideologiyasının beyinlərinə yeridilməsi üçün bir vasitə kimi istifadə olunurdu. Yaxud ötən əsrlərdə mədəniyyətdən dini ideologiyalrın populyarlaşması üçün istifadə edilib. Amma əvvəllərdə bu müdaxilə çox dərinlərə nüfuz etməsə də indi məqsədyönlü şəkildə və daha həssas vasitələrlə bu müdaxilələr mənəvi aləmin daha dərinliklərini əhatə etməkdədir. Son 50-60 ildə bu məsələ daha təhlükəli hal alıb. Hər addımda mədəniyyətin müxtəlif sahələrindən siyasi texnologiyaların həyata keçirilməsi üçün istifadə edilir. Ona görə də mədəniyyət sistemində baş verən proseslərin nə qədər tarixi, təbii proses, yaxud siyasi texnoloji proses olduğunu fərqləndirməyə ehtiyac var. Eyni zamanda bu təbii, tarixi prosesdən nə dərəcədə sui-istifadə edildiyi də təhlil olunmalıdır.

İlk öncə diqqəti indi daha populyar olan modernizm və postmodernizm cərəyanlarına yönəltmək istərdim. Sistem nəzəriyyəsi bizə modernizm və postmoderniz cərəyanlarının yaranması səbəblərini araşdırmaqda ciddi kömək edə bilər. İstər modernizm, istərsə də postmodernizm   yer üzündə baş verməkdə olan tarixi prosesin təbii bir nəticəsi olaraq üzə çıxmışdır.   Əvvəl modernizmin üzə çıxması səbəblərinə diqqət yetirək. XIV əsrdən sonar Avropa  özünü bir müstəqil sistem kimi təkmilləşdirməyə, mükəmməlləşməyə başladı. Bu tamamilə təbii bir prosesdir ki, hər bir insan öz evini, eşiyini qaydaya salandan sonra, müəyyən bir stabillik yarandıqda inkişaf  barədə fikirləşməyə başlayır. Avropada da qabaqcıl mütəffəkkirlərin hesabına artıq əhalinin maarifləndirilməsi zərurəti, ölkələrin, insanların,  müxtəlif sahələrin tərəqqisi barədə danışılmağa başlandı. Rasional düşüncə, azadlıq, azadfikirlilik barədə mülahizələr yayıldıqca XVII əsrdə İngiltərədə ortaya çıxan maarifçilik, tərəqqi ideyaları XVIII əsrdə Fransada, Almaniyada, Avropanın başqa ölkələrində geniş yayılmağa başladı. Bu ideyaların Amerikaya gedib çıxması orada azadlıq, demokratiya, insan haqları barədə fikirlərin sürətlə formalaşmasında mühüm rol oynadı. Beləliklə, mənim fikrimcə, bu ideyalar sistemin funksional inkişafı prinsipləri kimi ortaya çıxdı. Yəni, qərb özünün bir sistem kimi inkişafını təmin etmək, yer üzündə daha ön mövqe qazanamaq, qüdrətli olmaq üçün yollar axtardığı zaman əhalinin maarifləndirilməsi, ölkədə tərəqqiyyə nail olunması zərurəti ortaya çıxdı. Beləliklə, qərb artıq öz tərəqqisini təmin etmək üçün yer üzündə əsasən şərq təfəkkürü hesabına yayılmış ənənəvi metodlardan əl çəkərək öz inkişaf yollarını axtarmağa başladı. Bütün fəlsəfi fikirlər, bədii əsaərlər, incəsənət, təhsil sistemi buna yönəldi. Qərb özünün məxsusi inkişaf, tərəqqi prinsiplərini irəli sürdü. Bu yeni prinsiplərə uyğun olan istənilən sahədəki hər bir ideya modern ideya hesab olundu. Bu istiqamətdə çoxşaxəli axtarışlar aparılmağa, nəaliyyətlər qazanılmağa başlandı. Beləliklə, modern, modernizm məsələlərindən danışan ciddi tədqiqatçı ən əvvəl bu ideyanın mahiyyətinə ciddi diqqət verməlidir. Modern ideyasının kökündə əsasən rasional düşüncə, pozitivizm, praqmatizm, bir çox hallarda materializm ideyaları, ilahiyyat elmlərinə qarşıdurma, bədii yaradıcılıqda, incəsənətdə xristian dəyərləri, qərb mədəniyyətinin spessifikliyi dayanır. İlk baxışdan bunlar hamısı çox müsbət bir amillər kimi   görünə bilər. Amma məsələyə daha dərindən yanaşdıqda, qərb dəyərlərindəki müxtəlif səpkili natamamlıqları ciddi təhlil etdikdə modernizm ideyasında nə qədər ciddi boşluqlar olduğunu üzə çıxarmaq olur. Məhz elə bu boşluqlar XX əsrin ortalarına doğru modern ideyalarını iflasa uğratdı və onun yerini postmodernizm ideyaları tutdu. Amma təəsüf ki, postmodernizm ideyaları bu boşluğu doldura bilmədi. əksinə, fəsaddan daha çox fəsad doğuldu.  Uzun müddət qərb dəyərləri  müsbət qiymətləndirilmiş, qərb dünyasının tərixi inkişafda doğru yolda olması fikri yaranmışdı. Hər bir inkişaf etmək istəyən ölkələr qərbi özünə bir örnək olaraq qəbul edirdi.  Bu Azərbaycanda da belə idi. Uzun müddət, lap elə indinin özündə də qərb inkişaf prinsiplərini, modellərini nümunə hesab edənlər az deyil.  Qərb mədəniyyətini əldə etdiyi uğurlara kölgə salmadan, sadəcə qərbin uzun müddət ideallaşdırdığı inkişaf, tərəqqi modellərinin, prinsiplərinin təkmilləşdirilməsinin zəruri olduğunu qəbul etmək lazımdır. Özümüzün inkişaf modellərini qurduqda isə, qərbdəki modelləri dərhal qəbul etmək lazım deyil. İlk öncə onların hansı dəyərlər, prinsiplər əsasında üzə çıxdığını  dərindən araşdıraraq, onlarda hansı boşluqlar olduğunu nəzərə alaraq yeni ideyalar axtarmaq lazımdır.

