Cavanşir Yusifli - Budağında quş yuvası bir ağac...
02.07.14

XX əsr Azərbaycan poeziyasında imza bolluğu heç də həmişə səs, nəfəs, rakurs polifoniyası ilə müşayiət edilməyib. İmzalar çox olub, hansı döngədən burulsan, qarşına şeir çıxıb, ancaq zaman keçdikcə bu şeirlər, bu imzalar, bu ehtiras və həyəcanlar tarixin dibinə çöküb, bolluq deyilən ovqat bir anda kasadlıq doğurub. “Var”dan “yox”a adlayış hiss edilməyib, 30 il, 40 il yol gələn bir adamın seçilmiş əsərlərində daha çox illərin burulğanında, qıjhaqovunda boğulan ünvansız, adsız, canını tapşıran nəfəslərin külü qalıb. Təəssüf...

Bu mənada kiminsə seçilmiş əsərlərini vərəqləmək mənim üçün doğrudan da cəhənnəm əzabıdır. Ancaq min illər üst-üstə calanan bu kül olmasa, həyatda və sənətdə yenisini yaratmağa səbəb də olmaz. Közü dərd, ağrı, yanmaq ehtirası, yaratmaq şövqü dünyaya gətirir.

Hərdən düşünürəm: XX əsrin əvvəllərindən sola-sola yol gələn ədiblərimizin ədəbi taleyi çözülərkən ortaya atılan “ideoloji” bəhanə nəyə görə Nazim Hikmətin şeirlərinə münasibətdə “yada düşmür?” Axı Nazim Hikmət də külli miqdarda ideoloji, özü demişkən, “qışqırıqlı” şeirlər yazmışdı, ancaq... Nazim Hikmət nəfəsi hər cür ideologiyadan yüksəkdə dururdu və bu, onun inadı ilə deyil, Tanrının bəxş etdiyi nəfəsin dünyanı sarması ilə gerçəkləşirdi. Nazim Hikmət, bir məşhur ifadədə deyildiyi kimi, yerlə-göylə əlləşirdi. Onun misralarındakı hecalar, səslər, intonasiya hesaba gəlmirdi, əksinə, Tanrı ona bu payı vermişdi ki, dünyanın gerçək halından min qat o yana durumu ölçsün.

Nazim Hikmətin nəfəsi həm də ölçü vahididir, dünya, gerçəklik bu arşından heç hara qaça bilməz! Şairin, yazan adamın təyinatını Tanrı verir və bu, şair göy qübbəsinin altından çəkildikdən sonra bütün çılpaqlığı ilə görünür. Bu mənada şairlərin qədərini yaş həddi deyil, taleyinə qurulan “qum saatı” müəyyənləşdirir. Buna dünyanın heç bir bəndəsi düzəliş edə bilməz...

XX əsr Azərbaycan poeziyasında səsi, nəfəsi, üslubuyla hamıdan seçilib-ayrılan, heç kəslə ortaq “malı” olmayan, başdan-başa içindəki qum saatından süzülən taleyini yazan, şeirində hər cür “yazı texnikasının” əleyhinə işləyən nəfəsi duyulan şairlərdən biri Məmməd İsmayıldır. İnsan nəfəs alıb yaşayır, ürəyinin döyüntüləri damarında çarpır, şairin nəfəsi - poetik enerji onun yazıları ilə dünyaya tutduğu güzgüdə görünür. Güzgünün bir tərəfi dibi bilinməyən sonsuzluqdur, digər tərəfi rüzgar kimi tutulub-açılan göy üzüdür...

Məmməd İsmayılın ədəbi taleyindəki “qum saatı” onun ZAMANININ əsas cizgilərini artıq cızıb-qurtarıb, yəni Məmməd İsmayıl adlı şairin əsas mövzuları, onun ortaya qoyduğu poetik sistemin əsas parametrləri artıq bəlirli bir şəkildədir.

...Ümid işığımı əllərində şam,
Verərəm varıma, yoxuma gəlsən.
Arzu yuxusunda qırx il yatmışam,
Qırx il də yataram yuxuma gəlsən -
Hardasan, hardasan, ay baba dərviş?!

