Əsəd Cahangir "Ulduz"un ilk sayını tənqid edir
10.06.14
Qulu Ağsəsin baş redaktorluğu ilə “Ulduz”un ilk sayını demək olar ki, hamı gözləyirdi, onu istəyənlər də, istəməyənlər də. Qulu məni nömrənin eksperti təyin etdiyindən nömrəni xüsusi maraqla gözlədiyimi yazmaq yəqin ki, artıqdır. Və budur, Markesin diliylə desək, gözlənilən jurnal artıq qarşımızdadır, bircə qalır onu “qətlə yetirmək...” Amma biz öz saydığımızı sayaq, görək Qulu nə sayır.
Jurnal pozitiv və neqativ anlamda nələri üzə çıxardı?
Zərif, cəlbedici dizayn, istər üz qapağı, istərsə də interyerdəki romantik, modernist, postmodernist şəkillər Qulunun həm klassik, həm də müasir zövqündən xəbər verdi. Bunu hətta çək-çevirə salmağın özü belə artıq işdir. Buna ancaq baxmaq və zövq almaq lazımdır. Buyurun, baxın və zövq alın. Necə deyərlər, görünən dağa nə bələdçi?
Jurnalda Qulunun bir baş redaktor və naşir kimi ən böyük uğuru odur ki, o sadəcə yazını yazının dalınca düzmür, çoxsaylı yeni rubrikalardan tutmuş, müəllif seçiminə qədər aydın görünən proqrama söykənir, məsələyə konseptual yanaşır. Məsələn, jurnalın “Ustad” rubrikasında İsa Muğanna haqqında baş redaktorun özünün yazısıyla başlaması klassik ənənələrə hörmətin təzahürü kimi diqqətəlayiq olduğu qədər də aktualdır – İsa Muğanna ötən ay dünyasını dəyişib. Jurnalın gənc şair Könül Həsənqulunun “Dərgidə kitab” rubrikasındakı şeirləri ilə bitməsinin isə bir neçə mənası var: birincisi, Qulu iki zaman, iki ədəbi nəsil arasında körpü salmaq istəyir və son on beş ildə ədəbi mühiti bürümüş qoca-cavan qarşıdurmasına sətiraltı etiraz edir, yəni demək istəyir ki, həpimiz bir günəşin zərrəsiyik; ikincisi, Könülün – özü sözü, sözü özü qədər bu zərif xanımın yaradıcılıq dünyasının konturlarını bizə göstərmək istəyir. Mən Könül xanımın şair obrazını bu şeirlərdə görə bildim və ən azı öz payıma deyə bilərəm ki, Qulu rubrikada qarşısına qoyduğu məqsədə nail olub. Bu başqa söhbətdir ki, bütün modern yenilik çabaları, aydın görünən savadı ilə yanaşı Könül xanım mənə bir azəri qızından daha çox, avropalı birisini, onun şeirləri isə tərcümələri, ən yaxşı halda Nazim Hikmətdən çevirmələri xatırlatdı: Sıx zəmi – Bir azca mən, Bir azca sən... Bir ovuc göy, Bir ovuc yer Və Zəmi dolu Buğdalar... Bir sözlə, Nazim Hikmət demişkən, Su başında durmuşuz, Çinar, ben, kedi, bir de güneş. Suda suretimiz çıkıyor, Çinarın, benim, kedinin, bir de günəşin. Suyun şavkı vuruyor bize Çinara, bana, kediye, bir de güneşe. Mən bu sözlərlə klassikadan təsirlənmənin əleyhinə çıxmıram, amma məncə, bu, yalnız bir halda məqbul sayıla bilər – sadəcə, təqlid yox, yaradıcı bəhrələnmə olsun. Demirəm ki, törəmə mətn ilkin mətndən hökmən güclü olmalıdır, amma bu mətndə nəsə fərqli, orijinal bir şey olmalıdır. Üstünlük olsa isə daha