Bu boşluqların səbəbləri nə idi? Bu sual qarşıya çox ciddi şəkildə qoyulmalıdır. Ona görə ki, bu suala cavab tapmadan postmodernizmin haradan qaynaqlandğını aydınlaşdırmaq qeyri mümkündür. Bu suala cavab tapmayan heç bir ölkə, xüsusi ilə şərq ölkələri özünün tərəqqi konsepsiyalarını arzu olunan şəkildə, uzun müddətli, dayanıqlı şəkildə qura bilməz.

Modernizmdə olan boşluqların əsas səbəbləri qərb mədəniyyətinin mahiyyətindədir. Məqalənin əvvəlində ahəngyol barədə istinad olunan kitabda bu mədəniyyətin mahiyyəti geniş şəkildə əsaslandırıldır. Burada hemin fikirləri qısa olaraq,  tezis şəkilində aşağıdakı kimi ifadə etmək olar. Qərblilər bir zamanlar şərqdəki günəşli, münbit torpaqlı, rahat ev eşiklərindən  müharibələr nəticəsində baş alıb  soyuq iqlimli, rahatlığı olmayan yerlərə gedən, uzun illər məşəqqətlər çəkən insanların törəmələridir. Onlar haqqında təsəvvürləri dəqiqləşdirmək üçün indiki qaçqın və məcburi köçkünləri göz önünə gətirmək lazımdır. Ona görə də qərb mədəniyyətinin mayasında daha çox praqmatiklik, şərqə qarşı bir soyuqluq,  rasionallıq, mənəvi aləmin problemlərinə rasional baxımdan yanaşma, dünyəvi elmlərin ilahiyyət elmləri ilə nə dərəcədə bağlılığını duya bilməmək, dünyəvi elmləri əksər hallarda mücərrəd ideyalar üzərində qurma, dini kitablara qarşı etinasızlıq, dini sistemlərdə bəzən ifrata varma və s. ümumi həyat ahəngindən yana çıxmalar, ahəngi pozmalar var. Qərbin inkişaf prinsipləri olan bu modern prinsiplər yalnız qərb spessikasına uyğunlaşmışdı və yalnız o mühitin uğurlu inkişafına ciddi kömək edə bilərdi. Bu lokamotiv qərb qatarını dartıb apara biərdi. Birdən onun öhdəsinə bütün yer üzünün qatarları(ölkələri) qoşulanda bu lakomotivin gücü çatmadığına görə  sınıb dağılmalıydı.  Bir vaxtlar bu hadisə elə XIII- XIV cü əsrdə şərqin başına gəlmişdi.  Qərb aləmi bütöv, nəhəng bir sistem kimi üzə çıxıb yer üzündə söz sahibi olanda  şərqin həyat fəlsəfəsi, idarəetmə metodları özünü itirdi və iflasa uğradı.  Beləliklə bütün yer üzünü inkişafı  XIV əsrə kimi şərq prinsipləri əsasında baş verirdi, obrazlı desək, şərqin yedəyində idi. Daha sonrakı 5 əsrdə isə Qərbin inkişaf prinsipləri ön plana keçdi.  Amma bu prinsiplər yuxarıda qeyd olunduğu kimi dolğun şəkildə, kainat qanunlarına uyğun şəkildə formalaşmadı. Belə prinsiplər isə təbii ki, əbədi olmaq gücündə ola bilməz. Yalnız o prinsiplər əbədi yaşamaq gücünə malikdir ki, onlar kainatın ümumi mövcudluq və fəaliyyət qanunauyğunluqlarına uyğun olaraq  formalaşsın. İndi yer üzərində sürətlə gedən qloballaşma prosesi yeni bir vəziyyət yaradıb. Yer üzü tarix ərzində ilk dəfədir ki, vahid bir sistem kimi daha mükəmməl olaraq formalaşmağa başlayıb. Yer üzü hər zaman vahid sistem idi. Amma əvvəllər bu sistemin alt sistemləri(ölkələri, bölgələri) arasındakı əlaqə çox zəif idi və yer üzü vahid, güclü bir sistem kimi özünü göstərə bilmirdi. İnternetin, elektron informasiya vasitələrinin, turizimin sürətli inkişafı, iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə, demoqrafiyada baş verən mühüm dəyişikliklər hesabına yer üzü indi  obrazla deyildiyi kimi, “vahid bir kənd”  halına gəlməkdədir.  XIV- XX əsrlərdə qərbdə formalaşmış inkişaf prinsiplərinin güçü bu vahid, mükəmməl sistemi irəli aparmaq gücündə deyil. Qərb, eləcə də yer üzü, bu sistemin inkişaf fəlsəfəsini yaratmayıblar. Əslinə qalsa indiki vaxtda yer üzündə  mövcud fəlsəfi sistemlərin tənəzzülü dövrüdür. Məhz elə bu səbəbdən ortaya çox acınacaqlı bir müzakirə mövzusu atılır. İndiki vaxtda fəlsəfə elmi lazımdır ya yox?  Sualın belə qoyuluşu olduqca faciəvidir.  Təbii ki, fəlsəfə elmi lazımdır. Amma baxar ki, bu hansı fəlsəfədir. Bu günün reallığını əks etdirən fəlsəfədirsə, hava, su kimi lazımdır. Təəsüf ki, bu fəlsəfi sistem hələ öz yerini tapa bilməyib. Ortada olan qüsurlu, yarımşıq fəlsəfi sistemlərə isə, təbii ki, ehtiyatla yanaşmaq lazımdır.  Elə o fəlsəfi sistemlərin zəifliyi hesabinadır ki, modern prinsiplər XX əsrin ortalarında iflasa uğrayıb. Qərbdə təəsüf ki,  belə bir ənənə yaranıb. Qərb aləmi fəlsəfi, elmi olaraq nəyi axıra qədər izah edə bilmirsə, oraya bir “post”  ifadəsi artırır. Əslinə qalsa isə, dərindən təhlil edildikdə bu “post”  ların heç birinə ehtiyac yoxdur. Bu “post” larda bir qeyri muəyyənlik var və günü – gündən mürəkkəbləşən cəmiyyətdə belə qeyri müəyyənliklərin çox olması məqsədəuyğun hal deyil.
Bütün bu deyilənləri yaddan çıxarmayaraq postmodernizm barədə aşağıdakıları demək olar. Postmoderniz ideyalarının formalaşmasında ötən əsrin ikinci yarısında elmdə yaranan bir sıra yeniliklər mühüm rol oynadı. Bu yeniliklər sırasına ilk növbədə aşağıdakıları aid etmək olar: 1) Ciddi elm adamları arasında demokratiya ideyasının heç də ideal olmamasının dərk edilməsi. Hər bir sosial sistemin idarə olunması, inkişafı üçün ortada bir konkret ideya olmalıdır.  XVII  - XIX əsrlərdə bu ideya “tərəqqi”  ideyası idi. Təəsüf ki, qərb fəlsəfəsi “tərəqqi”  ideyasının mahiyyətini axıra qədər təsəvvür edə bilmədi. Onların  yanlış fikrincə, tərəqqi elmi-texniki siçrayıçların, kəşflərin hesabına baş verməli idi.  Amma XX əsrin əvvəllərində məlum oldu ki, elmin inkişafı ilə nəinki yer üzündə problemlər azalır, əksinə daha da artır. Ona görə də XX əsrin əvvəlində artıq qərbdə “tərəqqi”  ideyası  iflasa uğramışdı. Necə deyərlər yer üzü kimi nəhəng sosial sistem ideyasız qalmışdı. Ona görə də ortaya “demokratiya”  ideyası atıldı. Demokratiya ideyası da qərbin bir sistem kimi idarə olunmasında funksional baxımdan əvvəllər mütərəqqi rol oynadı. Demokratik deyerlər qərb dəyərlərinə uyğun gəlirdi və qərbi məxsusi bir sistem kimi irəli aparmaq gücündə idi. Əsrin ikinci yarısında siaysətdə, iqtisadiyyatda  baş verənlər isə qərb mədəniyyətində müəyyən dəyişikliklər yaratdı. Artıq yeni əhval ruhiyyə, dəyərlər standartlaşmış  demokratiya qəliblərinə  sığmırdı. Elmi, siyasi mərkəzlərdə artıq  qəlibləşmiş “demokratiya” ideyalarının  heç də əhatəli aparıcı ideyalar olmadığı dərk edilməyə başlandı. Siyasətçilər artıq demokratiya ideyalarından mütərəqqi inkişaf ideyaları kimi yox, siyasi texnologiyalar kimi istifadə etmək yolunu tutdular.  