Bax, bu şeir – “Ay baba dərviş” fikrimizcə, Məmməd İsmayılın poetik sistemini, onun nəfəsinin bütövlüyünü, üz tutduğu səmti apaydın göstərən bir mətndir. Uşaq marağıyla müdrik, ahıl bir insanın təcrübəsinin qovuşduğu an bu şeirdə mükəmməl əksini tapıb. Uşaqlıqda bu yazını oxuyanda heyrətlənmişəm, anidən dərvişin qurşağından çıxardığı almanı görmüşəm, “yahu” səsini eşitmişəm, yəni bu şeir olmasaydı, yaddaşımdakı “baba dərviş” bəlkə də oyanmayacaqdı. Hətta bu şeiri oxuduqdan sonra yaddaşımda qalan, amma doğrudan da nə vaxtsa yaşadığım nəsnələrə şübhə ilə yanaşmışam, bəlkə elə bu şeir mənim yaddaşımdakı o qatı formalaşdırıb, kim bilir? Məncə, Məmməd İsmayıl şeirinin ən gözəl “qəribəliyi” elə bu cəhətindədir, o, insanda günlər, aylar, illər hesabına nəsə yaradır, onu sözün yaxşı mənasında özünə qarşı qoyur, düşünməyə mövzu verir, Məmməd İsmayılın ən cari, belə deyək, ən realist şeirində də uşaqlığımızın yaşadığı anlar var. Sözün düzü, vaxtilə bu şeirlər mənim üçün uşaqlığıma dönüş kimi maraqlıydı.

Poeziyada uşaqlığa, dünyanın ilkin çağlarına dönüş isə sadəcə ekskurs deyil, bütün ömrə, taleyə tutulan güzgü, deyilən söz, yaşanan dərddir. Bu mənada Məmməd İsmayılın şeiri içinə yığılmış, təsvirləri, xarici konturları, necə deyərlər, “ətək yazılarını” içində gizlədən bir poetik vahiddir, ənənənin “ustadnamə ilə başlayıb divaniynən başa varan” ruhu, saz, söz, sim üstündə gəzişmələr formada yox, yuxarıda vurğuladığımız kimi, yaşamağa səbəb olan nəfəsdədir.

Bu mənada onun özünün ədəbi düşüncələrində yer alan forma mühafizəkarlığı təqdim etdiyi mətnlərdə yerli-dibli yoxdur, çünki forma sadəcə şəkil deyil, höccələnən hecalar, qafiyə, səs, söz tuş gəlməsi deyil, həm də Məmməd İsmayılın şeirlərinin göstərdiyi kimi mürəkkəb psixologiyası olan yaddaşdır. Məzmunun özünün dərindən-dərinə forma ilə aşılanmasıdır, yəni bu oyunda forma istədiyi məzmunu “qapmır”, əksinə, məzmun, ruh, mahiyyətin özü formanı şəkildən-şəklə salır, dünyanı, insanı min ünvana birdən yollayan yaşantıları forma, biçim kimi çeşidləyir. Gözəl, mükəmməl şeir mətnində forma bu mənada sabit, statik vahid deyil, anidən dəyişəndir, onu oxuyan, sevən, orada özünü tapan insanların duyğuları hesabına artan və beləcə dünyanı tutan, vuran, çıxan, bölən... vahiddir.

Bu gün Mirzə Ələkbər Sabirin qəzəllərini oxuyanda “Hophopnamə” yada düşmür, “Sabir” sözünü də gərək min dəfə təkrarlayasan ki, bu gözəl şeirləri onun yazdığını unutmayasan. Ancaq Sabirin qəzəllərindəki yaddaş əksini təlqin edir, səni geriyə, ənənədəki boş yerləri tutmağa, mükəmməl mətn oxumağa dəvət edir. “Hophopnamə” isə artıq yeni mətndir, yeni təfəkkür, dünyagörüşüdür və buna görə də onun hər hecasında müəllifin və onun vasitəsi ilə millətin yaddaşının dirildiyi, özünü tapıb qaynadığı yer çarpır.

Belə bir cəhəti də xatırlayaq ki, Məmməd İsmayılın poetik sistemini müəyyənləşdirən, əsas və kardinal cizgilərini ortaya qoyan işarələr hesabına başqa əlamətlər – sözün düzünü demək, xüsusən tarixə üz tutan şeirlərdə perspektivi göstərmək və başqa təməl prinsiplər formalaşır, yəni yazıldığı zaman diqqəti cəlb etməyən, ancaq zaman keçdikcə qatı açılan deyimlər gerçəklik haqqında təsəvvürlərin genişlənməsinə xidmət edir. Bu mənada onun bir neçə proqram əsərinə diqqət yetirmək olar.

