Bakıda böyük türkmən şairi Məhtimqulu Fəraqinin yeni “Divan”ı tapıldı
02.07.14

Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin (1724-1807)  bu il anadan olmasının 290 ili tamam olur. Bu əlamətdar tarixlə əlaqədar dünyanın bir çox ölkələrində təntənəli surətdə böyük şairin anadan olmasının 290 illik yubiley tədbirləri keçirilmişdir. Beynəlxalq TÜRKSOY təşkilatı 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan etmişdir.

Azərbaycanda da 7 may 2014-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Türkmənistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Məhtimqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirildi. AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə “Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi“ mövzusunda keçirilən bu konfrans AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda gerçəkləşdi. Konfransda Azərbaycan alimləri, Türkmənistanın Azərbaycandakı Səfiri T.B.Komekov və səfirliyin əməkdaşları, Türkmənistandan gəlmiş alimlər və bir çox qonaqlar iştirak etdi.

Görkəmli şairin yubileyi ilə əlaqədar bu sətirlərin müəllifi şairin seçmə şeirlərindən ibarət “Seçilmiş  əsərləri”ni nəfis tərtibatda nəşr etdirmişdi. Kitaba şairin 400-ə yaxın şeiri daxil edilmişdir. Yubiley tədbirləri zamanı həmin kitabın təqdimat mərasimi də keçirilmişdir.

Azərbaycanda Məhtimqulunun əsərlərindən seçmə şeirləri bir neçə dəfə ayrı-ayrı tərcüməçilər tərəfindən dilimizə çevrilərək nəşr edilmiş, Azərbaycandakı jurnal və qəzet səhifələrində 1923-cü ildən başlayaraq onun yaradıcılıq irsi barəsində çoxlu məqalələr dərc olunmuş, bir neçə dissertasiya işi müdafiə olunmuş, monoqrafiyalar yazılmışdır. Bu işlər bu gün də davam edir.

Məhtimqulu Fəraqinin əlyazmalarının bir çoxu dünyanın ən məşhur kitabxana və muzeylərində qorunub saxlanılır. Azərbaycanın tədqiqatçı-alimi Ramazan Qurbanov Türkmənistan alimlərinin araşdırmalarına istinadən 1965-ci ildə yazdığı “Maqtımqulu Pırağı” adlı məqaləsində yazır ki, mütəfəkkir şairin kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrinin kitabxanalarında əlyazması şəklində saxlanılır. Onun bildirdiyinə görə, Türkmənistan EA-nın Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində (hazırda Türkmənistan EA-nın Milli Əlyazmalar İnstitutunun Əlyazmalar fondunda) görkəmli şairin 120-yə yaxın qovluqda ədəbi irsi qorunub saxlanılır. Bunlardan 50-dən çoxu əlyazma, 20-yə qədəri daşbasması əlyazmaları və 45-dən çoxu şairin kiçik əsərləri və həyatına aid materiallardır. Bu əlyazmalarından ən əhəmiyyətliləri “Qarrıqala”, “Gümüştəpə”, “Marı”, “Tecən”, “Daşhovuz”, “Aşqabad”, “Cərcev” və “Stavropol” əlyazmaları, eyni zamanda Daşkənd daşbasması və Britaniya muzeyində mühafizə olunan əlyazmaların foto-surətləridir.

Bu əlyazmalardan “Marı” 330, “Qarrıqala” 190, “Daşhovuz” 179 və Londondakı Britaniya muzeyində saxlanan əlyazma isə 218 səhifədən ibarətdir.

Bunlardan əlavə, Məhtimqulunun Özbəkistan Respublikasının Şərq Xalqlarını Öyrənmə İnstitutunda (hazırda Özbəkistan Respublikası Biruni adına Şərqşünaslıq İnstitutu) “Divani Maqtımqulı”, “Qəzəliyyati Maqtımqulı”, “Məsnəviyyati Maqtımqulı”, “Eşari Maqtımqulı” və sair adlar altında səkkiz əlyazması mühafizə edilməkdədir. Bunların dili Xarəzm şivəsindədir.

Görkəmli alim Ramazan Qurbanov həmin məqaləsində Məhtimqulu Fəraqinin əsərlərinin iki əlyazmasının Azərbaycanda qorunub saxlandığını bildirmişdir. Həmin əlyazmalar hal-hazırda  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmalar fondunda saxlanılır. A-170/10538 şifrə altında qorunan əlyazma nüsxəsində şairin 55, B-1558/10538 şifrə altında qorunan əlyazmada isə 54 vərəq vardır.