Neçəki qərb standart demokratiya çərçivələri ilə yaşayırdı o zaman modernizm ideyaları da əhəmiyyətli rol oynayırdı.     2) XX əsrin ikinci yarısından artıq elmdə ciddi şəkildə deyilməyə başladı ki, dərin elmi təhlilləri yalnız rasional düşüncə ilə, rasionalizm məntiqi ilə aparmaq mümkün deyil. Başa düşülməyə başlandı ki, mürəkkəbləşməkdə olan hər bir prosesin baş verməsində yalnız rasional amillər rol oynamır. Eyni zamanda muxtəlif xarakterli, rasional düşüncə ilə dərk edilə bilməyən amillər də rol oynayır. 3) Müasir qərb fəlsəfəsinin yanlış yolla inkişafı azadlıq barədə yanlış  təsəvvürlər yaratdı. Müasir fəlsəfədə “sərbəstlik”, “azadlıq”, “tabe olmamaq”, “özbaşınalıq”  və b.k. anlayışlar biri-birinə qarışıb. XX əsrin tanınmış ideoloqlarından olan amerikan Bencamin Taker yazır: “ azadlıq insanın xoşbəxtliyinin ən mühüm dəyəri olduğu üçün dünyanın qiymətli şeyidir. Ona görə də mən onu bacardığım qədər çox həcmdə əldə etmək istəyirəm.  Qərb dünyasında “azadlıq” anlayışı barədə ən populyar  fikirlərdən biri XİX əsrdə yaşamış ingilis filosofu, sosioloqu Herbert Spenserin bu fikiridir: “hər kəsin başqasının bərabər azadlığına xələl gətirməyən istənilən hərəkəti etməyə ixtiyarı var”.  Bu kimi təriflərə xeyli rast gəlmək olar. Amma bu təriflərin hər birində bir yarımçıqlıq var. Çünki, insanın mahiyyətini, onun təyinatını düzgün müəyyənləşdirmədən onun azadlığı barədə danışmaq gülüncdür.   Qərb fəlsəfəsiində tez-tez yol verilən xətalardan biri insanı onun aid olduğu kainat sistemini, ümumiyyətlə insanın varlığı üçün mühüm olan amilləri sistemli şəkildə nəzərə almadan araşdırmaqdır. Ahəngyol elminin müddəalarına görə, o insan daha azaddır ki, o, öz təyinatını yerinə yetirmək üçün daha çox imkanlara malikdir.  Insanın əsas təyinatı isə daxil olduğu ierarxik sistemlərdə ahəng yaratmaqdır. Diqqət versəniz, bu təriflə qərb fəlsəfəsinin “azadlıq” anlayışına verdiyi tərif arasında ciddi, prinsipial fərq vardır. Yəni, qərb filosoflarının dediyi kimi, o insan azad deyil ki, keyfi nə istəyir edə bilsin(lap elə başqasının azadlığına xələl gətirmədən!). Keyfi nə istəyir edə bilmək azadlıq əlaməti xüsusiyyəti ola bilməz. Azadlığın əsas meyarı, insanın yalnız və yalnız öz təyinatına uyğun olaraq fəaliyyət göstərməsi üçün imkanlarının olmasıdır.  Misal üçün, götürək olduqca istedadlı xanəndə bir qızı. Tutaq ki, o bir milyoner gənclə ailə qurub. Ürəyi nə istəyir edə bilir, amma ona xanəndəlik etmək imkanı verilmir. Bu qızın şəxsi təyinatı xanəndəlikir. O bu fəaliyyəti ilə ətrafda daha çox ahəng yarada bilər. Amma ona deyirlər ki, ürəyin nə istəyir elə, bircə xanəndəlik etmə.  Bu insan azaddırmı? Yaxud olduqca istedadli bir alimin elmi fəaliyyət göstərmək imkanı yoxdur. əvəzində böyük biznesi var. Keyfi nə istəyir eləyə bilir.  Amma elmi fəailəyyitini davam etdirə bilmədiyi  yada dushdukcə kədərlənir. Bu insan azaddırmı? Hər hansı bir siyasətçiyə həbsdə yatması ona öz fəaliyyətini daha da effektli şəkildə yerinə yetieməyə kömək edirsə, o həpsdəykən belə, daha azaddır. 4) Qərb fəlsəfəsində və siyasıtində ən uğursuz cərəyanlardan biri liberalizmdir.  Məlum olduğu kimi, liberalizm sözü elə latın dilində azadlıq mənasını verir.  Liberalizm bir fəlsəfi, ictimai-siyasi cərəyan kimi, insanların fərdi azadlıqlarına və hüquqlarına toxunulmazlıq prinsipini, dövlətin, dinin  insanların həyatına qarışmasının minimuma endirilməsini tələb edir. İlk baxışdan olduqca cəlbedici ideyalardır. Amma bəla burasındadır ki, qərb fəlsəfəsi rasionalizmin və  praqmatikliyin təsiri altında  hər hansı bir məsələdə sanki üst qatı daha yaxşı gördüyü halda alt qatları duya bilmir.  Bax elə buradan da qərb fəlsəfəsinin faciəsi başlayır. Bütün bu deyilənlər o demək deyildir ki, qərb fəlsəfəsinin üstündən xətt çəkmək lazımdır. Əsla! Amma  qəbul etmək lazım gəlir ki, indika zamanda qərb fəlsəfəsində əldə olunmuş nəaliyyətlərin şərq fəlsəfəsinin əsas prinsipləri əsasında, daha yeni nəzəriyyələr yaratmaqla daha da zənginləşməsinə olduqca böyük ehtiyac vardır. Liberalizm ideyasında da onun kimi. Yenə də ahəngyolun prinsiplərindən çıxış edərək qeyd etmək olar ki, fərdin azadlığı o demək deyildir ki, o nə istəsə edə bilər. Hər bir insanın yer üzündə konkret təyinatı vardır.  O ahəng yaratmağa xidmət etməlidir. O yalnız ahəng yaratdıqda daxil olduğu sistemlərdə tərəqqi yaranmasına kömək edə bilir. əks halda o gərginlik mənbəyinə çevrilir və daxil olduğu sistemlər uçün arzuolunmaz elementə çevrilir. Burada ahəng yaratmaq mütilik mənasında başa düşülməməlidir. Əksinə, hər kəs ahəngin yaranması üçün mübarizə aparmalıdır. Amma bu mübarizənin meyarları aydın olmalıdır. Fərd eyni zamanda sosial varlıqdır və o sosial mühitin tələblərini nəzərə almağa borcludur. Liberilzm cərəyanında fərdin borcu məsələsi açıq qalır. Bu isə bu cərəyanı əksər hallarda təhlükəli edir.
5) Qərbdə sənaye inkişaf etdikcə kapitalizm cəmiyyəti yarandı. Kapitalizm cəmiyyətinin yaranması da ilk baxışdan olduqca cəlbedici görünür. Əslində isə kapitalizm, yer üzünün  arzu olunan, məqsədyönlü, kainatın mahiyyətindən doğan  bir formasiya deyildi.  Cəmiyyətin normal inkişafından kapitalizm yarana bilməz. Elə bu nöqsanların hesabına idi ki, marksizm meydan gəldi.  İndice qeyd etdiyimiz kimi, kapitalizm cəmiyyətinin çox cəlbedici cəhətləri var. XIX - XX əsrdə qərb ölkələrinin sürətlə inkişafında kapitalizm cəmiyyəti mühüm rol oynadı. Amma bir daha qeyd etmək lazım gəlir ki, qərb fəlsəfəsindəki natamamlıq qərblilərə proseslərə əsasən praqmatik, rasional düşüncə ilə baxmağa imkan verir. Həmin proseslərin mənəviyyat qatındakı bir çox olduqca mühüm məqamlar duyulmur. Kapitalizm cəmiyyətinin yaranmasında da belə oldu. Kapitalizm cəmiyyətində cəmiyyətin aparıcı qüvvəsi kapitaldır. Müasir iqtisadiyyatın əsas prinsipləri  XVIII əsrdə yaşamış məşhur ingilis iqtisadçısı Adam Smitin irəli sürdüyü  bu prinsiplərdir: 1. yer üzündə həyat üçün mühüm olan vasitələr, resurslar məhduddur və 2. insanın təlabatı qeyri məhduddur.  