“Zəka Ədəbi Mükafatı”nda ciddi dəyişikliklər olub
10.06.14
“Persona.az” ictimai-siyasi, ədəbi-bədii portalının təsis etdiyi “Zəka Ədəbi Mükafatı”nın Təşkilat Komitəsi ciddi dəyişikliklər barədə qərar qəbul edib.
Bu barədə “Persona.az” saytının rəhbəri Zəka Vilayətoğlu məlumat verib: “Biz qələm adamlarının irad və təkliflərini dəyərləndirdik, eyni zamanda tanınmış qələm adamları ilə müzakirələr apardıq və qərara gəldik ki, müsabiqənin işində müəyyən islahatlar edək. Ona görə müsabiqənin Ekspertlər şurasını yaratdıq və qərara gəldik ki, həm nəsr, həm də poeziya sahəsində daxil olan kitabları əvvəlcə adını gizli saxlayacağımız Ekspertlər şurası dəyərləndirsin və poeziya və nəsr sahəsi üzrə “Uzun siyahını” yəni poeziya və nəsr “onluğunu” müəyyənləşdirsin. Ekspertlər Şurası işini tamamladıqdan sonra isə 3 nəfərlik Münsiflər heyəti hər iki sahə üzrə qalibi müəyyənləşdirəcək. Müsabiqənin ekspertlərinin və münsiflərinin adı sona qədər gizli saxlanacaq. Eyni zamanda müsabiqənin adı dəyişdirilməyəcək.”
Zəka Vilayətoğlu onu da bildirib ki, məqsədi öz adını əbədiləşdirmək yox, qələm adamlarının yaradıcılığını stimullaşdırmaqdır. “Müsabiqənin adı ilə bağlı bildirilən iradlarla razılaşmıram. Ümid edirəm ki, narazı dostlarımız tezliklə səhv düşüncədə olduqlarına əmin olacaqlar.” /kulis.az/
|