yaxşı: Füzuli “Leyli və Məcnun”u Nizamidən, Edqar Allan Po “Qarğa”nı Fransua Viyondan, Səməd Vurğun “Azərbaycan”ı Əhməd Cavaddan daha güclü yazdığı kimi. Yeri gəlmişkən, Könülün öz şeirlərini “Sol çiynində qarğa gəzdirən qız” başlığı altında verməsi də mənə Avropa şairlərindən epiqonu xatırlatdı. Amma məsələ sadəcə epiqonda deyil. Niyə sağ yox, məhz sol, bülbül yox, məhz qarğa? Niyə təkcə Könül yox, gənclərin əksəriyyəti yeniliyi, istedadı hökmən solxaylıqda görürlər? Niyə onlara elə gəlir ki, bülbül yox, məhz qarğa şeirin qəhrəmanına çevrilməlidir? Mən bu cür düşünmək və yazmağın əleyhinə deyiləm, sadəcə bu cür düşünməyin kütləviləşməsinin, doqmaya, etalona, ölçüyə, meyara çevrilməsinin, bədii fikrin özünün bülbül qütbündən birmənalı surətdə qarğa qütbünə sıçramasının əleyhinəyəm. Məncə, istedad sağı da, solu da, bülbülü də, qarğanı da, pozitivi də, neqativi də, xeyri də, şəri də bir tam halında görməkdə, x və y oxlarının kəsişdiyi 0 nöqtəsinin üstündə durmaqda, varlığı bütün koordinatlarıyla əks etdirməkdə, bütövlükdədir, hətta bu varlığa sığmamaqdadır: Məndə sığar iki cahan, mən bu cahana sığmazam. “Şeir vaxtı” rubrikasının Çingiz Əlioğlunun şeirlərinə həsr olunması da təbiidir – Çingiz müəllim modern şeirin aparıcı imzalarından biridir və gənclər ondan çox şey öyrənə bilərlər. Bunu da öyrənə bilərlər ki, bu dünyada hər şey gec-tez özünə qayıdır – sərbəst şeirləri ilə tanınan Çingiz müəllimin bu dəfəki şeirləri hamısı heca vəznindədir. İkincisi isə “Ulduz” sadəcə gənclərin dərc olunduğu jurnal deyil, gənclər üçün jurnaldır və bu üzdən yaşlı şairlərimizin də dərcini təbii qarşılamaq lazımdır. Əsas odur ki, oxumağa bir şey olsun. Çingiz müəllimin şeirləri etiraf və özünüifşa məzmunludur, romantika və prozaik həyat gerçəkliyinin toqquşmasından doğan yumora köklənir. Bu şeirlərin şən-şux ritmi belə sadəcə orijinal olmaqla qalmayıb, həm də bu yumora xidmət edir: Özümə çox qapandım, Özümdən çıxmağım gəlir. Bu qov-qaçdan can qurtarıb Çəkilib bir kənara Özümə baxmağım gəlir. Dırmanıb yad eyvana Aynanı açmağım gəlir. O evin qısqanc kişisi İşdi qəfil dönərsə, Atılıb qaçmağım gəlir. Kəndinə dön, toxta bir Özündən çıxıb özünü Ha axtarsan tapammassan Daha göydən sən ulduz Ölsən də qapammazsan. Başını sağ aşağı, İşdən çıxıb dön evinə. Arvad “qreçka” gətirsin, Tıx boğula-boğula, Udqun sevinə-sevinə. Amma mən rubrikanın adıyla razı deyiləm – “Şeir vaxtı”! Çünki filoloji demoqogiya kimi görünsə də, deyim ki, şeirin vaxtı yox, əbədiyyəti olur. Hətta mənə elə gəlir ki, yaradıcılıq, xüsusən də şeir zamanın buxovunu qolumuzdan açmaq, vaxtın sərhədlərini aşmaq istəyindən doğur. Qulu orijinal adlar fikirləşib tapmaqda mahirdir və məncə, bu rubrikaya daha uyğun ad fikirləşmək onun üçün o qədər də çətin olmazdı.
