Qismət Rolan Barta meyxana yazdı
12.06.14
Allahdan gizlin deyil, sizdən niyə olsun, qərara gəlmişəm ki, meyxanaçı olum. Saçıma tağ qoyub, nazik, assimmetrik bığ saxlayıb, babat bir təsbeh götürüb işə başlayım. Bircə, səs tonum xırıltılı deyil, onun da yolunu ustadlardan öyrənərəm inşallah. Mən sənətə yenilik gətirmək istəyirəm. İstəyirəm ki, ədəbi-nəzəri düşüncələrimi meyxanayla xəlqimizə çatdırım. Bu da mənim yolumdur. İlk meyxanamı unudulmaz sənətkar Rolan Bartın işıqlı xatirəsinə həsr edirəm. Onun xatirəsi xiridarların qəlbində daim yaşayacaqdır.
Rolan Bart haqqında rəvayət
Bir gün evdə tək idim, nədənsə kövrək idim. Kontur vurdum sim karta, Zəng etdim Rolan Barta, Dedim ki, ey Bart kişi, canımdakı təşvişi, atammıram heç yana, dünya dönüb zindana. Ustadlar deyir ki, sən, Avtoru öldürmüsən. Sən canı düzün denən, birin yox, yüzün denən, nədir bunun əsası, nə vaxt saxlayaq yası? Bart dedi ki, ay brat, bil ki, fanidir həyat, həqiqəti bilənlər, ölməmişdən ölənlər, sirrə vaqif olurlar, əsl arif olurlar. Çox düşündüm Bartı mən, Hegeli həm, Kantı mən, Aldım mənəvi qida, yadıma düşdü Derrida, o da böyük ustad olub, nadir istedad olub. Ama hələlik bəsdi, bəs, Qismət burda sözüvü kəs, Qismət burda sözüvü kəs.... ))))))))
|