Rəşad Məcid - “Ulduz”: 5-2-5
30.06.14

“Ulduz” jurnalının yeni baş redaktoru şair Qulu Ağsəsin təşəbbüsüylə dərginin hər yeni sayı haqqında ekspert yazısı – dərc edilən materialların təhlilinə dair məqalə hazırlanır və növbəti sayda çap olunur. Bu yazı da həmin təşəbbüsə cavab olaraq qələmə alınıb və jurnalın iyun sayında işıq üzü görüb. “Ulduz”un yeni rəhbərliyinin fəaliyyətinə münasibətin və xüsusən gənc ədəbi nəslin yaradıcılığı ilə bağlı müşahidələrin ifadəsi baxımından maraq doğura biləcəyini düşünərək, yazını “525”in oxucularına təqdim edirik.

“Ulduz” jurnalının builki 5-ci, Qulu Ağsəsin redaktorluğu ilə çıxan 2-ci sayına ekspert gözüylə baxmaq mənə həvalə olunub. Qulu saqqızımı oğurlayıb, mən də yumşalıb söz vermişəm. Fürsəti fövtə verməyib,  əlüstü, adımı titul səhifəsində ekspert kimi yazıb. Ta indi neyləməli? Gərək bu iki daşın arasında həm jurnalı diqqətlə oxuyam, həm də fikirlərimi yazıya köçürəm. Keçən sayda da, bu nömrədə də “Ulduz”un ilk və tez nəzərə çarpan cəhəti zahiridi, yəni işartısıdı – dizaynıdı. Buna görə, əlbəttə, həm təzə baş redaktoru təbrik etmək lazımdı, həm də jurnalın nəşrini öhdəsinə götürən “Təhsil Nəşriyyat-Poliqrafiya” müəssisəsinin rəhbəri, hörmətli Bəhruz Axundova minnətdarlıq çatdırmaq vacibdi. Belə başa düşdüm ki, Qulunun həvəsi çatdığı, ekspertlər tapdığı müddətcə jurnal əvvəlki sayların təftişiylə açılacaq. Bu say Əsəd Cahangirin “Parla, ey şans ulduzu!” adlı ekspert yazısıyla açıldığı kimi. Əsədin ötən nömrə haqda dedikləri mənə dolğun, əhatəli tost təsiri bağışladı. Amma Əsədin axıcı təhkiyəsində, qaçaraq təriflərində, coşub “Ulduz”a həsr elədiyi qəzəlində də mən ən vacib olanı – sevinci hiss elədim! Əsədin gözəl, amma bəlkə də bir az zəif  xüsusiyyətidi bu tez sevinmək: hisslərini tələsik, emosional şəkildə bildirmək. Axı, bəzən hisslərin təsiri altında verilən ilkin rəy yanlış, aldadıcı olur! Hər halda, mən Əsədin bu ekspert rəyindəki sevincin uzunömürlü olacağına, bu dəfə onun ümidlərinin doğrulacağına inanmaq istəyirəm!

Qeyd elədiyim kimi, jurnalın ötən sayının dizaynı məni də bir xeyli sevindirmişdi. Amma vərəqləyəndən sonra ilk reaksiya kimi “bəs, nəsr hanı?” sualını vermişdim. Ağsəs ”yönnü” nəsr tapmadığını desə də, razılaşmamışdım. Bir yandan da, “Ulduz”un yeni sayı barədə müxtəlif yerlərdə söhbət düşəndə fikrim bu olmuşdu ki, ədəbi jurnalı keyfiyyətli bədii yazılar olmadan sanballı etmək mümkün deyil! Nə qədər eksperimentlər edirsən et, nə qədər “hoqqa” çıxarırsan çıxar, ədəbi-bədii jurnalın mayası, özəyi bədii materiallardı. Amma Qulu neyləsin?!  Ağsəs nə təhər etsin ki, indi “elliklə ədəbiyyat yaratmağa” girişən camiəmizdə keyfiyyətli bədii nəsr tapmaq müşküldü. İndi heç adamları təzə imzalarla da təəccübləndirmək mümkün deyil! Onsuz da hər gün yeni saytlar, sosial şəbəkə təzə “yazarlar”  üyüdür! İndi, məncə, ədəbi dərgilərin, saytların, qurumların əsas işi istedad hiss etdikləri müəllifləri yetişdirməyə çalışmaq olmalıdı. Bu da, əlbəttə, zor işdi, səbr, əziyyət, fədakarlıq tələb edir! Bir-iki babat yazısından sonra təzə imzaları, gənc müəllifləri Ulduz xəstəliyindən uzaq tuta bilmək, sağa-sola sapmadan düz yolla getməyin üstünlüyünü təlqin eləmək, bu yolun – ədəbiyyatın uzun, keşməkeşli olduğuna inandırmaq ondan da qat-qat ağır işdi, əsl zülümdü!