Rubrikanın tanınmış şairə Həyat Şəminin şeirləri ilə davam etməsi də məntiqlidir. Həyat xanım kifayət qədər cavan olsa da, artıq özünü təsdiq etmiş və bu üzdən gəncliyə örnək göstəriləcək birisidir. O, yazmaq xatirinə yazanlardan deyil. Fikir vermişəm, Həyat hər yeni silsiləsi ilə qarşımıza yeni bir ölçüdə, yeni rəngdə çıxıb. Bu mənada onun bir şair kimi inkişafını izləmək mənim üçün həmişə maraqlı olub. Düzdür, bu şeirlərdə Həyatın irəliləyişi qabarıq görünmür, amma bunun da səbəbi var – irəliləyiş, yeni mərhələyə keçid hər dəqiqə baş vermir, müəyyən zaman tələb edir. Bu şeirlərin müəllifi müəyyən istisnaları çıxmaq şərtilə mənim artıq tanıdığım Həyatdır. Amma bu tanışlıq Həyatın son şeirləri üçün səciyyəvi olan səmimi etirafların, müasir həyatla bağlı poetik obrazlar və dil oyunlarının, ikibaşlı ironiyaların əhəmiyyətini inkar etmir. Yeni şeirlərim var sənə, Dünən bir uşaq əlində pozan – Qoy göy üzünün yaşını silim – dedi. Gecə saat on radələrində bir avtomobil qəzaya uğrayıb aeroport yolunda... yanında sərnişin də vardı, nicat idi adı... eşitdim ürəyim çatdadı. Bu gün havam yaxşı olacaq, Efirdə gördüm səni. Ümidvar da bağlandı... Sabah mən olmayacam... Bu gün də gecdi... Görüşməyənədək! Həyat bu şeirdə şüuraltı axın prosesini verməyə cəhd edir. Şeirdə şüuraltının bu və digər yerindən boy verən düşüncələrlə eşidilənlər və görünənlərin bir-birini əvəzləməsi də məhz bu cəhdin ifadəsinə xidmət edir. Amma şair bütün bunları bir-birini ardıcıl əvəz edən üç qrammatik zamanın (Dünən bir uşaq..., Bu gün havam..., Sabah mən olmayacam...) çərçivəsinə salanda bu qeyri-ixtiyari psixoloji prosesi məntiqi çərçivəyə salır. Və bununla da şüuraltı axın prosesinin təbiilik qanunlarını pozur. “Variasiya” rubrikasında tanınmış şairə, ssenarist Alla Axundovanın seçilməsinə görə isə Quluya xüsusi minnətdarlığımı bildirirəm. Çünki Alla xanım “Şərikli çörək” və xüsusən də, “Alma almaya bənzər” filmlərinin ssenari müəllifi kimi mənim ən sevimli müəlliflərimdən biridir. Çünki Alla xanım Azərbaycan ədəbiyyatının Moskvada ən aktiv təbliğatçılarından biridir. Çünki Alla xanım... Çünkilər çoxdur, əsas isə bir məsələdir – gəncliyimiz Alla xanımı tanımalı və sevməlidir, gəncliyimiz Alla xanımdan öyrənməlidir. Sənəti, savadı, vətəni sevməyi, təvazönü... Bir də bir şeyi – qürbət zahirən nə qədər cəlbedici görünsə də, acı, iki millətin arasında qalmaq isə faciədir.
“Qürbət şeirləri” rubrikasında yer alan gənc şair, Ümumrusiya Azərbaycan Konqresi saytının rəhbəri Nilufər A. Şıxlının şeirlərindən yalnız sonuncunu bəyənsəm də, Qulunun körpü salmaq işini burda da qiymətləndirməmək olmaz. Üstəlik, əgər nə vaxtsa, bu yazımı oxuyacaqsa, Nilufərə bir mesaj ötürmək istərdim və istərdim ki, bu mesajım onun qəlbinə dəyməsin. Təxəllüsündəki A. mənə şou adamlarını xatırlatdı – Kənan M.Quliyev, F.A. və sair və sair... Məncə, bu cür gözəl misraları olan bir şairin belə təxəllüsbazlığa ehtiyacı yoxdur: Çəkilək bir adaya, Hər tərəf dəniz olsun. Gülək- qara buludlar, Dönüb ağbəniz olsun. Çəkilək bir adaya, Düşünməyək heç kəsi. Hər gün oyatsın bizi, Qağayıların səsi. Gizlənək gəmilərdən, Gözdən itincəyədək, Ayrılmayaq bu yerdən, Ömür bitincəyədək... Oranjimançılara verməyə çoxlu pulum olsaydı və Flora Kərimova cavan olsaydı, bu şeirə romantik bir mahnı bəstələyər və xahiş edərdim ki, Flora xanım oxuyun bu mahnını...
