Əfsanə Əliyeva - Vətən üçün ölməyin vaxtı deyil!
30.06.14
Gənc yazar Sərdar Aminin “Qaratoyuq nəğməsi” romanı haqqında.
Dünyada ən aktula mövzu müharibədir. Savaş demək olar ki, həyat tərzimizə çevrilib. Bəşəriyyəti müharibəsiz təsəvvür etmək mümkünsüzdür.
“Ağ adamlar”ın hekkəsi “qara adamlar”ın zülmətinə səbəb olur. Bir gün silahlar susarsa bu, dünyanın ən böyük və inanılması çətin olan möcüzəsi olacaq. Bəlkə də bu “möcüzə”nin gözləntisi Sərdar Aminin üsyanının başlanğıcıdır. “Qaratoyuq nəğməsi” yazarın bütün dünyaya mesajı, müharibəyə nifrətinin “ağ bayrağ”ıdır.
Müharibə edənin, onunla mübarizə aparanın və savaşı kənardan izləyənin hiss və təəsüratları fərqlidir. Sərdar müharibəni kənardan izləyənlərdəndir. Müəllif ideal qəhrəman arzusundadır. Bu arzu ilə də Amin Amanlı obrazını yaradır. Yazar qəhrəmanı göylərdə gəzdirir. Qəfildən isə onu yerə çırpır. Bu qədər ideal obrazın sonu belə olmalı deyildi. Sərdar Günayı da dartıb Aminlə birgə müharibənin qucağına atsaydı bu daha həyəcanverici hadisələr zəngiri yaradardı.
Əsəri oxumağa başladım və yarımcıq qoydum. İkinci dəfə də eyni hal təkrarlandı. Üçüncü dəfə isə müharibədən bəhs edən bu əsərdə savaşı görmək məqsədi ilə romanı sonuna kimi mütaliə etdim.
Romanın əvvəlində yaranan maraq yavaş-yavaş sönür. Kitabı yarımçıq qoymaq məcburiyyətində qalırsan. Məncə səbəb romanın əvvəlində lazımsız təfərrüatlara çox yer verilməsidir. Bu xırdalıqlar müharibəyə dəxlisi olmadığından yorucudur. Əsərin darıxdırıcı olmasının səbəblərindən biri də ilk başda qəhrəmanların həddindən artıq ideallaşdırılmasıdır.
Əsərin “Mustafa”sına çatınca vəziyyət dəyişdi. Maraqla oxumağa başladım. Müharibənin qoxusu yavaş-yavaş gəlməyə başladı. Bu səbəbdəndə romanı iki hissəyə böldüm. “Darıxdırıcı” I hissə, “maraqlı” II hissə. Təbii ki, bu mənim qənaətimdir.
Romanda tamamlanmamış obrazlar və hadisələr var. Məsələn: Günay və Elvinin toy səhnəsi; Onların sonraki həyatı;Günayın qəlbində baş verən təlatümlər; Övladları müharibədə olan - Aminin valideynlərinin yaşantıları; Aminin xilas etdiyi erməni əsgəri Vitalik.
Əsərdə müharibəni olduğu kimi anlatan, maraqlı, dəqiqliklə işlənmiş səhnələr də var: Əsgərlərin su axtarması təsirli və inandırıcı təsvir olunmuşdur; Nigar və müharibənin onun həyatında yaratdığı məcburyyətlər; Aminin anasının qüruru ( Elvininlə dialoqunda) xiyar qabığı yeyəcək qədər çarəsiz qalmaqları; Aminin xəstəxanadan qaçması; Seyid obrazı; Əhməd dayı; Parkdaki “uşaqlı” qadın və.s
Korpus komandiri ilə Aminin dialoqundaisə sünilik var. Romanın müsabiqədə qələbəsi, Asiyanın anasına məktubu da bu siyahıya daxildir.
Elə məqamlar var ki, müəllifin dilindən nağıl edilir, amma həmin məqamlar hadisə şəklində təsvir edilsə idi əsərin gücünü artırardı.
Romanda qara hərflər və böyük şiriftlərlə vurğulanan ifadələr var. Düşünürəm ki, müəllif həmin hissələrin daha təsiredici, qüvvətli olduğunu düşünüb, amma onları başqa cümlə və abzaslardan fərqləndirən təsir gücləri yoxdur.
Bölmələrə başqa müəlliflərdən statlar gətirməklə giriş etmək isə maraqlı üslüb yaratmaq cəhtidir.
“Vətən anadır. Vətənə xəyanət anaya xəyanətdir!” Məncə yeni bir ifadə düşünmək zərurəti və fürsəti var idi. Müəllif təxəyyülündən yararlanaraq oxucunun qulağında sırğa olacaq, içini tərpədəcək və ən önəmlisi romanın xatırlanmasına xidmət edəcək yeni bir “deviz” uydura bilərdi. Romanın dili ağırdır. Dil qüsurları, yerində işlənməyən sözlər var: “Ailəsi anası və özündən iki yaş böyük böyük bacısı ilə qapanırdı”; “Amin söhbəti arvadı cindən-dondan çıxarmışdı”(dərdən-dondan ifadənin düzgün formasıdır); “İnsan özündən olanı ən çox öldürən canlıdır”(Cümlə quruluşu yanlış, məntiqi tutumu qaranlıqdır).
Kitabın marketinq tərəfini nəzər alsaq üz qabığının tərtibatı da önəml idir. Müharibədən bəhs edən kitabın üz qabığı da bu mesaji verməli idi. Əksinə üz qabığı sadə və sönükdü. Təbii bu Sərdar Aminin seçimi deyil. Bəkə də yanılıram.
Ən azında kitabın üz qabığında qaratoyuqların rəsmi ola bilərdi. Bu daha məntiqli və məqsədə uyğun olardı.
Ümumilikdə isə gənc yazarın Qarabağ problemindən yazması alıqşlanası addımdır. Oxucu kimi müllifin indiyənə qədər nəzm nümunələri ilə tanış olduğum üçün onun nəsr əsəri- romanı ilə tanış olmaq maraqlıdır. Əgər yanılmıramsa bu romandan sonra müəllifin hekayələri ədəbiyyat portallarında yayımlanmağa başladı. Qələm adamının özünü bütün janr və üslublarda sınaması müsbət haldır.
Avanqard.net
|