Həmin məqaləsində R.Qurbanov Azərbaycanda Məhtimqulu Fəraqinin “Divan”ının da qorunub saxlanıldığını bildirmişdir. İndiyə kimi heç kimin diqqət yetirmədiyi olduqca mühüm bu məlumat diqqətimizdən qaçmadı, həmin kitabın AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında olub-olmamasını yoxladıq. Xoşbəxtlikdən həmin kitabı oradan tapa bildik.

Yeni tapılan  “Divan”  üzərində ilkin paleoqrafik müşahidələr kitabın Orta Asiyada – Xivədə, Buxarada və ya Daşkənddə daşbasma üsulu ilə basıldığını göstərir. “Divan”ın son vərəqi cırılmışdır. Sondan ikinci vərəqin yuxarı hissəsinə sonradan naməlum şəxs tərəfindən Məhtimqulunun bir şeiri yazılmışdır. Kitabın üz qabığı kartondandır. Onun harada və nə vaxt basıldığı haqqında heç bir tarix yoxdur, amma R.Qurbanov onun 1888-ci ildə  basıldığını bildirmişdir. Ola bilsin ki, o, kitabı görərkən kitabın son vərəqində bu tarix olmuşdur. Kitab kartonla cildlənən zaman son vərəq cırılıb düşmüşdür.

Daşbasması üsulu ilə basılmış bu “Divan”  164 səhifədən ibarətdir. Vərəqlər çox yaxşı vəziyyətdədir. Yazı yaxşı oxunur. Vərəqlərin bir çoxu şaquli istiqamətdə iki sütuna bölünmüşdür və hər iki sütunda şeir yazılmışdır. Bu vərəqlərin hər səhifəsində 2-3 şeir vardır. Ümumilikdə kitabda şeirlərlə birlikdə şairin bir neçə kiçik poeması da  vardır.

“Divan”ın   titul vərəqindəki yazını və oradakı bir neçə şeiri tez bir zamanda tanınmış alim fil. üzrə elmlər doktoru Paşa Kərimov transliterasiya etdi. Məhtimqulunun adı yazılmış titul vərəqindəki yazı belədir:

“Əlləhummə yəmurru kullu-l-yəra. Divanu-həzrət Məhdumqulı rəhmətullah aleyhi. Numul-mavlə va numun-nasırın”.

Türkmənistanın görkəmli ədəbiyyatşünas alimi, professor A.Aşirovun bildirdiyinə görə, hazırda Məhtimqulu Fəraqinin 700-dən artıq şeiri və 10-a yaxın kiçik həcmli poeması bu günə gəlib çatıb. Şairin 290 illik yubileyi ilə əlaqədar Türkmənistanda A.Aşirov tərəfindən şairin bütün əsərləri yenidən iki cilddə kitab kimi nəşr olunubdur. Biz Paşa Kərimovla birlikdə şairin yeni tapılmış “Divan”ındakı şeirlərin nəşr olunmuş kitabda olub-olmamasını yoxladıq. Bütün şeirləri yoxlaya bilməsək də, “Divan”ın əvvəlindən, ortasından və sonundan seçdiyimiz bir neçə nümunənin heç birinə şairin indiyədək nəşr edilmiş kitablarında rast gəlmədik. Belə bir qənaətə gəldik ki, şairin yeni tapılan “Divan”ındakı şeirlərin əksəriyyəti, bəlkə də hamısı bu günə qədər elmə məlum deyildir.
Biz kitabın əvvəllər kimə məxsus olduğunu və Əlyazmalar İnstitutunun kitabxanasına necə düşdüyünü də araşdırdıq. Kitabın bir neçə vərəqinə vurulmuş  şəxsi möhürdəki addan məlum oldu ki, “Divan” əvvəllər  Novruz Ağayev adlı şəxsə məxsus olmuşdur.

Novruz Ağayev Azərbaycanda əlyazma və qədim kitablar kolleksioneri kimi tanınmışdı. O, XX əsrin 50-ci illərində Əlyazmalar İnstitutunda əlyazmaların mühafizəçisi kimi də çalışmışdır. Çox güman ki, bu kitabı, özündə olan digər qiymətli əlyazma və kitabları sağlığında özü Əlyazmalar İnstitutuna bağışlamışdır. Çünki kitabın titul vərəqində onun 1953-cü ildə yoxlanıldığı barəsində qeyd vardır.

Hazırda kitabdakı şeirlərin transliterasiyası və Azərbaycan dilinə tərcümə edilməsi üzərində iş gedir. Ümidvarıq ki, yaxın zamanlarda kitab Azərbaycan dilində nəşr olunaraq oxucuların ixtiyarına veriləcəkdir. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.