“Ev-muzeyindən reportaj” rubrikasında Mirzə Cəlilin ev muzeyindən danışan istedadlı nasir və publisis Təranə Vahid bizi sətiraltı olaraq müqəddəs söz ünvanlarımızı unutmamağa dəvət edir və mən deyərdim ki, məqsədinə nail olur. Təranə xanım muzeyin otaqlarını və bundan çıxış edərək dahi yazıçı-dramaturqun yaradıcılığı ilə məqamları elə şirin bir dillə yazıya alır ki, mən yəqin ki, ilk imkan düşən kimi bu ünvana getməli olacam.
Estoniyada yaşayan həmyerlimiz, Tartu Universitenin Türk Dili Mərkəzinin müdiri Xaqani Qayıblının bir-birindən gözəl nəğmələrini verməklə Qulu daha bir körpü salır və jurnal körpülər şəhərinə çevrilən Bakıya bənzəməyə başlayır: O mənəm – səndən ötəri yağış yağanda darıxan. Şaxtalı qış gecələri, İsti yorğanda darıxan. Xəbərin yox, yağan yağış, Yaddaşıma nələr deyir? Damlalar əllərim olub Pəncərəmi döyəcləyir. Bircə bilsən uzaqlarda Sənsiz darıxmaq necədir! Çaşıb adını çağırmaq, Sonra karıxmaq necədir... ...Göy üzünü bulud alsa, Sən olursan dərdim-sərim. Bilirəm ki, eyvandasan! Üşüyürsən, gir içəri. Şərif Ağayar “Kulis.az” saytındakı yazısında Xaqani müəllimi bu nəğmələrə görə tənqid etmişdi, xüsusən də Ramiz Rövşəndən təqlid məsələsində. Məncə, Şərifin məsələyə yanaşmasındakı səhvi nədədir – o nəğmədən şeir tələb edir. Nəğmə isə elə nəğmədir və yalnız hər şeyə öz dəqiq adını verəndə, janr mənsubiyyətini müəyyən edəndə o öz həqiqi və ədalətli qiymətini alır. Xaqani müəllimi isə Ramiz Rövşəndən təsirlənmək kimi ümumi, mücərrəd bir məsələyə görə yox, konkret məsələlərə görə tənqid etmək olar. Məsələn, yorğan estetikası bu cür romantik, zərif bir nəğmənin ən ümumi ruhuna yabançı görünür. Yaxud “Xəbərin yox, yağan yağış, yaddaşıma nələr deyir?” misralarının sual intonasiyası özü “xəbərin yox” əvəzinə onun tamam əksini – “xəbərin var” ifadıəsini tələb edir:
Xəbərin var, yağan yağış, yaddaşıma nələr deyir?
Və yaxud “Damlalar əllərim olub, pəncərəmi döyəcləyir” misrasında, məncə, “pəncərəmi” yerinə “pəncərəni” olmalıdır. Çünki əgər aşiq öz sevgilisi üçün darıxırsa, yağış vasitəsilə özünün yox, sevgilisinin pəncərəsinin döyəcləməsi daha məntiqi olardı. Yox əgər “Pəncərəmi döyəcləyir” olmalıdırsa, onda “əllərim” yerinə “əllərin” işlənməlidir: Damlalar əllərin olub, pəncərəmi döyəcləyir.
