Kənan Hacı - Ərli qadının məşuqu
24.06.14
Boz və yeknəsəq həyatımızı az-çox maraqlı edən bircə şey var, o da sevgidir. Amma çox vaxt sevgilərin ünvanı səhv düşür, ya da sevgi qalır, ünvanlar dəyişir. Sevgi həyatda öz təsdiqini tapmayanda, xəyallara ilişib qalanda insanların həyatında faciələr yaşanır. Bu, çox ağrılı bir prosesdir.
İllərlə bir-birini sevənlər var ki, elə uzaqdan-uzağa ahu-zar etməklə məşğuldurlar. Bu adamların iradəsi çatmır ki, bir araya gəlsinlər. Bu, necə sevgidir? Sevgi qorxu hissi tanımır, sevgi qadağalara biganədir, sevgi günah hissindən məhrumdur. İnsanlar bəzən öz sevgilərini ictimai rəyə qurban verirlər. O cür sevgi heç kimə lazım deyil. Adamlar axı niyə işini-gücünü atıb iki sevən insanın şəxsi həyatına burun soxmalıdırlar? Mənim kimisə sevməyim kimin rahatlığını pozur və yaxud bir qadının kimisə sevməsi niyə başqalarını narahat eləməlidir ki?
Yüzlərlə sevgisiz yaşayan ailələr var ki, bu monoton vəziyyətə dözüb yaşayırlar. Heç cür bir-birlərindən qopa bilmirlər. Mən anlaya bilmirəm insan sevmədiyi şəxslə bir ömür boyu necə yaşaya bilər? İctimai qınağa görə bircə dəfə verilmiş həyatı cəhənnəmə çevirmək insana xoşdursa, demək, o, anormal adamdır. Arvadını yaxud ərini sevmədən onunla bir damın altında yaşayan, bir yatağı bölüşən adam ona ancaq məişət avadanlığı kimi baxır. O insan hiss və duyğudan məhrum, heyvandan seçilməyən bir məxluqdur.
M. Şoloxovun “Sakit Don” əsəri ən çox sevdiyim əsərlərdəndir. Aksinyanı, o fədakar qadını, yəqin, xatırlayırsınız. O, ərli bir qadındır, lakin ərini yox, sütül bir oğlanı, yaxın zamanda müharibəyə gedəcək Qriqorini sevir. Aksinya gizlicə Qriqori ilə görüşür, xoşbəxt anlar yaşayırlar. Qadın sevdiyi insanın uğrunda hər cür fədakarlığa hazırdır. Qriqori sevmədiyi bir qızla məcburən evlənir, lakin bu evlilik ona xoşbəxtlik gətirmir. Müharibə onları ayırır, lakin Aksinyanın Qriqoriyə sevgisinə zaman və müharibə qalib gələ bilmir. Aksinya güllə yarası alır və son nəfəsini Qriqorinin qucağında verir.
Yapon yazıçısı Kenzi Maruyamanın “Səmada yenidən göyqurşağı” əsərini çox az adam oxuyub. Əsər bir neçə il bundan əvvəl Nəriman Əbdülrəhmanlının tərcüməsində “Xəzər” jurnalında dərc olunmuşdu. Bir dəfə bu haqda yazmışdım, məqamı gəldiyi üçün bir daha xatırlatmalı oluram. Mən bu əsəri oxuyub heyrətə gəldim. Mövzu nədən ibarətdir? Ərli bir qadın hər gün təpələrin arxasında evli bir kişinin - arıçının görüşünə gedir, onlar olduqca xoşbəxtdirlər və hər ikisi bu görüşlərdən məmnundurlar. Qəribədir ki, bu gizli görüşlər onların ailə həyatına qətiyyən ziyan gətirmir. “Bu iki nəfər görüşəndə qorxa-qorxa ətrafa göz gəzdirmirlər, talelərindən şikayətlənmirlər, bədbin düşüncələrə qapılmırlar, bu iki nəfər görüşəndə bir-birinə ruhdan düşmədən, kədərsiz baxırlar, şübhə, utancaqlıq onlara yaddır, sadəcə, fədakarcasına, düşünüb-daşınmadan bir-birinin ağuşuna atılırlar, lazımsız sözlərə vaxt sərf etmirlər.” Nə qadının ərindən ayrılmaq fikir var, nə də kişi arvadını boşamaq istəyir, hər iki ailə öz normal həyatını yaşayır.
Bizim qadınların əksəriyyəti əri ev-eşikdən soyuyan kimi falçı yanına qaçırlar ki, görəsən ərim kiminlə gəzir? Çünki onların situasiyanı təhlil etmək bacarığı yoxdur, onlar oturub harda səhv buraxdıqlarını fikirləşmək əvəzinə dələduz falçılarla məsələni çözmək istəyirlər.
Çürük zehniyyətin daşıyıcıları boşanmış qadına əxlaqsız kimi baxır. Tabular insanların yaşam sərbəstliyinə təcavüz edir. Bertran Rassel “Evlilik və əxlaq” əsərində yazır ki, “əxlaq qaydaları instinktiv xoşbəxtliyə mane olmamalıdır”. Bizdə əxlaq televiziyalarda ictimailəşir, ər tapmaq üçün efirə çıxıb özünü təklif edən qızın əxlaqı çox şübhəlidir. Məsələ burasındadır ki, bizim cəmiyyətdə ictimai kateqoriyaya daxil olması gərəkən anlayışlar fərdi xarakter daşıyır, amma fərdi xarakter daşımalı olan anlayışlar, hətta düşüncə tərzi və əxlaq belə ictimailəşir. Əxlaq sözü var, amma anlamı yoxdur. Əgər əxlaq müsbət məna çaları olan sözdürsə, o, başqalarının azadlığını məhdudlaşdırmamalı, insanların bir-birinə mane olmasına məhdudiyyət qoymalıdır.
Başqa bir qadınla eşq yaşayan kişi elə zənn edir ki, arvadının heç nədən xəbəri yoxdur. Amma bir şeyi unudur ki, kişi hətta xəyanət etməyə hazırlaşanda belə qadın bunu hiss edir. Hind filosofu Oşo “Kişilərin kitabı”nda yazır ki, sənin çox qadının varsa, heç vaxt qadını anlamayacaqsan. Qadını anlayan adam heç vaxt bir neçəsi ilə eyni vaxtda görüşməz. Bunu edirsə, demək, sənin qadın haqda heç bir təsəvvürün yoxdur.
Stendalın “Qırmızı və qara” romanında şəhər merinin xanımı özü də bilmədən uşaqlarına mürəbbilik edən Jülyen Sorelə vurulur. Qadın öz hislərinin əlində aciz qalır. Şəhər meri olan ərinin vəzifəsi, nüfuzu belə onun vecinə deyil. Bu qadın əri evdə ola-ola məşuqunu öz otağında gizlədəcək qədər cəsarət sahibidir. O, xəyanət etdiyini dərk edir, amma hər dəfə hiss ağıla qalib gəlir. Sevgi gələndə günah hissi unudulur.
Qəfildən içimdən Getenin “Gənc Verterin iztirabları” romanını yenidən oxumaq keçdi və ikinci dəfə bu əsəri oxudum. Gete əsərin girişində yazır ki, öz günahından yaxın dostun yoxdursa, bu kitabı özünə dost seç. Faciəvi sonluğu isə yazmağa ehtiyac yoxdur, oxuyanlar bilir...
Mən böyük məmnuniyyətlə bu kitabı özümə dost seçərdim. /1937.az/
|