Bu prinsiplərə diqqət yetirdikdə ilahiyyət elmlərinin, dini kitabların insan təlabatı, insan nəfsi barədə tələblərinin bir tərəfə qoyulduğu dərhal nəzərə çarpır. Elə  birinci prinsipdə də həmin mənbələrə etinasızlıq göz qabağındadır. Əslində bu mənada, həmin prinsipləri Allahsız prinsiplər adlandırmaq olar. Qərb isə bu prinsipləri əsas götürərək iqtisadi nəzəriyyələr yaratmağa və ona uyğun siyasət həyata keçirməyə başladı.  Bu prinsiplərin qəbul edilməsi nə kimi nəticələr verdi? Əgər bu prinsiplər doğrudursa o zaman o dövlət daha doğru hərəkət edir ki, öz əlinə  yer üzünün resurslarından daha çox keçirir. Hər bir dövlətin, güc mərkəzinin, transmilli təşkilatın bu prinsiplərlə fəaliyyəti təbii ki, yer üzündə qarşıdurmaların, gərginliyin, muharibə ocaqlarının, səfalətin, terrorun daha çox yaranmasına səbəb olmalı idi.  Qərb o zaman doğru yolda olardı ki, cəmiyyətdəki prosesləri daha dərindən görüb kapital dalınca getməyəydi, kapitalı cəmiyyətin hərəkətvrici qüvvəsi halına gətirməyəydi. Kapitalın əldə olunmasına bundan da çox çalışaraq onu mənəviyyatın inkişafına yönəldəydi.  Söhbət hər hansı bir sosializm cəmiyyətindən getmir. “Kapitalizm”  ideyası cəmiyyətin hərəkətverici qüvvəsi kimi yararsız olduğu kimi, “sosializm”  ideyası da yarasızdır.  Çünki, onların heç biri insanın, cəmiyyətin mahiyyətini, təyinatını tamamilə ehtiva etmir. Kapitalizm cəmiyyətinin yaranması, inkişafı, cəmiyyətə maddiyyatın rolunu ön plana çəkdi. Bununla bərabər müharibələrin, hərbi sənayenin də güclü inkişafına səbəb oldu. Çünki, müharibələr özü də kapital toplamağa xidmət edən güclü vasitələrdir. Min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar bütün insanlara deyir ki, o cəmiyyət normal cəmiyyətdir ki, orada maddiyyat mənəviyyatın inkişafına xidmət etsin. Kapitalizm cəmiyyətinin mahiyyətindən isə bunun əksi alınır. Bütün tarix göstərir ki, o cəmiyyətdə ki, mənəvi amillər öndədir orada ahəng yaranır. Bu amillər nə qədər öndə olursa o qədər də çox ahəng yaranır. Əksinə, mənəvi amillər maddi amillərin basqısı altında olanda isə cəmiyyətdə günü gündən gərginlik artır, kriminal vəziyyət yaranır.  Deməli, əslində, kapitalizm cəmiyyəti müdrik insanların min illərdir dediklərinə  əhəmiyyət vermədən  qurulub. Bu cəmiyyətin elə mahiyyətində gərginlik mənbəyi var. Deməli qərbin inkişafı düz yolla – insanın və cəmiyyətin mahiyyətinə uyğun olan yolla getsəydi, elmi inkişaf da tam başqa istiqamətdə olacaqdı.  Elm, yer üzünün resurslarından, həyat qaynaqlarından daha səmərəli istifadə etmək, insan artımını tənzimləmək, insanı mənəvi tərbiyə etmək sahəsində nəaliyyətlər əldə edəcəkdi. İndiki iqtisadiyyatın yer üzünün resurslarından istifadəsini bir yaşında uşağın qarşısına qoyulan xörəkdən istifadəsinə bənzətmək olar. Oradan buradan əli ilə vurub xörəyi dağıtmaq və sonra da üst-başını batıraraq ağlamaq kimi bir mənzərə. İndi insanlar “insan təlabatı qeyri məhduddur” prinsipinə uyğun olaraq milyoner, milyarder olmaq yarışına qalxıblar. Bir ovuc milyarder pul ilə oynayır və yer üzü başdan başa aclıq, maddi çətinlik içərisindədir. Belə bir misal çəkmək olar. Məsələn bir milyarderin güzəranı  bir milyonçudan  güzəranından daha yaxşıdırmı? Axı milyarder öz şəxsi həyatı üçün nə edə bilərsə onu elə milyoner də edə bilər də. Bir neçə milyardın sahibi olmaq insana  nə verir?  Indiki zamanda daha çox şöhrət verdiyi aydındır. Amma, əslində daha çox risk, insanları daha çox, yaxud daha çox insanları istismar etmək və s. bu kimi şeylər. Amma elm düzgün yolda olsa idi, iqtisadiyyat daha düzgün prinsiplərlə qurulsaydı, demoqrafik siyasət, ekoloji siyasət daha düzgün qurulsaydı  o zaman yer üzündə indi bu qədər problem olmazdı. Həmin milyonçu, milyuarder də başa düşərdi ki, əslində elə yer üzü də onun  böyük bir evidir. Öz mənzillərinə yetirdikləri diqqəti yer üzünə də göstərmək vacibdir.  6) postmodernizmin  ideyasının yaranmasında indiyə qədər heç kimin qeyd etməməsinə baxmayaraq zəmanəmizin böyük dahisi Ə. Lütvizadənin “qeyri- səlist”  məntiq nəzəriyyəsi də mühüm rol oynadı. Beləki, Lütvizadə tamamilə elmi olaraq əsaslandırdı ki, hər hansı bir hadisəni yalnız “ağ”,  “qara”  prinsipi ilə qiymətləndirmək olmaz. Yəni bütün cavablar yalnız ikilik sistemdəki “hə”, “yox” – dan, rəqəmlə ifadə etsək, “0” və “1” – dən ibarət ola bilməz. Onların arasında da xeyli sayda variantlar ola bilər. Bu məntiqin, nəzəriyyənin ortaya çıxması filosoflara, sosioloqlara, siyasətçilərə  ictimai, mədəni, sosial problemlər barədə yeni bir düşüncə ilə yanaşmağa təkan verdi.  Necəki, “0” və “1” arasında saysız hesabsız başqa tam olmayan rəqəmlər yerləşdirmək olar, deməli eləcə də cəmiyyətdə də gedən proseslərin çoxvariantlılığı məntiqidir. 7) postmodernizmin yaranmasında mühüm rol oynayan amillərdən biri də cəmiyyətdə, elmdə, incəsənətdə, ədəbiyyatda və s. xeyli qeyri ciddi, qabiliyyətsiz adamların olmasıdır. Çünki postmodernizmin teqdir etdiyi  sərbəstlik belə insanlara yaratdıqları hər bir məhsula “mənim variantımdır!” demək imkanı verir.  Sərbəstlik olmadıqda, hər bir şəxsdən ciddi tələblər əsasında məhsul, əsər tələb olunur. İstedadsız adamların burada manevr imkanları az olur. Postmodernizmdə isə onların imkanları, özünü müdafiə arqumentləri çoxalır. 8) Modernizm sistemin inkişafında daha çox funksional mahiyyətli ümumi xarakteristikalara diqqət verir. Sistem nəzəriyyəsinin dili ilə desək, sistemin özünün və onun alt sistemlərinin inkişafına, tərəqqisənə diqqət yetirir. Postmodernizm isə daha əhatəli olaraq elementlər səviyyəsinə düşür. Bu təbii, tarixi prosesdir. Ən əsası elementlərin inkişaf prinsipləri nə dərəcədə düzgün müəyyən oluna bilməsidir. İndiki vaxta isə, təəsüf ki, bu prinsiplərin müəyyən olunmasında elə yuxarıda sadalanan səbəblər baxımından xeyli qüsurlar var. 9) Nəhayət, qeyd etmək lazımdır ki, postmodernizm indiki vaxtda dünyanın güc mərkəzlərinin, transmilli təşkilatların əlində bir siyasi texnologiya vasitəsidir. Bu vasitədən  maraq dairələrində olan ölkələrdə mədəniyyət sistemlərinin dağıdılması məqsədi ilə  də istifadə edilir.

