Vaqif Bayatlı: “Qadın-kişi bərabərliyinin əleyhinəyəm”
11.06.14
Başqa heç bir müsahibin nazına, kaprizinə bu qədər dözə bilmərəm, amma Vaqif Bayatlı Odər nə qədər istəyirsə, o qədər də dözürəm, hətta zövqlə. Bu nə sirri-xudadır bilmirəm. Bildiyim odur ki, onunla hər görüş, hər söhbət məni yeni, tanımadığım bir aləmə aparır. - Tərcümeyi-halınızda maraqlı bir məqam diqqətimi çəkdi – texnikadan ədəbiyyata sıçrayış. İnşaat Mühəndisləri İnstitutunu bitirmisiniz, sonra inşaat texniki işləmisiniz, fəhlə, mühəndis və “Ulduz” jurnalında şöbə müdiri... Sıçrayış demək, bəlkə də düzgün deyil, bunu yəqin siz izah edərsiniz... - Mən ədəbiyyatdan texnikaya sıçramışdım. Atamın xətrinə. Atam ədəbiyyatı sənət saymırdı. Deyirdi, bir sənət qazan, sonra nə istəyirsən elə. Əlbəttə, sənət qazanmağım mənə on ildən artığa başa gəldi. - Cəbrayılda, Böyük Mərcanlıda - çinar altında keçən uşaqlığınızdan danışaq, sonra gəlib çıxarıq sənət qazanmağınıza. Orta məktəbdə oxuyanda “Azərbaycan” jurnalında bir şeirinizi oxumuşdum: “Həmin çinar altı, orda yanan çıraq...” Sonralar o şeirə heç rast gəlmədim, o şeirə də çinar kimi “QRAD” düşdü? - Çinar ağacına da böyük sevgim var. Ancaq daha çox sevdiyim gilənar və tut ağaclarıdır. Ömrümün bir xeyli hissəsi onların üstündə, altında və göyüzündə keçib. O ağaclardan ulduzları da dərdiyim olub, ən uzaq ulduzlara keçdiyim də. Bizim kənddə göy Bakıdakından daha çox ucada və ulduzlu idi. Bakıya gələndə mən elə bilirdim daha uca göydən bir az aşağı göyə gəlmişəm, ulduzlar da burda daha az parlaqdır. - Yəqin, belə göylərlə əlləşdiyiniz üçün sürrealist üslub, lirik-psixoloji poeziya kimi qəliz ifadələr yazılır sizin haqqınızda... - Mən bu barədə dəfələrlə demişəm: İlahiyə doğru uçuşlar! Yazdıqlarım poeziya, şeir deyil, uçuşlardır. Əslində hamı uçur və ya nə vaxtsa uçub, bəlkə də xəbəri olmayıb. Mən bu dünyada qanadlarından, göyündən ən çox xəbərdar olan yer adamıyam. Mən bu dünyada yeri göyə çevirən ilk adamam. Bu, ilk kosmonavtdan da yuxarı bir pillədir. - Bəs yerdəki göy adamı, yaxud yeri göyə çevirən adam ona verilən mükafatlara necə baxır? Məsələn, Mirzə Cəlil və Mayakovski mükafatları... - Bir neçə mükafat almışam. Ən sonuncusu keçən il Türkiyə səfirliyinin mənə verdiyi Həzrəti Məhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Nati-şərif” şeir yarışmasındakıbirinci mükafatdır. Əvvəllər mükafat alanda sevinirdim. İndi heç Nobel də məni maraqlandırmır. Bunlar hamısı insan mükafatlarıdır. Ən böyük mükafat isə Tanrıdan gəlir. Mən bir neçə Tanrı mükafatı laureatıyam. Əsas Allahın, dünyanın mənə verdiyi başqa mükafatlardır: mənim dostlarım, sevdiyim insanlar, məni sevən insanlar, türk tarixi, türk insanları. - Cəbrayılzadə, Önər, Odər... Bu dəyişikliklər daxili dəyişikliklərin inikasıdır? - Soyadlarımla bağlı ən dəqiq sözü dünyanın ən böyük alimlərindən biri saydığım Tofiq Hacıyev deyib