Bunlardan birincisi, heç şübhəsiz ki, “Savalanda yatan igid” şeiridir. “...Anası ayrılıq çağında oğluna dedi: “- Orada, Savalanda dərin yuxuya gedəcəksən, atın keşiyində dayanıb səni qurddan-quşdan qoruyacaq. Sən o vaxt ayılacaqsan ki, qılıncın qından sıyrılacaq, dəstəyi də sənə tərəf, - deməli, qisas vədəsi çatıb”. İgid Savalanda hələ də yatır. On ildən bir oyanıb, bir də yatır. Atı da yanında gözləyir ki, vaxt gəlib çatsın, igid oyansın”.

Xalq o qədər mif, əsatir yaradır ki, onun gerçək həyatı da günlərin bir günü əsatirə çevrilir. Bu durumda əsatir mətnindəki işarələr - qılıncın dəstəyinin qəfil çevrilməsi... gücdən düşür, zaman o qədər paslanır ki, dirilik suyu da hikmətini itirir. Bu duruma, bu çıxılmazlıq ovqatına uyğun olaraq şeirin ritmi min illəri bir an kimi görsədir, bütün hərəkətlərin təfərrüatları deyil, ancaq “partlama”, qəlibini qırıb kənara sıçrama anları təsvir edilir. Diqqət yetirin:

...Sabaha səsləyir zamanı yollar,
Yollar gah ayrılıb, gah calanıbdı.
Girib nağıllarda yatır oğullar,
Bir Vətən ikiyə parçalanıbdı.

Sonra:

...Oyan, qalx, nə belə qara batmısan,
Qoy duysun harınlar od nəfəsini.
Ay zalım, gör gedib harda yatmısan -
Əsəb nöqtəsində yer kürəsinin.

Bu iki bəndi müqayisə etdikdə “ritm əyrisinin” əsəb kimi çarpdığını görərik, əslində, dərindən diqqət yetirdikdə ritm özü aşkarlayıcı, məzmun qatını, ifadə planının laylarını qaldırma funksiyasını yerinə yetirir. Dünyanın bu durumu, siyasi-ideoloji biçim başdan-ayağa yalan və oyunlara bələnib. Dünya dağlarında yatır igidlər, gözləyə-gözləyə öz zamanını, oyan, onları da oyat bir səhər, bu ağ yalanların qaralt qanını...

Məmməd İsmayıl şeirinin obrazı çoxşaxəli və polifonik yaddaşa malikdir, bəzən bir söz, bir ifadə böyük bir təsvir planını əvəz edir, deyilişdə elə bir intonasiya seçilir ki, sözün özü artıq görünür, konkret misalda sanki sözlə deyil, təəssüflə, ötüb-keçən günlərin ürəkdə qalan ahı, min illərin kirpikdən düşməyən göz yaşı... ilə üz-üzə gəlirsən. Sual elə verilir ki, ondan ötüşüb dərdin içinə batırsan...

...Qıyma məhəbbətin cavan çağına,
Payız həsrət çəkər yaz yarpağına.
Ölmüşəm, qalmışam nəyinə gərək,
Harda qocalmışam, nəyinə gərək!

Məmməd İsmayıl şeirinin poetikasında da əsas bəlirləyici vahid yaddaşdır. Bu mənada o, yazıb-yaratdığı dövrdə ortaya qoyduğu təcrübəsi ilə ya ümumi, ya da özəl əlamətləri baxımından heç bir çevrəyə, qrupa daxil olmur, yəni bu çevrələrin içində oxunmaqla mənalanmır, məna qazanmır, özünü, öz sistemini tanıdan cəhətləri yaradır.

Sən nədən bilirsən hansı xeyirdi
Vaxtsız enməyimmi, ucalmağımmı,
Cavan qalmağımmı, qocalmağımmı?
Bu hələ taledi, bu hələ sirdi...
Sən nədən bilirsən hansı xeyirdi...
Çıx, ver ürəyini çağlayan yaza,
Alqışla torpağın ilk müjdəsini.
Bir qız sinəsində eşqə müntəzir
Açılmaq istəyən gül qönçəsini...
Üsyanı önündə yanan güllərin
Bu qalxan civələr, enən civələr,
Stollar, stullar,
Bu vəzifələr
Mənə boş görünür,
Gülünc görünür...