İndi postmedernizmin mahiyyətini daha yaxşı təsəvvür etmək üçün mənbələr üzrə, bəzi anlayışları nəzərdən keçirək. Müasir dövrdə sosiologiyaya dair ən nüfuzlu lüğətlərdən biri Böyük Britaniyada nəşr edilən, N. Amerkonbi, S. Xill, B. Ternerin hazırladığı “sosiologiya lüğətidir”(6, 278) . Bu lüğətə isnad edərək indi elm aləmində “modern”, “modernizm”, “postmodern”, və “postmodernizm”  anlayışlarının izahını  bir daha diqqət yetirək.

Modern
– müasir cəmiyyətin müəyyən spessifik  xüsusiyyətlərini əks etdirən termindir. Lüğətdə qeyd edildiyi kimi, “müasir cəmiyyət” anlayışının özü müəyyən qədər mübahisəli anlayışdır. Modern dövrü, iqtisadiyyat, siayasət, mədəniyyət, sosial münasibətlər baxımından xarakterizə olunur. Lüğətdə modern cəmiyyət dedikdə adətən bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərən sənayeləşmiş, siyasi cəhətdən demokratik, sosial siniflərə bölünmüş bir cəmiyyət nəzərdə tutulur. Modern cəmiyyətdə mədəniyyətin hansı şəkildə olduğu daha mübahisəli məsələdir. Bu mədəniyyətdə insanların təcrübəsi,  gündəlik həyatının ritminin artması, sosial həyatın bütün tərəflərinin rasionallaşması, dərk oluna bilməsi və b .k. xüsusiyyətlər əsas götürülür.

