Xəyalə Sevil - Hamı öləndə yerə düşür
17.06.14
Hamı öləndə yerə düşür
Bəyaz-bəyaz saçlarıdı Buludlar göy üzünün. Ah! Qocalıb... Göydən düşür göy də, Budu hüzünüm.
Çəkir nəfəsini sonuncu dəfə, Hörümçək tor qurub, Nəfəsi tora düşür. Və söyləyir vəsiyyətini: “İnsan oğlu, Çox qalxma göyə, Hamı öləndə yerə düşür”
Göyün üzü göy divardı
Axşam düşür. Qaranlıq pərdə kimi Çəkilir pəncərəmə, Qaralır evimin rəngi Və tənhalıq başlayır... Tavanı çökmüş evdi gözüm, Damır, damır yanağıma. Üzü sənə sarı Yol da uzanıb, Böyüyüb ayağıma. Eeeh! Bircə bacarasan ölməyi, Gözlərini sulu çəkəsən Sənsiz, quru dunyadan. Heyif... Göyün üzü göy divardı, Çıxmaq olmur bu dünyadan.
Yenə yarpaqlar tökülür
Yenə yarpaqlar tökülür, Yenə ürəyim bükülür Ağacların dərdi ilə. Mən bilməzdim ağır olur , Ağacların dərdi belə. Sarı yarpaq, Gözüm quru budağından qəm çəkir. Yaşıl-yaşıl cavanlığın xatirə , Sarı-sarı qocalığın qəm çəkir. Yorulmusan, Yorğun-yorğun qurumusan, Bəxdin açılmayıb, deyən, Budaqlarda qarımısan. Ümidlərin daşlaşıbdı, uçulubdu, Bəxdin nə pis açılıbdı, Sarı yarpaq. Qara-qara torpaqların yarı yarpaq, Sən torpaqdan yarımısan.
Avanqard.net
|