Yuxarıdakı nümunə də göstərir ki, Məmməd İsmayılın poetik mətni göz önündə spontan şəkildə açılır, ilkin təəssürat bu olur ki, bunca əlvan naxış, predmetin az qala bütün görünən cəhətlərinin görsədilməsi...əsas məqamın mətnin içində və onun dışındakı mətləblərlə səsləşməsi necə deyərlər “yaddaşa işləyir”. Məqsəd bu və ya digər təəssüratı formalaşdırmaq deyil, bəlkə onların hamısını bir müstəvi üzərinə gətirməklə bu şeirə qədər yol gələn mətnlər arasında sirli əlaqə yaratmaqdır.

Məmməd təbiəti və insanı, bütövlükdə dünyanı vahid fonda təsvir edir, onlara bir ümumi fon verir, fikrimizcə bu, poetik sistemdə aldadıcı vasitədir, əsas məqsəd kiçik bir məkanda, əl boyda bir yerdə gerçəkliyi göstərmək, onun haqqında dolğun təsəvvür yaratmaqdır. Təbiətdəki insan və insan xislətinin təbiəti onun bütün yaradıcılığı boyu izlənib, şeir mətnindəki assosiasiyalar, onların doğurduğu dinamika, hərəkət enerjisi gerçəkliyin bütün cəhətlərini çevrələmək gücünə malikdir.

Məmmədin ötən əsrin 70 və 80-ci illərində yazdığı şeirlər, yaratdığı ədəbi mətnlər milli poetik ənənələri zənginləşdirməklə bərabər, cari ədəbi prosesdə, onun bir çox baxımdan təkamülündə fəal iştirak edib, belə deyək, prosesimizin bir çox magistral mövzuları məhz Məmməd İsmayıl poeziyasından çıxıb.

Onun “Gənclik” jurnalındakı və Azərbaycan dövlət televiziyasındakı qaynar fəaliyyəti indi də unudulmur, Azərbaycan mədəniyyətini bütün çalarları, çeşid və layları ilə təqdim etmək, insanlara ürəyindəki sözləri, qarşılaşdığı problemləri, həm də bir fərd kimi arzu və istəklərini söyləmək imkanı yaratmaq, xüsusən “Gənclik” jurnalında cəmiyyətimizin sosial problemlərini bütün ağrı-acısıyla araşdırmaq, uzaq repressiya illərinin insanlara, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zədələrin, ağrı və dərdlərin qaysağını qoparmaq, bu hadisələrin hamısına dövrün pafosunu aşan ciddi nəzərlərlə baxmaq...

Məmməd İsmayılın fədakar əməyi, ictimai xadim kimi ciddiliyi hesabına başa gəlirdi. “Gənclik” jurnalında bir sıra yazıları oxuyanda bunların problematikasını əlbəəl tanıyırdım, çünki bir çox mətləblərin poetik şərhini məhz Məmmədin şeirlərində görmüşdüm. Bu hadisə öz-özünə, spontan şəkildə deyil, müəyyən qanunauyğunluğun hesabına yaranıb-formalaşıb.

Məmmədin 60-cı illərin sonundan bu günə kimi keçdiyi mürəkkəb ədəbi təkamül, ədəbi axtarışlar, dərin psixoloji və ictimai yükə malik olan proseslərlə əlaqədə özünü quran, yaşadan, həmin prosesləri ən müxtəlif səviyyələrdə təhlil edən poetik sistemə bu gün birmənalı qiymət vermək doğrudan da çətindir. Məmmədin poeziyasında mənim üçün ən maraqlı, ən dəyərli məqamlardan biri bütün hisslərin, duyğuların, poetik təsvirlərin dirəndiyi “təbəddülat anıdır”.

Diqqət yetirin:

İşim dostdan keçər, düşməndən keçər,
Nə bəxti yüyrəyəm, nə taleyi kəm.
Gör neçə ildir ki, qış məndən keçər,
Mən qışdan, mən qışdan keçə bilmərəm.