Modernləşmiş cəmiyyətin hansı dövrlərdən başlanması da mübahisə obyektidir. Kimisi bu dövrün başlanmasını  ХIV əsrdən XVIII  əsrə qədər qərbin intibahı, inkişafı ilə bağıayır. Bəzi mütəxəssislər bu dövrü dini faktorlarla ( ХV əsrdən başlayaraq), bir başqaları sənayeləşmə ilə (ХVIII əsrin sonu ХIХ əsrin əvvəli), digərləri isə mədəniyyətlə (ХIХ əsrin sonu, ХХ əsrin əvvəli) ilə xarakterizə etməyə üstünlük verirlər. Ona görə də indiki dövrü artıq modern yox, daha tez-tez postmodern dövr adlandırırlar. Diqqətlə fikir verdikdə, lüğətdəki bu izah, bizim bir az öncə verdiyimiz izahla biri birini tamamlayır. Yəni hansı sahədə ümumi inkişaf prinsipləri muəyyən olub həyata keçirilmişsə, həmin sahə modern vəziyyətə gəlmişdir- belə adlanmışdır.

Modernləşmə elə bir prosesdir ki, bu prosesin nəticəsində cəmiyyət modern vəziyyətə gəlir. Siyasi modernləşmə cəmiyyətdə siyasi partiyaların, parlamentin yaranmasını, obyektiv gizli səsvermə mexanizminin yaranmasını, seçki hüquqlarının dərk edilməsini və qorunmasını nəzərdə tutur. Mədəni modernləşmə milli ideologiyanın və dini dəyərlərin inkişafını, dəyişməsini nəzərdə tutur. İqtisadi modernləşmə artan əmək bölgüsü, texnologiyanın təkmilləşməsi, menecment metodlarından istifadə, kommersiya ilə məşğul olmaq üçün əlverişli şəraitin yaranması ilə xarakterizə olunur. Sosial modelləşmə isə əhalinin savadlılıq dərəcəsinin artmasını, urbanizasiyanı, ənənəvi avtoritetlərin, nüfuz sahiblərinin ortadan çıxmasını nəzərdə tutur.

Postmodern
anlayışı adətən modern anlayışına qarşı qoyulur. Postmodern dedikdə, modern sayılan dövrdən sonrakı, tamamilə keyfiyyətcə yeni xüsusiyyətlərə malik bir dövr nəzərdə tutulur. Postmodern dövrünü də xarakterizə etmək üçün dörd əsas cəhətə - sosial, mədəni, iqtiadi və siyasi əlamətlərə diqqət yetirilir. 1) Postmodern dövründə cəmiyyətdə siniflər əvvəlki qədər mühüm olmur. Cəmiyyətin siniflərə ayrılması daha mürəkkəb xarakter daşıyır. Cins, yaş, etnik qrup, maraq dairəsi kimi bir sıra amillər özünü daha qabarıq göstərməyə başlayır. 2) Postmodern dövründə xüsusi, müəyyən ideologiyaya xidmət edən mədəniyyət amillərinə mühüm əhəmiyyət verilir. Bu dövrdə, sənayeləşmədən doğan mədəniyyət  xüsusiyyətləri artır. Gündəlik həyat tərzində müəyyən estetik cəhətlər daha çox əhəmiyyət daşıyır. Şəxsiyyətin formalaşmasında həyatdakı və ətraf mühitdəki  dəyişmələrə uyğun olaraq ənənəvi yox, fərdi seçim üstün olur. 3) Sənayeləşmənin öz hökmünü diktə etdiyi modern cəmiyyətin iqtisadiyyatında böyük şirkətlərin rolu böyük olur. Onlar bir qayda olaraq aşağı kvalifikasiyalı  istehsalat müəssisələrini sıxışdırır. Çox  böyük partiyalarla məhsul istehsal edən bu şirkətlər əhalinin istehlak təlabatını kütləvi surətdə ödəməyə çalışır. Həmkarlar təşkilatları əhəmiyyətli rol oynayır. Postmodern cəmiyyətdə isə böyük şirkətlərin rolu əsasən azalmağa  başlayır. Daha çevik, kiçik istehsalat müəssisələrinin rolu artmağa başlayır. Həmkarların rolu bir çox hallarda heçə enir. Müəssisələrdə bürokratizm əhəmiyyətsiz olur.  4) Modern cəmiyyətdə bir qayda olaraq idarəedici dövlət qurumları çox olur. Bu strukturlar ölkənin iqtisadi, siyasi həyatına güclü təsir edir. Əhalinin rifah halının yüksəldilməsi dövlətin mühüm vəzifələrindən biri olur. Postmodern cəmiyyətdə isə  belə qurumların sayı xeyli azalır. Dövlətin iqtisadi, siyasi qurumların fəaliyyətinə təsiri zəifləyir. Muəssisələrin sərbəstliyi, öz aralarında rəqabət prosesi artır. Sərbəst sahibkarlıq, bazar iqtisadiyyatı inkişaf edir, əhali daha sərbəst olur. Dövlət daha çox əhalinin aztəminatlı, xəstə hissəsinin qayğısına qalmağı öz borcu hesab edir. Əhalinin qalan hissəsi özü öz fəaliyyəti ilə rifahını təmin edir.

