Əli Şirin Şükürlü - Otuz ildi bir qız oturub telefonun yanında
23.06.14
etiraf
bəzi hadisələri xatırlayarkən asanlıqla qurtula bilmir əzab hissindən. bir müddət çıxa bilməsə də təsirindən bu hadisələrin, xatirələrin çağırdığı əzablar içində xoş duyğular yaşadığıanlar da olur arabir.
tələbəlik illərində məktəbli bir qızla tanış olmuşdu bir günlük səyahətdə. qəşəng qız idi, özü də yaxşı ailədən. tez dostlaşmışdılar. qız da telefon nömrəsini vermişdi ona. o vaxtlar qoşulub sahibinə gəzməyi bacarmırdı hələ telefonlar; yaraşıq idi qapalı məkanlara və zəng səsləri arabir pozardı məhkum olduğu səssizliyi.
o da hər gün avtomat telefondan zəng edərdi qıza. bəzən kəsilərdi danışıq söhbətin şirin yerində. “gələn var” – pıçıldayıb qız, asardı dəstəyi. yarımçıq bitsə də söhbət ən çox da bu məqam gələrdi xoşuna: “gələn var” – pışıltıya bürünmüş. cəmi bircə dəfə görmüşdü qızı – səyahətdə olarkən, elə telefon nömrəsini verdiyi o gün.
söhbətin şirin yerində bitən telefon danışığıtək yarımçıq bitdi bu sevgi məcarası da. 30 il ötüb indi və çox sevdalar keçib başından. amma unutmayıb bu hadisəni. unutmasa da bu hadisəni heç cür xatırlaya bilmir qızın adını; sevda idi, ya da səadət, yoxsa sevinc idi, yoxsa kifayət... – dəqiq yadına sala bilmir neçə illərdi.
bəlkə də anadı indi o qız, bəlkə də nənə - sevimli bir qadındı yaşayır səadət, sevinc içində. bəlkə də... yox. o, xöşbəxt qadındı – başqa heç nə düşünmək istəmir, - inandırır özünü hər dəfə.
amma hər xatırlayanda bu hadisəni ani olsa da yaşayır əzabını sevgi ümidinin – bir qıza bəxş etdiyi. elə gəlir ki ona düz otuz ildi bir qız oturub telefonun yanında sükut içində zəng gözləyir səbirsizliklə.
... – 18.06.2014
|