Şeirin kifayət qədər maraqlı final akkordu da (“üşüyürsən, gir içəri”) bu variantın daha məqbul olduğunu göstərir. Bilmirəm, bəlkə də bu qarmaqarışıqlıq redaktə xətalarından irəli gəlir. Oxucunu isə bir şey maraqlandırır – ortalığa çıxan məhsul! Gənc yazıçı Fərid Hüseynin Xaqani müəllimlə müsahibəsi oxucunu şairin həyat və yaradıcılıq dünyasına daxil edir. Amma bir qayda olaraq özünün hazırlıqlı müsahibələri ilə seçilən Fəridin suallarından biri mənə öz qəfilliyi və bir az da kobudluğu ilə qəribə təsir bağışladı: “Guya burda yaşasaz, hamının sizə münasibəti indiki kimi olacaqdı?” Mən bu yazının “Ulduz”da dərc olunan qısa variantında sözügedən məsələni qeyd edib, bu barədə özəl açıqlama verməmiş və sözümü “əlavə şərhə yol verməyib, qalan fikirlərimi Fəridlə təkbətək söhbətə saxlayıram” deyə yekunlaşdırmışdım. Jurnalın dərcindən sonra Fəridin bu məsələylə bağlı sualından isə hiss etdim ki, deyəsən, özəl açıqlamaya ehtiyac var. Əvvəla, deyim ki, bu məsələ, təkcə Fəridə yox, onun yaşıdlarının əksəriyyətinə aiddir. Məsələn, bunu hətta “Kulis.az” saytının əməkdaşı, yazılarını maraqla izlədiyim, son dövrdə ədəbiyyat adamlarıyla ən maraqlı müsahibələrin altına imza qoyan Ağa Cəfərlidə də hiss eləmişəm. Və indi bu iki nəfərin adını çəkməyim də onlara xüsusi güvəncimdən irəli gəlir – həm maraqlı, həm də savadlı söhbətlər edirsiniz, sadəcə bu kiçik nöqsanı da aradan qaldırın. Nəzakət ziyalılığın ilk göstəricisidir. Müsahibəyə dəvət etdiyiniz şəxslə evinizə gəlmiş qonaqla davrandığınız kimi davranın. Fəridgilin Kürdəmirdəki evlərində qonaq olmuşam və onun qonaqpərvərlik qanunlarına bütün prosedur incəlikləri ilə əməl etməsinin şahidiyəm. Ona görə yazıram bunları. Özü də söhbət ondan getmir ki, sən öz müsahibindən nə soruşursan, əsas məsələ sualın verilmə tərzi, söhbətin tonudur.
Türkiyədə yaşayan tanınmış aktyor və rejissor Cahangir Zeynalovun Bakıda olmasından istifadə edib ondan operativ müsahibə-reportaj (“Dünyada hər nə ki olub... olacaq”) hazırlayan Pərvin də “Ulduz”un ümumi körpüsalanlar ansamblına öz töhfəsini verir. Amma bu üçmərtəbəli körpüdür – Türkiyə ilə Azərbaycan arasında, müsahibə ilə reportaj arasında, söz sənəti ilə aktyor sənəti arasında. Pərvin nasirdir, özü də sıravi yox, istedadlı nasirdir. Bu yazıda da Pərvinin nasir istedadı, xüsusən də psixologizmə meyli açıq duyulur. O, Cahangir müəllimin fikir və duyğularından elə maraqlı yazır ki, yazının tez bitməsinə təəssüf edirsən və hətta sənə elə gəlir ki, yazı yarımçıq qalır.
“Muncuq oyunu” rubrikasında Qulu bir naşir olaraq özünün eksperimental idrakını işə salır – beş-altı adam (Rüfət Əhmədzadə, Könül Səid, Səbuhi Şahmursoy, Anar Rafiqoğlu, Səid Əliyev, Oktay Hacımusalı) bir hekayə yazır – “Pencək”. Biri qolunu, biri yaxalığını, biri ətəyini..., hamısı bir yerdə cibini. Çünki inanırlar ki, Qulu bu qeyri-adi zəhmətlərinə görə onlara yaxşı qonorar verəcək. Amma nədənsə mən bu heakyənin fərqli qafaların məhsulu olduğuna inanmadım. Elə bil ki, hamısını bir qələmdən çıxıb. Rubrikanın məqsədi isə məhz fərqli üslubların eklektikasını göstərmək idi. Mənə elə gəldi ki, bu yazı kimsə bir nəfərin redaktəsindən çıxıb.