Və hisslərin, fikir və mülahizələrin mətnin bəlli bir yerində çulğaşıb “təbəddülat” yaradığı zaman poetik sistemin ənənədən fərqlənən, onu az qala təhdid edən keyfiyyətləri meydana çıxır.

“Ənənə” dedikdə yalnız onu yaşadan və zənginləşdirən ən yaxşı nümunələr nəzərdə tutulur. Ənənə üstündə yazılan o qədər şeir var ki, sadəcə təəssürat yaradır, formal əlamətləri gözə çarpdırır, mətndə heç bir ruh və münasibət görünmür. Məmməd İsmayılın qoşmalarının hər biri bu gün də böyük şövqlə oxunur. Təkcə uşaqlıqdan əzbər bildiyim “Bir ildir” rədifli qoşmanı göstərə bilərəm. 70 və 80-ci illərdə şairin qələmə aldığı, obrazlı şəkildə deyilərsə, sazı dilləndirən “Gözəldir” və bir sıra başqa qoşmaları milli söz xəzinəmizin əvəzsiz nümunələridir.

Onun şeirlərinin hər misrasında, bu böyük zamanın hər bir kadrında özünün yaşadığı çətin günlərin, anların, uğraşdığı ən müxtəlif ovqatlı hadisələrin nəfəsi duyulur, - bu fikir onsuz da məlumdur, - yəni Məmməd haqqında bu səpkili rəylər artıq neçə ildir ki, söylənilir, ancaq Məmməd özü də məlum olanları orijinal cilvədə, yalnız özünün müəyyənləşdirdiyi rakursda göstərə bilən bir sənətkardır. Əgər bu rakurs məsələsi olmasaydı, şübhəsiz ki, bu gün Məmməd İsmayılın şeirlərindən bu şəkildə danışmağa hacət qalmazdı.

Ömür keçər, ölüm gələr yaxına,
Bu xınaya bənzəməz ki, o xına.
Biz də belə, qoşularıq axına,
Hara axır Kürün varmı xəbəri,
Bir soruşun, görün varmı xəbəri?

İndicə “Varmı xəbəri” adlı şeirin axırıncı bəndini sitat gətirdik. Bu son bənd özlüyündə bu şeiri oxumayanlar üçün heç bir təəssürat yaratmır, olsa-olsa bütöv bir peyzajın bir qırıntısı və hissəsi kimi maraq doğura bilər. Yəni adı çəkilən poetik sistemdə, tamlığı, bütövlük hissini bəlirləyən komponentlər əslində bədii mətnin başından sonuna kimi müvafiq poetik məntiqə tabe olmaqla hörülüb, bu toxumaların özü bir-birini doğuran, keçid və digər hissələri şərtləndirən assosiasiya axını əsasında hərəkət edir.

Hərəkətin bu formada göstərilməsi başlanğıcını Səməd Vurğunun “Dünya” şeirindən götürür. Bu mətndə ən önəmli məqam kadr arxasından gələn səsdədir, şairin min illərin acısından, ölüm təhlükəsindən keçən səsi birdən-birə fəzanı tutur, hamının içindən sirli bir çay kimi axan hisslər mənalanır, neçə-neçə insan nəslinin bəşəri duyğusu, bir sözlə, min ilin təcrübəsi bir anın içinə yığılır. Səməd Vurğunun şeirindəki “... bir də görürsən ki...” qəlibində indiki zaman bütün zamanların, həm də içində donaraq amorflaşan zamanın əksidir,

Səməd Vurğunun bu şeirində “donmaqla” açılmaq, zamanla zamansızlıq, danışmaqla susmaq... bir ifadənin içinə kip şəkildə yerləşdirilib. Bu mətndə sözün birbaşa mənasında sual olmasa da, şeir əslində min illərdir verilən suallara verilən suallardır. Məmməd İsmayılda isə, yuxarıda deyildiyi kimi, rakurs dəyişir, tale oyununda personaj kimi şairin özü iştirak edir. Yəni bu mətndə dəyişməz şey taledir, daim dəyişən komponent isə keçmişdən və gələcəkdən verilən suallardır.

Ay bacı, az belə allaha yalvar,
Ay bacım, az belə bəxtimə baxdır.
Yetər, dərd eləmə neçə qızım var,
Yetər, dərd eləmə uşaq uşaqdı...