Amma bizim bu təzə baş redaktor çox həvəslidi. Dünyaya ancaq “Ulduz”un gözüylə baxır. Hiss edirsən ki, nə evdə rahatlığı var, nə işdə, nə yolda-küçədə: hər yerdə “Ulduz”a mövzu axtarmaq, layihə fikirləşməklə məşğuldu! Hələ jurnala abunə yazılmaq çağırışını demirəm! Bunu ekspert rəyindən də qabağa çıxarıb xalqı öz təzə məhsulundan nuş etməyə çağırır! Belədə bizə onu həvəsdən salmamaq,  bu ovqatının uzunömürlü olmasını arzulamaqdan başqa yol qalmır! Mən də elə bu arzularla keçirəm saqqala və panamaya! Yəni “Ulduz”un ekspert rəyindən sonrakı səhifəsinə və Ağsəsin təqdim etdiyi guya təzə imzaya!

Aqşin Evrenin “Özüylə söhbəti” və şeirlərini oxuyanacan onun haqqında təsəvvürüm fərqli geyimi, panaması, qəribə imzası və son vaxtlar beynimdə ilişib qalan  “Bakının köhnə stalinkalarında can verir SSRİ” misrasından ibarət idi. Fikrimcə, baş redaktorun bu təqdimatını uğurlu saymaq olar! Evren təkcə geyim-keçimi ilə fərqli görünməyə çalışmır, müsahibəsindəki fikirlərində də, şeirlərindəki obrazlarında da orijinallığa cəhd edir. Onun:

 “Astaca pıçıldayıram saçlarına:
– Əzizim, dodağını gətir, söz deyirəm”
misraları məndə xoş təbəssüm oyadır.
Yaxud:
“...əziz dost,
bir əlini sinənə qoy,
bax, durmadan vurur ürək;
bil ki, bu, əzraildir, qapını döyür,
yaşamaq yavaş-yavaş ölməkdir axı,
insan gün keçdikcə bir az da ölür...”

– bəndindəki fikir o qədər də yeni deyilsə də, əslində, tanış olsa da, düşünməyə məcbur edir.

Və coxlu bu tipli misralar, deyimlər, obrazlarla doludur Evrenin şeirləri. Mən indi ancaq sənətin bu uzun və çətin yolunda Evrenə təmkin, dözüm və təpər arzulayıram.

Pərvinin təqdimatında “Ulduz” jurnalı ilə “525-ci qəzet”in “Benefis” birgə layihəsi maraq doğurur, rahat oxunur, düşündürür. Pərvin keçən sayda tanınmış aktyor Cahangir Novruzovla, bu dəfə isə Moskvada yaşayan türkoloq Tofiq Məlikliylə söhbət edib. Müəllifin qonaqlarıyla Bakının qədim yerlərini gəzib həmsöhbətlərində nostalji yaratmaq cəhdi və bununla da keçmişə – həm şəhərin, həm müsahibinin gəncliyinə xəyali səyahət etmək niyyəti maraqlıdı. Hələlik söhbətlərin hər ikisi yaxşı alınıb. Bu layihədə yazar-jurnalist peşəkarlığından əlavə, qonaqların nə dərəcədə səmimi olmaları, açılışa bilmələri də əsasdı. Və mən arzu edərdim, bu layihə uzunmüddətli olsun, yəni ilk növbədə qonaqlar maraqsızlaşmasın.

Nə qədər ki, baş redaktorun beyni “Ulduz”la məşguldu, jurnalın layihələrdən kasadlıq çəkməyəcəyi bəllidi. Təranə Vahidin aparıcılığında “Naşir” jurnalıyla birgə “Diskussiya klubu” layihəsinin ideyası da maraqlıdı, məzmunu da. Əli Əmirlinin “Şah Qacar” tamaşasına Akademik Milli Dram Teatrında birlikdə baxan yazarlar, jurnalistlər sonra dramaturqu sual yağışına tutublar. Məncə, yaxşı priyomdu. Həm yeni tamaşanı diqqət mərkəzinə gətirmək, təbliğ etmək, oxucudan tamaşaçı yaratmaq niyyəti gözəldi, həm də müəlliflə birlikdə mübahisəli, qaranlıq məqamlara aydınlıq gətirmək cəhdi kimi uğurludu.