“Tərcümə saatı” rubrikasında Qulu Avropaya pəncərə açır, özü də Slovakiya tərəfdən – Səyavuş Məmmədzadənin tərcüməsində slovak şairlərindən tərcümələr verir. Səyavuş müəllim isə istedadlı və təcrübəli adamdır – hətta zəif tərcümə edəndə də onda yaxşı alınır:
Şeirimin içinə gilənar tumu sayağı sığınaydım, için-için yanaydım, canım, qanım sanaydım, torpağın üzərinə qonaydım. Slovak şairlərindən tərcümələr müasir milli poeziyamıza olan rəğbətimi bir az da artırdı və bu qərara gəldim ki, biz deyəsən, doğrudan da şair xalqıq.
Amma bax, gənc yazar Rüfət Əhmədzadənin Herman Hessedən tərcümə elədiyi “Kitab adam” essesi başqa söhbət. Cümlələr səlis, məna-mündəricə də öz yerində. Bu Hermanın öz oxucularına həm də xəbərdarlığıdır – kitab oxuyub təkcə savadlı yox, həm də avam olmaq olar. Bir az ayıq olun, hər oxuduğunuza aludə olmayın. Əsas kitab yox, həyatdır.
“Anım” rubrikasında İsi Məlikzadədən yazan (“Ustad nasir”) tənqidçi Vaqif Yusifli yenə də özünün 60-cı illərə nostalji ampluasındadır. Elə Qulu da körpüsünü salmaqda davam edir, amma bu dəfə məkana yox, zamana. Az qala hamının unutduğu, amma unudulmağa layiq olmayan İsi müəllimi yada salmaq vicdan işidir və Qulu vicdanlı redaktordur. Amma niyə məhz İsi? Bu ay onun ömür tarixinin hansı məqamıyla bağlıdır? Axı dövrü mətbuatın əsas xüsusiyyətlərindən biri carilik, prosessuallıqdır. Vaqif müəllimi ən azı bir məsələdə təqdir etmək olar – hətta “Quyu” müəllifindən yazanda da oxucunu düşüncə quyusuna salmır. Amma təəssüf ki, “Söz haqqında söz” rubrikasında “Postmodernizm modernizmin inkarı kontekstində” məqaləsi ilə çıxış edən hörmətli Aydın Dadaşov haqqında bunun tam əksini demək lazım gəlir. Yazı Kamal Abdullanın postmodern nəsr əsərlərinə həsr olunub və Kamal Abdulladan yazan bütün müəlliflərə məxsus bir xüsusiyyətdən Aydın müəllim də yaxa qurtara bilmir – məsələni aydınlaşdırmaq əvəzinə daha da qəlizləşdirmək, oxucunu quyuya olmasa da, labirintə salmaq. Odur ki, Qulunun mündəricatda bu yazını özünəməxsus bir yumorla “Aydın (yazı)r “ kimi təqdim etməsini mən tərsinə anladım. Qulunun hətta mötərizəsi də xüsusi məna yükü daşıyır, bir-bininə daban-dabana zidd olan fikirləri eyni müstəviyə gətirir.
Hicran Hüseynova “Asan xidmət” rubrikasında Puşkinin “Mən sizi sevirdim” şeirini yadımıza salır, deyir ki, gəlin biz də onu sevək. “Almaniyadan büromuz” rubrikasında “Əli və Nino”dan yazan Orhan Aras hamının bildiyi, Nobel mükafatçısı, Danimarka yazıçısı Karl Gellerrupdan yazan İlham Abbasov isə az adamın bildiyi mövzuya üz tutur. Hər üç halda Qulu körpüsünü salmaqda davam edir – amma bir az fərqli, eyni vaxtda həm zaman, həm də məkana.