Postmodernizm bir cərəyan kimi incəsənətə, ədəbiyyata, kinoya, televizyaya aid edilir. Posmodernizm əsasən aşağıdakı əlamətləri ilə fərqləndirilir: 1) tamamilə müxtəlif tarixi dövrlərin, cərəyanların elementlərinin qarışması. 2) refleksivlik – müəyyən hadisələrə qarşı reaksiya, özünüdərk hisslərinin güclənməsi, bu hisslərin bir çox hallarda tənqidi, satirik, rişxəndlə üzə çıxması; 3) relyativlik hisslərinin güclənməsi – həqiqətin obyektiv standartlarının olmamasının elan edilməsi; 4) klassik bədii metodları qəbul etməmək; 5) mövcud olan müəyyən normalara etinasızlıq; 6) bədii əsərlərin müəlliflərinin əməyinin əhəmiyyətlilik dərəcəsini  azaltmağa meyl, cəht.
Bu anlayışların şərhi bir çoxlarına cəlbedici görünür. Belələri istər liberalizm haqda danışanda, istərsə də, buradakı  digər cərəyanlardakı bir sıra yanaşmaları xeyli mütərəqqi cəhətlər kimi müdafiə edirlər. Amma bu insanlar məsələnin mahiyyətini axıra qədər düşünməyə cəht etsələr, ortaya xeyli suallar çıxdığını görə bilərlər. 

Hər şeydən əvvəl diqqət yetirmək lazımdır ki, bütün bu cərəyanlar qərb elmi-nəzəri, fəlsəfi fikri əsasında ortaya çıxmışdır. Bu cərəyanların, inkişaf modellərinin  bəşəriyyət, yer üzünün tərəqqisi üçün nə dərəcədə əhəmiyyətli olması ən əvvəl qərb elminin  nə dərəcədə doğru-dürüst olmasından, qərbin keçdiyi inkişaf yolunun, tarixinin nə dərəcədə məqsədəuyğun olmasından çox asılıdır. Qərb elmi fövqalədə, şərqin fövqündə duran, həqiqəti lazımi şəkildə əks etdirən bir elm deyildir. Qərbin keçdiyi inkişaf yolu da arzu olunan səviyyədə deyildir.

Postmoderniz ədəbiyyat, incəsənət, kino, musiqi, televizya, sosial şəbəkə, internet kimi elektron vasitələrlə  və b. k. vasitəsi ilə postmodern cəmiyyəti təbliğ edir. İnsanları postmodern cəmiyyətə adaptasiya edir. Bu baxımdam hər hansı bir posttmodernizm nümayəndəsinin: - mən sərbəst adamam, keyfim nə istəyir onu da yazıram kimi sözü, özünün bildiyi ya bilmədiyi halda riyakarlıqdır. İndi bir daha qayidaq postmodern cəmiyyətin yuxarıda sadalanan əlamətlərinə. Görək o əlamətlərin hansı biri bizə bir xalq, dövlət olaraq nələr vəd edir?

Postmodern dövrdə  milli ideologiya məsələsinə əhəmiyyət verilmir. Xarici ekspertlər  milli ideologiyaya diqqət verməyi köhnəlik kimi qələmə verirlər. Əslində isə bu nə deməkdir? Yer üzündə qlobollaşmanın sürətlə getdiyi indiki dövrdə aydındır ki, güclü inteqrasiya prosesləri getməkdədir. Bu prosesdə zəif təşkil olunmuş sistemlər arada itib batacaq. Azərbaycan öz ərazisinə, əhalisinin sayına görə kiçik bir ölkə sayılır. Burada  milli birlik zəif olduqca onun inteqrasi proseslərində uduzma təhlükəsi çoxdur. Milli ideologiya insanları konkret bir milli ideya ətrafında birləşdirməyə xidmət edir.  İstənilən bir sosial sistemin güclənməsində ideya əlahiddə, həlledici rol oynayır. İnsanlar milli ideya ətrafında birləşdikcə onların daxili potensialı daha çox hərəkətə gəlir. Deməli inidi, bizim ölkə kimi – dağılmış SSRİ- nin xarabalıqları üzərində qüdrətli dövlət qurmaq istəyən ölkələrin ən birinci strateji  müdafiə vasitəsi milli ideya ətrafında birləşməkdir.  Amma milli ideya da elə hər hansı ifrat millətçi ideya olmamalıdır. Elə olmalıdır ki, bu həm ölkəmizin tərəqqisinə xidmət etsin, həm də yer üzünün tərəqqisinə kömək etsin. Belə bir vaxtda postmodernçilər bizim fikrimizi bundan yayındırmaq və  amorf bir ideologiyaya xidmət edən mədəniyyət amillərinə mühüm əhəmiyyət verməyə səsləyirlər.  Gündəlik həyat tərzində vətənpərvərlikdən, milli adət-ənənələrdən, əxlaqi normalardan daha çox  müəyyən estetik cəhətlər daha çox əhəmiyyət vermək, fərdi qərarlar qəbul etmək, “mən sərbəstəm!”  ideyası ilə keyfin nə gəldi onu etmək daha çox müasirlik hesab edilir.  Ciddi, əhatəli sənaye sahələrinin yaradılması məqsədəuyğun sayılmır. Halbuki, bizim ölkə kimi öz qüdrətli dövlətçilik dayaqlarını qurmaq istəyən ölkədə belə sənaye sahələrinə çox ehtiyac vardır. Həmkarlar təşkilatlarını  əhəmiyyətsiz bir təşkilata çevirmək istəyirlər. Halbuki, yenə də bizim ölkə kimi ölkələrdə  işə götürənlərin mədəni, mənəvi səviyyəsi hələ o səviyyədə deyildir ki, işçilərin bütün hüquqlarını arzu olan səviyyədə təmin etsinlər. Əslində keçid dövrünü yaşayan ölkələrdə daha təkmil həmkarlar təşkilatlarına daha çox ehtiyac vardır. Hələ Azərbaycan sahibkarı o səviyyədə deyil ki, dövlətin iqtisadi, siyasi qurumların fəaliyyətinə təsirinin zəifləməsi  daha müsbət nəticələr versin. Postmodern cəmiyyət əhalinin rifahını arxa plana keçirir. Hər kəsin özü çalışsın! deyir. Amma, yenə də bizim ölkələr kimi bu sahədə geniş təcrübəsi olmayan əhalini birdən-birə taleyin axarına buraxmağın da nəticələri yaxşı şey  vəd etmir. Alimə, ziyalıya əhəmiyyətsiz bir zümrə kimi baxan postmodern cəmiyyət bizim min illik adət ənənələrimizi qısa bir zamanda yox etmək istəyir. Şərq insanı, azərbaycanlılar hər zaman öz həqiqi şairinə böyük önəm vermişlər. Belə inasanlar cəmiyyətin tənzimlənməsində olduqca mühüm rol oynamışlar. Təsadüfi deyil ki, indiki postmodernizm nümayəndələri Nizamidən, Füzulidən tutmuş ən müasir söz adamlarımızı belə nüfuzdan salmağa çalışırlar.  Şərqdə, bütün tarix boyu xalq arasında yuksək nüfuz sahibləri olmadıqda  o cəmiyyət zəifləyir.  Postmodernçilər indi bizə bunu təlqin edirlər. Postmodernizm tərəfdarlarının bir çoxu indiki zamanda “əxlaq”  anlayışına təhlükəli  bir münasibət bəsləməkdədirlər. Onlar “əxlaq”, “millilik”, “adət-ənənə”, “ailə” və b. k. mənəvi  dəyərlərin öz əhəmiyyətini itirdiyini iddia etməkdədirlər.