Demişdim ki, ötən saya təəccübüm və iradım nəsr əsərlərinin yoxluğu ilə bağlıydı. Bu sayda jurnal iki nəsr nümunəsi təqdim edib. Peşəkar yazıcı Natiq Rəsulzadənin və nisbətən gənc olan yazar Zümrüd Yağmurun hekayələrini. Mən bunu təsadüf saymıram, düşünürəm ki, baş redaktor qəsdən belə edib. Ən azından, fərqli nəsillərin nümayəndələri yanaşı çap olunan yazıları oxusunlar, bir-birini tanısınlar. Axı, indi gənclər yaşlıları oxumur, yaşlılar da gənclərin yazılarına təsadüfdən-təsadüfə nəzər salırlar. Bu baxımdan, məncə, Zümrüd Yağmurun öz yaşlı həmkarının yazısını oxumasına ehtiyac var. Tərcümədə olsa belə, Natiq Rəsulzadənin axıcı təhkiyəsinə, obrazlı dilinə, konflikt yaratmaq ustalığına diqqət etməsi ona yalnız xeyir gətirə bilər.

Daşkənddən Seadat Məhəmmədovanın Azərbaycan şeiri haqda, İraqdan Aydın Kərkükün Zakir Sadatlı haqda yazılarını “Ulduz”un əhatə dairəsini genişləndirmək cəhdi kimi qiymətləndirirəm. Eləcə də “Böyükdən uşağa” rubrikası daha kiçik oxucuları cəlb etmək niyyəti kimi təqdirəlayiqdi.
Təzə baş redaktorun yeniliyə canatma cəhdlərinin, təzə ideyalarının bəzilərini hərdən təbəssümlə qarşılayır və zarafatla “hoqqa” adlandırıram.  “7(oğul)+ 1 (qız)” rubrikasını da bəlkə belə “hoqqa”lardan biri saymaq olar. Amma 7 kişi və 1 qadın şairi bir rubrikaya yığıb oxucuya təqdim etmək niyyətində zəif şeirləri və uğursuz imzaları tünlükdə gizlətmək çaları da hiss etdim. Elşən Əzim və Elxan Yurdoğlu kimi imzası artıq tanınan yazarların ardınca 6 təzə imzanı təqdim etmək biraz adamı qorxudur. Amma bu tünlükdə də istedad işartılarını hiss etmək olur. Bu qığılcımlar isə Ruslan Dostəlidə solğun görünsə də, Fəridədə aydın nəzərə çarpır.

Bizim dəyərli müəllimimiz Nəsir Əhmədlinin M.Lermontovdan tərcümələrini oxumaq xoş bir gözlənilməzlik oldu. Şeirlərin orijinaliyla birgə çap edilməsi isə tərcüməylə məşğul olan gənclərin öyrənməsi üçün lazımlı gedişdi. Ağsəsin qısa, tutumlu essesi və sonda Hicranın təqdimatında “Asan xidmət” rubrikası da maraqlıdı.

Bu sayda “ Ulduz” “Dərgidə kitab “adıyla Fərid Hüseynin esselərini çap edib. Əvvəl heç bu barədə söz açmaq istəmirdim. Çünki Fəridin esselərini “525”də də dərc etmişik, başqa yerlərdə də oxumuşam. Açığı, bu yazılara elə də xoş münasibətdə deyiləm. Hətta bəzən düşünürəm ki, Fərid bunları niyə yazır və bunların nə mənası var?! Bu esseləri oxuyanda birdən mənə elə gəldi ki, deyəsən, Fərid bütün bu yazılarında özünü gizləməklə məşğuldu. Yəni səmimi olmur heç vaxt! Ağrı ya yoxdu, ya da hiss olunmur onun yazılarında! İran məhbəsiylə bağlı xatirələrinin toplandıgı əsərində bu ağrısızlığı hiss etmişdim və gərək ki, özünə də demişdim, bir-iki məqamda elə bil məhbəsdən yox, Yesentuki sanatoriyasından söhbət gedir. İndi bir daha hiss etdim ki, Fərid hətta təəccübündə də, sadəlövhlüyündə də səmimi təsir bağışlamır mənə. İçini, özünü gizlədir! Onun yazıları adamı cırmaqlamır, diksindirmir. Sakit bir mızıltını xatırladır! Buna görə də onun yazıları quru , stenoqrafik materiala oxşayır. Mən buna təəssüf edirəm! Fəridə səmimi olmağı, öz içinin həqiqətini cəsarətlə yazmağı arzulayıram! Agrılarını ifadə etməyə çağırıram onu! İnanmaq istəməzdim ki, ağrı yoxdu onun içində! Varsa, ifadə eləsin. Yoxdusa, deməli, alınmayacaq!

Üzvü olduğum jurnalist qurumlarının keçirdikləri yazı müsabiqələrində ara-sıra ekspert oluram. Yazıları 10 ballıq sistemlə qiymətləndiririk. İndi ürəyimdən keçdi ki, adət etdiyim kimi, “Ulduz”un bu sayını da 5 balla qiymətləndirim! Sərlövhənin məntiqində də bu var. Amma arzulayıram ki, bu “5”i neçə ballıq şkalayla verdiyimi daha vacib ekspertlər – oxucular ayırd etsinlər! /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.