ki, mən bir zaman demişdim ki, Vaqifin adı da bir sərbəst şeirdir: Vaqif Bayatlı Odər – bunların hərəsi bir misra kimi davamlı, vurğulu deyilir – şair bu ad-misralardan hər birinin mənasını xüsusi dərk etdirmək istəyir. Vaqifin təxəllüs-soyadları onun anketidir: Vaqif Cəbrayılzadə - nəsil ailə mənsubiyyəti, Vaqif Önər - ədəbi vətəndaşlıq mövqeyi , Vaqif Odər - xisləti. Vaqif ilk soyadını bəlkə doğulduğu torpaqdan götürür. Mən inanıram ki, təbii qismətlə onun soyadı belə olmasaydı da, o, adını öz ilk torpağından alacaqdı – ya Mərcanlı, ya da Cəbrayıllı olacaqdı. Sonra türklüyünü, hətta oğuzluğunu qabardıb Bayatlı oldu. Bu adda yəqin ki, Dədə Qorqudu da, Füzulini də düşündü – axı onlar da Bayat boyundan qopmuşdular. Sənəti ilə vətəndaşlığına necə qulluq etdiyini göstərmək üçün özünü belə elan etdi: Önər. İndi isə Odərdir. Əgər bu adda özünün bir od ər, bir parça od olan kişi mənasını düşünürsə, yerinə düşür, ona yaraşır. Görünür, bu dörd qatda soyadı Vaqifin özünü dərk etməsi yolunu əks etdirir. Məlum Quran ayinini yadımıza salaq: “Özünü dərk edən Allahı dərk edir”. Vaqifin məşhur Göyüzü obrazı var. Leyli-Məcnun Füzuli üçün nədirsə, Göyüzü obrazı Vaqif üçün odur. Bu axtarış yolunda – Göyüzünə vüsal yolunda, Allahın dərgahına gedişdə Vaqif özünü kəşf və elan etmək istəyirmiş. Və çox maraqlıdır ki, sufi ideyasında Tanrısına qovuşmaq üçün insan dörd mərhələ keçməlidir. Vaqif bu mərhələlərin hamısını keçib: Şəriət – Cəbrayılzadə; Təriqət – Bayatlı; Mərifət – Önər; Həqiqət – Odər. Vaqif Bayatlı Odər öz sənəti ilə həqiqət qatına çatmışdır. - Maşallah, görünür bu fikirlər o qədər ürəyinizcə olub ki, əzbər bilirsiniz. - Elədir. - Köhnə şeirlərə əl gəzdirmək hansı dəyişikliklərlə bağlıdır? - Mən dünyada köhnə şeirlərinə ən az qayıdan şairəm. Bunu əslində sovet dövründə şeirlərim senzuradan keçmədiyi üçün etməyə məcbur olurdum, bəzən bunu hətta mənsiz də, icazəm olmadan da edirdilər. Çox vaxt xoş niyyətlə, məni senzuradan xilas etmək üçün... Şeirlərimin ilkin şəklini 20 il bundan əvvəl bərpa etmişəm. Amma nədənsə indi də məndən söz düşəndə birinci bu barədə sual veirlər. - Sovet vaxtı demiş, o vaxtlar sizin şeirlərə görə jurnal köşklərdən yığılıb. Antisovet ruhlu belə şeirlərinizdən birini xatırlaya bilərsiniz? - Mənim, demək olar ki, bütün şeirlərim azad ruhuyla sovet dövlətinin əleyhinə, ideologiyasının əleyhinə olub. Daim senzuranın diqqət mərkəzində qalıb, çox zaman da bəzi misraları, şeirləri çıxarıblar. Onlardan hələ də çap olunmayanlar, bərpa edilməyənlər var. Bəzilərini hələ də tam şəkildə çap eləmək mümkün olmur. - “Yaşıl köynəkli oğlan”la bugünkü Vaqif Odər arasındakı yalnız yaş fərqidir? - Vaxt olur ki, heç o fərq də qalmır, vaxt olur fərq min illərə bərabər olur. Hər halda “Yaşıl köynəkli oğlan” məndən daha çox yaşayacaq. - Niyə deyirlər ki, siz bu dünyanın adamı deyilsiniz? - Əlbəttə, mən təkcə bu