Postmodern cəmiyyəti, postmodernizmi nə çox tənqid etmək lazımdır, nə də təqdir etmək lazımdır. Ondan yaradıcı surətdə istifadə etmək lazımdır. Necə? Yuxarıda deyildiyi kimi, müasir cəmiyyətdə hər hansı bir prosesdə, idarəetmədə çoxvariantlılıq – muxtəlif şəkildə düşünmə, müxtəlif xarakterli qərarlar qəbul etmə və s. doğrudan da müasirlikdir və təqdir edilməlidir. Amma hansı çoxvariantlılıq? Bizə o çoxvariantlılıq lazımdır ki, o xalqımızın, ölkəmizin, ailəmizin tərəqqisinə, bu sahədə müəyyən bir ahəngin yaranamsına xidmət etsin. Hansı çoxvarianlılıqsa gərginliyə xidmət edir, dağıdıcı xarakter daşıyır ondan qaçmaq lazımdır.  Deməli bizim mövqeyimiz, indi ortada olan postmodernizm liderlərinin mövqeyindən nə ilə fərqlənir? Onlar postmodernizmi bir zəruri həyat normasi kimi meyar səviyyəsinə qaldırırlar. Bizim mövqeyimizsə ondan ibarətdir ki, postmodernizm bir vasitədir. Onun yaxşı tərəflərindən istifadə etməli, pis tərəflərini isə rədd etmək lazımdır. Yəni postmodernizm meyar deyil, onun uzerində də meyar olmalıdır. Bu meyar məqalədə qeyd olunan, ahəngyol elmində geniş bəhs olunan sosial sistemin tərəqqisi meyarlarıdır. Bu meyar bizə cəmiyyətimizdə əhalinin get-gedə daha çox fiziki sağlamlaşmasına, mənəvi zənginləşməsinə, əməyə yaradıcı münasibət təlabatının artmasına kömək etməlidir. Dövlətimizin daha da qüdrətlənməsinə səbəb olmalıdır.

ƏDƏBİYYAT:

1. Əhməd Qəşəmoğlu. Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri/Ahəngyol elminə giriş. Bakı,  “Səda”,
2. Л. фон Берталанфи общая теория систем - критический обзор ttp://www.macroevolution.narod.ru/bertalanfi.htm
3. M.A. Enqelqardt. Tərəqqi qəddarlığın təkamülü kimi. Bakı, “Zəkioğlu”, 2008, səh. 22, 118 və s.
4. Акофф Р, Эмери Ф. О целеустремленных системах, М: «Советское радио», 1974
5. A. Н. Чанышев. Курс лекций по деревней и средневековый философии. Ь, «Высшая школа», 1991. Стр. 7
6. Н. Амберкромби, С. Хилл, Б. Тернер, Социологический словарь, М. «Экономика», 2004

Açar sözlər: “modernizm”, “postmodernizm”, “mədəniyyət”, “liberalizm”  “ahəngyol”

Xülasə:  Məqalədə əvvəlcə “mədəniyyət” kateqoriyasının mahiyyəti ahəngyol elminin prinsipləri əsasında geniş təhlil edilmişdir. Bundan sonra qərb mədəniyyətinin formalaşmasında modernizmin bir zəruri proses kimi ortaya cıxması səbəbləri müəyyənləşdirilmişdir. Modernizmin formalaşmasında yol verilmiş fəlsəfi boşluqlar geniş şərh edilmişdir. Bununla bağlı 9 istiqamətdə konkret amillər üzə çıxarılmışdır. Bundan sonra elmi mənbələr əsasında “modern”, “modernizm”, “postmodern”, “postmodernizm”  terminləri ətraflı olaraq təhlıil edilmişdir. Postmodernizmin müsbət və mənfi tərəfləri qeyd edilmişdir. Postmodernizm cərəyanından faydalı şəkildə istifidaə edilmək üçün konkret meyar təklif edilmişdir.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.