De hansı xoşbəxtin qisməti yazdı
Dəyişən zamanın günü, ayıdır,
Az mənim bəxtimə sən dua yazdır,
Pis günün özü də tale payıdır.

Varsa diləyini duyan, ay bacı,
Suların üstündə axşam, səhər sən,
Qırışan sifətin, tökülən saçın
İlham əvəzini istə taledən.

... Ay bacım, az mənim bəxtimə baxdır
Onsuz da ürəyim yanan fitiltək,
Dekabr ayına sancılan il tək
Bir gün kürəyimə saplanacaqdır,
Ay bacı, az mənim bəxtimə baxdır.

Məmməd İsmayılın baxışı şeirdə, poetik mətnin qurulmasında iki funksiyada iştirak edir: hadisələri öz məntiqinə uyğun ardıcıllıqda sıralayan və bütün bu prosesə kənardan baxan mövqe kimi. İçəridə, yəni prosesin içində hər bir detal onunla bağlı olan bütün semantik nüansları ortaya, müstəvi üzərinə gətirən nəsnə kimi maraqlıdır və bu zaman detal bütövlükdə, bütün konturları ilə deyil, yalnız həmin mənanı nişan verən, ani “tərs mütənasiblik” doğuran assosiativ elementi ilə hiss və duyğularımızı hərəkət gətirir. Kənardakı mövqe-baxış anini əbədiyə, assosiasiyanı tam təsəvvürə çevirir.
 
Bu baxımdan yanaşdıqda onun 20-30 il əvvəl yazdıqları ilə son şeirləri arasında prinsipcə heç bir fərq yoxdur və ola da bilməz. Birdəfəlik formalaşan bu baxış dünyanın hansı nöqtəsində olursa-olsun dünyanı bu şəkildə dərk edən şairin modeli kimi, baxışı kimi qalacaq.

Məmməd İsmayılın ən yaxşı şeirlərindən biri:

....Elə ki, iş üstdə şər qarışardı,
Günəş dağ dalında oğrun düşərdi.
Ana gözlərinə enərdi axşam
Gəlinlər yatağa yorğun düşərdi
Kim isə qapını döyərdi onda
- Aç,
- Mənəm
Gəlmişəm - deyərdi onda.
Ürəyə düşərdi addım səsləri
Təzədən qayıdıb dönərdi geri...
Gəlin anaların yuxularında
Əsgər ataların boş qalan yeri...

Yaxud, Məmməd İsmayılın yaradıcılığının son nümunələrindən biri:

Hesabını bilməyən, nə var, nə yox hesabda?
Sevincə aparan yol düyümlənib əzabda...
Alışdıqca alışır sönmək istəsə də mum; -
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Nə oyandı, nə bu yan, nə elədi, nə belə,
Heçdi, heçi heçə vur, ömürdən hesab elə.
Yerdə hər tökülən xım, göydə görünən ilğım;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Fərqi nə dünya dönür, ya başınmı dönmədə,
Özünə görünməyən gözünə görünmədə.
Ya güzgünü tərs çevir, ya da gözlərini yum;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Dünya səsdi, eşidib tuta bilmədiyin səs.
Çaşıb həvəsə düşmə, tordu düşdüyün həvəs...
Ürəyindən keçənlər torpağa düşən toxum;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Öyrən amacı nədi varlığa yox deyir yoq...
Yox toxa qafiyədi, varma, varda xeyir yox,
Əllərini qoşala, nə umsan yoxluqdan um;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Bu günlərdə böyük şairimiz Məmməd İsmayılın 70 yaşı tamam oldu. Onun ədəbi və ictimai fəaliyyəti hamımızın gözü qabağında elə sürətlə keçib ki, zamanın əqrəblərinin iərliyə, yoxsa geriyə işlədiyinin fərqində olmamışıq. Mənə görə, şair ilk oxuduğum şeiri - “Bir ildir” qədər cavandır. Bəs həsrətin, dərdin, ömür adlı cəhənnəmə, həyat adlı qürbətə dözməyin yaşı nə olsun?! Bir də ki:

Başqa ehtiyacdı eşqə ehtiyac,
Çalana hər yaşın bir havası var...
Çoxdan yıxılmışdı quruyan ağac,
Bilir budağında quş yuvası var...


/mediaforum.az/

 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.