Fikrimizi ümumiləşdirək. Bütün təqdir və tənqid etdiyim (heç tənqid etdim ki? Odur ki, Qulunun metodundan istifadə edib onu mötərizədə tənqid edəcəm – jurnalda müasir ədəbi proseslə, xüsusən də gənclərin yaradıcılığı ilə bağlı ədəbi-tənqidi yazıya və maraqlı bir nəsr əsərinə ehtiyac duyulur) cəhətləriylə yanaşı Qulu Ağsəs bu işiylə “Ulduz”un tarixində yeni mərhələnin başlanmasından xəbər verdi. Jurnalın ekspert elədim, bir az da Qulunun özünü ekspert edim. Canı-cüssəsiylə xüsusi seçilməyən Qulu bu bir ayda almacıq sümükləri çıxana qədər arıqladı. İndi-indi özünə gəlməyə başlayır. Qulunun işi öz vəzifəsinə namus və məsuliyyətlə yanaşmağın mənim həyatda gördüyüm bəlkə də ən qabarıq nümunəsidir. Və düzünü deyim ki, bu məni bir az mütəəssir edir. Təkcə elə fədakarlığına görə Quluya şeir həsr etməyinə dəyərdi və mən elə belə də elədim. Ömrümdə birinci dəfə qəzəl yazdım. İndi onu sizin ekspertizanıza buraxıram. Diqqət: yazıda deyə bilmədiyim bir çox fikirləri şeirin dumanlı ibarələriylə verməyə çalışmışam. Sakın qaçırmayın! Afərin, ey Qulu Ağsəs, bizə imdad elədin, Böylə jurnal buraxıb, tazəlik icad elədin. Nə əcəb, doğdu sözün göylərinə ulduzumuz, Yığıb ulduzları sən, “Ulduz”u abad elədin. Başlayıb da İsadan ruhumuza nur verdin, Könül ilə bitirib, könlümüzü şad elədin. Tişeyi-əqlin ilə çapdın ətalət dağını, Tutub “Ulduz”u şirin, kəndini Fərhad elədin Səpib inciləri söz tarlasına tər tökdün, Ey əkinçi, baba Zərdabinimi yad elədin? Batdı nurunda bütün yerdə qalan jurnallar, Mat qoyub xanələri, evləri bərbad elədin. İndi bildik, nə imiş səndə olan eşqü həvəs, İndi bildik niyə on ildi ki, fəryad elədin. Şairi-məşhur idin, hər sözün, hər kəlmən ilə, Nəşri-ulduzla da naşir kimi bir ad elədin. Əsəd olsam da, hələ girməmiş idim qəzələ, Qələmi aldım ələ, sən məni ustad elədin! Bütün oxucuları belə gözəl nəşr münasibətiylə təbrik edir, Qulu Ağsəs başda olmaqla “Ulduz”un kollektivinə – Ədalət müəllimə, Oqtay müəllimə, İlqara, Rəfiqəyə, Hicrana, Fərqanəyə, Təranəyə, Dürdanəyə, Nərgizə daha böyük uğurlar arzu edirəm. Qoy şans ulduzunuz heç vaxt sönməsin!
P.S. Yazını yazıb bitirmişdim ki, İlqar Fəhmi içəri daxil oldu. Birdən yadıma düşdü ki, axı İlqarın jurnalda Laroşfukonun aforizmlərindən böyük həcmdə tərcüməsi gedib, bəs, ondan niyə yazmamışam? Qayıdıb jurnalı bir də vərəqləyirəm və görürəm ki, kimsə mən otaqda olmayanda məhz İlqarın tərcüməsini cırıb ortadan götürüb. Mən yazını jurnalı vərəqləyə-vərəqləyə, jurnalın səhifələrinin kənarlarında elədiyim qeydlərə baxa-baxa yazdığımdan İlqarın tərcümələrini görməmiş, ona görə də ondan yazmamışam. Yaxşı, bu kimin işi ola? Nə fərqi? Əsas odur ki, hansısa bir oxucu jurnaldakı materiallardan ən çox İlqarın tərcüməsini bəyənib. Və odur ki, İlqarın tərcümələri haqda danışmayacam. Ona ən yüksək qiyməti oxucu verib. Son söz isə həmişə oxucunundur... /525.az/
|