dünyanın adamı deyiləm. Hər iki dünyanın bir yerdə adamıyam. Mən hər iki dünyanı görürəm. - Deyirlər, hansısa tərcüməçi sizin şeirlərdən ilhama gələrək şair olub. - Burda da, xaricdə də şeirlərimdən çox ilhama gələnlər olub. Mənimçün ən maraqlısını bir şair - Əhməd Oğuz yazıb. O, məktəbdə oxuyanda mənim şeirlərimi jurnalda görüb, oxumayıb, sonra düz dağın başına çıxıb ki, bu şeirləri ancaq ən yüksək zirvədə oxumaq lazımdır. Mənim şeirlərim dünyanın 50-dən çox ölkəsində çap olunub. Gürcüstanda, Türkiyədə, Özbəkistanda şairlərə nümunə kimi göstəriblər. ABŞ-da bir saytda bir şeirimi ən yaxşı şeir sayıblar, bəzi ölkələrdə şeirlərimi dünya klassikləri ilə bir yerdə çap ediblər və adımı onların sırasında çəkiblər. Əslində şair gərək özü-özünü tərifləməsin, ancaq həqiqəti də hərdən xatırlamayanda, onu çox asanlıqla tapdayıb keçirlər. - Şeirlərinizdə bir həqiqət də var: qadın. Sizi sevən qadınlar çox olub və var. Bəs sizin qadın sevginiz nədən qaynaqlanır. Buna qadın sevgisi demək doğrudur? - Qadın İlahi başlanğıcdır. Onu həmişə kişidən üstün tutmuşam. Ona görə qadın, kişi hüquqlarının bərabərliyinin əleyhinəyəm. Bütün sahələrdə qadınlara daha üstün hüquqlar verilməlidir. Onlara verilən bu hüquq əslində gözəlliyin, sevginin, zərifliyin təntənəsi ola bilər. - O qadınlardan biri özünü bütünlüklə sizə həsr edib, amma deyir, Vaqif yalnız mənə məxsus deyil. O qadın haqda nə yazmısınız? - Bu dünyada heç kəs, heç kəsə məxsus deyil, hamı İlahinin istəyinin, məhəbbətinin bir hissəsidir. Biz hamımız İlahidə birləşirik, bir oluruq. - Şuşa, Qarabağ haqda bu dünyadan yox, şair dünyasından baxanda nə görmək olur? - Mən ən çox göyün şairiyəm. Mənim vətənimin göyünü heç kim işğal edə bilməz. O əvvəlkindən də daha azad görünür. Bununla da əsir torpağa, suya hər an yeni ruh verir, onları yaşadır. - Sizi Mərcanlıya, məni Maralyana – bizi Qarabağa qaytaran, onu bizə qaytaran qüvvəni görmək olur ordan? - Sizin kəndin adı Maralyan deyil, Maralandır (Ramilə Qurbanlı Vaqif müəllimlə eyni rayondan – Cəbrayıldandır – red.). Hətta Təbrizdə bu adda məhəllə olduğunu oxumuşam. Yadıma gəlir, uşaq vaxtı qocalar deyirdilər ki, maralanlılar Təbrizdən bura köçüblər. Sovet dövründə Azərbaycanda bir çox mühüm postları ələ keçirmiş ermənilər yer adlarını erməniləşdirməyə, onların dilinə yaxın olan farslaşdırmağa çalışırdılar. Maralyan da bunun nəticəsidir. Bu, rəsmi yazılışda idi, xalq isə Maralyan yox, Maralan deyirdi. Biz heç yerə qayıtmırıq, biz hər an Qarabağdayıq. Min illərin fonunda bizim Qarabağdan bir az aralı görünməyimiz sadəcə bir andır. Bu andır andan qorxmayın, cismani tariximizdə belə hallar bir neçə dəfə olub. Əsas isə ruhi tariximizdir. O ruh, o tarix həmişə su kimi, göy kimi hər an özünü bərpa edir. Mən hər şeyə o andan yox, əbədiyyətdən baxıram. - Təki bu an çox uzanmasın, təşəkkür edirəm. - Mən təşəkkür edirəm.
/kulis.az/
|